Əfsanəvi tarix, yoxsa tarixi əfsanə?

Loading

“Partizan”  İlhamə Kədərin  “Div Qalası” hekayəsini təqdim edir…

 

Div qalası.

(Mozaik hekayə).

El yolunun üstündə nəhəng bir qaya var idi.Adına “Div qalası” deyilən bu bədheybətin forması elə idi ki, uzaqdan baxanda saplağı üstə yerə sancılan tərs armuda oxşayırdı.Billur nənə bu qaya barədə maraqlı nağıl danışırdı:

-Qədim zamanlarda Qara div adlı bir div cinlər padşahının qızı Əmrud xanıma aşiq olur.Cinlər padşahı qızını divdən qorumaq üçün onu atəşböcıyinə çevirib bağdakı armudlardan birinin içində gizlədir.Qara div qızı nə qədər axtarsa da tapa bilmir, qəzəbindən cinlər padşahını öldürür, bununla da acığı soyumayan div cinlər ölkəsinə qara  löh oxuyub hər şeyi daşa döndərir.Aylar, illər ötür, Qara div ölüb gedəndən sonra cinlər ölkəsini qara yel silib süpürür, ondan geriyə bircə dənə əfsunlu armud qalır, həmin armud da ağacdan düşəndə saplağı yerə batır, qara yer qara yeldən güclü olduğuna görə bu armudu apara bilmir.Odur ki, armud yerdə qalır, cinlər padşahının qızı da armudun içində.

***

 

Hər il el yaylağa köçəndə Div qalasının kölgəsində büsat qurular, kişilər minəklərin yükünü alıb ocaq qalayar, qadınlar süfrə salıb  samovar qaynadar, uşaqlar çıxıntılar dan tutub qayanın təpəsinə, çiyələk yığmağa çıxardılar.Div qalası yolçuların ən gözəl əfən yeri olardı.

****

Avqust ayı girib yamaclarda ilan mələşəndə ovsunçu Əlövsətin aşığı alçı durardı, torbasını, cələsini yığıb üz tutardı Div qalasına.Gün günortadan bir çərək əyiləndə qayanın dibindəki “ilanyalı” deyilən sısqıntının ətrafı irili-xırdalı ilanlarla dolu olardı.Əlövsət cələsini sısqıntının qayabitənində qurar, ilanları tutub torbasına yığar, evinə aparar, zəhərini alıb təzədən buraxırdı.

Div qalası Ovsunçu Əlövsətin çörək ağacı idi, odur ki, Müzəffər babanın “Yatmağa qaya kölgəsi, amma Şahmar olmaya ” deyimini eşidəndə and-qəsəm çəkərdi: -Ağsaqqal, sən Allah elə demə, Şahmar olmasa nəynən dolanaram?

*****

Bir gün  şüt düşdü ki, kəndə yol çəkənlər gəlir, yaylağa yol çəkəcəklər, deyilənə görə yuxarılardan kimsə yaylağı özəlləşdirib, özü üçün istirahət kompleksi tikdirir.Ovsunçu Əlövsətdən və bir neçə yaşlı adamdan başqa hamı bu xəbərə çox sevindi. Xüsusilə də cavanlar daşlı dərədəki Div qalasını partladıb  geniş yol çəkilmısini cani-dildən alqışlayır “yol mədəniyyətdir” sözünü şüar edib bayraq qaldırdılar.

****

Kəndin qocaman tarix müəllimi,  gah mühəndisə, gah buldizer sürənlərə üzünü tutub: -Vallah, araşdıran olsa, Div qalası da bir mədəniyyətdir, tarixdir. -deyə onları fikrindən döndərməyə çalışsa da heç kim ona əhəmiyyət vermədi. Hər cür müasir texnikaların olduğu dövrdə düşüncəsi sovet çərçivədə qalan gönüqalınlar dinamit qoyub, bir gecənin içində o boyda qayanı partlatdılar.

***

Div qalasının bölünmə şəkli görənləri heyrətə salmışdı.Qaya elə bilirdin bıçaqla bölünüb.Üzü qara-boz olan qayanın içindən çıxan sarı, qızılı, mavi halqalara iki göz gərəkdi tamaşa eləsin.Elə-belə, maraq xatirinə toplaşan adamlar bu rəngarəngliyi görəndə çəkiclə balyoza cumdu.Parçalanan daşlar araba-araba həyətlərə daşındı.Rəngli daşlardan hovuz düzəldən kim, pilləkan hörən kim, evinin divarını, hasarını bəzəyən kim…

Bir sözlə Div qalasnın özü də əfsanəsi kimi evbəev yayıldı.

****

Div qalasının bölünüb təmizlənən yerindən geniş yol salsalar da ayaq üstə qalan hissəsi lay divar kimi mətanətini qorumağındaydı.Bu divardakı cəlb edici rənglər, qəribə naxışlar yay tətilinə kəndə gələn bir qrup incəsənət xadimini də əfsunladı.Rəsm akademiyasının müəllimi, milliyyətcə yahudi olan Aqnaur kəndin kənarındakı bulağın, meşəliyin, uzaqda görünən başı ağ, ətəyi yaşıl dağların əksini kətan üzərinə köçürüb kiçik kənd mehmanxanasının eyvanına düzmüşdü.Mehmanxanada xadimə işləyən Nərgiz rəsmlərdə heyranlıqla tamaşa etdikdən sonra :-Aqnaur əmi,-dedi,-sizin rəsmlər lap Div qalasının içinə oxşayır, rəngarəng, sirli, sehrli.

Uzun, çal saçlarını rezinlə bəndləyib kürəyinə atmış rəssam Aqnaur heyrət və təccüblə gülümsədi:

-Div qalası?O hansı rəssamın əsəridir, qızım?

-Təbiət ananın.

-Necə bəyəm?

-Bəli, müəllim, Div qalası qüdrətdən yaranmış sənət əsəridir.

Sonra Nərgiz Div qalası əfsanəsini və sonralar qayanın orijinallığına necə zərbə vurulduğunu rəssama nəql etdi.Qızın sözlərini maraqla dinləyən rəssam çantasını götürüb Div qalasını görməyə yollandı.

Ortasından düm-düz bölünüb yarısı yox edilmiş daş armudun içindən çıxan əsrarəngiz rənglər, sirli naxışlar son toxunuşları qalan sənət əsəri kimi qarşıladı təbiət aşiqini.Aqnaur fırçasını götürüb rəngli naxışlara əlavələr eləməyə başladı.

Bir neçə gündən sonra lay divar qürub çağı qızarıb batmağa hazırlaşan, günəşin dənizdə “güzgüləndiyi” mənzərəylə bəzəndi.

****

İllizyonçu Əlinin uşaqları başına yığıb Divqalasına-məzhəkə çıxarmağa getdiyini eşidən camaat himə bənd imiş kimi yığışdı qopuq qayanın qənşərinə.El arasında “sehrbaz” kimi tanınan Əlinin maraqlı illuzyaları təkcə uşaqları yox, böyükləri də cəlb edirdi, odur ki, hamı həyət-bacanı, mal-qaranı buraxıb Əlinin dalınca düşmüşdü.

Sehrbaz Əli sehrli çubuğunu götürüb aşağı-yuxarı yellətdi, dodağının altından əcaib sözlər oxuyub cubuğu qayadakı rəsmlərdə toxundurdu, bu vaxt dəniz canlandı, şırıltı ilə qabarıb çırpınan dalğalardan çıxan rəngarəng balıqqulaqları, tamaşaya duran uşaqların qabağına töküldü. Admlar Əlinin sehrbazlığını fitlə alqışladılar.

Hər dəfə alqışlanmaqdan zövq alan Əlnin gözləri bu dəfə donuq halda Div qalasının tən ortasına zilləyib qalmışdı.Deyəsən dəniz doğrudan da canlanırdı, ilğım kimi titrəyən dalğaların arasından kimsə Əliyə baxırdı.Amma Əli, bu sirri aça bilmədi, qorxdu ki, “mütrüblük eləməkdən ağlı oynadı” deyə onu ələ salarlar.

***

Divqalasının söz-sovu rayon mərkəzinə təzə gələn məmurun qulağına da çatdı.Özünü el yoluna yetirən məmur, bir az lay divara tamaşa edib getdi.

Bir həftə sonra mənzərəsi göz oxşayan “yarımqala”nın qıraqları mişar daşları ilə hörülüb divarında qürub mənzərəsi çəkilmiş ikimərtəbəli bir tikiliyə- “Divqalası restoranına” çevrildi.

****

İki ali təhsili olmağına baxmayaraq heç cür iş tapa bilməyən Tərlan carəni özəl iş axtarmaqda gördü.Uzun axtarışdan sonra “nazirin sağ əli” deyilən məmur Dəmirovun yanında sürücü kimi işə başladı.

Dəmirov hər həftəsonu dostu Məmişovun rayon mərkəzindən uzaq, el yolunun üstündə yerləşən Div qalası restoranına gedər, iki gün qalıb qayıdardı.

Div qalası Dəmirovun ən sevimli istirahət məkanı idi.Elə Tərlan da ilk gördüyü gündən hayıl-mayıl oldu bu sirli, sehrli, soyuq üzündə isti nəfəs gizlədən Div qalasına.

Dəmirov ikinci mərtəbəyə, dostunun yanına qalxandan sonra yaşlı bir qadın Tərlanın birinci mərtəbədəki balaca otağa apardı:

-Oğlum, yorğun görünürsən, uzan dincəl, amma bu gecə nə yuxu görsən yaxşı yadında saxla, birinci dəfə yatdığını yerdə gördüyün yuxu çin olur.

Tərlan ilk dəfə görməyinə rəğmən doğmalıq hiss etdiyi qadının üzünə baxanda heyrətdən daş kəsildi, yaşlı qadının gümüş kimi ağaran saçlarına kiçik uşaqların saçında gördüyü “şirin atəşböcəyi” sancağı taxılmışdı.

Tərlan yerinə uzanıb gözlərini yumdu, uzaqdan atəşböcıyi vızıltısı gəlirdi.

***

Şirin yuxuda olan kənd gecə yarı başlayan, iniltili, gurultulu dolu səsinə oyandı.Sanki göylə yer arasında savaş başlamışdı, göydəkilər bağıra-bağıra,  yumurta boyda “daşları” yerdəkilərin başına yağdırırdı…

Dəhşətli yağıntı dan  yerinin ağ köynəyi görünən kimi gecənin qara köynəyinə bürünüb yox oldu.Yalnız bu vaxt insanlar taxtapuşların necə deşik-deşik, bağ-bağatın necə şil-küt olduğunu gördü, indiyəcən bu yerlərə belə bir yağıntının düşdüyünü nə görən olmuşdu, nə də eşidən.

****

Gecənin ərəsəti ən çox “Div qalasına” təsir etmişdi.Qayanın dibindən axan sısqıntı yağıntıdan aldığı güclə şahə qalxıb mişar daşlarını dəmiri, şüşəsi qarışıq çaya süpürmüşdü.Məmur dostlar və restoran işçiləri iki mərtəbə restorandan geriyə qalan “para armud”un puçalındakı ovuqda, o boyda həngamədən xəbərsiz,daş yuxusunda atəşböcəyi qovan sürücü Tərlanı yerləşdirdikləri balaca otağa təpilmişdilər…

***

Gecənin törpüsünü dadan “para armud”un saplağı lildən, palçıqdan arınıb elə nazilmişdi deyərdin çırtma dəysə böyrü üstə aşacaq.Odur ki, əli bel, külüng tutan kim vardısa balaca ovuqda qalanları xilas eləmək üçün selavdakı suvadağa yığışmışdı, amma qaya uçar deyə qorxudan çox yaxınlaşa bilmirdilər.

****

Günəş qırmızı donunu geyər-geyməz qızıl saçlarını Div qalasının üstünə yaydı, Div qalası bu məhrəm toxunuşu gözləyirmiş kimi saplağından göbəyinəcən qırmızı işığa büründü.Saatlarla ovuqda xısınlaşıb qalanlar qışqıra-qışqıra özlərini selava atıb canlarını qurtarmağa çalışdı.

Qırmızı işıq isə qayadan selava, selavdan suvadağa yuxarı düzülən qayalara yayıldı.Adamlar suvadaq boyu kəsmə daşların üzə çıxdığını yalnız indi gördülər.Bu daşların düzülüşü isə nə vaxtsa bu ərazidə ucu-bucağı bilinməyən bir qalanın olduğunu göstərirdi.

****

Yeraltı şəhərin tapılması ildırım sürəti ilə yayıldı.Əldən qopan Div qalasına axın etdi.

Gələnlərin içində “aminal” ləqəbli İbrahim də var idi.Bu həmin İbrahim idi ki, xəsis nazirin tapşırığı ilə müasir üsulları qoyub dinamitlə Div qalasını ikiyə bölmüşdü.

Elə həmin gündən də yazıq İbrahim düz əməlli yuxu üzünə həsrət idi, nə vaxt yuxuya getsə parçaladığı daş armud və içində atəşböcəyinə oxşar, yaralı bir varlıq yuxusunu gözündən gətirirdi.Bu səbəbdən işini, gücünü buraxıb dərdinə çarə axtarmaqla məşğul olan İbrahim getmədiyi psixoloq (tətta molla, cindar)qalmamışdı, di gəl dərdinə dərman edən tapılmırdı ki, tapılmırdı.”Div qalasının yanında qala divarı çıxıb” xəbərini eşidəndə özünü birinci yetirənlərdən biri də “Aminal” İbrahim oldu.Artıq o bilirdi ki, haram qarışan yuxularının yozması elə bu daş armudun özündədir.

***

Arxeoloqlar qısa vaxt ərzində Div qalasına axın etdi, qalanın ətrafını hündür lövhələrlə əhatəyə alıb kənar şəxslərin girişini qadağan edərək işə başladılar.Onların ilk “tapıntısı” ovuğun dərinliyinə pərçimlənmiş sürücü Tərlan oldu.

Silkələnmə vaxtı başı zərblə daşa çırpılan Tərlanın özünə gəlməyi xeyli çəkdi. Həkimlər onu təcili yardım maşınına qoyanda ovcunun yumulu olduğunu gördülər.Tibb bacısı oğlanın ovcunun açanda kəpənək böyüklükdə al-əlvan, zərli bir böcək Tərlanın ovcundan çıxıb suvadaqdakı qayalığa tərəf uçdu.Qayalığı örpək kimi bürümüş saysız-hesabsız atəşböcəkləri buna bənd imiş kimi yerlərindən qopub günəşə doğru pərvazlandılar.