Kəfənin misrası ola

Loading

“Partizan”   Xətakar Şairin  şeirlərini təqdim edir…

Özümə şair dediyim üçün hər kəsdən üzr istəyirəm.

İzimi -tozumu axtarmayın siz,
Küləklə sovrulan şair mənəm, mən.
Ədalətdən yazan, haqdan danışan,
Dişləri ovulan şair mənəm, mən.

Heç vaxt sağalmayan içdə yarası,
Sağ ikən özünə saxlayan yası,
Tutulan kədərdən, qəmdən mayası,
Həsrətdən yoğrulan şair mənəm, mən.

Şəhidi, qazini, xalqı düşünən,
Murovda qar yağsa, burda üşünən,
Soyuqdan titrəyən, dərdə bürünən,
Dərd üçün doğulan şair mənəm, mən.

Hisslərim, düşüncəm edibsə günah,
Ruhum bu dünyaya salıbsa tamah,
Adəmi cənnətdən qovubsa Allah,
Özündən qovulan şair mənəm, mən.

Çox olub nəyi var, nəyi yox, bilən,
Xoş günü olanda yanına gələn,
Özün dost göstərib, üzünə gülən,
Arxadan vurulan şair mənəm, mən.

Məmur qazon səpib, palma əkəndə
Xalqın pulu ilə villa tikəndə,
Kasıbın başına damı çökəndə,
İçində qovrulan şair mənəm, mən.

Kimdir yer üzünün burda hakimi,
Kimdir qərar verən, kim mühakimi?
Ənəlhəqq söyləyib, Nəsimi kimi,
Dərisi soyulan şair məməm, mən.

Dövlətə, şöhrətə salmadım meyil,
Kimə əl uzatdım, görmədim xeyir,
Rövşənin atası Alı kor deyil,
Gözləri oyulan şair mənəm, mən.

Ağarır saçlarım, kiprik də, qaş da,
Ağıl da tərk edir, qalmayır başda,
Pozulur yaddaşım, bu cavan yaşda,
Tükənən, yorulan şair mənəm, mən.

***

Məhəl qoymur ad-sanıma,
Kim gəlir qıyır canıma,
Süst olub düşür yanıma,
Əlim, ahəstə-ahəstə.

Evimin kümü sökülür,
Üstümə külü tökülür,
Yumağa dönüb bükülür,
Belim, ahəstə-ahəstə.

Şeir sözümdən düzülür,
Dərdim üzümdən çözülür,
Axır, gözümdən süzülür,
Selim, ahəstə-ahəstə.

Tarım da ağlayıb pəsdə,
Oxuyur Kəsmə- şikəstə,
Sızıldayır pərdə üstə,
Telim, ahəstə-ahəstə.

Dərd çatmır yada, yaxına,
Laqey’i’d oldum çoxuna,
Allah, çağır dərgahına,
Gəlim, ahəstə-ahəstə.

Qəm-qüssə üzür qəlbimi,
Dost-aşna bilmir dərdimi,
Ölsəm, qazacaq qəbrimi,
Elim, ahəstə-ahəstə.

Qulaq asan yox sözümə,
Kimsə görünmür gözümə,
Gedim qapanım özümə,
Ölüm, ahəstə-ahəstə…

***

Allaha məktub-13

Allah, demə, bu şair narahat edir yenə,
Bu sonuncu məktubdur, bu il yazıram sənə,
12 məktubumda cavab vermədin mənə,
Dedin -hələ dözün siz- yola verdin dolayı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

Fəhləni ayırmazsan keçmişdəki qul ilə,
Yorğan-döşək tapmayan, gecə yatan çul ilə,
Yerdən çıxan suyu da, dövlət satır pul ilə,
Burda ala bilərsən təkcə hava havayı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

Burda həyat dözülməz, burda yaşamaq çətin,
Sahibkar mala qoyur dədəsinin qiymətin,
Qızımın dörd yaşı var, dadını bilmir ətin,
Kasıb çörəyə möhtac, varlılar yeyir ayı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

Bizə on gün bəs edər aldığımız təqaüd,
Günortaya sup yesək, səhər yumurta, ya süd,
Uşağıma hər axşam necə verim ki, öyüd,
Qənaətlə ye bala, gözləyək təzə ayı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

Yeraltı sərvətlərdən heç nə düşmürəm başa,
Onların dəxli yoxdur siravi vətəndaşa,
Dövlət deyir -gen dolan, necə bilirsən yaşa,
Neft ilə qaz bizimdir, ordan ummayın payı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

Deputat adı üçün mənliklərin satırlar,
Tumandan çıxan səslə MM də yer tuturlar,
Xalqı yaddan çıxarıb, kresloda yatırlar,
Bu üsul-idarənin kainatda yox tayı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

Nazirin delfini var, bizimki də toyuqdur,
Evdə siçanlar gəzir, divar oyuq-oyuqdur,
Qaz kəsilib, işıq yox, nə olsun ki, soyuqdur?
Bədənimiz qızacaq, gələndə iyun ayı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

Mənim bu sözlərimi gərək deyəydi biri,
Allah, günahım varsa, bağışlama şairi,
At məni cəhənnəmə, qoy yanım diri-diri,
Çox danışsam artacaq şikayətlərin sayı,
Bizim nəyimiz var ki, dözümlükdən savayı?

***

Allaha məktub-14

Bu müsəlman ölkəsi bax gör nə günə qalıb,
Yenə də səmamızı buludlar tutur, Allah
Xalq səfalət içində, üzlər saralıb, solub,
Naləmiz nə dövlətə, nə sənə çatır, Allah.

Bir qrup insanların bilməm çatmır nəyləri,
Nə xanımı xanımdır, nə də ki bəy, bəyləri,
İndi tanımaq olmur LGBTi, geyləri,
Oğlan* oğlanlar ilə, qız-qızla yatır,* Allah.

Axı, necə dözüm mən, bu gördüyüm hallara?
Çoxları məcbur qalıb, düşüb əyri yollara,
16 yaşlı qızlar 5-6 yüz dollara,
Otellərdə, barlarda qızlığın satır, Allah.

Deyirsən ki, mələkdir gördüyümüz hər qadın,
Guya, həyatından da çox sevər öz övladın,
Analar* görmüşük ki, hələ qoymamış adın,
Bir günlük körpəsini küçəyə atır, Allah.

Balıq, ətin, kürünün heç tutmuruq adını,
Yağ-bal nə vaxt yemişik, unutmuşuq dadını,
Bəzi alverçilər də, itirib vicdanını,
Südə su qatan, indi, suya süd qatır, Allah.

Bir tikə çörək üçün Vətəndən düşüb sürgün,
Kasıbın balaları yurda dönürlər ölgün,
Məmur köpəklərinə ziyafət verir hər gün,
Qonşusunda Tükəzban gecə aç yatır, Allah

Bu yaşayış deyil ki, axı, niyə yaratdın?
Cəhənnəmin əzabın bizə burda yaşatdın,
Ayıl qəflətdən daha, bəsdir bu qədər yatdın*
Yandır bu kainatı, Günəşi batır, Allah…

***

Bir söz deyəcəm indi, kim inciyə, kim küsə,
Bilirəm, gözəlliyin qıcıq verir çox kəsə,
Allah bu kainata -zülmətə qərq ol- desə,
Səhər Günəş olarsan, gecə sayrışan Ulduz,
Şeir qız.

Rədifi qafiyəyə calaq edib əkməsən,
Başını tumarlaylb, sözə sığal çəkməsən,
İçində olanları misralara tökməsən,
Qələmin qəmə batar, alışıb yanar kağız,
Şeir qız.

Arada görürəm ki, qadınlardan yazırsan,
Xoşbəxtliyin yolunu, planını cızırsan,
Özünə çox qapanıb, misralarda azırsan,
Unutma, xoşbəxtliyi Allah bəxş edir yalnız,
Şeir qız.

Sən şeirin ruhunu İlahidən almısan,
Vərəqlərin üstündə böyük zəfər çalmısan,
Gözəl şeirlərinlə qəlblərə yol salmısan,
Bütün xalq səni sevir, Talış, Tat, Tatar, Oğuz,
Şeir qız.

Sevgi şeirlərinin məğzi Leyli misali,
Obrazını buluda çəkib Salvador Dali,
Özün səmavi şair, adın Turac Hilali,
Allah səni qorusun, heç vaxt qoymasın yalqız,🤲
ŞEİR QIZ.

***

Durub bir şeir yazasan,
Vəzni də, heca’sı ola.
İçində qəbir qazasan,
Kəfənin misrası ola.

Sevəsən, kimi istəsən,
Deyəsən – ləbi püstəsən,
Dərdindən olsan xəstə sən,
Vusalı şəfası ola,

Pozasan əhdi-ilqarı,
Səs-səmirsiz, gecəyarı,
Gətirəsən evə yarı,
Sübhədək səfası ola.

Bənzədib təzə gəlinə,
Sığal verəsən telinə,
Sarılsan incə belinə,
Utana, həyası ola.

Bir can olaq, iki ürək,
Can deyəndə, can eşidək,
Tam ömrünün sonunadək,
Sevgisi, vəfası ola.

Ürəyin vurursa hələm,
Əllərin tutursa qələm,
Sevgilin vardırsa, nə qəm,
Dünyanın cəfası ola.

Rafət, deyirlər şairsən,
Yazırsan eşqə dair sən,
Bu stildə çox mahirsən,
Qorxma ki, xətası ola.