“Partizan” İlhamə Kədərin “Zimhəri” romanından növbəti parçanı təqdim edir…
-Baaax, Qarışqa.-dostunun, iri çiyələklərlə dolu ovcu xəyallarının ortasına düşdü:
-bir bunun qoxusuna bax, cənnətdi, cənnət.
çiyələkləri özü iyləyib ona uzatdı-çoxdandı belə çiyələk yemirdim.Ovcunu bəri elə görüm.
Qarışqa-daha onu kod adıyla çağıran yox idi, hamı bir olub quru taxtaya mismar vurarcasına onun beyninə yeritməyə çalışırdı ki”sən Qarışmadan, sən 222 deyilsən, heç vaxt olmamısan, sən elə Qarışqa olmusan həmişə”.
-Ye də, zəqqutununu, yenə hara uçdu könlünün quşu.?Özün də başını aşağı əy, mərmi düşsə gəbərdəcək.
Dostunun sözlərinə istər-istəməz güldü:
-Başımı əysəm, gəbərməyəcəm?
-Baxma da, qalan yerə dəyəndə sağ qalma ehtimalı var, başa dəydisə, getdiyin eey.Yadındadı Telli nənə nəvəsinə demişdi “başını top aparsın” apardı da.
Telli nənə beş-altı ev aşağıda yaşayırdı, nəvəsi Tərlan həyətdə uşaqlarla voleybol oynayanda top, necə olmuşdusa nənəsinin başına dəymiş, arvadda belə qarğamışdı onu:
-Top başımı apardı, a başını top aparsın, bir hovur sığışsana.
O qarğışdan 4 il sonra əksər gedən Tərlanı top mərmisiylə şəhid etmişdilər. Həmin gündən “Uşaq mənim qiymalanıb, qurd düşmüş dilimə keçdi” deyə, başına döyməkdən ağlını oynadan Telli nənə mağazadakı topları torba qarışıq alıb uşaq kimi belinə şəlləyib, küçə-küçə, kənd-kənd gəzərək nəvəsini axtarırdı ki onunla voleybol oynasın.
Axırda da yazıq arvad özü də top mərmisinə tuş gəldi.Bu xəbəri illər sonra, ali məktəbdə oxuyanda öyrənmişdi Qarışqa.İndi ona çiyələk uzadıb “zəqqumunu ye” deyən uşaqlıq dostu zəng edib demişdi.Onda kədərlənsə də, sonralar “zavallı qarı öz qınağından canını qurtardı” deyə sevinəntəhər etmişdi, hətta “Əsas odu, sən sağsan” deyə zarafatından qalmamışdı.
Bu sözləri deyəndə hardan biləydi ki, zaman ötəcək, illər dolanacaq, çərxi fələk zəfər yolunda da yüzlərlə can alacaq.
O canların içində uşaqlıq dostunun da canı olacaq.
O zamana qədər leytenant da gəlib “payını” aparacaqdı.
O zamana qədər Qarışqa çiynində leytenantın dediyi çooox ağır yüklə cəhənnəmin bütün mərtəbələrin dolaşacaqdı…
***
El deyən düz olar, doğrudan da Aşot deyilən dığanı almaq üçün yaralı əsgərimizi və meyidləri verdilər (amma deyildiyi kimi 6 yox 3 meyid verildi).
Leytenantın da cəsədini vermişdilər.
Bütün kənd üç meyidin cənazə namazına durdu, amma nə billah etsələr də Qarışqa nə meyidləri yaxın gəldi, nə namaza durdu, nə mafə karvanına qoşuldu.
Eləcə, evlərinin qabağındakı təpənin üstündə oturub, lal-dinməz izlədi bütün olanları.
Camaat dağılışandan sonra iki qonşu arvadın danışığını eşidəndə belə tükü tərpənmədi, elə bil ümidləriylə bərabər bütün duyğularını damar-damar, hüceyrə-hüceyrə söküb çıxarmışdılar bədənindən.Gözlərinin pəri də sönmüşdü, təkcə səs eşidirdi:
-Aaz deyir, əndamı yanmışlar meyidlərin başına oyunlar açıb eeey,birinin qulağından “zubil”i nətəri vurublar o bir qulağından çıxıb.
-Ooy, ay bacı.Hələ anası ölmüş leytenantı hamısından betər eliyib ciyəri dəlinmişlər.
-Həə, kişi deyir “əl-ayağını kəsib, simnən tikiblər, gözlərini də çıxarıblar.Birdə, deyir üçünün də içini çıxarıb, yaralarını telnən tikiblər.
-Görən sağ imişlərmi, yoxsa öləndən sonra əllərinə keçib.
-Qəmbər bilər, onun gözünün qabağında olub.
-Nə yaxşı onu sağ qoyublar görən?
-Aaz, andır qalsın elə sağ qalmağı, görmədin nə gündədir, uzağı bir-iki aya o da öləcək.
“Qəmbər bilər” Qəmbəri mütləq danışdırmaq lazımdı.
Bu fikir onu özünə gətirdi, əlini dizinə qoyub birtəhər dikəldi.O qanlı iyun günündə arxası üstə yıxılanda zədələnən onurğası ilk dəfə idi ki belə şiddətlə ağrıyırdı.
***
Əsirlikdən qayıdan Qəmbərin “qəmbərqulusu” uzandıqca uzandı, gah qızdırması qalxdı, gah ürəyi getdi, gah çərçivəsi əyilmiş pəncərədən yarıyacan sallanıb qurbanlıq dana kimi dəqiqələrdə böyürdü.
Adam görəndə hövüllənib divarlara yalmanırdı deyə suyunu, çörəyini də pəncərədən verirdilər.
Təbii ehtiyacını da həmin o üzüqara pəncərədən edirdi deyə yağış yağanda iy aləmi bürüyürdü.
- Özgə vaxtı hər şeydən iyrənən, it -pişik dəyən qabı çaya aparıb, qumla, gillə dönə-dönə sürtüb salavatlayan Qarışqa nə pəncərənin altındakı zibil yığınına, nə divar aşağı süzülən çirkab sızqıntısına baxır, gicitkanların içiylə Qəmbərgilin arxa həyətinə tələsirdi.
**
Heç kimi görmək istəməyən Qəmbərə sanki qeybdən xəbər verdilər ki, Qarışqa gicitkanlıqda gizlənə-gizlənə onu görməyə gəlir.Üzüqaqra pəncərədən özünü zibillərin üstünə atıb arxa həyətə cumdu.
Bir vaxtlar təkcə kənd qızlarının yox,yay tətilinə gələn “qorodskoy”ların da heyranlıqla baxdığı “ağ oğlan” anası Bikə xalanın yer ocağındakı kösövə oxşayırdı.
“Qara kösöv”ün səsi də özü rəngdə çıxdı:
-Qaqam, “necəsən?” demirəm.Özünü balkonnan atdığını eşitdim.
-…..
-Bu qədərmi zəif oldun?
-….
-Dilini udmusan hə?
-Baaax mən də dişlərimi udmuşam.
-….
-Niyə gəldiyini bilirəm.Sənə leytenantın necə öldüyünü deyəcəm, amma vay-şüvən olmasın, eşitdin 222?
Başını qaldırıb Qəmbərin üzünə, daha doğrusu simasındakı fevral soyuqluğuna baxdı.:
-De.
-Bilirsən, biz keçidi təzəcə keçmişdik, tar sürüşdü, bunlar qarın altında qaldı.Leytenant sağ idi, onu çıxarmaq istəyirdik ki, başımızın üstünü kəsdilər.Sonra bildik, İsgəndəri vuran düdük satıbmış bizi.
Yuxusunu xatırladı “İsgəndəri də vuracaqlar, Yevreyi də” demişdi leytenant o yuxuda.Demək İsgəndərin ölümünü gizlədiblər ondan.Bəs Yevrey ləqəbli Albert əmi? Yoxsa o da yoxdu artıq?.
“Qara kösöv”ün göy dodaqları hələ də tərpənmirdi:
-İstəyirsən sonra danışım, amma mən də bir-iki günə öləcəm “peçinoy” yeridirlər qanıma:
-Danış!
-Hə, onsuz da ağlayan zibil deyilsən .Onu deyirdim axı, hamımızı tutdular, dörd biz, birdə leytenantnan çavuş.Çavuş o saat ölmüşdü, Mehdiyevi tar kürüyüb dərəyə apardı, necə olduğunu bilmədim.Komandirin beli sınmışdı, zarıyırdı.
Qəmbər bu yerdə susub dərindən nəfəs aldı, gözlərini yumub iki əlli qulaqlarını tutaraq çöməldi, elə bil öz danışdığını özü eşitməkdən qorxurdu.Qarışqa isə onu axıra qədər danışdırmaq qərarındaydı, odur ki, büt kimi qarşısında bitib qalmışdı.Başqa çıxış yolunun olmadığını görən zavallı canını qurtarmaq üçün “ildırım diqtəsi”nə (cəld danışıq belə adlanırdı)keçdi:
-Yekə ocaq qalmışdılar.Donuz da kəsmişdilər, qoyun da, boçqada çaxır qoymuşdular, balonlarda da spirt.Mənim başımı boçkaya soxub avtomatın qundağı ilə döydülər.Əllərimi məftillə bağlamışdılar.
Sonra meyidlərin əllərini, ayaqlarını kötüyünü üstünə qoyub baltayla kəsdilər, içlərini çıxardıb, ocağa atdılar.Yekə bir “avçarka”var idi, bişirib verdilər ona.
Leytenantı diri-diri doğradılar, gözlərini tökdülər.Ürəyini süngüyə taxıb ocaqda bişirdilər, gombul bir Hayes var idi, gözümüzün qabağında yedi onu.Dedi ki, oğlumu öldürmüsünüz, hamınızın ürəyini kabab edəcəm…Sonra Manafovun başını tonqala soxub ütdülər, o da orda öldü.Əsədovla ikimiz qaldıq, bizə də nələr eləmədilər ki…hələ də düz-əməlli nəfəs ala bilmirəm, elə bil ciyərimin içində qurbağa balası eşələnir.Hələ buna bax-
köynəyinin boğazından tutub yaxasını cırdı.Sinəsindəki xaç, qarnının üstündəki nal şəkilli yanıq yeri hələ də tam sağalmamışdı:
-Xaçla nalı qızdırıb dağ basdılar bədənimizin hər yerinə.Sonra da zəncirlə ağaca bağladılar.Dəyişdirilməsək bizi də öldürəcəkdilər.Day hər şeyi bildin, çıx get, amma birdə özünü öldürmək istəsən eyvandan yox, qayadan at, qoy leşini qarğa, quzğun yesin.
Qəmbər sözünü bitirib öz yersiz zarafatına qəh-qəhə çəkdi.Az yaşına rəğmən çox müsibətlər görmüş Qarışqa hələ beləsini görməmişdi.Qəmbər güldükcə çuxura düşmüş gözlərindən axan su kor quyuya dönmüş dişsiz ağzına süzülürdü.
O kor quyunun içində, tonqalın qırağında gombul bir erməni süngüyə taxılmış ürəyi acgözlüklə gəmirirdi.
***
Səhəri gün eyvandan Bikə arvadgilin həyətinə baxanda çoxlu adam gördü.
Əllərində dəryaz, yaba, süpürgə var idi.Gicitkanları biçib daşıyır, həyəti süpürürdülər.Arıq, uzun bir kişi su kranın ucuna taxdığı rezin şlankla üzü qara pəncərənin altını yuyurdu.
O başdakı tut ağacının budağından bir parça toxunma kəndir sallanırdı.
Gecə özünü asan Qəmbəri məscidə “bəy hamamına” aparırdılar.