Həyatdan diksinən gündən ölümdən asılmışam

Loading

“Partizan İlhamə Kədərin şeirlərini təqdim edir…

Dərdimin üstünə çəkilmişəm
Dağdakı duman misalı.
Bəmlə zil arasındayam
Kökdən düşmüş kaman misalı.
Telimdən asılmışam Allah,
Telimdən asılmışam.

Səndən başqa ümidim yox,
Bircə sənə gətirmişəm pənah.
Bilmirəm savab gətirmişəm,
Ya günah…
Əlimi kəs,ətəyini kəsmə,
Əlimdən asılmışam Allah,
Əlimdən asılmışam.

İşim haqqı izləmək olub,
Haqq yolu gözləmək olub.
Təqsirim söz demək olub,
Eşit ünümü,imdadına yetiş,
Günahım bağışlanmaz-
Düz demək olub
Dilimdən asılmışam Allah,
Dilimdən asılmışam.

Ya yarama duz basma,
Ya səsimi al.
Ya imkan ver nəfəs alım,
Ya nəfəsimi al.
Həyatdan diksinən gündən
Ölümdən asılmışam Allah,
Ölümdən asılmışam.
***

Məni daş yaradaydın
Evi olmayanlar
Götürüb divara hörəydi.
Məni ağac yaradaydın,
Yorğun yolçular
Kölgəmdə dincələydi.
Məni su yaradaydın
Saralan çəmənləri
Yaşardaydım.
Məni ay yaradaydın,
Zülmətə işıq saçaydım.
Məni kəpənək yaradaydın,
Bircə günlük ömür
Bəsim idi.
Məni qadın yaratmaq
Nəyimə lazım idi?
***

İlahi,mən ki sənə
Demədim yarat məni.
İndi ki yaratmısan-
Əzabsız yaşat məni.

,,Hər qaranlıq gecənin
Sabahı var,,deyirlər.
,,Darıxma,məzlumun da
Allahı var,,deyirlər

Sən mənim səhərimi
Hansı saatla qurdun?
Yoxsa gecəmi yazdın,
Gündüzümü unutdun?

,,Ürəyi yananların
Cismi yanmaz,,demisən.
Əziyyət çəkənləri
Od yandırmaz,,demisən.

Demisən,,sağalacaq
Bir gün bütün yaralar.
Cəhənnəmdən azaddır
Diri gözlü yananlar,,.

Bəs niyə yoxdu cənnət
Bitmir bu cəhənnəmim.
Yaranmağımdan özgə
Nədir günahım mənim?

***

Deyirlər ki.

Deyirlər ki,çöldə açıb çiçəklər,
Deyirlər ki,yaşıllaşıb dağ,dərə.
Əlim çatmır,salamımı yetirin
Atlaz donlu çəmənlərə,düzlərə.

Deyirlər ki,bənövşənin,nərgizin,
Tər qoxusu yayılıbdı çöllərə.
Kəhər atın üzəngisin bərkizin,
Minib ,çapım mənsiz qalan ellərə.

Deyirlər ki,anam yenə sac qurub,
Bacım gəlib kündəsini verməyə.
Ağ quzular bulaq üstə kəsilib,
Atam yığıb hər keçəni süfrəyə.

Deyirlər ki,hər şey durur yerində,
Kim necədi,bax,o cür də xoş qalıb.
Deyirlər ki,hamı tutub yerini,
Bircə dənə mənim yerim boş qalıb.

Deyirlər ki,kəpənəklər rəqs edir,
Arıların pətəyinə bal düşüb.
Yaşıllaşan taxılların içində
Lalələrin sinəsinə xal düşüb.

Deyirlər ki,qüzeylərdə qar qalıb,
Dağ gizlədib,,görünməsin yellərə,,.
Mən olaydım güneylərdən süzülən,
Qarışaydım daşıb,coşan sellərə.

Ürəyimin bilinməyir rəngləri,
Gözlərimdə iki rəng var,ağ,yaşıl.
Bu nə səsdi?,deyən çaxır ildırım,
Gözlərimdən leysan tökür,sel daşır.
***

Vətən oldum

Yaradanın ,,ol,,sözüylə kəştə gəlib,
Canlı,cansız (yaradılan hər şey üçün)
Məskən oldum.
Buludlardan yerə damıb buxarlandım,
Göy tutmadı ruh yükümü,
Bədən oldum.
Körpə səsli beşiklərdə çiçək açıb,
Çiçəklənən cəsədlərə
Mədfən oldum.
Əskər,əskər azaldıqca
Şəhid,şəhid çoxalaraq
Vətən oldum.

***

Dedilər.

Göy üzündə pərvaz etsəm
Yox ki qanadın,,dedilər.
Cənnətdən gövhər gətirsəm,
,,Zəhərdir abın,,dedilər.

Haqqım nahaqqa yeyildi,
Adıma ,,dəli,,deyildi.
Atım ulağa yenildi,
,,Axsaqdı yabın,,dedilər.

Narlara qalandı pusdum,
Külə döndüm,yenə susdum.
Ciyərimin qanın qusdum,
,,Tünddür şərabın,,dedilər.

Nə gördüm,nələr yaşadım,
Dağı dağ üstə daşıdım.
Yaramdan qabıq qaşıdım,
,,Yox ki əzabın,,dedilər.

Həyat məni silkələdi,
Ələyindən çox ələdi.
Bağrım başı tüstülədi,
,,Bişdi kababın,,dedilər.

Bu taleyi yazanın da,,,
Yazanın da,pozanın da…
Qaynadım qır qazanında,
,,Bitməz hesabın,,dedilər.

***

Su içində susuzam,vaxt içində zamansız,
Durmadan fırlanıram dəyirman pəri kimi.
Kufə kənarındakı quyudan axtarıram,
Oturam qırağında,dərdləşəm-Əli kimi.

Ruhum candan ayrılır,necə tutum saxlayım,
Cismimdən can gedibsə nə cür gülüm,ağlayım.?
Nə qədər öz yaramı özüm açıb-bağlayım,
Nə qədər öz-özümə danışdım dəli kimi?

Gücüm təpəyə çatıb-dağ ilə yüklənmişəm,
Tülkülər meydanında şir kimi təklənmişəm.
Daxilimdə min yerə sınıb,çiliklənmişəm
Karvanın boz eşşəyə bağlanan nəri kimi.

Bir möcüzə baş verə,yenidən uşaqlaşam,
Məni məndən ayıran hər şeydən uzaqlaşam.
Bir meh əsə üstümdən,diriləm,yaşıllaşam,
Bir əl tuta əlimdən tanrının əli kimi.
***

🌊🌊🌊
Gecə zülmət,səma bulud
Dəryada azmış gəmiyəm.
Ana,köynəyimi qurut,
Dolu döymüş gül kimiyəm.

Qaldım qürbət ellərində,
Söndüm çeşmim sellərində.
Çöldəki ocaq yerində
Bircə ovuc kül kimiyəm.

Yaraların yarı məndə,
Odu məndə,qarı məndə.
Şan bağlayıb arı məndə
Sapı qopmuş tül kimiyəm.

***

 

.**İlahi**
Cənnət dedikləri həyat
Zillət oldu ,ilahi.
Dan yerinin ağ işığı
Zülmət oldu ,İlahi.
**
Xan nökər oldu qullara,
Qızıl yamandı çullara.
Şir balası çaqqallara
Qismət oldu,ilahi.
***
Sənə xoşdumu yanmağım,
Yanıb,özümü danmağın?
Üzdə güldüm,ağlamağını
Xəlvət oldu,ilahi.
***
Nə yazdın alnım üstünə,
Nə durdun,yetim qəstinə?
Yoxsa mən yaranan günə
Lənət oldu,ilahi

*Yaralar
Yenə gəlir gözümə
uşaqlıq xəyallarım.
Ən şirin,ən sevimli
,ən qayğısız anlarım.
Bir az yaramaz idim,
Bir az yaram az idi.
Yaralar qəlbimdə yox,
Ancaq dizimdə idi.
Qaçanda,oynayanda
Yıxılıb,ağlasam da,
Dəcəlliyim üstündə
Arada danlansam da,
Qayğısız təbəssümün,
Hər an üzümdə idi.
Onda indiki kimi
İçimdə ağlamazdım.
Onda günahsız yerə
Heç vaxt cəzalanmazdım.
Onda hər nə olsa da
Günah özümdə idi.
İndi əzablar böyük,
Günahın yox kölgəsi.
Cəzanı mən çəkirəm
Günah edən özgəsi.
Dəcəllik etməsəm də,
Olmasam da yaramaz.
Elə bərk yıxılmışam,
Yaram birdə sağalmaz.