Mən bilirdim gedənlər birdəfəlik gedirlər

Loading

“Partizan” Nizami  Bayramlının şeirlərini təqdim edir…

“Zibil qutusuna danışdıqlarım”

Hərdən bir məyusluq körpüsündən keçirəm,
-gülə-gülə.
Hərdən bir evin kərpicindən,
hərdən bir daşın içindən seçirəm,
-bərkliyimi,
Hərdən də Tanrılıq iddiası ilə yola verirəm -təkliyimi.
Bir də görürsən ki, yalnızlığım üz çevirir hər şeydən,
Hədə-qorxu gəlir yoxluğumun var tərəfinə,
bir də görürsən ki,
intihara meyillənir, düşür idbar tərəfinə.

Bəzən yatmağı da çətin olur yuxusu iməkləyənlərin,
bir vatsap bildirişinə.
Tanımadığın biri salam yazır.
Bəzən də toyunda belə görmək istəmədiklərin,
yasına teleqram yazır.
Susdurur ümidlərin çıqqıltısı saatın əqrəblərini,
Əlacsız qalırsan,
Bir zənbilə yığıb atırsan zibil qutusuna əsəblərini.
Kölgə yığırsan həyətdəki qoca söyüdün bar tərəfinə.
Sonra budaqlarından ölüm yığırsan, düşür intihar tərəfinə.

Sonra keçmişindən gileylənirsən,
—-yıxılır yaşadığın binanın balkonundan xəyalların.
Bu dəfə cavabsız yox, yiyəsiz qalır cavabını tapmadığın sualların.
Adamı yolundan edir başqası ilə bir torpağa baş qoymaq qorxusu,
Hiss edirsən ki, ya səni bataqlıqlara atır, ya da ətrafındakıları qorxuzur.
Sonra qulağına musiqi səsi gəlir,
Aha, bu odur deyib qışqırırsan, deyəsən, ölümün yuxusu gəlir.
Yəqin anamın oxuduğu sonuncu laylaydır,
Ölüm himnidir, qismət olub ruhumun tar tərəfinə,
Sonda keçirdiyin hisslərdən şeir yazırsan, daşyonan çap edir məzar tərəfinə!

***

Torpağın qum olar daşına qədər,
Qarışar gözünün yaşına qədər,
Səni küçənizin başına qədər,
ötürməməliydim.

Yığışdır otaqdan sükutlarımı,
Yağışdan soyudur buludlarımı,
bir də çətin tapam ümidlərimi,
itirməməliydim.

Əlimdə bir parça kağız əzildi,
Götürüb gözümün suyunu sildim,
Ayağım yoluma düşmən kəsildi,
oturmamalıydım.

Bu alın yazımda adın axtaran,
Gör kimdir ömrümə yazılan qəmiş.
Dostum ocağıma odun axtaran,
düşmən ocağımın başında imiş,
bir də doğulmağa ömür əsirgə,
Yenidən ölməyə ikinci şans ver,
Deyəsən, bayırda qopur qasırğa
İlahi, ömründən mənə avans ver.
Aldatdım özümü özgə səsiylə,
Yolumdan yoluna quruldu hiylə,
Səni vicdanımın ayaq iziylə,
gətirməməliydim.

***

 

Sənə şeir yazmaq üçün,
Neçə sözdən xahiş edirəm.
Səsin üçün qulağımdan,
Görmək üçün ayağımdan,
Bir də gözdən xahiş edirəm.

Səni hörmətlə anıram,
Sabahlara inanıram,
Axşam bir şans qazanıram,
Səhər tezdən xahiş edirəm.

Gördün özümdən çıxıram,
bil ki, yaman darıxıram,
Boğulmağından qorxuram,
bir az üzdən xahiş edirəm.

Düzü, bilmədim nə yazam,
Amma qeyd etdim kağıza,
buyur, bu da ərizəm,
Yazıb Sizdən xahiş edirəm.

***

“Monika, pələngin başını çevir” (şeir)-Fort Boyard

Unutmaq fərziyədir, unudulmaq qorxudur,
Reallıq yaşamaqdır, istəməklə düzəlir.
Düşünmək ehtirası həqiqətdən yaranan
Ümid bataqlığıdır.
Dünya, günəşi söndür, yandır qaranlığını,
Görək kim tez unudur, görək kim kimi sevir,

Monika, pələngin başını çevir!

Gələn də bir daş atır, gedən də bir daş atır,
Otağın mənzərəsi səssizlikdən pozulur.
Yaşayanlar öldürür, öldürənlər yaşadır,
Kim yadına salar ki?
Ziyarətdən yetimdir, 100 ildir bir ölümdən
Tanrı da qoruyanmır xaraba qalmış evi

Monika, pələngin başını çevir!

Bizim həyatımızı iki yerə bölüblər,
Görünən tərəfində biri var biri yoxdur.
Ömür başlamamışdan almalar çürüyüblər,
Nuş olsun yeyənlərə!
Tök daşı ətəyindən, çıxma daha quyudan,
Get öldürmək istəsən, balaca şüşədədir.
Bəlkə milyon nağıldan xilas edəsən divi,

Monika, pələngin başını çevir!

***

Qayıtmır

Çətin olur qaytarmaq, özün yaxşı bilirsən,
dəyişmək də alınmır olanları, keçmişi.
Hamını bağışlayan Tanrıyla dərdləşəndə,
dedi: “Bağışlamıram özünü məhv etmişi”.

Tək vüsal həsrətidi sevənləri yandıran,
adamın olanları, keçənləri qayıtmır.
Mən bilirdim gedənlər birdəfəlik gedirlər,
çox heyif ki, gedənlər bir də geri qayıtmır.

Bilinmir ki, kimsənin ya əvvəli, ya sonu,
ürəyimdə sonuncu bir arzu saxlamışam.
“Kişilər ağlamazlar” atam öyrədib bunu,
amma mən bu şeirdə doyunca ağlamışam.