Elə gözəl olur ki, ayrılığın səhəri…

Loading

“Partizan” Habil Rza Nurun şeirlərini təqdim edir… 

Biz ki, heç yağışda islanmamışıq.
Külək sovurmayıb,.
Qar üşütməyib.
Fəsillər ötməyib,
İllər ötməyib.
Heç hələ, pencəyim,
Pambıq tarlası, ağappaq çiynini üşüyən görüb,
Ərk edib bir kərə üstün ötrməyib.
Hara ayrılırıq, başımız çatmır?!
Bizim, ayrılığa haqqımız çatır,
Bizim, ayrılığa yaşımız çatmır!

***

Elə qəşəng olur ki, ayrılığın səhəri…

Elə qəşəng olur ki, ayrılığın səhəri.
Çarpayın da tərtəmiz,
Bircə qırışı olmur.
Dünya dediyin şeyin səninlə işi olmur.
Otağın səndən küsür,
Yatağın səndən küsür.
Xəyalındakı ailən, uşağın səndən küsür.
Sən isə öz-özündən,
Hər kəlmən, hər sözündən,
Lap həyatın özündən, elə rahat küsürsən,
Bir metr ip gəzirsən!
Təsəlli baş daşları papiros kötükləri.
Aşıb-daşan külqabı.
Gülündən qopardılan, yanı çatlaq gülqabı…
Ağzın da zəhər dadır.
Mədənin qıcqırtısı,
Lap təzəcə doğulmuş
O körpə ayrılığın, göz yaşı, hıçqırtısı…
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Ölümlə arandakı məsafə bircə qarış.
Daxilində anandan,
Daxilində atandan,
Daxilində bacından, nə olar ölmə deyə,
Hönkürtülü yalvarış.
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Səni səndən gizləmir
Nə günəş şəfəqləri,
Nə səhərin saflığı, bu qəmi təmizləmir!
Yarıaçıq pəncərə…
Otaq səndən üşüyür.
Gecə yuxusuz olan,
Gecə sevgisiz qalan,
Yataq səndən üşüyür.
Üşüyər dodaqların,
Ölüm səndən utanar.
Elə zülüm çəkərsən,
Zülüm səndən utanar.
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Sonsuz hesab etdiyin bir sevginin sonusan.
Daha başa düşürsən,
İxtisasın ayrılıq,
Sən öz ixtisasının qırmızı diplomlusu,
Ayrılıq məzunusan!

***

Hər kəs öz qucağı boydadır.
Hər kəs öz uşaqlığından balaca.
Hər kəs elə bilir ki, hər şey belə qalacaq..
Adına yaşamaq deyib, ölümü aldadırlar
Məni son xatırlayan adam.
Məni gözəl xatırla
Eşidirsən ay adam?!
Mən tanrının böyüklüyünü qızımın kiçikliyində gördüm.
Peşmançılıqla düşmənçilik arasında ilişib qalan o fağır şair mənəm.
Nə adam kimi peşman, nə də adam kimi düşman ola bildim.
Adına ölüm deyib, yuxunu aldadırlar.
Məni son xatırlayan adam,
Məni gözəl xatırla…

***

Neynək ömür ömürdü,
Ölənlə ölmək olmur.
Dünya həmən dünyadı, sonunu bilmək olmur.
Utanıram sevgili…
Bahardan, güllərdən, arılardan.
Utanıram sevgili…
Gül satmağı bilməyən gülsatan qarılardan.
Utanıram ac yatan qızcığazın ahından
Allahın sabahından utanıram sevgili…

Anamın saçlarımdan,
Bacımın gözlərindən,
Atamın dizlərindən,
Aman!!
Çox utanıram!
Yazdığım sözlərimdən yaman çox utanıram.
Utanıram dil açıb danışmağı bilməyən o, fağırın dilindən
Qarabağ əlilindən
utanıram sevgili…
Gecə-gündüz boşuna qara göz yaşı tökən o neft buruqlarından
Küçə boyu səpilən çörək qrıqlarından…
… utanıram sevgili…

Min günahsız içində bir günaha batmağa,
Lap eləcə bu axşam birazca tox yatmağa
Utanıram sevgili…
Doğulacaq körpəmin doğan suallarından
Məni sətirbəsətir
Məni hərifbəhərif boğan suallarından
Utanıram sevgili…

Utanıram sevgili…. çox utancaq olmuşam!
Səninçün müştərisiz, gülsatmağı bilməyən gülsatan qarılardan min dəstə gül almışam….

***

Səni tapşırıram oktyabrın
Bu dəcəl, küləkli yağışlarına.
Qorxma, ayrılmarıq, səni qıymaram..
.. anamın ahına, qarğışlarına.
Sən ey ovucları ətir qoxan qız.
Sən ey barmaqları misralı əcəl!
Sən ey üz-gözümün qırışlarına..
.. İlişib yıxılan nazəndə gözəl…,

Cızar ovuclarım yanaqlarını,
Çəhrayı öpüşlər yolundan çıxıb..
.. azarlar çəhrayı dodaqlarında.
Sevgi şeirlərim atılıb düşər,
sallanar, yellənər qulaqlarında.

Misal gətirərəm, Musa Yaqubun
günah şeirindən, günah yuyaram.
Neyləyim həyatdı ay Çiyninəmim
“Bir günah sənindir, bir günah mənim”

Mən də bəxtiyaram.
Sən də bəxtəvər.
Nə mən günahsızam,
Nə sən günah sız.
Sən ey barmaqları misralı əcəl..
Sən ey ovucları ətir qoxan qız..

Habil RzaNur.