And olsun yalanların doğrulandığı günə ki, yalan ayaq tutub yeridi, cənab leytenant.

Loading

“Partizan”  İlhamə Kədərin  “Zimhəri”  romanından növbəti parçanı təqdim edir…

555 Qəmbərin dəfninə də gəlmədi.Bütün günü təpənin üstündə oturub qonşu həyətə ,ordan da qəbristanlıq tərəfə “buxarlanan”adamları gözləriylə qarşılayıb yola salan Qarışqa şər qarışanda axırıncı ümidini də təpənin üstünə atıb evə yollandı.

Pilləkənin başında iki cüt əsgər çəkməsi var idi.

“Yəqin atam evə gəlib”deyə sevincək yuxarı qalxanda anasının səsini eşidib ayaq saxladı.Qadın qısıq səslə kimisə”təlimatlandırırdı:

-Bax,başına dönərəm,deyərsən ki,atan gəlmişdi,əynini dəyişib hüzürə getdi,özdə dedi ki “Qarışqaya deyin dərslərinə hazırlaşsın.Mənim başım qarışıqdır deyin gələ bilmirəm” beləcə də deyərsən ha, qadan alım,   denən “özüm gördüm əmimi,ala bu “furajkanı”   da başına qoy , denən “mənə gətirib”, o birini də Qarışqaya  verərsən, bir də bu konfetləri ver , ən xoşladığı konfetdi, həmişə atası gələndə onunçün gətirirdi.

-Yaxşı xala, arxayın ol

Səsindən tanıdı, qonşunun oğluydu, heç vaxt yalan danışmadığına, fırıldaq bilmədiyinə görə adına “doğru Qamət “deyirdilər. Görünür yazıq ana qızına təsəlli verməyin yolunu belə tapmışdı.Axı Qamətin kəlməsi kəlməydi, heç vaxt yalan danışmazdı.Onyn yalan danışa biləcəyi Qarışqanın ağlına da gəlməzdi.

Deməli atasının başına nəsə gəlib, ölmüş olsa xəbəri olardı,hamı gizlətsə də uşaqlıq dostu mütləq deyərdi ona.Bəlkə ağır yaralıdı?

Yox, burda ağlabatan deyil, yaralı olsa niyə gizlətsinlər ki?

Bəlkə o da leytenant kimi əsir düşüb?

Bu fikir beynində qumbara kimi partladı”birdən onu da leytenantnan gününə salsalar?

Yenə gözləri qaraldı. Başı gicəlləndi.

Əlini atıb sürahidən tutmaq istəyəndə  pilləkanın kənarındakı böyük dibçəyə dolaşdı.BöYük bibçək aşıb diyirləndi , pillələrdəki kiçik dibçəkləri aşırda-aşırda son pilləyə,ordan da beton zəminə çırpılıb parçalandı.

Gül həvəskarı olan yazıq qadının illərlə əzizləyib,becərdiyi enliyarpaq , incəsaplaq çiçəklərinin kötüyü örpəyi açılmış məsum qız kimi həyətin ortasında üzügöyə qaldı.

Tappıltı eşidib içəridən çıxan qadın yüyürüb onu qucaqladı:

-Nooldu qadasın aldığım, yenə başınmı fırlandı?

Anasından dəniz qoxusu gəldiyinin  ilk dəfə fərqinə varıb təəccübləndi.Daima içində ağlayan adamların duzlu su qoxuduğunu, səslərinin də xırıltılı olduğunu həmin vaxt öyrəndi Qarışqa.Qanadı qırıq qağayı kimi boynunu büküb peşiman -peşiman baxdı :

-Bağışla ana, güllərini qırdım.

-Booy qadan alım, güllər sənə qurban olsun.Əsas özünə bir şey olmasın.-Sonra (güya indicə yadına düşdü)üzünü otağa tutub çağırdı:-Ay Qamət , bir bəri çıx a bala, gəl uşağın sovqatını ver sevinsin.

Qayıdıb yenə üzünü qızına tutdu:

-Bilirsən atan sənə nə göndərib, Əhmədovun “furajka”sınnan birdə “şkolni”qənfet.

Yazıq arvad  yalan danışmağa vərdiş etmədiyindən qıp-qırmızı qızarıb, tərə batdı.Yaxşı ki,Qamət tez onu vəziyyətdən çıxarıb, özünü saldı :

-Həə baax Qarışqa,  elə gəlmişdim səni görüm , elə xalamnan təzəcə oturub çay içirdim ki,,,elə birdə gördük tatapp qapı açıldı, gördük nəəə əmim girdi içəri,əlində də bu şapkalar , bir də sənə ən xoşladığın qənfet.Ala ,götür.Mən getdim indicə bibim qışqıracaq ki,”hansı cəhənnəmdə qaldın”.

Oğlan cavab gözləmədən əlindəkiləri onun qucağına təpib pilləkan dan enəndə zavallı ana birdə səsləndi:

-A Qamət,ay qadan alım ,bəs qalanını niyə demədin?

Qamət ayaq saxlayıb elə üzü o yana kəkələdi:

-Həə,bi-birdə dedi ki,nəydi o,hə Qarışqa imtahana hazırlaşan,mənim dedi işim var,dedi,ona görə gələ bilmirəm dedi.

Qarışqa gah anasına,gah Qamətə baxıb “heç biriniz yalan danışa bilmirsiniz,axı məni niyə aldatmağa çalışırsınız”deyə səsi gəldikcə qışqırmaq istədi amma,carəni çarəsizlikdən görən iki doğrunun bir yalanını(danışa bilmədikləri yalanı)ağartmağa gücü yox idi.

“Atasının hədiyyəsini”qucaqlayıb elə pilləkənin başındaca oturdu.Şapkanı başına qoyub konfet torbasını açdı.

Bu konfetləri əvvəllər necə sevərdi,atası hara getsə mütləq alardı onun üçün.

Hələ bir dəfə (onda məktəbə də getmirdi,balacaydı) həyətdə bacısıyla oynayırdılar birdən başlarına “şkolniki”şokoladı yağdı.Ayağa qalxıb  nə qədər baxsalar da heç kimi görmədilər .Onda Qarışqa sevinclə qışqırmağa başladı:

-Bacııı,ay bacı, Allah baba göydən bizə şakalat tulladı.

Onda Allah babaydı, nə istəsəydi tezcə verirdi ona.Ya istəkləri çox balaca idi,

ya Allah eşidirdi onu.

Atası deyirdi ki “ağıllı balaları Allah baba eşidir, görür, nə istəsələr yerinə yetirir.”

Bir az böyüyəndən sonra bacısı bu konfet əhvalatını danışıb gülürdü:

-Atam evin arxasında gizlənib konfetləri atırdı, mənə də “dinmə”  deyə işarə verirdi. Qarışqa da elə bilirdi Allah baba göydən atır.

Bu kiçik xatirə birdən -birə, neçə vaxtdan bəri buzlamış vücudunun donunu açdı, konfetin birini açıb dişlədi və:

-Allah baba, böyüyəndən sonra məni eşitməyəcəyini bilsəydim heç böyüməzdim.- deyə gözlərini, burnunu qoluna silib, balaca uşaq kimi hıçqıra-hıçqıra ağladı.

 

***

 

Ağlayıb ,ürəyini boşaltmaq ayıltmışdı Qarışqanı.Anasının bir neçə ay ərzində necə qocaldığını, bacısının necə üzülüb,əldən düşdüyünü, uşaqlıq dostunun əriyib skletə döndüyünü görürdü artıq.

Onu da hiss edirdi ki,dərd hamınındı amma, hamı özünü unudub,bircə onu ovundurmağa çalışır.

Ürəyində özünə söz verdi “məni ovundurmaq üçün deyilən bütün yalanlara inanacağam, axı nənəm də deyirdi :-bir yalanı qırx dəfə təkrarlayanda adamın özü də inanır, özün də sidq-ürəklə inadından bir gün o yalan mütləq gerçək olacaq” .Anam da,Qamət də düz deyir,atam sağdı,mən bu sözü hər gün qırx dəfə deyəcəm,və günün birində atam gələcək”.

Beləliklə bütün yalanlara inanmağa başladı.Hətta vaxt ötdükcə leytenantln ölümünün də yalan olduğunu düşündü “meyidi ki,görməmişəm.Nə olsun basdırıblar,bəlkə başqa cəsəd imiş,axund da demirdimi” bütün şəhidlər bir-birinə bənzəyir.Bəlkə o dəfn etdikləri heç kimin tanımadığı, amma üzdə leytenanta oxşayan biriymiş?.Bəlkə Qəmbər özündən uydurubmuş danışdıqlarını,yazığa o qədər işgəncə veriblər ağlı gedib,gözünə görünəni ,ağzına gələni danışıb.Olmazmı? Əlbəttə olar ! Mən niyə də imtahana hazırlaşmayım? Hazırlaşacağam,yüksək nəticə göstərib hamıya sübut edəcəm ki,mən heç də ruhdan düşməmişəm.

Bunlar beyninin , daha doğrusu beynini işğal etmiş yalançı ümidlərin səsi idi.Sinəsinin sol tərəfində isə fincan ağzı boyda bir yer qaynaqçı çubuğu kimi cızıldayırdı.