Qarabağ sevdalı vətən igidim

Loading

“Partizan”  Nəcibə İlkinin şeirlərini təqdim edir…

Şəhid General

Şəhid Generalımız Polad Həşimova həsr edirəm.

Torpaq şəhid qanı içidi yenə də,
Boyandı ürəklər şəhid qanına.
Vətən şəhidliyin zirvəsində o-
And içdi vətənin şəhid canına.

General adına ilk layiq olan
Aprel döyüşünün qəhrəman oğlu.
Polad iradəlim, polad hünərlim,
Getdin bu yolunla sən haqqa doğru.

Neçə ürəklərdə heykəlin qurub,
Bir şanlı tarixi yaşatdı bu ad.
General adından qəhrəman kimi
Şəhidlik adına ucalan Polad.

“Salam Generalım” deyən əsgərlər
Aldı generalı çiyinlər üstə.
Millət dalğa-dalğa, xalq axın-axın,
Hamı bir diləkdə, hamı bir səsdə.

Qisas tətiklərin çəkən ürəklər,
Asdı başı üstdən general şəklin.
Donan baxışlarda azadlıq odu.
Bürüdü hər yanı, bir alov təki.

Qarabağ sevdalım, vətən igidim,
Şəhid Generalım, Sən yaşıyırsan!
İgidlik məktəbin, müqəddəs adın,
Andınla əbədi Sən daşıyırsan!

GÖSTƏRƏRMİŞ

Tale çaşdıranda adamı qardaş,
Hər yetən adama yol göstərərmiş.
Vaxtında dost olub arxa bildiyin,
Dar günündə sənə qol göstərərmiş.

Yadına düşəndə sevdalı çağlar,
Həsrət için-için səni qucaqlar,
Gəzdiyin bağçalar, gördüyün bağlar,
Gülünü gizlədib, kol göstərərmiş.

Nəcibəyəm, günah bilmiyin məndə,
Çox çaşıb qalmışam dumanda, çəndə,
Allah da üzünü yumşaq görəndə,
Kədəri sevincdən bol göstərərmiş…

 

Şairlər günü

Deyirlər ki, bu gün şair günüdü,
Şairlərin hansı günü yoxdu ki?!
Əzab, həsrət, hicran, bir də dərd yükü,
Şairin günüdü, şair toxdu ki?!

Əynində vətənin şəhid köynəyi,
Gözündə kədərin dənizi yatır.
Hər gün xırda-xırda artır göynəyi,
Şair ağrısıyla başını qatır.

Şairə gün verib, gün ayırmayın,
Şairə pay verin, qüssədən-qəmdən.
Bütün dərdinizi şələ eyləyib,
Asın şairlərin çiyinlərindən.

Şairin sinəsi bülbül qəfəsi,
Orda fəğana bax, orda aha bax.
Dağı da əridir onun naləsi,
Qəfəsi ərimir, bir günaha bax?!

Pənahı haqq olub, haqqa arxadır,
Göydə Allahı var, yerdə sözü var.
Sözüylə baş qatıb özün toxdadır,
Axı şairlərin nədə gözü var?

Arzusu kəm olub, gözündə oynar,
Yanıltmaz haqqını, inamı iti.
Ağlında, sözündə, çağlayıb qaynar,
Qəlbindən tökülüb düşən ümidi.

Şair dərd bükürmü, bilinməyən sədd,
Şairin bəxtində gecələr zaman.
Siz ona gün verib, gün ayırmayın,
Asın şairləri dar ağacından.

NƏ FAYDA

Çox nakəslər gördüm haqqın yolunda,
Haray çəkən dilə döndüm, nə fayda.
Taleyin qəm çəkən yoxuş, yalında,
Damla-damla gölə döndüm, nə fayda.

Qaranlıq zülmətdən elə nur sağdım,
Sahil tək köksümə dalğalar sıxdım,
Bir eşqin odunu sinəmə yaxdım,
Yanıb-yanıb külə döndüm, nə fayda.

Halına çox yandım ağlayan kəsin,
Həqiqət yolunda hayqırıb səsim,
Mərdəm, mərd insana bəs eylər pəsim,
Namərd üçün zilə döndüm, nə fayda.

Bir dünya dərdimi çəkmişəm xəlvət,
Heç bir dərd əymədi qəddimi əlbət,
Haqqım tən bölündü, əyildim fəqət,
İnildəyən telə döndüm, nə fayda.

Nəcibəyəm, gündə dörd cür fəsillə,
Ürəyimi zaman oydu nə dillə,
Qalxıb zirvələri mən pillə-pillə,
Günə, aya, ilə döndüm, nə fayda.

 

ANA HƏSRƏTİM

Ana, əllərinə yaman möhtacam,
Gəl yenə tumarla, əzizilə məni.
Bir ağız layla çal, laylasız acam,
Kədərdən, nisgildən təmizlə məni.

Həm mənə yol göstər, həm təsəlli ver,
Günahım varsa da de, danla məni.
O ağ saçlarını sinəm ütsə sər,
Ay ana, sən düşün, sən anla məni.

Uşaq gülüşlərim ağlayır indi,
Sanki yaz taleyim qışa dönübdü,
Gərəkli illərim, sənli günlərim,
Ay ana, gözümdə yaşa dönübdü.

Gəl ana, yenə dur başımın üstə,
Saçlarım əlində bir sığal yeri,
Bir az təsəllinlə, bir az ümdilə,
Ötən günlərimi sən qaytar geri.

Gəl ana, sığınım isti köksünə,
İtən dincliyimi axtarım, tapım.
Nəmli gözlərində baxıb əksimə,
Baharlı illərin ətrinə hopum.

Saralır ömrümün bahar çəməni,
Barı bircə fəsil yazım ol, ANA.
Kədər beşiyində Sən Nəcibənin
Yenidən qayğısı, nazı ol, ANA.

 

EY ŞƏHİDİN ANASI

Sən ey şəhid anası!
Geymə qara libası…
Bu libas həqiqətin qaranlıq səmasıdır,
Bu libas ürəyimin odlanan parçasıdır,
Bu libas həsrətimin son damla göz yaşıdı.
Kipriyimdən asılan dərdlərimin daşıdı.
Çıxart qaranı geymə,
Başını uca tut, əymə.
Adından boy atıbdı igidliyin qeyrəti,
Adınla yaşanıbdı tarixin həqiqəti.
Ana kimi can verdin doğma əziz balana,
Qəhrəman olmağı da, şəhid olmağı da sən-
Sən öyrətmisən ona…
Sən şəhid anasısan,
Könüllər sultanısan.
Şəhid anası olmaq bilirsən nə deməkdi?
Üfüqdən zərrə-zərrə Günəş tək böyüməkdi!
Hər mərmilərin səsi ərşə qalxan duandı,
Ay yaralı Aslanım, qara geymə amandı.
Şəhid dodaqları tək Murovum lalə düzlü,
Azadlıq çiçək-çiçək gülümsər işıq üzlü.
Bayraq rənginə dönüb vətənimin çəməni
Bir əlində zəfəri, bir əlində vətəni.
Oğul gedib irəli….
Gedib qeyrətim kimi, gedib hünərim kimi
Gedib əlində silah nər oğlu nərim kimi.
Hər addımda qanıyla yazıb zəfər adını,
O vətən qarşısında pozmadı öz andını.
Qürur duy, fəxr elə,
Sən ey şəhid anası!
Çıxar qara libası,
Al geyin, əlvan bürün,
Tutma oğluna yası.
Sən Tomrisim, Nigarım
Sən azadlıq səsimsən,
Şəhid balanla birgə
Vuran ürəyimizsən.
Bürün bayraq ətrinə,
Azadlığın çətrinə,
Çıxar qara libası
Şəhidimin xətrinə.
Haqqa bayraq qaldıran sən vuran qolumuzsan
İşıqlı gələcəyə açılan yolumuzsan.
Səndən güc olan oğul əlində haqq qılncı
Çəkib düşmən üstünə gülərək acı-acı.
Tarixin özü yazdı torpağına, adına.
Mərmi-mərmi ucaldı o haqqın dərgahına
O şəhid ki, tarixin yaddaş səhifəsidi
O şəhid parçalanan ömrümüzün səsidi.
Vətən oğul deməksə, oğul da vətəndi bil,
Vətənin dar günündə oğul ona təndi bil,
Qarabağ tarixini yazan şəhid oğulun,
Anası qara geyməz, o analar anası,
Azadlığın sədası!!!