Şair o kəsdir ki, zamanda dərvişdir

Loading

“Partizan”  Aqşin Yeniseyin şeirlərini təqdim edir…

Bir zəlzələlik canı var şəhərlərin
Bir sevgilik ömrü var şairlərin
Bir nəfərlik unudulmaq qorxusu
var qadınların
Şəhərlər zəlzələdən,
Şairlər sevgidən,
Qadınlar unudulmaqdan qorxur.
Zəlzələdən sonra şəhərdən nə qalırsa
Divar odur.
Sevgidən sonra şairdən nə qalırsa
Söz odur.
Unudulandan sonra qadından nə qalırsa
Sən osan.

***

 

Yağışdan sonra yuyulmuş havada quş səsi.
Səsin sonunda ovçu,
Ovun sonunda qan var.

Arxasında şimşək çaxan ağacın
Görkəmi nə qorxunc.
Amma dibinə tökülən suda can var.

Uzağı görən beyinlə,
Fikrə getmiş gözlərlə,
Pəncərə silən qadınlar
Göylərə əl edirlərmi yoxsa?
Hər qadının bu dünyada doğmadığı bir oğlan var.

***

Fəlakətin hüznü

Yalnız üzünü sevmək bir qadının…
Və anlamaq qocalığın ömrün turistik ərazisi olduğunu
Yəni yaşamaq üçün olmadığını…
Ölüncə insanı ruhunun deyil, bədəninin tərk etdiyini…
Gələcəyə aid heç bir şey yox məndə, nə varsa hamısı keçmişin
Geri döndüm, yağışlı bir gündə tək və içiboş plaş kimliyimlə
Yeri olmaz bu həyatda tərkedilmişin.
Bir yaxşılıq qədər tez unuduldum, heç olmamış kimi.
Sən yağışın o biri üzündə qaldın…

Bundan sonra hər bahar ağaclar eyni gülləri açar
Hər qışın mürgüsü eyni qar, eyni qar, eyni qar…
Hər payız eyni adamları xatırladar
Nə olsun hər yaşda fərqlidir sevgilər, eynidi ayrılıqlar.
Nə olsun duyğular eynidi, nə səndi, nə odur, nə də mən
Sən olan, o olan, mən olan eyni ruh, eyni bədən
Eynidi hamıda ovudan, eynidi hamıda göynədən
Yağışlı bir gündə səni unuda bilməyən pıçıltıtək keçdim
O gözü kor, qulağı kar küçədən
Sən yağışın o biri üzündə qaldın…

Yaşanmış avqust ayıyam indi köhnə təqvimdə
Bir şəhərəm torpağın altında, dostum yox gözləyəsi,
düşmənim yox qorxası.
Bir tüstüyəm, çıxıb getməyin və geri dönə bilməməyin ağsaçlı üzüntüsü
Yollanıram göy üzünə yoxsul bir kənd evindən
Bilməm nədir buxarıdan sonrası
Azadlıqmı, yolunu azmaqmı?
Bunu sənə yazmaqmı?
O gecə bir qapı döydüm gizlicə
Bir qucaq tanıdım, yetim sevgiləri kiridən dərisinin dadıyla
Qədim peşəsinin adıyla.
Sən yağışın o biri üzündə qaldın…

Tanrı qaranlıq idi, ulduzlar şeytan!
Hər anı ölümlə dolu bir gecəydi, intihar etdi kubar hisslər.
Çünki genlərimizdən çıxıb küçələrə axışmışdı ac instinktlər.
Qədimləşdi, günah içində yağışın dibinə endi daha bir şəhər
Kip örtülmüş pəncərələrdə ümidsiz üzlər…
Su azmış kimi dul qadınlar da ağlamağa başladı,
Aman allah!
Sən yağışın o biri üzündə qaldın.

Gözlərimdə sabun acısı
İçimdə suyuna ağladığım uşaqlığımın hamam təknəsi
Getdim yoxluğunun izdihamlı küçələriylə
yağış gölməçələrindəki ulduzları ayaqlayaraq
Qəfil ölüm çəkdi aşiqin nəfsi
Qucağıma su doldu, qollarım boğuldu
qaranlıq sularda qeyb oldu islaq səsin.
Sən yağışın o biri üzündə qaldın…

Qəlbindəkı tanrı eşqiylə insana baş əyməyən bir şeytandım mən
Bir günahdım azadlığa açılan qapılarımla,
Ya da azadlığa açılan qapılarımla bir günah olduğuma inandım mən.
Tək görüncə özümü o gecənin ölülər gəzişən sahilində
Təkliyimdən utandım mən
Sən yağışın o biri üzündə qaldım…

Kimə ağac dedim yarpağını tökdü
Göz yaşıma döndü su deyib içdiklərim
Uduluram yaddaşımın bataqlıq ləngliyində
Mənim yarasız qanayanım, hardasan?
Hardasan gözlərinə abunə olduğum?
Orda ağrıtmayan ölümsən, burda öldürməyən ağrısan.
Üzün yağış damlası…
Sən yağışın o biri üzündə qaldın…

***

Salam Sarvanla söhbətlər

1

Həyat o qədər balacadır ki, böyük adamlar darıxırlar orada.
Eşidirəsən həyat! O qədər balacasan ki, böyük adamlar darıxırlar səndə.
Divin mağarada,
Hökmdarın taxtda,
Güllən lülədə, çağan qundağda darıxır.
ən yüngül xəstəliklərin də bir gün ölüm xəbərdarlığına çevrilir.
Hər gün bir ümidin ölür, yerinə bir əzabın, qorxun dirilir.
Göyərçinlərin dimdikləyir başını bit basmış heykəllərini
Daşa büküb allaha uzadırsan sevdiklərini.
Bir ümid tapanda dostlarla bölürük aramızda
Ovub hələ quşlarına da atırıq.
Şəkilçi qəbul etməyən “əlvida” sözü kimi tənhayıq…
…darıxırıq… darıxırıq…
2

Şair o kəsdir ki zamanda dərvişdi
Səhər ibtidai icma quruluşunda qaya yonur
Günorta feodalizmdə şaha sunulur.
Axşamüstü kapitalizmin ağrılarına dözür.
Şair özünün oğludu, atasıdı, qardaşıdı
Şair özünün qəbridir, öz-özünün başdaşıdır!
Unudulmaq! – Budur onun duyğusu.
Yadda qalmaq! – Adilərin arzusu.

4

Biz kənd uşaqlarıydıq
İnəklərə ot tayası yığardıq, acından ölməsinlər
Ağlayanda evin dalında ağlardıq, arvadlar görməsinlər.
Atamızın kəfənini düzəldərdik qəbirdə
Doyunca yemək yeyərdik; ya məsciddə, ya pirdə.
Biz kənd uşaqlarıydıq.
Gözlərimiz anadan, əllərimiz atadan bizə qaldı yadigar
Ona görə beləyik; ağlağan və davakar!

5

Həyat, xoşbəxtliyin qarnımızda üfunətdi, bədbəxtliyin başımızda .
Quşun ilanına baxıb sevinir,
ilanın soxulcanına.
Göy üzü Yer üzünə baxıb sevinir
Gecələr ulduzlar küçə işıqlarını lağa qoyur.
Ev uşaqları küçə uşaqlarını lağa qoyur.
Gizlənməyə yer tapıb azadlığın
ilbizin qabığında.

6

Əlimdə bir tikə çörək, güzgüyə baxıram:
nəyin qulu olduğumu görüncə, ağlamaq tutur məni.
Divardakı xəritədə unuduram ölkələri,
Şairləri, rəssamları, alimləri axtarıram xəritədə.
“Yoxdu”… “Yoxdu” – səslər gəlir,
O qitədən, bu qitədən:
– Öldürmüşük, başına güllə çaxmışıq,
Lap belə dara çəkmişik, artıqmısan onlardan sən?

7

Həyat, həyat…
Nə bir tükənməyəcək sevgidir, nə bir ot basmayacaq yol
Həm qumar oynayır, həm içir, həm çəkir.
Gecikmək lazım olanda tələsir,
Tələsmək lazım olanda gecikir.

Həyat, həyat… biz öldük, ümidlərimizdən muğayat ol!

***

Qar! Bir it məni hürməməklə qorxudar
Qar! Suyun qoca və yorğun halı.
Qar! İlk dəfədir öz ayaqlarına yıxılır adamlar.

Qar! Üşüyür avtobuslar!
Qar yağır ağacların açıq yaxasına
Qara adamlar girir küçələrin ağ yuxusuna.

Kişilərin üzündə
Hər gecə təkrarlanan zülmətin
Hər gecə təkrarlanan qadının
Hər gecə təkrarlanan uşağın dərdi.
… pəncərədə uşaq üzü unudulmuş fotodur!

Qadınların üzündə
Qız vaxtı içlərində boğduqları
Yalqız bir fahişənin dirilmək qorxusu.

Hər şey eyni ağ… hər yer eyni qar…
Fəqət evlərin dördkünc yaddaşında həmişə fərqlidir toxlar və aclar.

Qar yağır, qar yağır, sanki, keçmişdən…
Və mən bir də heç vaxt olmayacağım günləri seyr edirəm
bu görünüşdə…