“Partizan” Azərbaycanın görkəmli şairi Vaqif Bayatlı Odərin az-az oxunan və nadir bilinən şeirlərini təqdim edir.
Zalım dostlar, zalım qardaşlar
Ax, zalım dostlar,
Zalım qardaşlar!
Fələyin qəminə düşəndən bəri
Kimin nə vecinəyəm ki
аnаmın әziziyәm.
Kimin nə vecinə ki,
anam yalvarır göyə.
qaratelli allahım,
balacaboy allahım
susub, qorumur məni.
Bu alagöz dünyada,
bu qıvrımtel dünyada
olanım bir canımdı, –
özümü sevəm gərək.
Qızlar macal versələr,
özümü sevəm gərək.
Beş-on qız vurulub
bu qara tellərimə,
bu solğun üzümə,
dəli-dəli danışmışam,
dəli biliblər məni.
Çoxları da sadəcə
yaxşı oğlan biliblər.
Biliblər, isiniblər;
Guya ki, mən də
nə bilim, nəymişəm
guya ki, mən də
adam xoşbəxt eləyənmişəm?
Ах, zalım dostlar,
zalım qardaşlar!
Kimin nə vecinə ki,
bu gün mənim könlümdən
bir zırpı döymək keçir!
Ya bir zırpı,
ya bir boynuyoğun,
ya bir yekəqarın…
Görürsən ki, zırpı var;
Ətli, yağlı üzündə
bir yağlı şillə yeri
durub gözləyir səni!
Аncaq… bir zırpı döyə bilmək
mənə bir az çətindi.
(bir şilləlik canım var)
Ax, zalım dostlar,
zalım qardaşlar!
Ölümdən sonra başlar şair ömrü
Noldu birdən-birə, Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi qəbir tüfəng lüləsitək dar,
Xam xəyal!
Elə bilirdiniz, hamının Allahı var?!
Mərdlik – dünənin uşağı,
Qatillər – dünyanın yaşıdı
Diz çökün, diz çökün, cənab Martınovlar!
Bir şair də söndü –
Sevdalar yaşılı, ocaq kəsöyü,
Üstündə allahı, üstündə göyü.
Diz çökün, diz çökün, cənab Martınovlar!
Fələyin zülmü yox,
allahın mərhəməti!
Diz çökün!
Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamısına, hamısına şairlər bayıs,
Cənab Martınovlar!
Güllələyin şairləri, sonra diz çökün!
Alın yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək.
Hamısına, hamısına şairlər bayıs,
Cənab Martınovlar!
Güllələyin şairləri, sonra diz çökün!
Güllələyin kar qulaqları oxşamayan
təzə sözü,
Ölü damarlara sığmayan təzə qanı!
Güllələyin Nerudanı, Lorkanı,
Güllələyin lirikanı.
Güllələyib güllələnmək əsridi.
Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar güləcək harda?!
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından.
Dünyanın tələsik yır-yığışından
Günahlı-günahsız şairlər köçür.
Onsuz da öləcəklər, geci-tezi var,
Güllələyin şairləri, cənab Martınovlar!
Qəbirstanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Ancaq tövbə gecəsi
Yaralı Puşkinin ayağından öpməyə
yürüsün Dantes,
ona çatar-çatmaz
qəfil yox olan,
şairin yerindən qalxan
bir məbəd qapısında
səhərəcən böyürsün Dantes;
Sonra yol verməsinlər mələklər,
Yol verməsinnlər cənab Martınova
yıxılan Lermantovu qucaqlamağa
Atla oynayan qız
Bir dan üzü
o balaca arx gözünü açan kimi
baxdı gördü o qara qızı.
Buruq-buruq saçları
göydə gedən qara-qara,
sıra-sıra buludlara
yanıq verə-verə
çəkib aparırdı o qızı,
bir qara telli ata sarı…
Sonra üzü o atın üzündə
gözü gözünə aşiq,
qolları atın boynuna sarmaşıq,
ikisi bir varlıqtək
bilinməz bir havadı oynadıqları,
sonra diz çökdülər havanın sonunda,
havanın sonu bir dünyadı bəlkə…
hətta ilk dəfə həbsdə gülənlərin,
hətta son dəfə həbsdə doğulub,
ilk dəfə həbsdə ölənlərin,
hətta min illik həsrətlərin şərəfinə
çalınmazdı belə hava,
oxunmazdı belə dua.
O balaca arxı
çırmanıb o yana keçən
Ağaclar bilirdi.
O arxda dünyaya təzəcə oyanan,
ən balaca otlar bilirdi.
O otları dodağıyla sığallayan
Bir zamanlar ağac olmuş
Atlar bilirdi –
Dünyanın axırına niyə beləcə
xəlvəti axırdı o arx.
Niyə beləcə o qızın şəklini
Xəlvəti apardı o arx.
Bir şimşək işığında
o havanı oynamaqçün
yaranıb yox oldu bir at, bir qız.
Yalqızlığın nə olduğunu bilməyən
gözləri təzəcə açılmış
bir balaca, yalqız quş
heyrətlə baxdı onlara sarı.
Bir çiçək dodağından
bir qurtum su içməkçün
gəlmişdi bu dünyaya,
Bəlkə də,
bu dünyanın gözəlliyini duya-duya
baxdı sevinə-sevinə
baxdı heyrətlə
yarı at, yarı qız o varlığa
atla qızın oynamağına.
Baxdı,
Bitdi ömrü…
Kim bilir, bəlkə, varmış,
bəlkə yoxmuş baxtı.
Baxdı,
Bir çiçək dodağında
onunçün yaranmış bir damla suya
çatmadı dimdiyi.
Əlinin üstündə “ana” kəlməsi
Yolda öz-özünə danışan adam,
Danışıb özünə söydürən adam,
əlinin üstünə
“ana” kəlməsini döydürən adam,
sən ən insafsızıymışsan
yer üzündəki bütün dərdlilərin.
Tumanı on taxta arvadlar,
– Baxtın var! Baxtın var! – deyə-deyə
Siz də aldatdınız məni,
Məni heç nə, heç nə qurtarmayacaq ölümdən.
Evimizin divarındakı çatlar,
sizi daşıdım ürəyimdə.
Zülm işləri var bu dünyanın,
üst-üstə düşdü
ürəyimdəki çatlarla
divardakı çatlar.
Evimizin divarındakı çatlar!
çat vermiş dostları
sıranıza düzə-düzə
kimin günahı vardı
bağışladım sizə.
Bu dünyada
Qara-qara quşlara,
yazıq-yazıq quşlara
dəymə, dəymə –
xoş getməz göy üzünə.
Sədəf-sədəf, düymə-düymə
balıqçılara dəymə, dəymə –
xoş getməz dənizinə.
Qarğışdan, bəd sözdən
pis üzdən, paxıl gözdən.
göy üzündən, dənzidən
anam sovur uşaqları,
qovur, qovur uşaqları.
Göylərə qalxan deyiləm,
dənizə baxan deyiləm.
ağaca çıxan deyiləm –
anam qoruyur məni,
qovur, qovur uşaqları.
Tut dibi qarışqadı,
ac daşıyır toxuna,
tox daşıyır acına.
tapdayarsan, keçərsən,
xoş getməz tut ağacına,
anam qoruyur məni,
qovur, qovur uşaqları.
Tut dibi qarışqadı,
ölüm hər qarışdadı,
nə biləsən ki, anam,
bu dünyada gülən başqa,
ağlayanlar başqadı.
Anam, mən xalıq deyiləm,
dəryada balıq deyiləm,
sizlərə layiq deyiləm,
qoy oynasın uşaqlar.