Uzun müddət yaddaşımda daşıdığım bir-biri ilə bağlı mifik hekayələr, bu günlərdə masamda mütaliə etdiyim Freydin “Bakirəlik tabusu” kitabı, universitet proyektim olan şiddətin və hannibalistik toplumların bioarxeoloji analizi, sculping (ritualistik hannibal akt, əsasən Şimali Amerika hinduları və Cənubi Amerikada geniş yayılmışdır) və iştirak etdiyim xırda bir dialoq məni mifik zamanın müşahidəçisinə çevirib yenidən həyəcanlandırdı.
Həyatın tsiklik gedişatı fonunda boz iztirablarımız və işığı duyub həzzin sərhədlərinə çata bildiyimiz anlar mif buludunun içindən süzülən hekayələr kimidir.
Varşavaya köçməzdən əvvəl Gəncədə zamanın heç cür keçmədiyi gecələrdə pəncərəsi arxa binaya açılan mətbəximizin kimsəsizliyində ərsəyə gətirdiyim bütün tədqiqatlarımın hekayəsini özümlə buraya gətirmişəm. Halqa isə qopmadan ilmək-ilmək toxunmağa davam edir. Bir gün otağımda magistr tezisimlə bağlı ucadan Con Malalasın Xronikasını oxuyurdum. Bu zaman birdən “Antik Romada Trayan, Domisian, Karakalla, Oktavian Avqust kimi imperatorların hakimiyyəti dövründə bakirələrin öldürülməsi ritualı baş verib” cümləsinə çatdım. Əslən Antioxiyalı (Suriya- Antioch on the Orontes-hal-hazırda Türkiyənin Antakya şəhəri) bizans xronikaçısı Con Malalasın Adəmin yaranmasından Yustinian hakimiyyətinə qədərki hadisələri təsvir etdiyi əsərindəki bu sözlər emosional yaddaşımı hərəkətə gətirdi.
Otaq yoldaşım reaksiyama gülüb otağın həcmini ötən hislərimi böyüdən bu məsələnin nə olduğunu soruşanda mən də qısaca izah elədim ki, bir çox sivilizasiyaların mifik mətnlərində bakirənin qurban edilməsi kultu mövcuddur və mən heç düşünməzdim ki, Antik Romada da belə bir ritual mövcud olsun. Mənim izahım isə ondakı bulanıq bir tarixi faktı silkələdi və dedi ki, mənim ölkəmdə də (Zimbabve) kral Şaka Zulu (1787-1828) ölən zaman bir neçə qadın da onunla birgə dəfn olunub deyə bilərəm. Beləcə, bu tədqiqatı yenidən aparmaq qərarına gəldim və yazı belə ərsəyə gəldi.
Bakirələrin rifahın yüksəldilməsi uğrunda allahlara və krallara qurban edilməsi mövzusu mənbələrdə “Tixeya”və ya “Tayki” (uğur, fortuna) kultu olaraq qeyd edilir. Makedoniyalı İsgəndər İsgəndəriyyə şəhərinin, Konstantin Konstantinopolun (İstanbul) əsasını qoyarkənı və Oktavian Avqustun Ancyra (Ankara) şəhəri, Trayanın yenidən qurulan Antioxiya, Tiberi Qraxxın Antioxiyadakı teatr binası üçün həyata keçirdikləri bakirə qurbanı ritualı da antik yazılı mənbələrdən məlumdur. Malalas, xronikasında Antioxiya şəhərinin salınmasında “Tayki” kultunun əhəmiyyətini vurğulamaq üçün belə yazır:
“Selevki kralı I Nikator İopolis qəsəbəsi ilə üzbəüz Bottia kəndinin olduğu yerdə şəhər divarlarının sərhədini çəkdi və baş rahibə Amfionun iştirakı ilə şəhərlə çay arasında Artemida (Makedoniya kalendarı ilə) və ya May ayının 22-də Aymate adlı bakirə qızı qurban verdi. Şəhərə oğlu Antiox Soterin adını verdi və Zevs Bottia adlı məbəd tikdirdi. Bundan sonra isə qurban edilən bakirənin şərəfinə tuncdan “şəhərin taykisi” adlandırılan qızlıq heykəli inşa etdirdi”. (Malalas, 8.12).
Antik Yunan və Romada şiddətin qurban etmə kimi barbar motivdə özünü təsdiqi mifik səslənsə də, mənbələrdə Romanın tiran imperatorlarının Vestal Bakirələrini diri basdırılmalarını əmr etdiklərinə dair faktlar mövcuddur. Vestal Bakirələri (rahibələri) Antik Romada imperiyanın uzunömürlülüyünün təminatçısı kimi qəbul edilən Vesta (Hestiya) məbədindəki sonsuz alovu qoruyan altı bakirə qızdan ibarət idi. Bu qızlar məbədə qəbul edilmək üçün otuz illik müddətə bakirəlik andı içməli, hər iki valideyni sağ olmalı və köklü ailədən gəlməli idilər.
Təxminən 6-10 yaşlarında vəzifələrinə başlayan bakirələrin ən böyük günahı isə diri basdırılmaqla cəzalandırılacaqları Roma alovunun söndürülməsinə icazə vermələri idi.İnsanlar alovun sönməsinin Romaya böyük fəlakət gətirəcəyinə inanırdı və bakirə qız kəfənə bükülüb yeraltı məzar otağına göndərilirdi. Yalnız birgünlük su və qida ilə təmin olunduqdan sonar məzar otağının içi torpaqla doldurular və qapısı bağlanardı.
Ənənəvi dəfnetmə üsulu ilə yola salınmayan bakirənin Ölülər Diyarına heç zaman gedə bilməyəcəyinə inanan romalılar bu qurban etmə ilə allahların qəzəbindən xilas olduqlarını və Romaya gələcək fəlakətdən qurtulduqlarını düşünürdülər. Xristianlığın Romada artan nüfuzu ilə köhnə paqan ənənələrini yox edən İmperator I Feodosi 394-cü ildə Vesta Bakirələrinin alovu qoruma ritualının tamamilə aradan qaldırılmasını əmr edir. 410-cu ildə Kral Alarix və vestqot qoşunlarının Qərbi Romanı talan etməsi isə alov inancındakı kəhanətin beləcə gerçəkləşdiyinə işarədir.
İnsanların yeni salınmış şəhərlər üçün qurban edilməsinə dair geniş şəkildə aparılmış antropoloji tədqiqatlar mövcuddur. Yunanıstanın Evbeya adasındakı Lefkandi sahil kəndində onuncu əsrə aid qəhrəman məbədində üzə çıxarılan bir qadın, kişi və dörd at tapıntısı qadının ya şəhərin salınması üçün, ya da qəhrəmanla birgə dəfn edildiyi fikrini təsdiqləyir. 2005-ci ildə Klassik və Hellen dövrü mifologiyası tədqiqatçısı Benjamin Garstad “Tayki” qurbanetməsi ilə bağlı yazdığı məqalədə Qvineya-Bisau ölkəsində (Qvineya ilə həmsərhəd olan Afrika ölkəsi) Fulani və Mandinka tayfaları arasında 1860-cı illərdə gedən müharibə zamanı Fulani kralının Kansalada qala tikdirməsi şərəfinə qalanın dörd küncündə dörd bakirənin ayaq üstə qurban edilib dəfn edilməsini qeyd edir. Bakirə qurbanı mövzusunu həmçinin Şərq dastanı olan “Min bir gecə nağılları”nda da müşahidə edirik.
Ölümündən boyun qaçırmaq üçün şaha hər gecə səhərə qədər nağıllar danışan Şəhrizad hər nağılı tamamlanmamış halda bitirir və hər yarımçıq nağılı ilə öz həyatını xilas edir. Min Bir gecə boyunca davam edən bu nağıllarla Şəhrizad Şahın qəzəbindən həmişəlik xilas olmağı bacarır.
***
Öldürülən krallar bölgəsi və M. F. Axundov
Əsasən Yaxın Şərq xalqları arasında geniş yayılan əfsanələrin təməl motivlərindən biri də kralın tanrının iradəsi ilə öldürüləcəyi günü rahiblərdən xəbər alması və ölümünü şəksiz qəbul etməsidir. Ölüm günü gəldikdə kral özünü qurban verər və canlı bakirə ilə birlikdə dəfn edilərdi. Siciliyalı Diodorun bizə verdiyi məlumata görə, Yuxarı Nildə yaşayan Nubiya Kassitləri arasında kral qurbanı ənənəsi mövcud olmuşdur. Antropoloq Cyems Freyzer Corcun “Qızıl Budaq” əsərinə istinadən isə Bəyaz Nil (Nilin əsas qollarından biri) sahillərində yaşayan Şilluq tayfası arasında bu ritualın müasir dövrdək aktuallığını qoruyub saxladığını deyə bilərik. 1926-cı ildə arxeoloq Lenard Vullinin Mesapotamiyada Ur şəhər-dövlətində aparılan qazıntılar zamanı qədim Şumerin ay tanrıları məbədini üzə çıxarması da bu ritualın Yaxın Şərqdəki yayılma xronologiyasını bizə təqdim edir.
M. F. Axundovun “Aldanmış Kəvakib” povestinin bizdəki interpretasiyası uzun illər boyu yalnızca ədalətli şah və xalq idarəçiliyi yönündə olsa da, hətta Axundovun ulduzlara inanan insanlar tematikasını cəhalətin boy verməsi kimi yozumlasaq da, mövzunun sadə cahillik deyib ötəri yanaşılmayacaq qədər dərin köklərinin olduğunu miflərdən gələn səslərlə daha sərrast anlayırıq. Münəccimbaşı Mirzə Sədrəddinin Şah Abbasa yetirdiyi xəbər bundan ibarətdir: “Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə borc bildim”.
Duarte Barbarosanın “16-cə əsrin əvvəllərində Şərqi Afrika sahilləri və Malabarın təsviri” adlı kitabında təsvir etdiyi hekayəyə görə Malabarda Yupiterin zodiakda dönüşünü tamamlayıb Xərçəng bürcündə geri döndüyü zaman tanrı kralı özünü qurban etməli idi. Axundovdakı personajımız Şah Abbas isə yaşamağın və hakimiyyətin şirinliyindən doymadığı üçün özünü qurban etməmək, bu bəlanı dəf etmək üçün yollar axtarmağa başlayır.
Saray əyanlarının heç biri Şaha kömək edə bilməyəndə Mövlanə Cəmaləddin adlı aqil bir şəxs onun yerinə ölümə layiq bir şəxsin keçməsini və fəlakət sovuşana qədər taxtda qalmasını məsləhət bilir. Qəzvində sərraclıqla məşğul olan Yusif adlı fəqir bir kəsin taxta gətirilməsinə qərar verildikdən sonra Şah Abbas adi bir vətəndaş kimi həyatına davam edir. Bu zaman Yusif Sərrac da Səfəvilər dövlətinin böhran zamanı düşdüyü çətinlikləri aradan qaldırmaq üçün adminstrativ islahatlar keçirir və xalqın güzəranını yaxşılaşdırır. Povest fəlakət günü gəlib çatanda Yusif Sərracın qeyb olması və Şah Abbasın əvvəlki hakimiyyətini bərpa etməsi ilə yekunlaşır. Povestin özündə müdriklik ehtiva edən çoxsaylı elementlərilə yanaşı, mifik Şərq motivinə də istinad etməsi Axundova yeni bir nəzər salmağımızı şərtləndirə bilər.
“Kaşanın süqutu” və ya Farlimas əfsanəsində oxuduğumuz Napatalı Nap adlı kralın hakimiyyəti dövründə də rahiblər hər gecə ulduzları müşahidə edər, qurbanlar kəsər, alovu daim qoruyardılar(Romadakı bakirələrin alovu qoruması burda da öz əksini tapır).
Kral öldükdən sonra alov söndürülər və onu qoruyanlar da kralla birgə edilərdi. Bu ənənə heç vaxt dayanmazdı, yoxsa ulduzların izini itirər və kralın ölüm zamanını əsla bilməzdilər. Kralın ölüm günü gəlib çatanda isə O, özünə ölümdə yoldaşlıq edəcək insanları seçərdi. Napatalı Napın ölümündə özünə yoldaş kimi seçdiyi adam isə nağıllar danışmaq qabiliyyəti ilə məşhurlaşmış, uzaq şərq ölkəsi kralı tərəfindən saraya hədiyyə kimi göndərilən Farlimas adlı kölə idi.
Farlimas kralın ölüm gününə qədər onu əyləndirməli və ona ölümün varlığını unutdurmalı idi. Kralın hüzuruna çağırılan Farlimas günlər-gecələr boyu nağıllar danışmağa başladı, krallar və qonaqlar yemək yeməyi, içki içməyi, kölələr xidmət etməyi unutdu. Farlimasın nağılları tiryək kimi idi, nağıllar bitəndə hər kəs zövq içində özündən huşa gedərdi. Kralın ölümündən sonra növbəti alovun qoruyucusu və yeni kralın ölüm yoldaşı olaraq rahibələr kralın ən kiçik bacısı Salini seçmişdilər. Salinin ölməsini istəməyən Farlimas möcüzəvi nağıllarını ulduzları seyr edən rahiblərə də danışmağa qərar verdi. Hər gecə ayın və ulduzların trayektoriyasını müşahidə etməklə vəzifələnən rahiblər və bütün saray əhli artıq günlər-gecələr boyu Farlimasın əsrarlı səsindən çıxan nağıllarla yuxuya gedirdilər. Onun dilindən müşk və büxurdan daha gözəl qoxu yayılırdı. Günəş yüksəlib Farlimasın nağıllarını tamamlayanda saraydakı hər kəs yuxu içində məst olmuşdu. Rahiblər oyanarkən isə ay və ulduzları çoxdandır izləmədiklərini, alovun nə zaman söndürülüb yenisinin nə zaman yandırılacağını deyə bilməyəcklərini krala bildirdilər. Beləliklə, kralın taleyi artıq göylərdən asılı olmadı və həyatı özünə bağışlandı. Bu gündən sonra Napatada Sali və digər rahibələr bir daha qurban edilmədi.
Lamiyə Həbibova