“Qışın soyuğunda məni bu məşhur şəxsiyyətlə vidalaşmağa aparan…” – Vilayət Quliyev yazır

Loading

Filologiya elmləri doktoru, tərcüməçi, diplomat Vilayət Quliyev yazıçısı və publisist, “reportaj ustası” kimi tanınan Rışard Kapuçinskinin (1932-2007) “Şahənşah” əsərini Polşada çalışdığı dövrdə polyak dilindən tərcümə edib və kitab iki il bundan əvvəl Dövlət Tərcümə Mərkəzi tərəfindən çap olunub.

“Partizan” Vilayət Quliyevin həmin kitaba yazdığı “Çağdaş jurnalistikanın metri” adlı ön sözü təqdim edir.

2007-ci ilin soyuq yanvar günlərindən birində, səhər çağı polyak dostum Veslav Paradzinski ilə birlikdə Varşavanın Banax küçəsindəki kardioloji xəstəxananın qarşısında dayanmışdım. Gecə burada yalnız Polşa deyil, çağdaş dünya jurnalistikasının tanınmış simalarından biri sayılan yazıçı, səyyah, intellektual Rışard Kapuçinski (1932-2007) ürək tutmasından vəfat etmişdi. Onunla şəxsi tanışlığım yoxdu. Xəstəxananın önünə Veslavin təkidi ilə gəlmişdim. Havanın soyuqluğuna baxmayaraq ətrafda onlarla insan vardı. Yəqin ki, oxucuları, yaradıcılığının pərəstişkarları toplaşmışdılar. Adamlar sanki rəsmi vidalaşma mərasimini qabaqlayaraq son borclarını verməyə tələsirdilər.
Rışard Kapuçinski vətənində çox tanınan, fikirlərinə hörmət bəslənən yaradıcı şəxsiyyətlərdən idi. Xüsusən həyatının son illərində az qala Polşanın brendlərindən birinə çevrilmişdi. Həmvətəni, Nobel mükafatı laureatı Veslava Şimborskadan sonra polyak müəllifləri arasında ən çox onun əsərləri xarici dillərə tərcümə olunmuşdu. Müxtəlif xarici ölkələrin mətbuatında “Müasir jurnalistikanın ustadı”, “Kainatın mütərcimi”, “Zəmanəmizin Herodotu”, “Dünyanın ən böyük şərhçisi”, “Üçüncü Dünyanın salnaməçisi” kimi təntənəli epitetlərlə anılırdı. Əsərlərinin coğrafi əhatə dairəsi və qlobal məna yükü belə yanaşmaya əsas verirdi. Latın Amerikası ölkələrinin ədəbiyyatı üçün səciyyəvi olan sehrli, yaxud “magik realizmin” qarşısına Avropada eyni dərəcədə düşündürücü və böyük təsir qüvvəsinə malik “magik jurnalistikanı” çıxarmışdı. Bir neçə dəfə adı ədəbiyyat sahəsində Nobel mükafatı nominantları sırasına düşmüşdü.
Qışın soyuğunda məni bu məşhur şəxsiyyətlə vidalaşmağa aparan Veslava gəldikdə isə, ixtisas etibarı ilə tarixçi idi. Polşaya gəldiyim ilk günlərdən aramızda səmimi münasibətlər yaranmışdı. Azərbaycanla yaxından maraqlanır, bəzən yerli şəraitə bələdliyi və əlaqələri ilə Səfirliyimizə müəyyən yardımı da dəyirdi.
Polşa sosializm sistemindən xilas olandan sonra biznes dünyasına baş vurmuşdu. İş həyatında ciddi uğur qazandığını demək çətin idi. Çünki hüdudsuz fantaziyası və əksər hallarda reallaşmamış qalan planları gerçək uğurlarından həmişə qat-qat güclü, cəlbedici olurdu. Onun iki şəriki ilə birlikdə Varşavanın köhnə hissəsində -Visla sahilindəki sakit Marienqof rayonunda işlətdiyi “Pod denbami” (“Palıd kölgəsində” – doğrusu, bilmirəm, bu ad təsadüfən qoyulmuşdu, yoxsa Corc Oruellin məşhur “1984” romanındakı “Şabalıd kölgəsində” kafesi ilə bənzərlik yaratmaq məqsədi ilə seçilmişdi? Hər halda ətrafda heç bir palıd ağacı gözə dəymirdi. Eyni zamanda Veslavın Qərb ədəbiyyatına, xüsusən də Oruell yaradıcılığına yaxşı bələdliyi vardı. Bu baxımdan ikinci ehtimal da həqiqətə uyğun ola bilərdi) pivəxanasında jurnalistlər, tarixçilər, gənc yazıçı və şairlər – bir sözlə, özünə məxsus bomond, yaxud fərqli düşünən intellektuallar toplaşırdılar.
Mən də Vetslavla dostluq səbəbindən ara-sıra yolumu buradan saldığımdan xeyli tanışlarım yaranmışdı. Nəticədə istər-istəməz bir sıra polemik söhbət və müzakirələrin iştirakçısına çevrilmişdim. Hətta deyə bilərəm ki, sərbəst fikirli ziyalılar arasında bəzi dostlar tapmışdım. Polşa tarixinə, ədəbiyyatına, polyak dilinə müəyyən bələdliyim, elmi yaradıcılıqla məşğul olmağım rəğbətlə qarşılanırdı. Bir sözlə, darıxdığım zamanlarda həm polyakların “kielbasa” dedikləri sosika ilə pivə içmək, həm də maraqlı söhbətlər dinləmək üçün “Şabalıd kölgəsinə” üz tuturdum. Burada hətta çox vaxt Veslavla birlikdə oturub uzun-uzadı söhbət, yaxud mübahisə etdiyimiz ayrıca bir masa da vardı…
Rışard Kapuçinskini ilk dəfə “Palıd kölgəsi”undə görmüşdüm. Deyəsən, bir parç pivə ətrafında saatlarla söhbət etməyi xoşlayan müştərilərdən idi. Həm də olduqca sadə, ünsiyyətə açıq adam təsiri bağışlayırdı. Zahirən, geyim-kecimi ilə Varşavanın fəhlə rayonlarının adi sakinlərindən seçilmirdi. Böyük şöhrətindən qürur duyan insana da oxşamırdı. Yəqin ki, kafenin daimi müştərilərinin çoxu onu uzaqdan-uzağa da olsa tanıyırdılar. Boylanıb oturduğu masaya baxırdılar. Bəziləri yaxınlaşıb görüşürdü. Vetslavın da dünya şöhrətli jurnalistlə atüstü tanışlığı vardı. Çox vaxt hörmət əlaməti olaraq ona pivəni özü aparırdı. Hətta bir-iki dəfə məni də təqdim etməyə təşəbbüs göstərmişdi. Nədənsə, can atmamışdım. Əvvəla, məşhur şəxsiyyətlərin əlini sıxmaq və bununla da kolleksiyama yeni bir şəkil, yaxud ad əlavə etməklə bağlı qürur, heyranlıq dövrünü çoxdan arxada qoymuşdum. (Yadımdadır ki, 1997-ci ildə prezident Heydər Əliyevi ABŞ-na səfərdə müşaiyət etdiyimiz vaxt deputat həmkarlarımdan biri məşhur cərrah de Beykinin klinikasını ziyarət zamanı fürsət tapıb onunla şəkil çəkdirmişdi. Sonra bu şəkli müxtəlif vəsilələrlə “Filankəs professor de Beyki ilə birlikdə” adı altında şəstlə tirajlayırdı.)
Amma bu uzaqdan-uzağa, vizual tanışlıq əvvəldən də müəyyən qədər bələd olduğum Rışard Kapuçinski yaradıcılığına marağımı artırmışdı. 1962-сi ildən etibarən PAP-ın – Polşa Xəbərlər Agentliyinin xüsusi müxbiri kimi dünyanın dörd qitəsində onlarla ölkədə (Afrika qitəsinin 50-yə yaxın ölkəsində jurnalist kimi akkreditasiyası olmuşdu) işləməsi, daim qaynar nöqtələrə can atması nəticəsində planetar miqyaslı bir çox mühüm şəxsiyyətlər və hadisələr haqqında son dərəcə maraqlı, cəlbedici və ibrətamiz əsərlər qələmə almışdı. Kitabları təkcə bədii zövq deyil, həm də geniş informasiya, tarixi və siyasi təhlil mənbəyi kimi məşhurlaşmışdı. Bir-birinin ardınca onun “Futbol müharibələri”, “İmperator: Avtokratın devrilməsi”, “İmperiya” (keçmiş Sovet İttifaqına səfər təəssüratları əsasında yazılmış bu kitabda Azərbaycan haqqında da ayrıca bəhs açılır), “Günəşin kölgəsi”, “Herodotla səyahət” kitablarını oxumuşdum. Cəlbedici üslubunu, iti və analitik ağlını, bitib- tükənmək bilməyən forma axtarışlarını, yerli-yataqlı təsvirlərini çox bəyənmişdim. İş elə gətirmişdi ki, onun Azərbaycan oxucuları üçün daha əhəmiyyətli və maraq doğuran əsəri – qonşu İranda yalnız ata və oğulla təmsil olunan Pəhləvi sülaləsinin şərəfsiz aqibəti haqqındakı ibrətamiz “Şahənşah” kitabı əlimə yalnız müəllifin ölümündən sonra düşmüşdü.
1979-cu il İran İslam inqilabı başlananda Kapuçinski PAP-ın xüsusi müxbiri kimi İranda idi. Demək olar ki, bütöv bir ili hadisələrin episentrində olmuş, ölkənin və xalqın taleyini dəyişən əksər hadisələri gözləri ilə görmüşdü. İranın böyük bir hissəsini gəzib dolaşmışdı. Eyni zamanda bu qədim ölkənin tarixinin dərinliklərinə baş vurmuşdu, yaxın keçmişini incələmişdi. Qarşı-qarşıya dayanan iki barışmaz qüvvəni – Pəhləvi xanədanını və təzyiqlər altında tədricən qarşısıalınmaz gücə çevrilərək ölkədə hakimiyyəti ələ alan siyasi islamı araşdırmışdı. Nəticədə ilk nəşri 1982-ci ildə meydana çıxan “Şahənşah” kitabı yaranmışdı.
İslam inqilabı qələbə çalanda Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı idim. Aspirant dostlarım arasında Akademiyanın o zaman Yaxın və Orta Şərq Xalqları İnstitutu adlanan indiki Şərqşünaslıq İnstitutundan da bir neçə nəfər iranşünas vardı. Saatlarla İran inqilabı haqqında danışır, mübahisə edirdik. Xüsusən şah mütləqiyyətini tarix səhnəsindən süpürüb atan inqilab nəticəsində Azərbaycanın cənubunda yaşayan milyonlarla soydaşımızın nəyə nail ola biləcəkləri söhbətin əsas mövzusu idi.
Aradan illər keçəndən sonra polyak jurnalistinin kitabı gözlərim önündə qonşu İranın və islam inqilabının, şah rejiminin və mollakratiyanın bir-birindən maraqlı səhifələrini açdı. “Şahənşah”ı oxuyandan sonra o zaman Rışard Kapuçinski ilə şəxsi tanışlıq fürsətini əldən verməyimə təəssüflənmişdim. Çünki kitabda mübahisə doğuran, fikir mübadiləsini zərurətə çevirən bəzi polemik məqamlar vardı. Və təbii ki, onların başında yüzilliklər boyu İran siyasətində aparıcı rol oynayan Azərbaycan amili, daha dəqiq desəm, həmin mühüm amilin müəllifin nəzərindən qaçması, bəlkə də onu maraqlandıran, düşündürən problemlər sırasına daxil olmaması dayanırdı.
Bu gecikmiş təəssüfün yerini aradan bir neçə il keçəndən sonra Rışard Kapuçinskinin aktuallıq və əhəmiyyətini bu gün də itirməyən “Şahənşah” kitabının ana dilimiziə çevrilməsi ilə doldurmağa çalışdım.

P.S. Mətndə təsadüf olunan adlar və tarixi hadisələrlə bağlı qısa bioqrafik məlumat və şərhlər tərcüməçiyə məxsusdur.

Vilayət Quliyev
Varşava, aprel, 2010-cu il