Cəfər Cabbarlı da Hüseyn Cavidi baltalayıb – FAKT

Loading

XX əsrin görkəmli dramaturqu, 37-ci ilin qanlı represiyasından vaxtsız ölümünün hesabına qurtulan, yaradıcılığı ziddiyətdolu iki fərqli istiqamətə haçalanan dəyərli ədibimiz Cəfər Cabbarlının söz səmasında parlaq ulduz olduğu hamıya məlumdur.

Fəqət bir vaxtlar “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Oqtay Eloğlu” və bu qəbildən olan lirik-romantik, əsl sənət nümunələri yaradan, sonradan sosialist realizminin qanadlarına atılaraq “Almaz”, “Dönüş”, “Yaşar” kimi sovet dövrünün prinsiplərini tərənnüm edən pyeslər qələmə alan, özünə ustad hesab etdiyi, mənzum dramın banisi Hüseyn Cavidin “Sənət sənət üçündür!” şüarını tənqid edən Cabbarlı öz qələm yoldaşlarına qarşı şıxıb. Cəfər Cabbarlının sözügedən tənqidlərindən ən amansızı “Gənc işçi” qəzetində çap olunan çıxışıdır. Cəfər Cabbarlı həmin çıxışda Hüseyn Cavid və onun sırasında dayanan dəyərli ədiblərin yaradıcılıq yoluna tənqidi yanaşmaqla yanaşı, onları kiçik arealın ədibi kimi təqdim edib. Sözügedən çıxış 1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayında səsləndirilib.

“Partizan” həmin çıxışı olduğu kimi təqdim edir:

– Firqənin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqındakı qərarından sonra, ədəbiyyatımızda böyük yeniliklər əmələ gəlmişdir.

Lakin Az. ŞİTQ bu qərarların həyata keçirilməsi üçün az iş görmüşdür.

Cavan yazıçılarımızın tərbiyəsi işində ikinci mühüm faktor mətbuatımız və nəşriyyatımızdır.

Mətbuatımızda düzgün olmayan tənqidlərin buraxılması gənc yazıçılarımızı yanlış və dolaşıq yola salır.

Təşkilat komitəsinin orqanı olan “Ədəbiyyat” qəzetəsinə az fikir verilir. Halbuki, “Ədəbiyyat” qəzetəsi gənc yazıçılarımızın bilavasitə rəhbəri olmalıdır.

Mən bir neçə kəlmə Cavid yoldaş haqqında demək istəyirəm. Qurultayımız Hüseyn Cavidə böylə bir sual verməyə haqlıdır:

Siz Cavid yoldaş! 14 – 15 il içərisində yaranan həyatı, onun böyüklüyünü görmək istəyirsinizmi?

Cavid yoldaşdan yeni əsərlər tələb edənlər, əlbəttə, haqlıdırlar. Cavidin verdiyi əsərlər, bu günün tələbini ödəyə bilməyir.

Cavidin “Peyğəmbər”ində qadına olan baxış tamamilə köhnədir. Hər bir işçi qadın, imdi bundan çok-çok iləri getmişdir.

Cavid yeni “Peyğəmbər”, yeni əsər yaratmalıdır.

Onun “Peyğəmbər”i bu günə yaramır. Bu günün tələbi başqadır. Yaxud “Şeyx Sənan”ı alalım.

Cavid “Şeyx Sənan” ın yeni quruluşda oynanılmasına təəccüb edir. Əlbəttə o əski quruluşda oynanıla bilməzdi.

Ona görə oynanıla bilməzdi ki, ondakı ideya, Sənanın panislamizmi bu günə yaramır. Sənanın sözlərini bu gün Lök Batanda oxuyacaq olsanız, sizə gülərlər.

Bizim şura yazıçılarımız bu coşqun həyatın sürətini addım-addım təqib etməli, onun inkişafına yardım etməlidirlər.

Şura yazıçısının nəbzi böyük quruluşun hərəkəti ilə bərabər döyünməlidir. Mən öz sosialist vətənimin səadəti üçün bu günki böyük quruluşun, bu coşqun həyatın tələblərini təmin edəcək əsərlər yazıram və yazacağam.