Dan yerinin şəfəqlərini görəcək nəvələrin – Çe Gevaranın şeiri

Loading

“Partizan” məşhur partizan Ernesto Çe Gevaranın “Qoca Mariya” şeirini təqdim edir.

Bir ayağın gordadır, qoca Mariya
Sənə həqiqətləri danışmağa gəlmişəm
Təsbeh muncuqları kimi ağrılar sıralandı ömründə
Nə sevən bir kişi nəfəsi, nə sağlamlıq, nə də mal-mülk oldu,
Təkcə aclığını bölüşdülər.

Gəldim ki, danışam ümidlərindən.
Qızının da vəziyyətini bilmədən
Doğduğu o üç ayrı ümiddən xəbərsiz.
Götür sarı sabunla yuyulmuş əllərinə
uşaq əllərini xatırladan bu kişi əlini.
Sərt döyənəkli və qıvrılmış saf barmaqları
nazik həkim əllərimin utancaqlığında ovuşdur.

Qulaq as, zəhmətkeş nənə
Və inan qonağın olmuş bu adama.
Görməsən belə gələcəyə inanmağı buraxma
Ömrün boyunca ümidini puç edən
Mərhəmətsiz Tanrının ətəyindən yapışma.
Əsmərdərili sığalların yetişməsini görəsən deyə
ölümdən mərhəmət dilənmə.

Sənin ki göylərində yaşıl və qaranlıq hökmrandır.
Əvvəlcə qırmızı bir qisas yeyəsi olacaqsan,
Dan yerinin şəfəqlərini görəcək nəvələrin
Rahatlıq içində əbədiyyən yat, yaşlı mübarizəçi.

Bir ayağın gordadır, qoca Mariya
Günlərin bir günü əcəl gələndə
Kəfən içində sadə bir vücud görən
baxışlarla salamlayacaqlar səni.

Bir ayağın gordadır, qoca Mariya
Susacaq otağının divarları
Qovuşanda ölümlə astma
Və məhəbbətin qursağında qalanda
Bürüncdən tökülmüş üç nəvaziş
(gecəni yüngülləşdirən yeganə işıq)
Aclığın torunda üç nəvə
həmişə bir təbəssüm tapdıqları
qırışmış barmaqlarınçın darıxacaq.
Eynən belə də olacaq, qoca Mariya

Təsbeh muncuqları kimi ağrılar sıralandı ömründə
Nə sevən bir kişi nəfəsi, nə sağlamlıq, nə də mal-mülk oldu
Təkcə aclığını bölüşdülər
Qəm içində ötdü həyatın, qoca Mariya
Gözlərindəki ağrını ləkələyəndə
Nəhayətsiz dincliyin fərmanı
Ömür boyu ağır işdə çalışan əllərin
şəfqətli sığalı son dəfə ruhuna yayılanda
Onları yad edib…ağlayacaqsan,
fağır qoca Mariya.

Xeyr, xeyr, qətiyyən
Ömrün boyunca ümidini puç edən
Vecsiz Tanrıya boyun əymə.
Ölümdən mərhəmət dilənmə
Qorxunc bir aclıqla işğal edilmişdi ömrün.
Nəhayət astma bayrağını sancdı.

Fəqət sənə demək istəyirəm ki
Ümidlərin alçaq və qəhrəman sədasıyla
qisasların ən qırmızı və cəsarətli olanıyla
İdeallarımın ən düzgün tərəfiylə
And içmək istəyirəm.

Götür sarı sabunla yuyulmuş əlinə
uşaq əllərini xatırladan bu kişi əlini.
Sərt, döyənəkli və qıvrılmış saf barmaqlarını.
Nazik həkim əllərimin utancaqlığında ovuşdur.
Rahatlıq içində əbədiyyən yat, qoca Mariya.
Rahatlıq içində əbədiyyən yat, yaşlı mübarizəçi.
Dan yerinin şəfəqlərini görəcək nəvələrin
And içirəm sənə.