Müharibədən qaçan ağdərili

Loading

“Partizan” Məlik Rzanın “Müharibədən qaçan ağdərili” yazısını təqdim edir.

Modern dönəmin insanı kimi müharibədən qaça bilməmək bədbəxtliyi Terrens Maliki narahat edən problemdir.

Hollivudun içiboş parlaqlıqlarına aldanmayıb daim həqiqi əsrar axtarışında olmuş Terrens Malik təsadüfi deyildir ki, bu mövzuya iki film həsr edib. “Nazik qırmızı xətt” və “Gizli Həyat”.

İlk filmində müharibənin içində, ikinci filmdə isə müharibədən kənarda ona məhkum olan, xilasa yetə bilməyən, yetə bilmədikdə isə prosesə vicdani etiraz edib intihara boyun əyən (yapon əsgərlərin çevrəsində qarşısındakı “düşmən” əsgərinin üzündəki qərarsızlıq və gizli saflığı özünün də daşıdığını anladığı anda təəssüfdən onun silahının üzərinə yeriyib güllələnən Vitt və vicdanı qərarı onu ölümə aparsa da öz həqiqətinə inanan, artıq bu cəhənnəmə dözümü qalmayan Frans) obrazları görürük.

Bəs xilas hardadır?

Necə bu cəhənnəmdən uzaq qalmaq mümkündür?

Vitt bir neçə dəfə ordudan qaçıb döyüşlərin şiddətləndiyi adada öz gündəlik həyatlarını yaşayan, gülən, əylənən yerli qəbilə sakinləri ilə yaşayır. Lakin dəri rəngi onu deşifrə edib cəbhələrə qaytarır (İroniya). Cəhənnəmin ortasında isə cənnətini yaşayan ibtidai qəbilə var..

İkinci filmdə isə Fransın dostu qətiyyətlə bu dəlilikdən xilasın təbiətə qayıdışda olduğunu müdafiə edir. Frans evini yandıraraq meşəyə qaçan adamın həqiqətinə yalnız filmin sonunda, edam olunmaq üçün növbəsini gözləyib quşların uçuşunu izləyərkən varır.

Xilas ibtidailikdə, donmuşluqdadır. İnkişaf ölüm gətirir. Müharibə isə inkişaf.