“Partizan” Vladimir Nabokovun “Əjdaha” hekayəsini təqdim edir. Qeyd edək ki, hekayə Azərbaycan dilində ilk dəfə dərc edilir.
Qayalıqla dolu bir dağın ta qəlbində dərin, qaranlıq bir mağarada inzivaya çəkilib yaşayır, yarasalar, siçovullar və kiflə qidalanırdı. Düzdür, bəzən stallaktik (mağaranın tavanından sırsıra formasında sallanan mineral maddə – tərc.) ovçuları ya da həvəsli səyyahlar mağaraya göz gəzdirmək üçün gizlicə daxil olanda da ləziz bir “yemək süfrəsi” düzəlirdi. Başqa dadlı xatirələr içərisində qanundan qaçmağa cəhd edən quldurla dağın içindən keçid üçün yol olub-olmadığını müəyyənləşdirməyə buraxılan iki itlə bağlıdır.
Dağın çevrəsindəki torpaqlar bəhrəsiz və insanlarsız idi: göztək oyuq-oyuq olmuş qayalıqlar qarla örtülüydü və şəlalələr buz kimi uğultuyla guruldayırdılar. Təxminən min il əvvəl yumurtadan çıxmışdı və bəlkə də dünyaya olduqca uğursuz bir vaxtda gəldiyindən – fırtınalı bir gecədə ildırım düşməsi nəticəsində nəhəng yumurta aşaraq qırılıb açılmışdı – əjdahamız qorxaq idi və zəkası çox da parlaq sayılmazdı. Həmçinin, anasının ölümündən də dəhşətli dərəcədə təsirlənmişdi.
Ana əjdaha illərcə qonşu kəndlərə vəlvələ salmış, alov saçmış və ən axırda isə kralı qəzəbləndirmişdi; yuvasının çevrəsində cəngavərlər gecə-gündüz pusquya yatardılar və o da həmin cəngavərləri qoz-fındıq kimi çırtıltıyla yeyərdi. Lakin günlərin birində qarınlı bir saray aşpazını mədəsinə ötürüb, sonra da günəşin isitdiyi bir qaya üzərində yatanda Böyük Qanon şəxsən özü dəmir zirehini geyinib, kürəyinə gümüş tordan qoruyucu keçirilmiş köhləninə minib dördnala çaparaq gəldi. Başında yuxunun keyliyiylə ana əjdaha şahə qalxdı, kürəyindəki donqarlar yaşıl-qırmızılı bayram alovları kimi işıldadı və üstünə atılan cəngavər çevik nizəsini onun ağ və hamar sinəsinə sancdı. Ana əjdaha böyük bir guppultuyla yerə sərildi və gonbul aşpaz o an ana əjdahanın hələ ki tüstülənən ürəyiylə köksündəki çəhrayı yaradan sivrilib çıxdı.
Bala əjdaha bütün olanları gizləndiyi yerdən bir qayanın arxasından izlədi, bu andan sonra cəngavərlər ağlına gələrkən canına üşütmə doldu. Bir mağaranın dərinliyinə çəkildi və oradan heç vaxt çıxmadı. Beləcə on əsr keçdi, bu isə iyirmi əjdaha ilinə bərabərdir.
Daha sonralar, əjdaha birdən-birə dözülməz bir melanxoliyaya qapıldı. Həqiqət budur ki, mağaradakı xarab qidalar mədəsində şiddətli həyəcan təbili çalır, iyrənc gurultulara və faciəvi sancılara səbəb olurdu. Doqquz ilini qərar verməyə sərf etdi, onuncu il qərar verməyi bacardı. Yavaş-yavaş və diqqətlə quyruğunun halqalarını cəmləşdirib uzadaraq mağaradan bayıra çıxdı.
Dərhal hiss etdi ki, bahardır. Az əvvəl, leysanların yuduğu qara qayalar kül rəngində idi, günəşin işığı dağdan enən selin sularında qaynaşırdı və hava vəhşicəsinə ov əti qoxuyurdu. Və əjdaha alovlu burun deşiklərini geniş şəkildə şişirdərək vadiyə enməyə başladı.
Onun su zanbağı kimi ağ atlaz qarnı az qala yerə dəyəcəkdi, şişmiş yaşıl böyürlərində al-qırmızı ləkələr gözə çarpırdı. Kürəyindəki iri pulcuqlar sivri dilli böyük bir yanğına yaxud təhdidkar görünüşlü quyruğa doğru elastikliklə dartınarkən kiçilən cüt sıralı donqarlar silsiləsinə oxşayırdı. Başı hamar və yaşılımtıl idi, yumşaq və ziyilli alt dodağından alovlu tüpürcəklər saçırdı və nəhəng pulcuqlu pəncələri torpaqda dərin ləpirlər, ulduz şəkilli çuxurlar buraxırdı.
Vadiyə enəndə ilk gördüyü şey qayalı yamaclar arasından hərəkət edən dəmiryol qatarı oldu. Əjdahanın ilk reaksiyası sevincli oldu, çünki qatarı oyun oynaya biləcəyi qohumu zənn etmişdi. Üstəlik, bu parlaq, sərt görünüşlü qabığın altında zərif ətlər olduğundan da əmin idi. Bundan sonra ayaqlarıyla əks-səda yaradaraq vaqonun dalınca düşdü, amma sonra vaqonu mədəsinə endirməyə az qala vaqon sürətlə bir tunelə girdi. Əjdaha dayandı, başını ovunu içində itirdiyi qısa dəhlizə soxdu, amma ora girmək imkanı yox idi. Tunelin dərinliklərinə iki şiddətli asqırıq göndərdi, sonra başını geri çəkdi, oturdu və gözləməyə başladı – kim bilir, bəlkə də ovu qayıtdı. Bir müddət gözləyib başını yelləyə-yelləyə yola düşdü. Elə bu anda qatar qaranlıq yuvadan çıxdı, şüşələri hiyləgər bir parıltı yaydı və döngəsini keçib yoxa çıxdı. Əjdaha çiyninin üstündən küksün bir baxış sərgilədi, quyruğunu kəkil kimi qaldıraraq yoluna davam etdi.
Qaranlıq çökürdü. Çəmənliklərin üstündən duman üzürdü. Canlanmış dağ kimi nəhəng olan bu heyvanı evlərinə qayıdan bəzi kəndlilər gördülər və heyrətdən sanki daşlaşdılar. Magistral yolda sürətlə hərəkət edən kiçik bir avtomobilin qorxudan dörd təkəri də partladı, fırlanıb xəndəyə düşdü. Amma əjdaha heç nə hiss etmədən yoluna davam etdi; uzaqdan cəmlənmiş insan kütləsinin isti qoxusu gəlirdi və o da bu qoxunun izində oraya gedirdi. Gecə səmasının mavi genişliyi qabağında böyük sənaye şəhərciyinin keşikçiləri olan qara fabriklərin tüstü bacaları ucalırdı.
Bu şəhərin əsas şəxsiyyətlərinin sayı iki idi: Miracle Tobacco Company və Big Helmet Tobacco Company”nin sahibləri. Onların arasında uzun bir poemaya mövzu olacaq köhnə, köklü düşmənçilik var idi. Onlar hər şeydə – reklamlarının alabəzək rənglərində, yayım texnikalarında, qiymətlərdə və əmək münasibətlərində – rəqib idilər, lakin hansınınsa üstünlüyü heç kim deyə bilməzdi. Həmin yaddaqalan gecə “Möcüzə” adlı tütün şirkətinin sahibi ofisində gecəyəcən qaldı. Düz yanında, iş masasının üzərində kooperativ işçilərinin səhər ertədən şəhərin dörd bir tərəfinə yapışdıracaqları yenicə çapdan çıxmış reklam kağızları düzülmüşdü.
Anidən eşidilən zəng səsi gecənin sükutunu deşdi və bir neçə dəqiqədən sonra sağ yanağındakı ziyilli atpıtrağına oxşayan, solğun, cılız bir adam içəri girdi. Zavod sahibi onu tanıyırdı: o, “Miracle Company”nin əyalətdə açdığı nümunəvi meyxananın sahibi idi.
“Dostum, gecə saat ikidir. Sizin ziyarətiniz üçün tapa biləcəyim yeganə bəraət eşidilməmiş əhəmiyyətə malik bir hadisə olmalıdır”.
“Məhz belədir”, – deyə meyxana sahibi sakit səslə dedi.
Baxmayaraq ki, ziyilləri titrəməkdəydi. O, nəql etməyə başladı.
O, əməlli-başlı sərxoş halda olan beş muzduru yığıb gətirmişdi. Onlar çöldə çox maraqlı bir şey görmüşdülər, çünki qapının o tərəfində hamsı gülməyə başladı – “Oh-ho-ho” deyə səslərdən biri gurlandı, “Mən bircə stəkan artıq içmişəm, çünki qarşımda bütün mümkün həqiqiliyiylə Əks İnqilabın doqquz başlı canavarı durmuşdu”.
Adamın sözünü bitirməyə vaxtı yox idi, çünki dəhşətli, ağır səs-küy yüksəldi və kimsə qışqırdı. Meyxana sahibi baxmaq üçün bayıra çıxdı. Qaranlıqda şehli dağ kimi parıldayan bir canavar başı nəsə böyük bir şeyi udur, udduğu bu loxmalar isə ağımtəl boğazında şişirib aşağı enirdi; məxluqat qidasını uddu, bütün gövdəsi yelləndi və sakitcə küçənin ortasında uzandı.
“Məncə, yuxuya getdi”, – deyə meyxanaçı barmağı ilə qıvrılan ziyilini zəbt etdi.
Zavod sahibi ayağa qalxdı. Dişlərindəki sərt plomblar ilhamlanmanın qızıl alovu ilə parıldadı. Canlı əjdahanın gəlişi hər bir vəziyyətdə ona istiqamət və güc bəxş edən ehtiraslı istəkdən – rəqib firmanı məğlubiyyətə uğratmaq arzusundan başqa heç bir hiss oyatmadı.
“Evrika”, – deyə qışqırdı. – Qulaq as, əzizim, bunu başqa görən varmı?
“Düşünmürəm”, – deyə digəri cavab verdi. “Hamı yuxuda idi və mən heç kimi oyatmamağı və düz sənin yanına gəlməyi qərara aldım. Vəlvələ qoparmaq istəmədim”.
Zavod sahibi papağını geyindi.
“Əla! Bunu götür… Yox, hamısı yox, otuz-qırx vərəq bəs edər. Bu qutu və fırçanı da özünlə götür. İndi mənə yolu göstər”.
Qaranlıq gecəyə çıxdılar və tezliklə meyxana sahibinin dediyinə görə, qurtaracağında bir canavarın yatdığı səssiz küçəyə gəldilər. Əvvəlcə tənha, sarı küçə lampasının işığında, səkidə kəlləmayallaq olmuş bir polis gördülər. Sonradan məlum oldu ki, o, gecə gəzintisi zamanı əjdaha ilə qarşılaşıb və elə qorxuya düşüb ki, başıaşağı çevrilib və buna görə də şok vəziyyətinə düşərək “daşlaşmış” vəziyyətdə qalıb.
Bir qorilla gücünə malik zavod sahibi polisi dikəldib işıq dirəyinə söykədi; sonra əjdahaya yaxınlaşdı. Əjdaha yatmışdı və burda təəccüblü bir şey yox idi, çünki yediyi adamların mədəsi tamamilə şərabla dolu idi deyə dişləri arasında sıxılıb sulu-sulu partlamışdılar. Boş mədəyə dolan bunca alkoqol məxluqun başını dumanlandırmış və xoşbəxt təbəssümlə göz qapaqlarını aşağı endirmişdi.
O, qarnı üstə uzanaraq qabaq ayaqlarını qatlamışdı, küçə lampasının parıltısı qoşa fəqərələrinin qövslərini işıqlandırırdı.
“Pilləkəni söykə”, – dedi zavod sahibi. “Yapışdırmaq işini şəxsən özüm edəcəyəm”.
Və əjdahanın selikli yaşıl böyürlərində hamar nöqtələr seçərək, tələsmədən pulcuqlu dəriyə yapışqan sürtməyə və bol miqdarda reklam kağızları yapışdırmağa başladı. Bütün kağızları istifadə etdikdən sonra o, cəsur meyxanaçının əlini mənalı-mənalı sıxdı və siqarını dişlərinin arasına keçirərək evinə qayıtdı.
Səhər açıldı, yasəmən dumanı ilə yumşalmış möhtəşəm bir yaz səhəri… Və birdən küçə şən, həyəcanlı bir hay-küy ilə canlandı, qapı-pəncərələr döyüldü, insanlar küçəyə axışaraq gülə-oynaya bir-birinə qarışdılar. Onların gördükləri tamamilə canlı bir əjdaha idi; təpədən-dırnağa rəngbərəng reklamlarla örtülü, asfaltda bezginliklə ayaq döyən və həqiqisinin mükəmməl bir kopiyası olan əjdahaydı. Başının çılpaq dərisinə belə elan kağızı yapışdırılmışdı. Reklamların qırmızılı-mavili yazıları sevinclə hayqırırdı:
“YALNIZ MÖCÜZƏ MARKALI SİQARET ÇƏKİN”,
“YALNIZ AXMAQLAR MƏNİM SİQARETİMİ ÇƏKMİR”,
“MÖCÜZƏ TÜTÜN ŞİRKƏTİ HAVANI BALA ÇEVİRİR”,
“MÖCÜZƏ, MÖCÜZƏ, MÖCÜZƏ!”
Bu, həqiqətən, möcüzədir, deyə camaat gülüşürdü və görəsən necə ediblər – bir makinadır, yoxsa içərisində adamlar var?
Əjdaha qeyri-ixtiyari alkoqol içdiyi üçün özünü çürümüş hiss edirdi. Ucuz şərab indi onun mədəsini bulandırır, bütün bədəni zəifləyir, səhər yeməyi fikrini ağlına belə gətirmirdi. Üstəlik, indi onu kəskin utanc hissi, ilk dəfə izdiham arasında özünü görən məxluqun dözülməz utancaqlığı bürümüşdü.
O, mağarasına mümkün qədər tez qayıtmağı çox arzulayırdı, lakin bu, daha da utancverici olardı – buna görə də o, şəhərdə əzabverici gəzintisini davam etdirdi. Kürəyindəki reklam panelləri bir neçə maraqcıl adamın onun ağ qarnının altına girməyini, hündür belinə dırmaşmağını və ya burnuna toxunmağını əngəllədi.
Musiqi çalınırdı, insanlar pəncərələrindən boylanır, əjdahanın arxasınca tək sıra halında maşınlar gəlirdi. Onlardan birinin içində günün qəhrəmanı olan zavod sahibi yayılıb oturmuşdu.
Əjdaha səbəb olduğu anlaşılmaz şənlikdən qorxaraq heç kimə baxmadan yeriyirdi.
Bu vaxt, günəşli bir ofisdə, mamır kimi yumşaq xalça boyunca, rəqib “Big Helmet” şirkətinin sahibi sıxılmış yumruqlarla var-gəl edirdi. Onun ip rəqqası olan nərmənazik sevgilisi açıq pəncərədən şənliyi seyr edirdi.
“Bu, rüsvayçılıqdır”, – dedi gözlərinin altı mavi-boz dəriylə torbalanmış keçəl, orta yaşlı fabrik sahibi.
“Polis bu skandala son qoymalıdır… Bu içi doldurulmuş kuklanı nə vaxt hazırladılar?”
“Ralf”, – deyə rəqqasə birdən əllərini çırparaq qışqırdı. “Mən bilirəm nə etməlisən. Sirkdə “Just” adlı nömrəmiz var və…”
O, qızğın pıçıltı ilə kukla kimi, tuşlu gözlərini bərəldərək, ona öz planını danışdı. Fabrik sahibi şölələndi. Bir az sonra o, artıq sirk rəhbəri ilə telefonla danışırdı.
“Belə…” fabrik rəhbəri dəstəyi qoydu.
“Əjdaha şişirdilmiş rezindən hazırlanıb. Əgər ona yaxşı bir zərbə vursaq, yəni deşsək, ondan yerdə nə qaldığını görəcəyik”.
Bu vaxt əjdaha körpüdən, bazar meydanından və qotik kilsənin yanından keçdi, bu da kifayət qədər iyrənc xatirələr oyatdı, əsas bulvarla davam etdi və geniş meydanı keçərkən, izdihamı yaran bir cəngavər gözlənilmədən ona hücum etdi. Cəngavər dəmir zireh geyinmiş, sipərini aşağı salmış, dəbilqəsinə matəm lələyi keçirmiş və gümüşü torlu zirehlərlə qurşanmış iri bir qara at minmişdi.
Silahdarları – xidmətçi qılığına salınmış qadınlar – “BÖYÜK DƏBİLQƏ”, “YALNIZ BÖYÜK DƏBİLQƏ SİQARETLƏRİNİ ÇƏKİN”, “BÖYÜK DƏBİLQƏ HAMISINI MƏĞLUB EDƏR” kimi çığırışlarla və tez-tələsik hazırlanmış pankartlarla cəngavərin yanıyca gedirdilər. Cəngavər rolunu oynayan sirk işçisi köhlənini mahmızladı və nizəsini möhkəm-möhkəm sıxdı. Lakin nədənsə köhlən ağzından köpüklər saçaraq duruxmağa başladı və anidən şahə qalxıb yanını yerə basdı. Cəngavər elə cingiltiylə asfalta yıxıldı ki, sanki evlərdə nə qədər qab-qacaq varsa, açıq pəncərələrdən küçəyə tolazladılar. Amma əjdaha bu olanları görmədi. Cəngavərin ilk hərəkətində o, qəfil dayandı, sonra sürətlə dönüb, quyruğu ilə balkonda seyrə çıxan iki maraqcıl yaşlı qadını yerə sərdi və pərən-pərən olmuş tamaşaçıları sıxa-əzə qaçdı. Bir sıçrayışla şəhərdən kənara çıxdı, tarlaları sanki uçaraq keçdi, qayalı yamacları enə-çıxa dırmaşdı və özünü ucu-bucağı görünməyən qaranlıq mağarasına atmağı bacardı.
Burada pəncələri büküb titrəyən ipəkvari bəyaz qarnını qaranlıq qübbəyə çevirərək kürəküstü yerə yığıldı, dərindən nəfəs aldı, heyrətdən alışan gözlərini yumdu və öldü.
Tərcümə: Məhəmməd Tanhu