“Partizan” İbrahim Azizin “Antik düşüncə anlayışı” yazısını təqdim edir.
Antik dövr haqqında fikir bildirmədən öncə mövzu haqqında bəzi sualları dilə gətirmək istəyirəm.
Antik düşüncə deyiləndə nəzərdə nə tutulur?
İlk düşüncə insanları kimlər idi?
Miflər bir çox insanın düşündüyü kimi nağıl və əfsanədənmi ibarətdir?
İlk filosoflar kimlərdir?
Onlar modern mənada filosoflardırmı?
Burada mümkün qədər hər hansısa fəlsəfə tarixi kitabda yazılan məlumatları sizlərlə paylaşmaq yerinə məqsədim mifologiya və fəlsəfənin yerdəyişməsi, ilk filosof və ya təbiət filosofları kimi tanınan bu insanların fəlsəfələrinin arxa planında nə olduğunu göstərməkdir.
Antik Yunanın özülündə Misir və Mesopotamiya var. Onların da özünə xas adət və ənənələri, mifləri var. Mən burada ilk filosofların fəlsəfəsini xırdalamağı düşündüyüm üçün onlara daha yaxın olan və nisbətən təsirləndikləri iki mifik şairin adını çəkmək istəyirəm: Hesiod və Homer.
Bir-birinə toxunmuş mifoloji nağıllardan ibarət olan bu dastanlar ilk dəfə oxunduğunda məzmununda xeyli tanrı və xeyli insan adıyla xaotik təəssürat yaradır və fəlsəfəylə çox əlaqəliymiş kimi görünmür, amma ikinci dəfə və daha dərindən oxunanda görünür ki, bu dastanlar Yunan toplumunun bütün xüsusiyyətlərini, adətlərini, inanclarını, maraqlarını, sorğulamalarını və ideallarını ortaya qoyur.
Yunanın bütün hisslərini, sevinclərini, üzüntülərini, nifrətini, eşqini və bunun kimi bütün tutqularını ən xırda detallara qədər aşkar edir.
Bu vəziyyət bizə Qərb fəlsəfəsinin niyə Yunan toplumundan, ya da Yunan ağlından çıxdığını izah edir. Çünkü bu dastanlar Yunan ağlının və ruhunun ən dərin künclərini bizlərə göstərən güzgü mövqeyindədir. İnsan hər nə qədər o dövrlərdə çox fərqli dəyərləndirilib tanrıların bir lütfü olaraq görülsə də, mifologiya üçün də ağıllı varlıqdır.
Yunan düşüncəsində xaos termini ilə əlaqəni qurduğumuz Hesiod dastanına baxdığımızda, özümüzü adətən teatrda tamaşaya baxarkən tapırıq və xaosdan kosmosa, daha doğrusu ‘’o böyük əsnəmə yarığından’’ ‘’müntəzəm kainata’’ necə gedildiyini addım–addım və canlı müşahidə edirik. Bu xaosdan kosmosa keçiş tamaşasının ilk mərhələsidir, səhnə bomboşdur. Sonradan kosmosu yaradacaq 3 element görünür.
Xaos, Qeya və Eros.
Bu elementlər öz özünə var olmuş, öz–özünə hərəkət edir və idarə olunurlar. Hesiodun xaosu Homerin okeanos anlayışına bənzəyir, başqa deyimlə tanrıların genetikası (varlığın çıxdığı mənbə) olaraq görülən, dünyanı əhatə edən ilahi çay nəzərdə tutulur.
Qeya xaosla birlikdə var olma məcburiyyətindədir. Bu ikili maddə və məkan kimidir; birbirinə ziddir, amma bir yerdə birbirini dəstəkləyən və bir-birini əhatə edəndir.
Mifologiyada hər bir hərəkət öz əks hərəkətini yaradır. O dövrün kainat modeli qədər insan modelini anlamağımız üçün Homerin və Hesiodun dastanları vacib rol oynayır. Çünkü bu dastanlarda insan modeli, təbiətin tanrılarla əhatə edildiyini bildiyi halda zaman–zaman öz qərarlarını da vermək istəyən, başqa deyimlə fərdiləşməyə çalışan bir modeldir. Homerin dastanlarının ən diqqət edilməsi vacib yerlərindən biri qəhrəmanlarının xüsusi vəziyyətlərdə öz–özlərinə qərar vermələridir. Bu öz–özünə qərar vermə anında qəhrəmanın ağlında artıq adət-ənənələrin kodları olmur.
Homerin dastanlarında insanın yüksək xəyal gücü, hədsiz marağı və yeni olanı kəşfetmə tutqusu xaricə vurulur, eyni zamanda insan çıxdığı bu mifolojik yolda içindəki gizli adaları tam şəkildə araşdırır.
Yunan insanı həmişə uşaq qalmağı bacaran bir toplumda böyümüşdür və bu mənadakı uşaqlıq onun maraq hissini alovlandıran amil olmuşdur. Hesiodun əsas fərziyyəsi, tanrıların belə, bu şəkildə yaradılmış olmalarıdır.
İlk filosof demək çətin şeydir, lakin bir yerdən başlamaq lazımdır. Homer ve Hesiodun mətnlərinin kontekstində qarşımıza bir adam çıxır; adı Fales.
Antik dünyada fəlsəfi düşünmə, Sokratın da qeyd etdiyi kimi, Yunanın Yeddi Müdrikinin insanlara əxlaqi məsləhətləri ilə başladı. Falesin xüsusi olma səbəblərindən biri “Okeanos”dan “Hydros”a keçişi gerçəkləşdirir. Bu ümumiləşdirmədən “Physis” konsepsiyasını yaradırıq. Su həm öz prinsipidir, həm öz hökmdarıdır, həm də kosmosu özü quran quruluşdur. Bütün Yunanların maddə dediyi şey həm yaradıcı təbiət, həm də yaradılan deməkdir. Burada tək Tanrı fikri yoxdur. Arxa plandaki fikirlər aradan qaldırılmışdır, ona görə də onlar ilk filosof adlandırılır.
Yunan düşüncəsi bir möcüzə deyildi, amma Yunan düşüncəsinin bir xüsusiyyəti var idi, xaricdən aldığını çevirə bilirdi. Anaksimandr, Pifaqor və Ksenofona diqqət etsək, burada bir müzakirə mühiti var. Anaksimandrın və ya Falesin fəlsəfəsi doqmatik və spekulyativdir.
Heraklitlə bərabər fəlsəfənin əsas bir xüsusiyyətini biliyin nə mənaya gəldiyini sorğuladığını görürük, ilk filosoflarda bu yoxdur. Hesiodda olmayan ilk filosoflarda olan şey isə, ümumi adların və tanrıların olmadığı öz–özünə işləyən nizamından kənara çıxmayan bir kainatdır.
Bu mərhələdə yunanlar Parmenid də daxil Platona qədər düşündükləri hər şeyi maddəçi düşünürlər. Mücərrəd varlıq ideyası, maddəsiz olmaq ideyası Platonda ortaya çıxır.
Anaksimandr da ilahilik var. Həm ilk filosofların həm də şairlərin birgə etdikləri bir mənşə axtarışı idi. Arkhe problemi ilk filosoflarla başlamadı, Hesioddaki başlanğıc vəziyyəti çox daha zəngin bir şəkildə xaos olaraq qarşımıza çıxırdı.
Mesopotamiya mifləri də eyni şəkildə bir mənşə ilə başlayır. Bir kişi, bir qadın Tanrı var və hər şeyin kökü onlar idi, hindu miflərində isə hər şeyin kökü qarğa idi. Homer və Hesiodda bütünləşmiş bir dünya anlayışı vardır. Kosmosda qanun fikri tamamilə mifik bir düşüncədir. Heraklit və Ksenofonla epistemoloji dəyişimlə, artıq “hardansa eşitdim”, “mənə Apollon dedi”, “mənə Mousalar dedi” ifadəlıri ortaya çıxır.
Anaksimandrda Apeiron, yəni hər şeyin kökü olan varlıqda bir canlılıq var. Onda bir inkişaf, bir ədalət, bir ağıl qeyd olunur. Anaksimadr üç ölçülü kainat modeli yaradır. Babildən aldığı statistikaları, Misirdən aldığı həndəsəni, Mesopotamiyadan aldığı hesablamanı bir araya gətirir. Homer və Hesiodda olmayan bir şeyi yaradır, bunun adı ölçülə bilən kainatdır.
Fəlsəfəyə gedən yol burdan başlayır, bundan sonra insan bu sualı verir, nəyi nə qədər bilərəm?
Biliyin sərhəddi nədir?
Bu da bizi klasik mənada doqmatizmdən uzaqlaşdırır. Klasik mənadaki doqmatizm bildiklərimdən əmin olmaqdır. Qərb düşüncəsi mənasında ilk şübhəçi filosof Ksenofondur. Ksenofon tək Tanrı anlayışı olduğunu deyir.
Heraklitdə kainat inkişaf edərək ortaya çıxmır, həmişə eyni şəkildə vardır, əzəli və əbədi olaraq qurulmuşdur. Heraklitdə dəyişməyən bir şey var, oda Logosun ölçüsü. Heraklitin fraqmentlərində harda olduğunuzu taparsınız, kim olduğunuzu da taparsınız, lakin nə üçün burada olduğunuzu bilmək sizə çətin gələr.
Heraklitin əsas fəlsəfəsi kosmosdakı mənamızın nə olduğu sualıdır. Heraklit digər presokratiklərdən fərqli olaraq təbiət ilə maraqlanmır. Zənnimcə Heraklitin düşüncəsi insan olmağın mənasını itirməyi bilərək yaşamaqdır . Kosmosu bildiyim kimi özümü də bilməliyəm, çünkü məndə ilahi bir yön var. Şəxsi düşüncəm ilk filosofların yalnız fikir adamları deyil, eyni zamanda ruhani şəxslər olduğudur.