Əhməd Cavadı güllələdən məqaləni yazıçılar ittifaqının sədri yazıb – “Satqın Əhməd Cavad” – Mətn

Loading

“Kommunist” qəzetinin 12 mart 1937-ci il sayında Azərbaycan Yazıçılar İttifaqının sədri Seyfulla Şamilovun yazıçıları tənqid edən “Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda” adlı məqaləsi dərc edilib.

“Partizan” Böhtan, təhqir və ağır ittihamlarla dolu həmin məqalənin Əhməd Cavadın suçlandığı hissəsini təqdim edir.

Burada hər kəsdən əvvəl Əhməd Cavad haqqında danışmalıyıq. Əhməd Cavad, Azərbaycan xalqının ən qatı düşməni olan müsavat hökumətinin sevimli və dərvişlik edən şairi olmuşdur.

Əhməd Cavad özünün ən səmimi şerini, müsavatın erməni- azərbaycanlı əməkçilərinin qanı ilə boyanmış və Azərbaycan işçi və kəndlilərinin ingilis imperialistlərinə və Türkiyə sultanlarına satılması ilə möhkəmləşən bir murdar bayrağına həsr etmişdir.

Bu adam ümumiyyətlə bir yazıçı olaraq xalqımız tərəfindən lazımınca oxunmadığına, sevilmədiyinə, daha doğrusu tanınmadığına baxmayaraq, xalq düşmənlərinin agitasiyası işində az vəzifə daşımamışdır.

Əhməd Cavad özünün belə bir mənhus və alçaq keçmişi ilə revolusiyadan sonra yenə də ədəbiyyatımızda iştirak etməkdən məhrum edilməmişdir.

Lakin Əhməd Cavad revolusiyadan sonra da yenə mürtəce şerlər yazmaqdan əl çəkməmişdir.

( “Göy göl” 1923 –cü ildə, “ Sən ağlama” 1923-cü ildə, “ İşçi” 1927-ci ildə və i.a.).

Proletar yazıçılar təşkilatı tərəfindən kəskin tənqidə tutulan Əhməd Cavad açıq mürtəce şerlər yazmağın mümkün olmadığını görüncə öz taktikasını dəyişməyə başladı.

Belə ki, o daha zahiri qızıllanmış, batini aldadıcı “revolusion” şerlər yazmağa qərar verdi.

Onun “İşçi”, “Kür”, “Pambıq” və i.a. şeirləri haman bu masqalı əsərlərdəndir ki, burada şair sovet ədəbiyyatı işçilərininin və bolşevik tənqidçilərinin gözlərinə əski asmağa çalışaraq mahiyyət etibarilə yenə öz əski fəaliyyətinə davam etdi.

1932-ci il aprelin 23-də partiyamızın qərarı ilə Azərbaycan proletar yazıçıları cəmiyyəti ləğv edilərək, sovet yazıçıları ittifaqı oldu.

Bu münasibətlə çağırılmış bütün Azərbaycan yazıçıları iclasında Əhməd Cavad özünün həmin qərardan əvvəlki dövrdə olan mürtəce yaradıcılığına bəraət qazandırmaq üçün çıxışda bulundu.

O, bundan sonra guya ən səmimi və sovet ədəbiyyatına sadiq bir yazıçı kimi çalışacağını vəd etdi.

O zaman iclas Əhməd Cavadın nitqini soyuqqanlılıqla dinlədi.

Yeni qərardan sonra artıq Əhməd Cavad özünü göstərmək üçün hər bir müvafiq şəraitin yaradıldığını inkar edə bilməzdi.

Çünki, Əhməd Cavaddan istər talant etibarı ilə, istər baqaj etibarı ilə və istərsə ədəbi produksiya etibarı ilə qat-qat yüksək olan bir sıra poputçiklərin yaradıcılığında bu qərardan sonra böyük dönüş hiss edilməyə başladı.

Misal üçün öz millətçi keçmişini yeni sovet platformasında yeni ədəbi yaradıcılığı ilə əvəz edən və Azərbaycan xalqına onun həyatını və mübarizəsini düzgün göstərən və bolşevik partiyası rəhbərliyi ilə əməkçi kütlədən yetişən qəhrəmanların ilk obrazını səhnəmizdə canlandıran Cəfər Cabbarlı bu poputçiklər içərisində özünü yenidən qura bildi, ən birinci və namuslu yazıçı oldu.

Əhməd Cavad bu gün bu faktı heç bir yıldızlı niqtlərlə örtüb pərdələyə bilməz.

İndi görək bu qərardan sonra Əhməd Cavad öz millətçi, mürtəce, müsavatçı simasını hansı əsərləri ilə inkar və ifşa edə bilmişdir?
Sen gönderdin
Görək o bu gün Azərbaycan sovet yazıçıları ittifaqı qarşısında və bütün Azərbaycan xalqı qarşısında hansı əsəri ilə özünə haqq qazandıra bilər?

O vaxtı ilə açıq-açığına xalq düşmənlərinin bayraqdarı olmasını görək özünün hansı yeni əsəri ilə ifşa etmiş və müsavatçıları hansı şerində səmimi olaraq ciddi bir sürətdə xalqın gözünün qarşısında ifşa edə bilmişdir?

Bu sualların ancaq bircə cavabı var, o da budur ki, Əhməd Cavad yenə simvolizm, ikiüzlülük, yalançılıq, gözə əski asmaq kimi işlərdən əl çəkməyərək, nala-mıxa döymək üsulu ilə “Pambıq” və “Moskva” şeri kimi parçalar yazmağa davam etmişdir.

Digər tərəfdən öz tərcüməçilik fəaliyyətində gizlicə olaraq: “Əcnəbi milçəklər” deyə öz murdar, xain millətçilik ideyasını propaqandaya çalışmışdır.

Müsavatçıların alay mollası olan Əli Abbas Müznibin tərtib etmiş olduğu “Məhəmməd Hadi” – nin şerləri məcmuəsi kitabını redaktə edərkən Ə. Cavad tekstdə olan “Taaha” kəlməsinə belə bir təsfir verir: “Həzrət Məhəmmədin mübarək adlarından biridir”.

Pan-türkizmin bataqlığında yetişən redaktor özünü hərdən bir pan-islamizm ruhunda da biruzə verir.

Bütün bunlar Əhməd Cavadın sovet ədəbiyyatındakı demokratizmdən və imkanlardan necə sui- istifadə etdiyini açıq göstərməyirmi?

Bu xüsusda Azərbaycan sovet yazıçıları yubanmadan öz fikirlərini və qəti qərarlarını verməlidirlər.

P.S. Məqalədən 3 ay sonra – 1937-ci ilin iyulunda Ə.Cavad həbs edildi. Həmin il oktyabrın 13-də isə güllələndi. Şairlə birlikdə onun həyat yoldaşı Şükriyyə xanıım da həbs edildi və uşaqlarından təcrid edilərək Qazaxıstana sürgün edildi.

Məqalə müəllifi Seyfulla Şamilov bundan əvvəl – 1936-cı ildə Yazıçılar İttifaqı idarəsinin sədri olub. 1936-37-ci illərdə isə o, «İnqilab və mədəniyyət» jurnalının, «Ədəbiyyat qəzeti»nin məsul redaktoru işləyib. Repressiya dövründə onun özü də həbs edilərək sürgün olunub. 1974-cü ildə vəfat edib.

Seyfulla Şamilov
Seyfulla Şamilov