“Partizan” Elçin Məmmədovun şeirlərini təqdim edir…
Məni
Qulağını tutma, tanrı,
Çatmaz sənə səsim mənim.
Mən qara günün adamı,
Saxlamaz ki dizin məni.
Bədən ruhu, ruh bədəni tullamada,
Tamamlanıb, tam olmadım,
Ömür adlı xarabama,
Ucuq, sökük,
Bir tərəfi dağıdılmış dam olmadım,
Bir mələyin ruhu dönüb
İsa adlı adam oldu.
Gəl məndən adam olmadı,
Atın bir məscid yoluna
Tapdalayın, əzin məni.
Ortasından baltalanmış dərviş ağac
Bir ocaqda bir dərvişin otağını isidəcək,
Gözdən axan yaşlar var ha
boz səhrada bir qəribin ürəyini yandıracaq,
Və kiminsə yanağını isidəcək.
Bəlkə dərim çəkmə olub,
Bir qəribin ayağını isidəcək.
Çəkin indi çarmıxlara,
Qurban deyib, kəsin məni.
Bir vücudun ölüm-qalım arasında çəkişməsi üsyan deyil?
Sonunda
Qalım adlı üsyankara ölüm hökmü
ən amansız fərman deyil?
Can yeməklə tanrıların
dərgahları doyan deyil.
Aparın bir sakit yerə,
Atın ordan dənizlərə,
Qoy yosunlar parçalasın,
Qoy balıqlar yesin məni.
***
Belə unutmaq olmur
Öz əlimlə tuturam öz əlimi arxadan,
Yaman üzə düşmüşəm, üzümü aldadıram,
Ayağımı sən keçən küçələrə qoymuram,
Min oyundan çıxıram, izimi aldadıram,
Hamıda sən gəzirəm, hamıda sən tapıram,
Başımı aldadıram, gözümü aldadıram,
Öz başımı özümün dizlərimə qoyuram,
dizimi aldadıram,
Adın unutmaq qoyub, bütün günü yatıram,
özümü aldadıram.
Belə unutmaq olmur.
Saatın əqrəbinə tutub dil öyrətmişəm,
Hər taqqıltı bir cavab, zamanla danışıram,
Göydə ulduz axanda qaçıb arzu tuturam,
Ümidlə danışıram, gümanla danışıram.
Ayağımın altında döşəmə cırıldayır,
Səsinə hay verirəm,
Şkafa su verirəm, stola çay verirəm,
Darıxan çarpayıya çəkirəm pay verirəm,
Gözlərimlə rəsmini tavanıma çəkmişəm, tavanla danışıram.
İnanmırsan?-İnanma.
İnanma, danışıram.
Belə unutmaq olmur.
Hər axşam gözlərimi küləklərə dikirəm,
Bəlkə xəbər gətirdi, bəlkə bir əsdi səndən,
Baxma ha əvvəlində yenə də Sən yazılır,
Sənsizlik pisdi səndən
Heykəltəraş olsaydım, bu sahildə qoyardım
Ayrılıq büstü səndən.
Dənizin ləpəsindən,
Şəhərin istisindən,
Başımdakı ağrının bu qatı tüstüsündən
xəbər alıram səni.
Yem gəzən qarışqadan,
Sahildəki söyüddən,
Budaqdakı arıdan,
Çiynimdəki mələkdən,
Səmadakı Tanrıdan xəbər alıram səni.
Belə unutmaq olmur.
Gedəndə otuz idi, indi neçədir yaşım?
İndi hardadır yazım, indi hardadır qışım,
bəzən yadımdan çıxır.
Havalı Cümrü kimi çıxıb xəyalım üstə
tütək çalır yaddaşım,
Diksinirəm hər gələn səsə, yadımdan çıxır,
Unutmağa nə var e?…
Hər dəfə unudanda unuduram nəyisə unutmağı, əzizim,
nəsə yadımdan çıxır.
Belə unutmaq olmur.
Masamın üstündəki qol saatım darıxır,
İtirmişəm deyəsən, gəlib qolumu göstər,
Qayıt sağımı göstər, qayıt solumu göstər.
Unutmaq bölməsində mən dərsə gəlməmişdim…
Sən yaxşı bilərsən e.
Barı gündə bir dəfə gəlib yolunu göstər.
Belə unutmaq olmur.
***
Ay gedəndə ürəyimi məndən alıb, özü ilə aparan,
Bəs bilmirdin, sən olmasan mən dünyadan qoparam.
Bu soyuqda, bu şaxtada zülm verib, niyə durdun qəsdimə?
Unutmusan, üşüyəndə əllərini örtürdüm e üstümə.
Nədir axı bu həsrətin, bu gedişin, ay başımın bəlası?
İndi axı kim sarısın bu bədbəxtin göynər qalan yarasın?
İtirdiyin adam axı de nə qədər ondan, bundan soruşar?
Görən varmı yer üzündə mənim qədər özbaşına danışan?
Dünən belə, bu gün belə, belə olar sabah da,
Sonra denən,
Şikayətlən “çox içirsən, əl çəkmirsən bircə dənə günahdan…”
Nə biləsən, içki deyil yoxluğunun əzabıdır axı mənim içdiyim…
Sən getmisən, mən ölmüşəm- boşdur dünya.Daha kimdən inciyim?
Ta şəklin də dayanmır e, hücum edir divarlardan üstümə,
Elə yandım, qohum, qonşu, kənd boğuldu tüstümə.
Bir bayquş da uçub qonub dönüb artıq xarabaya otağım,
Göz yaşından islanıbdır, nə biləsən sol tərəfi yatağın.
Nə zülmdür? Adam özü qərib olar, özgə olar öz evinin içində?
Nə yaxşı ki, təsəlliyçün iki damla ətir qalıb şüşəsinin dibində.
Gözlərimin ağına da qara düşüb boylanmaqdan yollarına hər gecə,
Gülür, daha lağ eləyir küçədəki top oynayan uşaqlar da bu biçarə fərsizə.
Nəylə axı yazılmısan, nə edirəm siləmmirəm səni inan yadımdan,
Bəlkə elə xəstəliksən, yoluxumşam birinci “Sən” adında.
Adam axı göz yaşını nə vaxtacan boş-boşuna axıdar?
Adam axı de, nə qədər sayıqlayar yuxuda?
Hər gedişin dönüşü var…Öz özümü aldatmışam, inanmışam yalandan,
Qınama ha…
Deyirlər ki, boğulan kəs imdad umar bircə qırıq samandan.
Onsuz daha darıxmağa, ağırmağa zərrə qalıb nə taqətim, nə heyim,
Olar olmaz hər nə varsa yaşatmısan.Halal olsun…Nə deyim?
Ha inad et bundan belə bir vücudu iki edib tamamlamaz kölgələr,
Qayıt daha səndən sonra tamamlandım bəlkə də…
***
Deyirəm ki, Yasəmən…
Yer ola tanrıdan oğurladığın havanı tutub bir az da dərinə çəkəsən,
Ya da bütün boşluqları ağciyərlərin yerinə çəkəsən.
Bəlkə bir gün qar yerinə nağıllar yağa buludlardan,
Bəlkə sonda üç alma çıxa qəbristana cənazə daşıyan tabutlardan.
Bir nəğmə söyləyə yağışlar da damla-damla süzüldükcə çətirlərdən,
Başlar kəsilirkən hayqıran “əkbərləri” silib atasan sətirlərdən.
Çaxmaya göydə şimşəklər,
Qopmaya yerdə tufanlar…
Bir atəşkəs müqaviləsi ilə barışdırasan göy ilə yeri,
Və unudasan barıt qoxusunu, mərmiləri, müharibələri.
Unudasan döyüşdən sonrakı böyrək ağrılarını, sətəlcəmləri,
Qaçıb tullayasan özünü dənizə,
ruhun yelkəninə çevrilə sükuta üzən gəmilərin.
Ya bir dalanda
Cibinə ilişib qalmış son qumbaranı çəkib sıxasan öz köksünə,
Bəlkə axır nəfəsdə üstünə hopmuş, buz bağlamış qan isinə.
Ya
Özünü tanrı sanıb, ağırların üzərinə öz ruhunu çəkib atasan,
Ya bir qızın döşlərinə körpəsi tək pərçimlənmiş xərçəngləri söküb atasan.
Elə bəxtəvər olasan,
Sənə məktub gətirən bir qasidə çay deyəsən,
Ya bir çarmıxa dönəsən,
Qollarına mismarlanmış İsaya lay-lay deyəsən.
Bir dərgahın ola
Ən sonuncu dilənçini də götürüb aparasan bu qara şəhərin küçələrindən,
Ya kainat olasan
Gizlədəsən üfunətli zibillikləri, murdar dalanları gecələrinlə.
Ölümsüz olub edama
məhkum hər məhbusun boynu üçün ağrıyasan,
Gecənin birində əllərini qızdırmaqçün oğurlayıb,
Edam kötüklərini doğrayasan.
Hə, Yasəmən…
Və sonda bir məzarda ayılasan ki, hər tərəfin duman, qatı bulud,
Və yenə də üçcə dəfə kilsə zəngi,
Və sükut…
***
Gəlmişəm
Yürüdüyüm yolların sonu bilinməz mənim,
Mən dəryada Musanın izi üstə gəlmişəm.
Süzülmüşəm Allahın qələminin ucundan,
Səmadan dörd kitablıq sözü üstə gəlmişəm.
Bıçaq tək sancılmışam köksünə yaranışdan,
Tək ürəyi saxlayar tək sinə yaranışdan,
Əcəldən doğulmuşam əksinə yaranışda,
Mən ürəyi səmada, gözü üstə gəlmişəm.
Bir doğuluş ruhumu atdı burda bazara,
Yoluxdurdu cismimi min sağalmaz azara,
Öləndə üzü üstə qoyun məni məzara,
Çün dünyaya gələndə üzü üstə gəlmişəm.
Görən uçar səmada dərd yükün daşıyan ruh?
Cisim asılı qalar, vücudu boşayar ruh,
Mənəm ölü bədəndə əbədi yaşayan ruh,
Ruhum torpağın altda, özüm üstə gəlmişəm.
Müqəddəs Tur dağından, Kərbalanın düzündən,
Uhudun çöllərindən, bulaqların gözündən,
İsanın çarmıxından, Məhəmmədin sözündən,
Misra misra süzülüb, yazı üstə gəlmişəm.
Mənim anam nə gəzir, mənim atam nə gəzir,
Mən dünyaya Allahın dizi üstə gəlmişəm…