Dinin, siyasətin, incəsənətin özünəməxsus məsuliyyəti olduğu kimi, dilin də özünəməxsus məsuliyyəti var.
Sovet sistemində dövlət uşaqlara öz valideynlərindən daha böyük qayğı göstərirdi; uşaqpulu və pulsuz təhsil verir, böyüdür, oxudur, vaxtı çatanda evlə, işlə, təmin edirdi. Valideyn uşaq böyütmək, oxutdurmaq, evlə, işlə təmin etmək məsuliyyətindən azad idi. Uşağın gələcək inkişafı Moskvadan, eyni zamanda rus dilindən asılı idi.
İnsanların taleyinə rus dili məsuliyyət daşıyırdı. Azərbaycan (türk) dili xeyir-şər dili idi, ona uşaq etibar etmək olmazdı. Bu dilin heç bir ictimai məsuliyyəti yox idi.
Bu gün uşaqlarını rus bölməsinə qoyan valideynlər də sovet sələfləri kimi valideynlik məsuliyyətini rus dilinin üzərinə atırlar. Bu dil uşağı öz doğma valideynlərindən daha yaxşı tərbiyə edir, onlara daha çox bilgi verir, daha elit iş yerləri təklif edir.
Azərbaycan (türk) dili yenə ictimai məsuliyyəti olmayan bir dil statusundadır. Dövlət dilidir, amma dövlətin dili deyil. Bu dil Azərbaycan vətəndaşına ancaq şeir yazmaq, meyxana demək, linç etmək üçün lazımdır. Bu dil Azərbaycan vətəndaşı qarşısında heç bir ictimai məsuliyyət daşımır. Ona gələcəyi ilə bağlı heç nə vəd etmir. Buna görə də valideynlər daha məsuliyyətli dillərə üz tuturlar; ya Anadolu türkcəsi, ya rus dili.
Dövlət öz dilinə sahib çıxmayınca, onu ictimai, elmi, praktik, estetik məsuliyyətə cəlb etməyincə biz öz ölkəmizdə başqa millətlər üçün övlad böyüdəcəyik. Eynən öz yuvasında öz balasından daha gözəl olan ququ quşunun balasını böyüdən çöl ördəyi kimi.
Aqşin Yenisey