Bu yazı Polşanın zəif nəqliyyat (qatar) sistemini yüzüncü dəfə təcrübə edib, anamla video görüntülü zəngdən sonra ərsəyə gəlib. Yazının adını da elə anamın dili ilə adlandırıram…
Artıq Varşava Universitetində birinci il üçün olan təhsil müddətimi tamamladım və artıq 9 aydır ki, Azərbaycanla bağlı geridə buraxdığım şeyləri sadəcə xəyal etməklə kifayətlənə bilirəm. Fikrimdə dostlarımın məişətini canlandırıram, evlə görüntülü danışanda söhbətlərdəki gedişatı təxmin edirəm, yeni doğulan bacım oğlunun maraqlarını təsəvvür edib ona uyğun hədiyyələr alıram və s.
Bundan əlavə, viza müddətim bitdiyinə görə leqal prossesləri gözləyib bir müddət daha Polşada qalmalı olacağam.
Son zamanlar isə Gəncə və Göy-göl üçün çox darıxdığımı hiss edirəm. İndi onuncu mərtəbənin eyvanında gözlərimi yumub “pasyolka” dediyimiz dalandan evimizə qədər addım-addım yeriyirəm, hər yerə ayaqla yetişdiyim xırdaca Gəncədən və Göy-göldən Varşava kimi böyük şəhərə qədər həcmini ölçə bilmədiyim yolları düşünürəm. Düşünmək izdirabdır, amma həm də belə anlarda uzağı yaxın edən ən yaxşı hədiyyədir. Nə çox uzaqdayam, İlahi!
Göy-göldəki 7 göz baba evimiz, nənəmin bizi gəzdirdiyi dağlar, birlikdə yığmağa adət etdiyimiz kəklik otular və neçə-neçə sehrli bitkilər, sonsuz günlər boyu dəstələdiyimiz bərəkətli üzüm yarpaqları, bibimin işlədiyi klassika xəzinəsi olan mədəniyyət evi, ovuc izlərim kimi əzalarımın gözüyumulu getdiyi səliqəli alman küçələri və maddi həyat qayğılarını tamamilə unutduğum o gözəl torpaqlar üçün çox darıxıram.
Nə zamansa bir elə, obaya emosional bağımın olacağını hiss etməmişdim ta ki o diyarları tərk edənə qədər. Bağlılığın məzmununu illər uzunu praktikalarla özümdə bitirmiş olsam da, anlayıram ki, torpağa bağlılıq realdır. İşığın, ümidin, xoşbəxtlik və zövqün Pompeyi olan Avropa əzəmətlidir, ayaqlarını yerə sağlam basıb, bizim oralar isə intəhasız bozluğun limanında dayanan mayak kimidir. Yaşadığım dünyanın, insanların aləmlərini görüb heyran qalıram, üfüqüm genişlənir, amma gələcəyim üçün prestijli saydığım heç bir Avropa şəhəri Göy-gölün sığalını çəkmir mənə. O yollardan sadəcə bir yolçu kimi keçib gedirəm. Mənim qavrayışıma görə, Eleni öz bəstələrini Göy-göl üçün yazıb, Teodorun filmlərindəki o kimsəsiz Balkan küçələri isə Gəncədəki göz yumduqca addımladığım o boşluqdakı küçələrdir.
Markesin də dediyi kimi, insanın öz doğmasını basdırmadığı torpaqla bir bağı olmur.Yaşamaq üçün müxtəlif dayanacaqlardan keçirik, amma buna həmişə inanıram ki, yerin və göyün yaddaşı var. O yaddaş ki, mənim bir ömürlük həyat izlərimə çevrilib. Qidası bədənimin, sümüklərimin izotoplarına hopub, genetikamı müəyyən edib, havası ciyərlərimə nəfəs verib. Bioarxeologiya ilə tanış olanacan bilməzdim nədir bu yaddaş, niyə coğrafiyalarımız, mədəniyyətlərimiz bizi öz şəklinə salır, niyə Mübariz Tağıyev “yada sal məni” deyəndə kövrəlirəm.
İndi mənə aydın olur ki, biz həyatımızı tamamlayırıq, ölürük və elə biz də dönüb o torpağın yaddaşı oluruq. Babalarımın-nənələrimin basdırıldığı torpaqda dünyaya göz açan mən o torpaqların, o insanların bütün yaşam enerjilərini, vücudlarında coğrafiyaları ilə bağlı daşıdıqları izləri mənimsəyib, daha fetus ikən həyat üçün o yaddaşın daşıyıcısı olaraq mübarizə aparmağa başlayıram. Əziz dostum Tich Nath Hanh “No Death, No Fear” kitabında da inanaraq yazırdı ki, dünyaya gəlmək üçün həyatda qala bilməyən hər bir fetus bir sonrakı övladın vücudunda bütün izləri ilə manifest edir. Fizikanın da təsdiq etdiyi kimi, itməyən və batmayan enerji daim bir haldan digər hala keçir. Beləcə, müəllim ölümün mövcudluğunun bizim həyatla bağlı olan milyonlarca illüziyamızdan biri olduğunu da qeyd edir.
Əlbəttə, buddist müridimin öyrətdiyi ən yaxşı nəsihətlərdən biri də daim kor travmaları görüb, anlayıb ordaca bitirməkdir. Amma onun da razılaşdığı bir həqiqət var ki, torpağımıza şəfqət həm də generasiyamıza, sevdiklərimizə göstərdiyimiz şəfqətdir. Bu şəfqəti hiss etmək ayrı cür mümkün kimi də görünmür. Şəhidlərimizi daim hörmətlə anmağımıza səbəb ilk növbədə onların torpaq anlayışını dərk etməsi və öz cəsur şəfqətlərini bu torpaq üçün əsirgəməməkləridir. Torpağı bir sərhəddən daha çox köklərimizin, xatirələrimizin, bir sözlə, varlığımızın imzası kimi görməyə başladığımız an uşaqlıqdakı surətimizi, ata-analarımızın izdirablı travmalarını daha yaxından duyuruq və onlardan ayrı olmadığımızı görürük.
Tələbəlik müddətimdə dünyanın bir çox ölkəsindən onlarca insanlar tanımışam və anlayıram ki, bizi birləşdirən ən gözəl nümunə bizim torpaqlarımıza, mədəniyyətimizə, musiqilərimizə və sənətimizə olan sevgimizdir. Ona görə yox ki, nə zamansa, kimlərsə bu sərhədləri çəkib və biz ora vətən demişik və buna inanmışıq. Lap elə inanmışıq. Bizlər tarix öncəsi zamanlardan bəri inanmağa və oyunlar oynamağa meyilli yaradılmışlarıq və bu oyunlar, bu inanclar toplusu həyatın absurduna çevrilib ona rəng qatıb. Bağlarımızı qorumaqdan, onları görməkdən qorxmayaq. Biz hamımız bir bütövdən ayrılan bir-birinə bağlı zərrəciklərik və biz bu dünyada müxtəliflikləri, rəngləri, torpaqlarımıza sevgimizi qucaqlamağı bacardıqca daha çox harmoniya yaradırıq.
Mən isə adını çox hallandırdığım yunan bəstəkar Eleni Karaindrounun can dostum Məlik Rzam ilə birlikdə dinləyib sehrinə qapıldığımız bir bəstəsinin linkini aşağı yerləşdirirəm və sevdiklərimi və torpağımı bu musiqidə bağrıma basıram.