Özündən 50 yaş böyük aktyora elə şillə vurdu, aktyorun dişi qırıldı – Bu səhnədə gözünü itirdi…

Loading

“Partizan” Azərbaycan kino tarixinin uğurlu ekran əsərlərindən sayılan “Yeddi oğul istərəm” filmi haqqında 15 nadir fakt təqdim edir:

1. Səməd Vurğunun “Komsomol” poeması əsasında çəkilən “Yeddi oğul istərəm” filminin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissoru Tofiq Tağızadədir. Filmi Kamil Rüstəmbəyov çəkməli idi. Bu filmə qədər o, “Aygün”, “Dağlarda döyüş” filmləri ilə şöhrətlənmişdi. Aktyorlar rollara təsdiq edildikdən sonra filmin çəkilişləri Tofiq Tağızadəyə tapşırılır. Səbəb olaraq deyirlər ki, film komsomolun 50 illiyinə həsr olunub, Kamil isə bəy oğludur. Kamil Rüstəmbəyov bu vəziyyətdən incisə də, 1 il sonra elə həmin aktyorların bir çoxunun iştirakı ilə “Axırıncı aşırım” filmində öz ustalığını bir daha nümayiş etdirir.

2. Filmdə Gəray bəy roluna çəkilən aktyoru – yəni, Həsənağa Turabovu dəyişmək istəyiblər, lakin filmin rəhbəri Adil İsgəndərov buna imkan verməyib.

3. Filmdə çəkiliş üçün istifadə olunan hər ata 50 manat qonorar verilirmiş. Yayın istisində aktyorlar dincəlmək üçün qayaların üzərinə uzanırdılar. Filmin direktoru Davud Zöhrabov rejissora deyib ki, “atlar günün altında qalıb, onlara tövlə düzəltmək lazımdır”. Müqayisə üçün deyək ki, gündəlik çəkilişlər üçün aktyorlara 25 manat ödənirdi. Bu reallığı görən kütləvi səhnə aktyorlarından biri Eldəniz Zeynalov rejissora yanaşıb deyir: “Xahiş edirəm, məni kinoda at ştatında yaz”.

4. Mirpaşa rolunun ifaçısı Elçin Məmmədovun filmdə ilk aktyor işi “Yeddi oğul istərəm” filmi ilə bağlıdır. Bu rola xalq artisti Eldəniz Zeynalov dəvət olunur. Ancaq o, at çapmaqdan imtina etdiyinə görə rol ona verilmir, rejissor Elçin Məmmədovun üzərində dayanmalı olur.

5. “Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları aşıq Ədalətdə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:
– Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan…
Maraqlı odur ki, bu sözlərdən sonra Ədalət israrla onları inandırmağa çalışır:
– Bir olan Allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.

6. Filmdə Kələntər rolunu oyanayan İsmayıl Osmanlı bu rolu möhtəşəm ifa edib. Lakin bu rol aktyorun illərlə damla-damla qazandığı tamaşaçı sevgisinin nifrətə dönməsinə səbəb olub. Həmişə mülayim, xoş niyyətli insan obrazları ilə sevilən İsmayıl Osmanlını öz əlində böyütdüyü bəy oğlu Cəlalı amansızcasına öldürən satqın qoca rolunda görməyi tamaşaçılar qəbul etməyiblər. Hətta bir dəfə bu filmdən sonra küçədə onun üzünə tüpürüb söyüblər də. İsmayıl Osmanlı efirdə çox peşman olduğunu, utandığından küçəyə çıxa bilmədiyini səsləndirir.

7. Filmdə Cəlal rolunun ifaçısı Ənvər Həsənov İsmayıl Osmanlıya şillə vurmalıydı. Gənc aktyor dəflərlə cəhd etsə də, utandığından ağsaqqalı vura bilmir. Sonda İsmayıl Osmanlı təkid edir ki, bərk vursun, Ənvər Həsənovun vurduğu şillə o qədər möhkəm olur ki, aktyorun bir dişi düşür. Çəkiliş boyu Ənvər Həsənov aktyor yoldaşlarından xahiş edərək, sonda rejissora müraciət edirlər. Aktyor böyüyə əl qaldırmağın həm özünə, həm də obraza yaraşmadığını əsas gətirərək həmin kadrın filmdən çıxarılmasına nail olur.

8. Şahsuvar əlində səməni ilə otağa daxil olmalıydı, lakin səməni qoymaq yaddan çıxıbmış. O da həyətdəki çəmənlikdən bellə qazıb çıxarıb, otu qayçılayıb, səliqəyə salır və beləcə səməni düzəldir.

9. Filmin baş qəhrəmanı rolunu oynayan Həsən Məmmədov çəkiliş zamanı at sürərkən yıxılır və ayağının birini qırır. Bununla belə aktyor oyununa davam edir, heç kim də filmdə bu səhnəni sezə bilmir.

10. Çəkiliş zamanı Qasım rolunun ifaçısı Əbdül Mahmudov da ağır yaralanır, qabırğaları sınır. Buna baxmayaraq, o belində gipslə roluna davam edir.

11. Qəbiristanlıqda döyüş səhnəsində Aktyorlara 7 metrdən az olmamaq şərtilə gülləsiz atəş açmağa icazə verilirdi. Təhlükəli səhnələrdən birində kütləvi səhnələri ifa edən aktyorlardan biri gözünü itirib.

12. Filmdə kaskadyorlardan az istifadə edilib, aktyorlar bütün təhlükəli səhnələri özləri oynayıblar. Cəlal atın belində qolubağlı vəziyyətdə aparılarkən at kərtənkələdən ürküb və qaçıb. Ənvər Həsənovun qolu bağlı olduğuna görə atı idarə edə bilməyib, at uçurumun kənarına çatarkən onu ölümdən filmin işıqçısı xilas edib. Bu səhnə yenidən təkrar çəkilməyib, Tağızadə aktyor üçün möhkəm qorxub.

13. Bəxtiyarın Humayı döydüyü səhnənin çəkilişi zamanı at belində kənarda dayanıb səhnəni izləyən Şahsuvar (aktyor Rafiq Əzimov) deyib ki, “Tofiq müəllim, axı bu kişilikdən deyil, bir kişi günahsız qızı döyür, biz də durub baxırıq”. Bundan sonra ona Bəxtiyarı dayandırmaq həvalə edilib. Rafiq Əzimov Bəxtiyara yaxınlaşır, onun atının qabağına atılır ki, qamçısını əlindən alsın, bu vaxt atın dişi Rafiq Əzimovun başını yaralayır.

14. Filmin ekranlara çıxmasından xeyli sonra, yəni 80-ci illərdə Gəray bəy rolunun ifaçısı Həsənağa Turabov mebel mağazasına girib ki, evinə mebel alsın. Mebel mağazasının satıcısı və müdiri olan adam ona qəribə və uzun-uzadı baxandan sonra soruşub: “Sən Gəray bəy deyilsən?”.
Həsənağa Turabov o rolun ifaçısı olduğunu deyib. Dükan sahibi heç gözlənilmədən ayağa qalxıb, onun üstünə gəlib, qolundan yapışıb mağazadan çıxarıb. “Çıx get burdan, məndə sənə satılası mal yoxdur”. Mağazadan çıxandan sonra satıcının qardaşı Həsənağa Turabova yaxınlaşıb, üzr istəyərək belə deyib: “Qardaşım bu filmə baxandan sonra möhkəm əsəb keçirdi, uzun müddət müalicə aldı. Sizin şəklinizi, üzünüzü efirdə görəndə qəzəblənir, odur ki, illərdir biz onun yanında televizor açmırıq onun yanında”.

15. Filmin montaj işi başa çatdıqdan sonra hər kəs toplanıb diqqətlə izləyir, əyər-əskikləri qeyd edirmiş. Gözündə çəplik olan bir əməkdaş bildirir ki, atışma səhnəsi gedərkən çox uzaqdan bir avtomobil keçib və o, kadrda görünüb. Onun dediyinin həqiqət olduğunu görən Tofiq Tağızadə zarafatla deyir: “Sənin gözün hələ çəpdir belə görürsən, düz olsa, filmi təzədən çəkməli olacaqdıq”.