Rafiq Tağı Məhəmməd Peyğəmbərə dediyi hansı sözə görə bıçaqlanıb?

Loading

Rafiq Tağının ölüm sifarişini kim vermişdi – Əsl qatil kimdir?

Ona Azərbaycanın Çexovu deyirdilər. Çünki o da Çexov kimi yazıçı-həkim idi. Necə öldürüləcəyini əvvəlcədən yazmışdı, Məhəmməd Peyğəmbərə görə kürəyindən vurulmuşdu, bıçaqlandığı halda zəng eləyib işdən icazə almışdı, hamının sağaldığını düşündüyü an xəstəxanada müəmmalı şəkildə ölmüşdü Rafiq Tağı…

Rafiq Nəzir oğlu Tağıyev 1950-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Üst-üstə on bir il Moskvada yaşayıb və tibb sahəsində çalışıb.

Moskvaya təzə gedən vaxtlarda özünə qəşəng, tüklü bir papaq alır. Günlərin birində qarlı havada qaça-qaça dostlarının yanına gəlir. Ondan təzə papağını xəbər alanda məlum olur ki, əlində ağır zənbillər olan yaşlı kişiyə kömək etmək üçün zənbilləri kişidən alıb ona yolu keçməkdə köməklik edir. Yolu keçəndə kişi onun başındakı papağı götürüb qaçır. Rafiq əlindəki yükü yerə qoymadan kişinin ardınca qaçsa da, kişi qaçıb aradan çıxır. Rafiq sonradan zənbilləri açıb baxanda, çoxlu qəzet və bir neçə kərpic görür.

Rafiq Tağı yazılarına çox həssaslıqla yanaşan adam idi. Hətta deyilənə görə bir dəfə hansısa yazısındakı vergülə görə üç avtobus dəyişib redaksiyaya gedib, səhvi yerindəcə düzəldib evinə qayıdıbmış.

Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının rayon qəzeti “Çağırış”da, 1977-ci ildə “Fərqanə” adlı ilk hekayəsi “Ulduz” jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.

2004-cü ildə Səməd Vurğun haqda yazdığı “Qafqazın qartalı Şaumyan belə…” adlı essesinə görə, 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib.
Rafiq Tağı “EQO” Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.

Bir dəfə Əlisəmid Kür Rafiq Tağıyla küçədə rastlaşır, barmağını silkələyə-silkələyə deyir:
– Rafiq, yığışdır o cəncəl yazılarını, yoxsa bir gün səni yortacaqlar.
Rafiq Tağı əlini yelləyir:
– Yamyamlar ölkəsində yaşayırıq bəyəm?
Əlisəmid pərt olur, hörmətini saxladığı yazıçıya heç nə demir. Ancaq zaman Əlisəmidin haqlı olduğunu göstərir. Bir müddət sonra bu dialoq gedən yerdə Rafiq Tağını bıçaqlayırlar.

2006-cı ilin noyabrında Bakıda nəşr olunan “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdı.
Yazıçının həmin məqaləsindən sonra iranlı ayətulla Fazil Lənkərani onun haqqında ölüm fətvası vermişdi. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində “İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını” yazmışdı.
Qeyd edək ki, həmin yazının ən radikal hissəsini kontekstdən kənar təqdim edirik:

“İslam Avropada heç vaxt mənəvi imperativə çevrilməz; buna qadir deyil. Onu Ottoman imperatorluğunun çiyinlərində bütün Avropada tabut kimi gəzdirdilərsə də, qoymağa yer tapmadılar. Yenə gətirib Şərqdə – üzü qibləyə yerləşdirdilər. İsa Peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd Peyğəmbərə burun silməz. İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur”.

Jurnalist Elnur Məcidli isə Rafiq Tağının Azərbaycan hakimiyyətini tənqid edən yazılarına görə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən öldürüldüyünü iddia edib. Jurnalistin sözlərinə görə Rafiq Tağının öldürülməsi keçmiş MTN generalı Akif Çovdarov tərəfindən həyata keçirilib.

Təcili yardımda işlədiyi vaxt yataqxanada ağır güzəran keçirən bir qaçqın ailəyə xəstə üstünə gedir. Çıxanda balaca uşaqların suda çörək isladıb yediklərini görür. Gəlib bir həftəlik bazarlıq edərək geri qayıdır və ərzaqları qaçqın ailəyə verir.

Rafiq Tağı tutulanda o ailədə həmin islanmış çörəkləri yeyən uşaqlar böyüyüb Rusiyada ticarətlə məşğul olurmuşlar. Xəbəri eşidən kimi gəlib yazıçı-həkimin başsız qalan ailəsinə öz yardımlarını təklif edirlər.
2011-ci ilin 19 noyabrında gecə saatlarında Rafiq Tağını evinin yanında bıçaqlayırlar. Rafiq Tağı xəstəxanaya aparılıb bir az düzələndən sonra televiziyaya verdiyi müsahibədə qatili haqda deyir::

Rafiq Tağı bıçaqlananda yerində durmayıb, tez evə tərəf yol alıb. Qapını qızı açıb. Uşaq heç nə hiss etməyib. Atasının paltosunda qan ləkəsi-filan yox imiş. Qızı deyir ki, üzündə də heç nə hiss etmədim, həmişəki kimi səliqəli geyinmişdi: “Yerişində də qeyri-adi heç nə yox idi. Bircə ondan şübhələndim ki, məni qucaqlamadı. Axı o, həmişə işdən gələndə mənimlə qucaqlaşıb görüşürdü… Bu dəfə sadəcə “Qızım necəsən?” söylədi. İçəridə anama deyəndə eşitdim. Dedi, uşaqlara bildirmə, məni bıçaqlayıblar”.
Yaralanan gecə işlədiyi təcili yardım məntəqəsinə zəng edib, sabah işə gələ bilməyəcəyi üçün icazə alıb.
Ölüm günü isə heç kəs bu xəbəri gözləmirdi. Hamı onun artıq sağalmağa doğru getdiyini düşünürdü. Xəstəxanada ölüm anında isə qardaşı da yanında olub. Onun sözlərinə görə Rafiq Tağının ölümündə həkimlər də günahkar olub.

Beləcə, Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edir. Onun öldüyü gün Bakıda tarixdə nadir hallarda rastalan qarlı hava olur. Maşınlar, insanlar qəbiristanlığa güclə gedir. Çovğunda yazıçını çətinliklə dəfn edirlər. O, Qurd qapısı qəbiristanlığında torpağa tapşırılır.

Ölümünü yaşlı anasından gizlədirlər. Anası dünyasını dəyişənə qədər elə bilir ki, oğlu Rafiq sağdır və Moskvadadır.
Ən qəribəsi, Rafiq Tağı necə öldürüləcəyini “Qatilə didaktika dərsləri” adlı hekayəsində, ironik dillə, lakin faktları göstərərək qələmə alıb.

Ona verilən “Ən çox sevdiyiniz söz hansıdır?” sualına cavabı belə olmuşdu: “Öldürmə!”

Təbii ki, Rafiq Tağı yazılarında radikal dini mövqe sərgiləyirdi və bu mövqeyi bir çox dindarlar tərəfindən qəzəblə qarşılanırdı. Ancaq onu belə mövqeyinə görə kimsənin öldürməyə ixtiyarı yox idi və bunu yalnız əsl möminlər bilir ki, hər kəs öz sözünə və əməlinə görə cavabdehdir. Hərçənd, Məhəmməd Peyğəmbərin dövründə də onu təhqir edənlərin, o yolla keçərkən üstünə zibil atanların sayı az deyildi. O, isə bu hərəkətlərə görə nə kimsəni öldürmüşdü, nə də ölüm fətvası vermişdi…