Əlisa Nicatı kim bu hala salıb?

Loading

Ədəbiyyat gündəm olanda da tərs tərəfdən, nimdaş üzündən dəbə gəlir.

İki gündür hamı yazıçı Əlisa Nicatdan danışır. Naşir Şahbaz Xuduoğlu yazıçı ilə aralarındakı dialoqdan elə hissəni və ahıl yazıçının elə fotosunu paylaşmışdı ki, insanlar laqeyd qala bilmədi.

– Niyə qalın geynmisiniz, üşüyürsünüz?

– Ev soyuqdur.

– Bəs qaz gəlmir?

– Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm.

Nə yazıq ki, biz şüuraltı olaraq kiminsə yıxılmağını gözləyirik ki, ona dəstək olaq, həm minnət vurmaq üçün yerimiz olsun, həm də qəhrəman kimi görünək. Hərçənd biz əlisanicatsevər olsaydıq, vaxtında kitab oxuyardıq. Oxusaydıq, bu duruma düşməzdi, xalxın yazıçıları kimi şad xürrəm olardı. Ancaq biz şıq yazıçı yarada bilmirik, onu nimdaş eləyirik ki, kimsə bizi alçaldanda öz eqo baxçamıza onu müqəvva əvəzi sanca bilək. Qərarımız gəlməyəndə ona əl uzadaq, darıxanda bir məclis düzəldib qarnını doyuraq ki, içimizdəki saxta qəhrəman da doysun.

Yazıçıya hibrid yardımla iş düzəlmir. Onu kim bu hala salıb?

Elə başlayaq Şahbaz Xuduoğlundan: Keçən kitab yarmarkasında Əlisa Nicat iştirak etdi, oxucularla görüş keçirdi, bir az kitab satdı və s. Əgər Əlisa Nicat naşirimizin də dediyi kimi normal yazıçıdırsa, filosofdursa, niyə Şahbaz müəllim ona bir naşir kimi yazıçı həyatı yaşada bilmir? Axı naşirlərin işi bu deyilmi: normal menecerlər tapıb ölkədə xaotik durumda olan mətnlər arasından yaxşıları seçmək, onları oxucuya çatdırmaq… Necə olur, oxucular xarici müəlliflərin motivasiya, karyera, elmi mətn altında köpük ədəbiyyatını alıb oxuyur, Əlisa Nicatın kitabını almır? Demək, ya sən yaxşı naşir deyilsən, ya da Əlisa Nicat yaxşı nasir deyil. İkincidirsə, kişini incitməyin.

Şahbaz müəllimdən başlamağım o demək deyil ki, məsələnin günahkarı odur. Sadəcə Əlisa Nicatın problemi o qədər aydındır ki, bu problemi izah etmək üçün məlum paylaşımı edən bir naşirdən də başlamaq olar.

Əlisa Nicatın birdəfəlik yardıma ona görə ehtiyacı yoxdur ki, o bir dəfə bu yardımdan yararlanıb, dövlət AYB xətti ilə ona ev verib, o da həmin evi satıb 1996-cı ildə “Dünya filosofları” kitabını çıxarıb. O da fiasko…

Bunu da mütləq deməliyik: Əlisa Nicat böyük yazıçı deyil, filosof heç deyil. Onun fəlsəfi hafizəsinin zəif olduğunu göstəmək üçün müsahibəsindən bu sitatı oxumaq kifayətdir:

“Allah nədir? Həyat necə yaranıb? Kainat nədir? Niyə insan həyatında ədalətsizliklər var? İnsan nədir? Azadlıq nədir? Hakimiyyət nədir? Bu barədə, saysız-hesabsız suallara cavab axtarıb, yazmışam. Belə şeyləri dünya fəlsəfə tarixində heç kim yazmayıb, məndən başqa. 4 cild belə əsərim var”.

Əzizim Əlisa müəllim, fəlsəfə elə bu sualların yaranışı ilə var olmayıbmı? İlkin fəlsəfədən bu günə qədər əksər filosofların əsərləri sırf dediyiniz mövzuda deyilmi? Necə yəni heç kəs yazmayıb? Ardınca da deyir ki, Dostoyevski heç kimdir. Bu da ustad yazıçının ədəbiyyat sərhədləri.

Ancaq onun yaxşı nasir və filosof olmamasının məsələyə qəti dəxli yoxdur, pis yaxşı 100 kitab yazan şəxs üşüməli deyil. Heç kitab yazmayan şəxs belə üşüməli deyil. Ələlxüsus da 86 yaşlı bir kişi.

Ancaq biz əksər məsələlərə olduğu kimi, Əlisa müəllimin soba probleminə qapıdan yox, bacadan girdik: adam dünənə qədər balaca bir dəmir sobanı səhərə qədər yandırmırdı ki, ay sonu qaz pulunu çatdıra bilsin. İndi ona kombi çəkdiririk. Bəs kombinin yandırdığı ikiqat, üçqat pulu kim vərəcək?

Kartını pulla dolduraq… Sonra?

Hakimiyyəti, AYB-ni qınayaq, “Azəriqaz”a söz ataq… Bircə özümüzlə işimiz olmasın. Bircə özümüzü qınamayaq. Bir gün bizə qənim olacaq kitabı oxumadığımız üçün özümüzdə günah görməyək.

Əlisa Nicata dövlət ev verib. Əlisa Nicatın 100-dən çox kitabı çıxıb. Yəni təşkilatlar öz işlərini yetərincə görüblər.

Əlisa Nicatı bu hala biz salmışıq – onu oxumamaqla.

O, bizim üçün yazıb. Hər kitabı 500 tirajdan çıxıbsa, bu, ümumilikdə 50 min kitab edir. 50 min kitabı bizim üçün yox, özü üçün nəşr etsəydi, onları 50 qış yandıra bilərdi, heç üşüməzdi də.

Bizim qış isə qapıdadır. Üşüyəcəyik, cənablar.

Sərdar Amin