Həmən gün XXVI Sais sülaləsinin ilk fironu, Aşağı və Yuxarı Nil əyalətlərinin həqiqi fatehi, bütöv Misirin hakimi l Psammetix ölkəsinin baş şəhəri Memfisdə öz dəbdəbəli sarayının taxt otağında əyləşib beynində nə zamandan bəri qərarlaşdırdığı fikri götür-qoy eləyirdi. Bir qədər keçəndən sonra firon şəhərin «Yeddi ağac» adlanan hündürlüyündə Ptax allahının şərəfinə tikilmiş məbədin Baş kahinini hüzuruna istədi. Baş kahin bu güdrətli fironun ilahi nəzəri qarşısında duran zaman l Psammetix taxtından qalxıb onu xüsusi ehtiramla salamladı və belə dedi:
– Psammetix səni unutmayıb. Çox illər bundan əvvəl sən ona böyük xidmət göstərmisən. On iki əyalət hakimlərinin ziyafəti zamanı o öz miss dəbilqəsini kuzə kimi şərab tökmək üçün sənə uzatdı, amma sən on bir əyalət başçısına qızıl kuzə vermişdin…
Ani sükut kürəyinə soyuq tər gələn Baş kahinə imkan verdi ki, bu məqam üçün lazım bildiyi sözləri özündə güc tapıb desin:
– Qızıl yox, məhz mis küzədən şərab içən şəxsin Misir xalqına başçılıq edəcəyini, qüdrətli firon olacağını allahlar bəyan etmişdilər.
– Elə idi. Allahlar öz iradələrini bildirmişdilər. Amma o biri on bir hakim elə guman eləmişdi ki, gənc Psammetix onlara hiylə gəlmək istəyib və bilərəkdən mis kuzədən şərab içir…
– O zaman mən onları inandırmaq üçün əlimdən gələni etdim. Mənim huşsuzluğuma, qızıl kuzələrin birini unutduğuma və sənin tamamilə təsadüfən başındakı mis kuzəni şərab üçün mənə uzatdığına onlar asanlıqla inanmadılar. – Baş kahin dedi.
– Həqiqətən elədir. Buna inanmaq, doğrudan da çətin idi. Baş kahin necə, o zaman buna inanmışdımı? – Psammetix diqqətlə Baş kahinin gözlərinin içinə baxdı. Baş kahin gözlərini yana qaçırmadı, əminliklə belə cavab verdi.
– Səhərlər günəşin, gecələr ayın, ulduzların varlığına inanan kimi inanmışdım.
Psammetix Baş kahinə taxtın qarşısındakı yumşaq döşəkcənin üstündə yer göstərdi, özü isə yenə də qızıl həşyəli uca taxtına əyləşdi.
– O zamandan bəri Nil çayının çox bulannıq suları axıb keçdi, – Psammetix yuxarıdan aşağı Baş kahini diqqətlə süzdü – Mən isə unutmamışam.
– Qoy allahlar səni hifz etsin! Ptax və Amon və Ra sənə yar olsun! – Baş kahin qırxıq başını ehtiramla sinəsinə endirdi.
Psammetix Baş kahinlə qərarlaşdırdığı söhbəti necə və hardan başlayacağını düşündü. Sonra belə dedi:
– Aşağı və Yuxarı Nil bizim qüdrətimiz sayəsində nəhayət birləşdi və Misir öz qədim möhtəşəmliyini bərqərar elədi…
– Allahlar sənə yar olsun!
– Bu asan iş olmadı. Yunan əsgərləri Psammetixə köməyə gəldilər.
– Allahlar səni hifz eləsin!
-Assiriyalılar qorxaq tülkü kimi qaçıb getdilər və Psammetixin həşəmətini Aşağı və Yuxarı Nil əbədilik qəbul etdi.
– Ptax səni qorusun!
– Sən, Ptax məbədinin Baş kahini, mənə bir müşkül məsələdə kömək etməlisən.
Baş kahin baxışlarını Psammetixin qızıl həşyəli taxtında yaşıl-qırmızı rənglər içində par-par yanan paltarının ətəklərinə qədər ancaq qaldıra bildi. Psammetix isə öz baxışlarını aparıb Baş kahinin qırxıq başı üzərindən böyük və uzun taxt otağının düz bağlı dəmir qapılarına tuşladı. Və belə davam elədi:
– Baş kahin anlayırmı, Misirin əvvəlki dəbdəbəsini bərpa etmək nə qədər çətin bir işdir?!
– Anlayır. Yenə də Ptax sənə yar olsun.
– Baş kahin anlayırmı bizi assiriyalılar kölə halına salmaq üçün Misirin mənliyini əlindən almaq istədilər?!
– Anlayır. Amon və Ra səni qorusun.
– Ptax məbədinin Baş kahini! Psammetix Misirin qədim şöhrətini özünə qaytarmaq istəyir. Misir xalqının özünə inamını bərqərar eləmək istəyir.
– Allahlar sənə yar olsun.
– Misiri yunanların köməyilə birləşdirmək hələ işin tam olaraq başa çatması deyil.
– Göydə Günəş, yerdə sən – Psammetix…
– Vaxt vardı, mənim xalqım özünü ədalətli olaraq dünyanın Ən qədim xalqı sayırdı. Bizəmi taydırlar yunanlar? Torpaq üstə gəzən və dili dilimizdən ayrı, allahları Amon – Ranın xidmətçiliyinə belə layiq olmayan karilər? Yoxsa assiriyalılar? Lap yoxsa frigiyalılar? Kuşitlər?
– Allahlar Misiri qorusun!
– Bizim dilimiz deyilmi ən qədim torpaq dili? Bu dildə danışan xalq deyilmi dünyanın ən qədim xalqı?.. – Psammetix sözlərinə ara verdi – Amma adamlar unutqandılar. Onlar bunu unutdular. Unudanın isə cəzası var, unudan günahkardır!
– Adamlar… çiçəkdirlər…
Ptax məbədinin Baş kahininin dərin bir hüznlə söylədiyi bu sözlər Psammetixin hədsiz təəccübünə səbəb oldu. O soruşdu:
– Baş kahin beləmi dedi: adamlar çiçəkdirlər?!
Sual verəndən sonra Psammetix verdiyi sualı da unutdu, harda olduğunu da. Fikir onu uçurub uzaqlara apardı.
Daş sütunlu görüş otağına sükut çökdü. Baş kahin nəfəsini dərib Psammetixin uçub getdiyi yerdən nə zaman geri dönəcəyini gözlədi. Nəhayət Psammetix geri döndü və düşüncəli-düşüncəli Baş kahinin ona dediyini artıq öz sualı kimi bir daha təkrar elədi:
– Adamlar çiçəkdirlər?!
Psammetixin səsi bu dəfə mis kimi cingildəmədi, o hələ uçub getdiyi yerdən tam qayıtmamışdı, gözləri öz hədəqələri içində qıyıldı, üzünün əzələləri gərildi. – Baş kahin, əgər adamlar çiçəkdirsə, o zaman çiçəklər nədirlər?
Günəşin son saçaqları Firon sarayının göyə dikəlmiş əyri sütunlarını, nəhəng qapısını, quşların yuva qurduğu damını yalayıb yox olduğu vaxt idi. Baş kahinin heysiz səsi firona ancaq çatdı:
– Çiçəklər də o zaman adamdırlar. Ptax və Amon və Ra Psammetixi qorusun!
Psammetixin və Baş kahinin söhbəti bu yerdə kəsildi. Gizli qoruma başçısı gəldi və Firona onun gözlədiyi xəbəri gətirdi.
O dedi:
– Üç qadının dilləri artıq kəsilmişdir. İki nəfər misircə danışmayan və anlamayan frigiyalı çoban artıq tapılmışdır. Sabah səhər şəhər gözətçisi Parasaxın və qul bazarının alverçisi Takifanın arvadları doğacaq və körpələr ana bətnindən çıxan kimi elə o dəqiqə saraya fironun yanına gətiriləcəkdir. – Gizli qoruma başçısı hər iki dizi üstə çökmüşdü və sözlərini bitirdikdən sonra yerindəcə daş olub susdu. Onun son sözünün son səsi hələ taxt otağının sükutunda cingildəyib qurtarmamışdı ki, Psammetix Baş kahinə müraciətlə dedi:
– Psammetix istəyir, Misir xalqı öz qədim şöhrətini yenidən özünə qaytarsın. Özünün ən qədim dünya xalqı olmasına bir daha inansın. Aşağı və Yuxarı Nilin birləşməsi az imiş. Xalq özü bu birləşməyə layiq olmalıdır. – Psammetix bir daha hamıya sübut etmək istəyir ki, misirlilər dünyanın ən qədim xalqıdır və assiriyalılar da, liviyalılar da, hətta yunanlar da misirlilərə heç vaxt qədimlikdə çata bilməzlər.
Fironun işarə etməsini görməsə də bütün vücudu ilə bunu hiss edən gizli qoruma başçısı qalxıb dalı-dalı qapıya qədər getdi və qapının yanında qapını açmadan elə havadaca əriyib yox oldu.
– Bunu sübut etmək üçün Psammetix təcrübə keçirəcək, bir il, il yarımdan sonra bu təcrübənin nəticəsi əyan olacaqdır. İndi isə Psammetix belə istəyir: Baş kahin xeyir-duasını versin, uyğun bildiyi ayinləri yerinə yetirsin.
– Əzəmətli Psammetix bu təcrübənin sirrini Ptax məbədinə açarmı? – Baş kahin ehtiyatla soruşdu.
– Açar. Sabah səhər doğulacaq bu iki körpə, dil açıb danışana qədər heç bir insan səsi eşitmədən şəhərdən uzaq yerdə, dağların döşündəki bir mağarada saxlanıb bəslənəcək. Onlara söz deməmələri üçün dilləri çıxarılmış qadınlar xidmət göstərəcək. Yeməklərini isə mağaraya Misir xalqının dilində danışmayan çobanlar aparacaqlar.
Psammetix yenə susdu. Təcrübənin sirrini sona qədər açıb- açmamaq barədə düşündü. Açmaq lazım olması qərarına gəldi. Onun üçün də Baş kahin:
– Bir ildən və yaxud ilyarımdan sonra nə baş verəcəkdir? – deyə soruşandan sonra həşəmətli firon ona bu cavabı verdi:
– İl yarımdan sonra insan dilində bircə kəlmə belə eşitməyən bu körpələr dil açdıqları zaman ilk sözləri nə olacaq – Baş kahin bunu düşündümü?
– Onlar ilk olaraq hansı dildə danışacaqlarsa, firon bu dili ən qədim dil sayacaq?! – Baş kahin artıq sirri anlamışdı və sualdan daha çox özü-özünə cavab verirdi.
Psammetix Baş kahinin sözlərinə ancaq bu əlavəni elədi:
– Həmən xalqın dili ən qədim dil, həmən xalqın özü isə torpaq üstündə yaşamış ən qədim xalq elan ediləcək.
– Ptax və Amon və Ra müdrik Psammetixi hifz eləsin.
Baş kahin səmimi bir ehtiram içində başını aşağı sarayın daş döşəməsinə sarı əydi. Psammetix başa düşdü ki, Baş kahin onun tədbirindən məmnun qalmışdır. Belə dedi:
– Ptax məbədinin Baş kahini! Sən bu təcrübənin icraçısı təyin edilirsən. Sən özün nəzarət edəcəksən: mağarada böyüyən bu uşaqlar heç bir başqa dilin heç bir sözünü eşitməsinlər! Xidmətçilər, gözətçilər, yemək bişirənlər – heç kim iki çoban və iki dilsiz qadından başqa bu mağaranın həndəvərinə belə yaxın gəlməməlidir. İndi isə get qurbanlarını hazırla, ayinlərini icra et. Xəzinəm sənin üçün ağzı açıq doğma evin kimi olacaq. Allahlar Misir xalqından öz inayətlərini əskik etməsinlər.
– Allahlar müdrik Psammetixi qorusun.
Yenə taxt otağına çökən sükutdan ürəyinin necə şiddətlə vurduğunu az qala qulağında eşidən Baş kahin belə başa düşdü ki, Psammetix artıq onunla söhbətini bitirmişdir. Fironun işarəsini gözlədi ki, hüzurdan azad olsun. Amma fironun ona zillənmiş düşüncəli gözlərinin dibində bir sual daha gizlənmişdi. Firon bu son sualını verərkən səsi artıq əvvəlki kimi sərt və quru deyildi:
– Baş kahin söyləsin. Adamlar çiçəyə, çiçəklər isə Adama necə çevrilə bilirlər?
Baş kahin boğazını yüngülcə arıtlayıb səbr və hüzur içində firona belə cavab verdi:
– Qoy Allahlar Psammetixə yar olsun. Mənim cavabım belədir. Adamlar çiçəkdirlərsə, o zaman çiçəklər bəs nədir və çiçəklər adamlardan başqa heç nə ola bilməzlər. Adama çiçək deyilirsə, adam kimi tanıdığımızın mahiyyəti o zaman çiçəyə çevrilir. Belə olan halda çiçək kimi tanıdığımız da dönüb adam cildinə girir, adam kimi görünür.
– Hər bir hal üçün söylədiklərin doğrumudur?
– Bəli, doğrudur.
– Əgər Psammetix söylərsə ki, Nil boyu aşağı-yuxarı üzüb gedən gəmilər balıqdırlar, o zaman balıqlar da gəmiyə dönə bilərmi?
– Dönə bilər.
– Ptaxın məbədi Allah evidir…
– Allah evi Ptaxın məbədidir. Ptax sənin köməyin olsun.
– Ağaclar da uça bilməyən quşlardır?..
– O zaman quşlar çevrilib uça bilməyən ağaclar olacaq.
– Dağlar Allahların ruhudur?..
– O zaman Allahların ruhu dağlardır.
– Bax, Baş kahin mən söyləyirəm, – Psammetix həyəcan içində coşdu. – Mənim yuxularım mənim yaşamaq istədiyim yerdir. Sən məni mənim yuxularımdan birinin içində ömürlük saxlaya bilərsənmi?
– Sənin yaşam yerin sənin yuxundur. Amma mən səni yuxunun içində saxlamayacağam.
– Yəqin ki, sən bunu bacarmazsan. – Psammetix təəssüf etdi.
– Bacararam, amma Ptax bunu mənə qadağan edir. Mən bunu etsəm, Ptax mənim ruhumu cismimdən çıxarıb məşəqqətlərə düçar edər.
– Sən çiçəkləri adamlara döndərə bilərsən???
– Mən bunu edə bilmərəm. Amma mən Psammetixə adamlara dönmüş çiçəkləri göstərə bilərəm.
– Göstər!
– Olmaz, müdrik Psammetix. Ptax hər ikimizə mənə də, sənə də sonsuz qəzəb edər.
Fironunu alışıb-yanan gözləri öz qəfil işığını itirməyə başladı. Elə bu zaman Misirin paytaxtı Memfisin də səmasını bütün günü kürə kimi qıpqırmızı yanan günəşin son şüaları həvəssiz-həvəssiz tərk edib gözə görünmədən yox olub itdilər.
Bu görüşdən il yarım vaxt keçdi. Yenə günlərin birində Ptax məbədinin Baş kahini həyəcan içində fironun sarayına gəlib onunla təcili görüşmək istədiyini bildirdi. Firon Baş kahinin nə üçün gəldiyini artıq bilirdi.
– Baş kahin də mən bildiyimi bilirmi? – Psammetix gözlərini yana dikərək önündəki döşəkcənin üstünə eynilə il yarım əvvəldəki kimi çöküb qalmış Baş kahindən soruşdu. Baş kahin cavab verdi:
– Baş kahin Psammetixin bildiyini bilir. Allahlar Psammetixi qorusun. Təcrübə başa çatdı.
– Körpələr hansı sözü ilk olaraq dillərinə gətirdilər? – Psammetix bu sualın da cavabını artıq bilirdi.
– O söz «bekos» sözü oldu…
Psammetix narahat halda taxtın içində qurcuxdu….
– … Çobanlar son dəfə mağaraya girərkən hər iki uşaq iməkləyə-iməkləyə çobanlara tərəf süründü və onlar «bekos» dedilər.
– «Bekos»… Nədir mənası bu sözün? Psammetix Misir xalqının dilində belə bir söz tanımır. Baş kahinə, necə, bu söz tanışdır?
– Xeyr, Baş kahin də Misir xalqının dilində belə bir söz tanımır.
Firon açıq-aşkar pərtliyini gizlətmək istəyirdi və səsinə qəsdən etinasız bir ahəng verdi:
– Bəs o zaman bu söz, nədir onun adı – «bekos» sözü hansı xalqın dilindəndir? Baş kahin bu sözü başqa xalqların dilində axtardımı?
– Axtardı. Allahlar fironu qorusun.
– Harda tapıldı bu söz?
Bu dəfə firon nə qədər çalışsa da həyəcanını gizlədə bilmədi. Fironun gözləri iki ac canavar kimi Baş kahini az qala yemək istəyirdi. Baş kahin bunu duydu və dərin hüzn və təəssüflə belə dedi:
– «Bekos» deyilən söz frigiyalıların dilində çörək deməkdir. Allahlar fironu hifz etsinlər.
– Frigiyalıların dilində? Bu… Söz? Çörək?!
– Bu belədir.
Firon oturduğu taxtın bir küncünə sığındı. Gözlənilməz nəticə onun qəlbini amansız od atəşində yandırsa da çalışıb əsl halını biruzə vermək istəmirdi.
– Frigiyalılar, eləmi? Deməli, frigiyalılar. Olsun! – Psammetix nəhayət qərara gəldi – Qoy sabah Baş kahin təcrübənin nəticəsini Ptax məbədində elan etsin. Frigiyalıların dili ən qədim dil, frigiyalılar isə ən qədim xalq elan edilsin.
Baş kahin bu sözlərin Psammetix üçün bir işgəncə olduğunu artıq anlamışdı. Susub qaldı. Psammetix əlinin sərt bir işarəsi ilə çaşqın hala düşmüş Baş kahini hüzurdan buraxdı. Ağır-ağır geriləyib Baş kahin firon sarayının görüş otağını tərk etdi. Geniş saray meydanına çıxdı, Ptax məbədinə doğru yol aldı. Sağında, solunda məbədin xidmətçiləri əlləri sinələrində lal-dinməz onunla bir addımlayırdılar. Yolla keçənlər Ptax məbədinin Baş kahinini gördükləri zaman hörmət əlaməti olaraq ayaqlarını saxlayır, əllərini dizlərinə toxundurub onu salamlayırdılar. Günəş Baş kahinin düz qırxıq başının üstündə idi və o, beynini deşən günəş işığını Allahlardan bir cəza kimi qəbul edib Ptax məbədinə qədər xidmətçilərin onun üçün tutmaq istədikləri çətirin kölgəsi altına girmədi. Yol boyu fironun il yarım əvvəl ona həvalə etdiyi vəzifənin öhdəsindən gələ bildiyi üçün Ptaxa dualar etdi, fironun qəzəb və iztirabının soyuması üçün nəzirlər vəd etdi, məbədə yetişən kimi isə göstəriş verdi ki, Ptaxın şərəfinə qurbanlar kəsilsin.
Firon Psammetix Baş kahin sarayı tərk edər-etməz gizli gözətçi başçısını yanına istədi: Başçı gəlib quru daş üstünə diz çökdü. Firon ona belə dedi:
–Mən bu təcrübədən arzu etdiyim nəticəni ala bilmədim. Bunun bir günahkarı vardır. Söylə mənə! Mağaraya körpələrə yemək-içmək aparan çobanlar haralı idilər?
– Frigiyalılar idi.
Fironun gözləri istehza ilə qıyıldı:
– Belə. Amon – Raya and olsun, mən bu sirri çözəcəyəm. Sən! Onları bir-birinə bağlayıb iki gün beləcə saxla! Heç bir şey! Nə yesinlər, nə içsinlər. İki gündən sonra mənim yanıma gətir!
Fironun gözlərinin dibində qəfildən bir işıq topası yandı və tezcə də söndü.
Üç gündən sonra Baş kahini yenə də fironun yanına dəvət etdilər. O gəldi.
– Səninlə şəhərdən çıxıb daş karxanalarının yanından keçib Alçaq dağlar vadisinə gedəcəyik. – Psammetix dedi.
Sarayın arxa həyətində iki kəcavə artıq onları gözləyirdi. Kəcavələrin yanında misirli əsgərlərin əhatəsində həbəş qullar əmrə müntəzir idilər. Firon birinci kəcavəyə oturana qədər saray həyətində olan hər kəs əllərini dizlərinə toxundurub hərəkətsiz qaldı. Baş kahin ikinci kəcavəyə əyləşdi.
Döyüşçü dəstəsi irəlidə və keşikçilər arxada kəcavələr Memfis şəhərinin Fiv qapılarından çıxıb zınqrovlu ilanlar kimi qıvrılan Ərəbistan dağlarının arasından keçdi. Bir xeyli bu dağların arasıyla yol gedib üç il əvvəl firondan küsüb Həbəşistana köç edən misirli əsgərlərin düşərgəsinə özünü zorla çatdırdığı o məşum yerə çatdılar. Firon Psammetix bu yeri gözəl xatırlayırdı. O zaman ona arxa çevirib düşmən tərəfə keçən əsgərləri heç bir vəchlə dilə tutmaq və Misirdə saxlamaq mümkün olmadı. Misir allahları həmən gün ondan üz çevirmişdilər. Üzü günəşdən qapqara yanıb ancaq gözlərinin içi parıldayan gənc bir döyüşçüyə son ümidlə baxıb «Allahlarınızdan üz çevirib arvadlarınızı, uşaqlarınızı kimin ümidinə qoyursunuz?» dedi. İndiyədək o cavan döyüşçünün verdiyi sərt cavab Psammetixin yadındadır.
– Allahlarımızı biz öz qəlbimizdə aparırıq. – Sonra əli ilə qarnından aşağıdakı dəmir lələklərin gizlədə bilmədiyi uzun və ətli əzasına işarə edərək əlavə etdi:
Bu sağ olsun, arvad-uşağı hər yerdə tapmaq olar…
Firon onun kəcavəsi ilə yanaşı addımlayan xidmətçiyə işarə etdi və gizli keşikçi başçısını yanına istədi. Gizli keşikçi başçısı iti addımlarla yenə də yoxluqdan peyda oldu və firona yavaş səslə pıçıldadı:
– Döyüşçüləri saxlamaq olar. Çatmışıq. Bu yerin çox qəribə bir mənzərəsi var idi. Kəcavədən enən baş kahin sağ tərəfdə sıra ilə bir-birinə sıxılmış quru dağların döşündə əvvəl-əvvəl heç bir qəribəlik sezmədi. Yolun o biri tərəfinə diqqət etdi. Sağdakı bu quru dağlardan fərqli olaraq, qəribəydi, sol tərəf yamyaşıl çəmənlik, çiçəkli bir yer idi. Yaşıl, qırmızı, sarı rənglər bu çəmənlikdə bir-birinə qarışmışdı. Baş kahin arxasını çiçəkliyə çevirən və əllərini belinə qoyub boz və quru dağların ətəyində gözlərilə nəsə arayan Psammetixin arxasında dayandı. Keşikçilər, xidmətçilər ehtiramla bir kənara çəkilib yığılmışdılar. Yenə də əlinin bir işarəsi bəs oldu ki, gizli keşikçi başçısı hardansa gəlib firona yaxınlaşdı. Fironun ondan yavaş səslə nə soruşduğunu Baş kahin belə eşitmədi. Gizli keşikçi başçısı sağ əlini dağların ətəyinə tərəf uzatdı. Necə olmuşdu ki, elə ilk baxanda –bunu görməmişdi?! Arxadakı bu boz və quru dağlar özlərindən qabaqda yerləşən böyük, ucu biz çəngəlləri necə gizlədə bilmişdilər?! Baş kahin ilk öncə bu çəngəllərin altı olduğuna diqqət etdi. Firon ona sarı dönmədən amma ona belə bir sualla müraciət etdi:
– Baş kahin bu çəngəlləri görürmü?
– Görürəm. Allahlar sənə yar olsun.
– Baş kahin daha nə görür?
Baş kahin çəngəllərə bir daha diqqətlə baxıb bu dəhşətli mənzərəni artıq tam olaraq görə bildi. Hər çəngəlin başında nə idisə tuluq kimi bir şey vardı, amma bu tuluq qıvrıla-qıvrıla zəif hərəkətlər edirdi. Tuluqlar əslində bu çəngəllərə keçirilmişdilər. Baş kahin, nəhayət, anladı ki, bu tuluqlar əslində tuluq deyil, insan bədənləridi, başları, əlləri var. Dəhşətli və dözülməz ağrıdan tuluqlardan inilti səsi belə gəlmirdi, iniltiyə belə bu hələ ölməmiş, çəngəllərin üstünə taxılmış bədənlərin gücü yetmirdi. Bəzən hansısa bir gücün eşqinə özlərindən xəbərsiz bu bədənlər bəzi hərəkətlər edirdilər, ancaq bu hərəkətlər o qədər zəif və gücsüz idilər ki, öz saplağı üstündə solmaqda olan, zərif mehin incə ləçəklərini tərpətdiyi çiçəkləri xatırladırdı.
– Baş kahin çəngəl çiçəklərini gördümü? Bu adamlar əsl çiçək kimidirlər. Saplaqları da öz yerində. Saplaq olmasa çiçək olmaz. Baş kahin idi, deyirdi: insanlar çiçəkdir. Həqiqətən elədir.
Firon Psammetix bu mənzərəni zövqlə seyr etməkdə davam edirdi. Altı çəngəldə hələ də qıvrılan bu adamlardan ikisi südəmər körpə, ikisi qadın, ikisi də kişi idilər. Körpələr demək olar ki, artıq tərpənmirdilər və onların bədənlərinə keçirilib dikəldilmiş bu çəngəllər daha çox açılmamış çiçəyə oxşayırdılar. O birilər pardaxlanmış çiçəklər kimiydi. Baş kahin başını yerə dikib gözlərini qara torpaqdan yuxarı qaldıra bilmədi.
– Bu adamlar məni aldatmağa çalışmışdılar. İki körpə, iki dilsiz arvad və iki çoban … İndi isə onlar çiçəyə döndülər. Baş kahin haqlı idi. – Psammetixin sözlərindəki rişxəndi hiss etməmək mümkün deyildi.
Firon öz intiqamını ala bildiyinə görə məmnun idi. İkiqat məmnunluğu isə ona görə idi ki, Baş kahinə də sübut etmişdi: insanlar çiçəyə ancaq bu cür çevrilə bilərlər. Bu ancaq çəngələ keçirildikdə baş verə bilər. Niyə Baş kahin bildiklərini heç də həmişə onunla bölüşmək istəmir?! Allahlardan, xüsusən də Ptax allahından çəkinir. Qoy çəkinsin! O, Psammetix isə Misir xalqının intiqamını bu frigiyalı çobanlarda qoymadı qalsın.
Artıq kəcavəsinə qalxmaq istəyən firon Baş kahinin arxadan kürəyinə iti neştər kimi sancılmaq istəyən pıçıltısından diksindi.
– Psammetix lütf edib mənə diqqət edərmi?
Firon maraq və təəccüblə Baş kahinə baxdı. Onun qırxıq və eybəcərləşmiş üzündə heç bir dəyişiklik görmədi və rahat-rahat köks ötürdü:
– Söylə!
Baş kahin sol əlini bir-birinin arxasınca dağ ətəyi boyu basdırılmış çəngəllərin düz qarşı tərəfində yolun o biri üzündəki al-qırmızı – sarı çiçəkliyə tərəf uzatdı.
Firon Baş kahinin işarə etdiyi o tərəfə ani bir nəzər saldı, sonra baxışını döndərib Baş kahindən «nə olsun?» soruşmaq istəyirdi ki, nə isə onun baxışlarını yenidən ağır-ağır çiçəkliyə tərəf yönəltdi. Baş kahin cınqırını belə çıxarmadan əllərini dizlərinə toxundurub hərəkətsiz qalmışdı. Firon Psammetix isə təəccübdən bərəlmiş gözlərini gördüyü bu mənzərədən ayıra bilmirdi.
Yolun o biri üzündəki çəmənlikdə rəngbərəng çiçəklər göz önündəcə bir-bir torpaqdan ağır-ığır dikəlib sarı, qırmızı libaslara bürünmüş adamlara çevrilirdilər.
Kamal Abdulla