Aktyor bu dəfə rolu ilə yox, qələmi ilə qarşımızda…

Loading

Aktyor Məmməd Əliyevin satirik hekayəsi   ilk dəfə“Partizanda”

Hədəf və yaxud Qırmızı kətil

Hər işi gərək vaxtında görəsən ki, gələcəkdə qızarıb pərt olmayasan. Ümumiyyətlə qırmızı rəng təhlükədir. İşıqforda qırmızı, təcili yardımda qırmızı ay-para xaç, futbolda qırmızı vərəqə və s. Sovetlər birliyi zamanı idman komplekslərindən məktəblərə gəlib şagirdləri müxtəlif idman növlərinə cəlb edirdilər. Döyüş idman növləri istisna. Onsuz da idmanın döyüş növünə gedən çox idi. Şagirdləri əsasən qılınç oynatma, qaçış, uzunluğa tullanma, atıcılıq  və s. cəlb edirdilər. Bu kimi idmanlara gedən yox idi. Əlbəyaxa döyüş idman növü deyildisə, heç kim getmirdi. Yəni azərbaycanlılar getmirdilər. Ruslar, yəhudilər, başqa millətlərdən olan qızlar, oğlanlar gedirdilər. Tez bir zamanda “idman ustası” fəxri adı alıb, qırmızı sovet bayrağı altında bütün dünyanı gəzirdilər. Azərbaycanlıların isə 98 %-ı məndən iki yaş böyük olan qonşu oğlan kimi deyir:

– Ala məktəbdə idman müəllimi gəlib mənə deyir:” get yazıl qılınc oynatmağa”. Didim: “müəllim, mən sənünçün Dartanyan zadam?

Deyir:” Onda atıcılığa yazıl, maraqlıdı. Müxtəlif odlu silah növlərindən ataçaqsan. İnanıram ki, idmanın bu növündə sən uğur qazanacaksan. Mən sənin rəhmətlik babanıda tanıyırdım, atanıda tanıyıram. Siz nəsillikcə quşbazsınız. Quşu gözündən vurmağı bacararsan. Hədəfi duzqun nişan ala bilersen. Didim” alə müəlllim mən səninçün Qoçu Əsgər zadaam?

***

Bir neçə ildən sonra( hansı fəsilin olduğunun bir elədə önəmi yoxdur). Axşam üstü məhəllədə səs-küy qalxdı, pəncərə sındı, qapı çırpıldı qonşuda qırğındı. Dörd-beş məhəllə uşaqları cumduq səs gələn həyətə. Gördük ata ilə oğul arasında bir balaca söz-söhbət düşüb. Ayırdıq,sakitləşdilər. Anası şikayət etməyə başladı:

– Görürsüz bunu? (əli ilə oğlunu işarə edərək ) qudurub daa. Götürdü bu qırmızı taburetkanı,vızıllatdı vurdu atasının başına.
Oğlanın atası:

– Yalan diyir, başıma deymədi, yanınnan keçdi.

Qonşu oğlan pərt oldu,qıp-qırmızı rəng aldı, başını aşağı salıb ürəyində fikirləşdi:

– Biyabır oldum qonşuların yanında. İndi deyəcəklər, bu nə fərasədsiz oğuldur. Üç-dörd metrdən də hədəfi düzgün nişan ala bilməyib.