“Cəhənnəm gözləmək idi” – Məşhur kitabdan seçmələr

Loading

“Partizan” Məlik Rzanın tərcüməsində Eduardo Qaleanonun “Hekayə ovçusu” kitabından seçmələr təqdim edir.

İzlər

Külək qağayıların izini silər.

Yağış insanın ayaq izini silər.

Qürub zamanın izini silər.

Təhkiyəçilər isə itkin xatirələrin, eşqin və ağrının sirli, lakin silinməyən izlərini axtarar.

Yolçuya tərif

“Min bir gecə” nağıllarının əsrarlı səhifələrində bu cümlələr yazılmışdır:

Get, dostum! Hər şeyi tərk et və get! Yayından çıxmayan oxun mahiyyəti nədir? Odun kimi qalsaydı ud, o mübhəm səslər bağrından necə qopardı?

Külək

Toxumları qara torpaqların bətninə gömər, dənizin canalan kimsəsizliyindən qorxmayanları cəzalandırar. Bəzən havanı təmizləyər, bəzən kirlədər. Bəzən uzaqda olanı yaxınlaşdırar, bəzən də yaxın olanı uzaqlaşdırar.

O toxunulmaz və əsrarlıdır.

Gah sığal çəkər, gah da sarsıdar vücudunu.

İstədiyi yerə əsərkən ya pıçıldayar, ya da bağırar. Lakin dedikləri havanın bağrında gizlidir.

Sirr gələcəyi özündə daşıyır.

Çində zamanı duyub gələcəyə dair hadisələri öncədən söyləyənləri küləyin aynaları adlandırırlar.

İtkin nəfəs

Dünya dünya olmamışdan və zaman zaman olmamışdan əvvəl hamımız Tanrıydıq. Bir gecə biz röyalarımıza batarkən aramızdakılardan biri nəfəslərimizi oğurladı. O gündən itkin nəfəslərimizin axtarışında sərgərdanıq.

Əl işi

Keşiş Devid 2000-ci illərin əvvəlində Tixuanda Meksikadakı kokain ticarətini idarə edən qara adamların sifarişli qətllərini peşəkarlıqla reallaşdıran qatilin günahlarını dinlədi.

Peşəkar qatilini adı Xorxe idi. İyirmi yaşı vardı və hər qətl üçün iki min dollar alırdı.

Keşişə quru səslə “Beş il kral kimi yaşamağı əlli il öküz kimi yaşamaqdan üstün bildim” demişdi.

Beş il sonra Xorxenin adı qara siyahıdan boy verdi. Çox şey bilirdi.

Beynəlxalq kokain ticarəti bu mexanizmlə işləyir. Bəziləri masaya burunlarını qoyur, bəziləri isə ölüləri.

Yaddaşın əlləri

Leninqrad adlandırıldığı dönəmdə Peterburqda şəhərin diriliş hekayəsini öyrəndim.

Şəhər 1941-1944-ci illərdə Hitlerin əsgərləri tərəfindən öldürülmüşdü. Bir vaxtlar Baltik ölkələrinin kraliçası, Çar Rusiyasının paytaxtı, bolşevik inqilabının beşiyi olmuş şəhər doqquz yüz gün fasiləsiz bombardmandan və mühasirədə qaldıqdan sonra ruhların dolaşdığı ölü şəhərə çevrilmişdi.

Bu faciədən iyirmi il sonra şəhərin əvvəlki halına qayıtdığını gördüm. Sakinləri onu parça-parça, günbəgün yenidən yaratmışdılar. İnşa planları fotoşəkillər, rəsmlər, qəzetlərin o dönəmi əks etdirən saylarındakı məqalələr, Peterburqdan bəhs edən romanlar və sakinlərin xatirələri əsasında hazırlanmışdı.

İtkin şəhər insanların yaddaşı zəminində tapılıb yenidən tikilmişdi.

Qapalı qapılar

2004-cü ilin avqust ayında Paraqvayında paytaxtındakı ticarət mərkəzlərindən biri yandı.

Üç yüz doxsan altı nəfər yanğında həlak oldu.

Kiminsə aldıqlarının pulunu ödəməyib qaçmaması üçün qapılar bağlanmışdı.

Cəhənnəmə səyahət

Ölümlərimin birində cəhənnəmə səyahət etdim.

Həmin uçurumlarda insanlara  dadmaq istədikləri şərab və yeməklərin, zövqünə uyğun sevgililərin, ruhlarının tənhalığını dolduran sədaların ərmağan edildiyini eşitmişdim.

Yalanlarla dolmuş kitabların digər aləmin dünyamızdakı reklamçıları olduğuna əminəm. Çünki müdhiş xilas vəd edən cəhənnəmdə sıraya düzülüb səbrsizliklə gözləyən insan qələbəliyindən başqa heç nə görmədim.

Qələbəlik, dumanların udduğu uçurumlarda uzun quyruqlu, mağara dövrünün lal ovçularından kosmosu fəth etmiş kosmonovtlara qədər müxtəlif zamanlarda yaşamış müxtəlif insanların vücudları ilə dalğalanırdı.

Hamısı gözləməyə məhkum edilmişdi.

Kəşfetdim – Cəhənnəm gözləmək idi.