“Yazıçı haqsızlıqlara reaksiya verməlidir, yazmalıdır!” – Nəsrin bulvar söhbəti

Loading

“Nəsrin bulvar söhbətləri” layihəsi çərçivəsində İlham Əzizlə Rəşad Səfərin növbəti həmsöhbəti yazıçı Mübariz Örən oldu.

Mübariz Örən “Balıq gülüşü” hekayələr kitabının müəllifidir. Bununla yanaşı, müəllifin silsilə hekayələri, esseləri, müsahibələri də müxtəlif vaxtlarda oxuculara təqdim olunub. 2019-cu ildə “Balıq gülüşü” hekayələr kitabına görə “Qızıl kəlmə” mükafatına layiq görülüb. 2020-ci ildə “Sodomor” romanı Fransada çap olunub.

***

“Partizan” üç nasirin söhbətini oxuculara təqdim edir.

İlham Əziz: Mübariz, xoş gördük. Deyirlər, “tarixi zorakılıq yaradır”. Bu zorakılığın yazıçıya təsiri məni həmişə maraqlandırıb. Elə ilk sualımı da bu fikirdən yola çıxaraq vermək istəyirəm ki, bizim son müharibəmiz sənə bir yazıçı kimi necə təsir elədi? Yaradıcılığında, özündə, həyatında hansısa dəyişiklik oldumu?

Mübariz Örən: Müharibə mənim üçün çox böyük ağrıdır. Bir milyondan çox adam köçkün düşdü, xalqımızın qüruru tapdandı, mənim atamın qəbri qaldı orada, gedib-gələ bilmədik. O torpaqlara geri qayıdanda yenə də getdim atamın qəbrinin ziyarət eləməyə, təəssüf ki, qəbrini tapmadım, bu da mənə ikinci zərbə oldu.

Mən ölkədən kənar yerlərdə yaşamışam, həmişə başqa xalqların insanları ilə söhbət eləyəndə soruşurdular ki, nəyə görə o torpaqları verib gəlmisiniz bura? Başımıza qaxırdılar, deyirdilər, sizin yekə-yekə danışmağa haqqınız yoxdur.

İkinci Qarabağ müharibəsi bizim gözlədiyimizdən də uğurlu oldu. Düzdür, biz bu qələbəni gözləyirdik, amma belə tez və belə möhtəşəm olacağını gözləmirdik. Bu problemin başqa həlli yox idi, danışıqlar gedirdi, hər cür variantlar təklif olunmuşdu, amma heç nəylə razılaşmadılar.

Yaradıcılığıma necə təsir elədi? Bir yarımçıq qalmış hekayəmdə müharibə mövzusuna toxunmuşam, o da sırf müharibəylə bağlı deyil.

Pafosla yox, sənətkarcasına bu mövzunu yazmaq, işləmək lazımdır, amma nə vaxt yazılacaq bu əsərlər, onu bilmirəm.  

Sizə bir sirr açım. Nasir olmağımda atamın ölməyinin böyük təsiri var. Atam öləndə mən əsgərlikdə olmuşam. Bir ildən sonra qayıdanda xəbər tutmuşam ki, atam ölüb. Adam özünə qapanır, ürəyini heç kimə aça bilmirsən, daxili dialoqlar-filan, bu ağrılar yazı prosesində özünü göstərir, mütləq mətnə də təsir edir.

Özümdə güc tapsam, ömür vəfa eləsə, müharibə haqqında nəsə yazacağam. Onu hiss edirəm.

Rəşad Səfər:  Yazıçılar ictimai məsələlərə digər sənət adamlarından daha həssas olurlar. Çünki modern ədəbiyyatın materialı insandır, insan problemləri, insan həqiqətləridir və ədəbiyyat da bunları sözlə ifadə edə bilmək sənətidir.  Bütün bunlarla həqiqi məşğul olan insan proseslərə daha ayıq gözlə baxa bilir.

Həyatımız da təkcə müharibədən, sülhdən ibarət deyil. Gündəlik həyatda kifayət qədər ictimai, siyasi, sosial problemlərlə, neqativlərlə üzləşirik. Müharibə hamımıza aid olan, milli bir problemdir deyə bu mövzuda danışmaq, fikir bildirmək daha “asan”, daha “rahatdır”.

Bəs yazıçının cəmiyyətdəki digər problemlərə reaksiya verməyi barədə nə düşünürsünüz? Belə bir məsuliyyəti varmı? Yoxsa başını aşağı salıb, işini görməli, romanını, hekayəsini yazmalıdır? Həm də bu problemlərin çoxu müəllif kimi bizə də təsir edir. Media, sözün, fikrin boğulması və ilaxır.

M.Ö: Sözsüz ki, yazıçı daha həssasdır. Mən özümü lakmus kağızı kimi hiss edirəm. Nəyin haqlı, nəyin haqsız olduğunu görürəm. İnsanların təqaüd məsələsini götürək. Biri alır 300 manat, biri də alır 3000 manat. Görün nə qədər haqsızlıq var. Təqaüdlər artanda da haqsızlıq olur. 300 manat alan adamın təqaüdü 60 manat artır, 3000 manat alan adamın təqaüdü 600 manat. İsveçrədə çox maaş alandan çox vergi tuturlar, az maaş alandan az vergi tuturlar. Ona görə də ortalama hamı eyni səviyyədə yaşayır və hamı xoşbəxtdir. Bizdə isə elə paylanılır ki, biri çox yaxşı yaşayır, özünə heç nəyi əsirgəmir, biri də çox pis yaşayır, işi qiymətləndirilmir.

Yazıçı da bu haqsızlıqlara reaksiya verməlidir, yazmalıdır. Demirəm ki, bütün gün sosial şəbəkələrdə ortaya düşüb ağlasın. Mən adətən gecikirəm fikir bildirməyə. Nəsə deyənə qədər artıq o məsələ gündəmdən düşür.

R.S.: Sual verməyimin də əsas səbəbi bu məsələlərdə fikirlərinizə, münasibətinizə rast gəlməməyimdir. Bəlkə də, olub, mən görməmişəm.

M.Ö.  Yazıçı məqalədə, müsahibədə, yazıda, yeri gələndə bu problemləri dilə gətirməlidir. Bunu yazmağın da yolları var. Yazıçı bu problemləri elə yaza bilər ki, həm onun təsiri çox effektli olar, həm də qışqırıq kimi çıxmaz.

İ.Ə: Sən “Yaradıcılıq” fakültəsində oxumusan, həm də bitirəndən sonra orda bir müddət dekan kimi işləmisən. Bəs nə oldu ki, orada işləməyə davam etmədin?

M.Ö: Bilirsiniz ki, “Yaradıcılıq” fakültəsi Kamal müəllimin (Kamal Abdulla) ideyası idi. Fakültə gənc yazıçılar, təzə başlayanlar üçün çox faydalı oldu. Kamal müəllim də ora ölkənin ən sanballı müəllimlərini dəvət etmişdi, həmin müəllimlər də uşaqlara mifologiya, fəlsəfə, nəzəriyyə öyrədirdilər. Uşaqlar yazıçılarla görüşürdülər, dostlaşırdılar, tənqidçilər onların əsərlərini oxuyub məsləhətlərini verirdilər, ədəbiyyat saytlarına çıxa bilirdilər. Bu mənada “Yaradıcılıq” fakültəsi bir ocaq, ev idi.

Kamal müəllim orda hər bir şərait yaratmışdı. Məni də ora dəvət elədilər, getdim. Bir müddətdən sonra uşaqlar azaldı, həvəsdən düşdüm. Birinci il 11 nəfər güclə yığıldı, ikinci il isə 1 nəfər gəldi. Sözün düzü, mən də utandım, fikirləşdim ki, yəqin, bacarmadım. Ona görə də sakitcə ordan çıxdım.

R.S: Keçən söhbətimizdə yazıçı Nərmin Kamalla “yaxşı roman nədir” mövzusunda danışdıq. Siz isə daha çox hekayələrinizlə tanınırsınız. İstəyirəm, sizə bu sualı hekayə kontekstində verim. Sizin üçün yaxşı hekayə nədir? Yaxşı hekayənin meyarları nədir?

M.Ö: Yaxşı sualdır. Əvvəla, deyim ki, hekayə göründüyü kimi asan janr deyil. Yəqin, Borxesin məşhur “Mif” hekayəsini hamı oxuyub. Habil və Qabil öləndən sonra görüşürlər səhrada, oturub ocaq qalayıb çörək yeyirlər. Birdən Qabil Habilin alnındakı çapıq izini görür, yadına düşür ki, Habili öldürüb. Əlindəki çörəyi atır, düşür Habilin ayaqlarına ki, mən səni öldürmüşəm, sən Allah, məni bağışla. Habil deyir, yadıma gəlmir, kim kimi öldürüb. Mən səni öldürmüşəm, yoxsa sən məni? Qabil deyir, əgər yadından çıxıbsa, unutmusansa, demək, bağışlamısan. Habil də cavab verir ki, əgər peşmansansa, deməli, hələ özünü günahkar hiss edirsən.

Görün, balaca bir hekayədə nə qədər mətləblər var. Elə bilirsiniz, bu sadəliyə gəlib çatmaq asandır? Bu sadəliyə çatmaq üçün nələri öz süzgəcindən keçirmək lazımdır.

Yaxşı hekayə bütün standartları gözləyən hekayədir. Özünüz də bilirsiniz, hekayənin ideyası, forması, süjeti, təhkiyəsi, fabulası olmalıdır.

Nə yazmaqdan çox, necə yazmaq da vacibdir. Çox vaxt birinci cümlə alınırsa, o cümlə hekayəni parovoz kimi dartıb arxasınca aparır. Birinci cümlə düzgün olmayanda nə qədər əlləşirsən, o hekayə getmir. Ən azı, məndə belədir. Bəlkə, başqası deyər ki, alınmır, alınmır da, cəhənnəmə, yazım sabah verim “Kulis”ə, çıxsın getsin.

Hekayə daha çox məsuliyyət tələb edən janrdır. Hər sözün üstündə əsməlisən. Söz daş kimidir. Necə hörgüdə yerinə düşən daşı axtarıb tapırsansa, hər sözün də öz yeri var, onu axtarıb tapmalısan. Onu tapanda mətn canlanır. Hekayəyə nə qədər enerji sərf edirsənsə, oxucu da həmin enerjini hiss edir.

Hekayə bütöv olmalıdır, nə demək istəyirsənsə, deməlisən və hekayəni bitirməlisən. İndi deyirlər ki, bitirmədim hekayəni, axırını oxucuya saxladım, mətndə xaos yaratdım və sair. Bunlar da düzdür. Amma həmin xaosun gizli bir nizamı da olmalıdır.

Məsələn, Kamal Abdullanın “Kölgə” adlı hekayəsi var. Oxumayanlar, tapıb oxusun. Görün o hekayənin axırı hara gedib çıxır? Hər kəs oxuyandan sonra bir son başa düşür.

İ.Ə: Məşhur bir fikir var, deyir, “hekayədə reallıq təxəyyül, təxəyyül də reallıq kimi yazılmalıdır”. Bəs sən hansı ilə daha çox işləyirsən? Təxəyyüllə, yoxsa reallıqla?

M.Ö.: Fərqlidir. Elə hekayə var, reallığın enerjisi ilə yazmışam, eləsi də var təxəyyüllün enerjisi ilə.

Məsələn, “Qar tanrısı” hekayəmin tarixçəsi maraqlıdır. Bir dəfə dostum Səxavət Sahillə Yessentukidəydik. Bilet alıb getdik dağlara ekskursiyaya. Səhv eləmirəmsə, Dombay dağına. Oradan Elbrus dağı görünür. Bələdçimiz bir xanım idi, bizə maraqlı söhbətlər, əhvalatlar danışırdı.

İki çobanın əhvalatından söz açdı. Bu çobanların biri cavan olur, biri qoca. Bunlar Elbrusu fəth etməyə gələn ekspedisiyaya yol göstəriblərmiş. Bu ekspedisiyada Coul Lents adlı məşhur alim varmış. Zirvəyə çatmağa az qalmış bu məşhur alimin vəziyyəti ağırlaşır. Qızdırması qalxır, titrəyir, atmosfer çatışmazlığından xəstələnir. Bu iki çobandan biri onu düşərgəyə qaytarmalıdır. Qoca çoban bir az hiyləgər olur, cavana deyir, sən cavansan, biz də qonaqpərvərik, dağlıyıq, xəstəni belə saxlamaq bizə yaraşmaz, bunu sən endir düşərgəyə. Nəsə, cavan çoban alimi aşağı salır. Bu qoca çoban isə ekspedisiya ilə birgə Elbrusu fəth edir, hər yerdə məşhurlaşır, tarixə düşür, indi hətta yolun üstündə onun heykəli də var.

Mən bunu eşidəndə istədim ki, bu ədalətsizliyi bərpa edim. Axı belə ola bilməz. Hər halda, axtardım bu hadisəni bir az araşdırdım. Sonda hekayəni yazdım. Təbii ki, müxtəlif rənglərlə.

Yəni həm reallıq olmalıdır, həm də təxəyyül. Biri bədəndirsə, o birisi ruhdur.

R.S: Biz bir-birimizi əsasən sözlər və ifadələr vasitəsilə başa düşürük. Bu ifadələrin, sözlərin məna yükü də insandan insana dəyişir, o sözə verdiyimiz məna yükü hər insanda fərqlidir deyə çox vaxt anlaşmaq çətin olur. Son vaxtlar bəzi anlayışların tarix boyu təkamülünə baxıram, qarşıma çıxdıqca qeyd edirəm.

M.Ö.: Məsələn, hansı anlayışları nəzərdə tutursunuz?

R.S.: Məsələn, “orijinal” sözü. “Orijinal” sözü bir zamanlar bir şeyin “origin”dən, yəni kökdən gəlməsi və dəyişməz həqiqət kimi davam etməsini nəzərdə tuturdu. Orijinal deyilən şey əvvəllər daha çox bir vahid həqiqətə, özündən əvvəlkinə uyğunluqla bağlı idi. Əgər bir şey orijinal idisə, kökdən gələn düşüncəyə uyğun olmalı idi, sənətdə yenilik sevilməyən xüsusiyyət idi. Amma bu gün orijinal özünəməxsus, yeni olmaq deməkdir.  

Yaxud da hüquqda “təbii hüquq” anlayışı var. Bir zamanlar təbii hüquq göylərdən tanrının, bir növ, yerə insanlarçün göndərdiyi hüququ, hüquq sistemini ifadə edirdi. O hüquq kanonu, kilsəni, tanrını insandan yuxarıda tuturdu, hamı o hüquqa tabe olmalı idi.  Amma bu gün təbii hüquq deyəndə insan anadan olanda onunla bərabər doğulan hüquqlar nəzərdə tutulur. Bugünkü təbii hüquq insanı gücə, dövlətə qarşı qoruyur.

“Gerçəklik” anlayışı da belə təkamüldən keçib. Orta əsrlər sxolastik fəlsəfədə “gerçəklik” ilahi həqiqət, insanın duyğu orqanları ilə əldə edə bilmədiyi metafizik gerçəklik mənasında işlənirdi. O gerçəklik əbədi və əzəli idi, heç vaxt dəyişmirdi. Modern dövrdə gerçəklik insanın duyğu orqanları ilə hiss etdiyi, anladığı şeyləri nəzərdə tutur daha çox. Gerçəklik dəyişəbiləndir. Maraqlıdır ki, bu gerçəklik anlayışını ən çox deformasiyaya uğradan ədəbiyyat olub.  Bu mənada roman janrı çox böyük rol oynayıb. Göylərdə olan gerçəkliyi yerə, insana, fərdə endirib.

Amma bu gün də müxtəlif insanlarda gerçəklik, həqiqət kimi anlayışlara yanaşmalar, onlara verilən məna yükləri fərqlidir. Buna görədir ki, ədəbiyyat və gerçəklik mövzusu mütəmadi müzakirə olunur. Gerçəkliyi necə anlayırsınız və  ədəbiyyatla gerçəkliyin münasibəti necədir sizcə? Bir mətni, hekayəni yazarkən hansı texnikadan və hansı üsullardan istifadə edirsiniz ki, anladığınız gerçək kimi görünsün? Hər gerçəklik ədəbiyyata gələ bilərmi?

M.Ö.: Hər şeyin ədəbiyyata gəlməyi ilə razılaşan və belə yazan yazıçılar var. Amma mən elə yazmıram. Hər şeyi tam gerçəkliklə yazmaq mənim maneram deyil. Mən o gerçəkliyə bir az ironiya, bir az parodiya etməyi, bir az müxtəlif rənglər qatmağı xoşlayıram.

“Ağ buludlar” hekayəmi Seymur Baycan oxumuşdu, çox xoşuna gəlmişdi. Yazmışdı ki, bəzi səhnələri çox real, çox yaxşı yazmısan. Amma mifologiyanı-filan nahaq qatmısan ora.

Seymur belə qəbul edir, belə başa düşür ədəbiyyatı. Onu da başa düşürəm. O elə yazır, mən də belə yazıram. Ona görə hər kəs bir-birinə necə yazmaq barəsində icazə, rahatlıq verməlidir.

Fikirləşirəm ki, gerçəklik olduğu kimi heç kimə maraqlı deyil.

R.S.: Sizin hekayələrinizi oxuyanda çoxlu ləhcələrə rast gəlirəm. Oxucu kimi mətndə ləhcələri xoşlamıram. Məndə belə bir düşüncə yarandı ki, oxucunu gerçəkliyə inandırmaqdan ötrü bu ləhcələrdən istifadə etmisiniz. Ləhcədən istifadə etmək müəllifin gerçəkliyi ən asan yolla çatdırmaq istəyidir.

M.Ö.: Haqlısınız, ləhcədən bacardıqca qaçmaq lazımdır. İlk hekayələrimdə istifadə etmişəm. İndi oxuyanda onlar vurur adamı. Yəqin Sovet ədəbiyyatından qalma şeylərdir. Son hekayələrimdə yoxdur.

Bir məsələ də var ki, mətndəki bütün obrazlar eyni danışa bilməz. Taksi sürücüsü həqiqətən də həyatdakı taksi sürücüsü kimi danışmalı, onun kimi fikirləşməlidir. Yoxsa mətn inandırıcılığını itirər.

İ.Ə.:  Hekayə bütün texnikalara, hər cür üsullara açıqdır. Bu texniki vasitələr mətni bir yerdən başqa yerə aparmağa xidmət edir. Səncə, əsas məsələ, mətnin hara getməyidirmi? Sən yazanda mətnin hara gedəcəyini, harada bitəcəyini bilirsənmi?

M.Ö.: Mən hekayəyə başlayanda onun sonluğunun hara gedəcəyini bilmirəm. Əgər müəllif öz mətninin sonluğunu bilirsə, əsl oxucu da bir az oxuyandan sonra mətnin hara gedəcəyindən şübhələnə bilər.

İ.Ə.: Deyirlər ki, böyük yazıçı heç kimdən təsirlənməyən yox, hamıdan təsirlənən, hamıdan istədiyini götürən yazıçıdır. Bəs sən kimdən, kimlərdən daha çox təsirlənmisən.

M.Ö.: Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti var. Onu oxuyanda mən dəhşətə gəlmişdim. O texnikanı necə tapmaq olar? Bir dənə elə mətn yazsam, dünyada məndən xoşbəxt adam olmaz.

“Balıq gülüşü” povestimi yazanda, nə mifologiyadan, nə də fəlsəfədən elə çox məlumatım var idi. Amma tənqidçilər oradan mifologiya da, fəlsəfə də çıxarırlar.

Məsələn, bir dastan oxuyuram, oxuduqca yadıma düşür ki, bunu haçansa oxumuşam. Halbuki, oxumamışam. Bu insanın mahiyyətidir. Hər şey insanın canındadır.

R.S.: Yazı prosesiniz necədir? Hər gün yaza bilirsinizmi?

M.Ö.: Mən hər gün yazırdım, ta ki Şəhriyar Del Gerani bizim qonşuluğumuza köçənə qədər. (gülür)

Zarafat bir qırağa, yazmaq mənim üçün çox əziyyətli prosesdir. Yazmaqdan çox pozuram. Yazmaq mənim üçün poz-qazandır. Elə pozuram, pozuram, axırda heç nə qazanmıram.

Yazıçı var, deyir ki, bir hekayə başlamışdım, böyüyüb roman oldu. Mənsə bir hekayə yazıram, o qədər pozuram-pozuram, balacalaşıb heç nə olmur. Həvəsdən də düşürəm. Nə qədər pozmaq olar?

İ.Ə.: Azərbaycan nəsrində ən çox bəyəndiyin 5 nasir saya bilərsənmi?

M.Ö.: Əkrəm Əylisli, Yusif Səmədoğlu, İsa Muğanna, İsi Məlikzadə, Sabir Əhmədli.

İ.Ə.: AYB-nin üzvüsən. Sən elə bir dövrdə yazmağa başlamısan ki, həmin dövrlər AYO da yaranıb məşhurlaşmağa başlamışdı. Bəs nə oldu ki, daha azad məkan olan AYO-nu yox, AYB-ni seçdin?

M.Ö.: Mən, əslində, heç birini seçməmişəm. AYO yarananda mən burda olmamışam, həmin dövrlərdə Rusiyada yaşayırdım. Bura qayıdanda isə AYO da vardı, AYB də. AYB-ə iki il bundan qabaq üzv olmuşam. Yəni ona qədər tərəfsiz idim. Hər iki tərəfdən də mənə qarşı münasibət yaxşı olub.

Tutaq ki, AYB-də mən kiməm ki? Heç kim. Sadəcə sənəd vermişəm, qəbul ediblər. Necə ki, ora qəbul olunmuşam və heç nə dəyişməyib, sabah ordan çıxsam da, yenə heç nə dəyişməyəcək.

AYB-də Səlim Babullaoğlu kimi işıqlı adam var. İlk kitabımı da Səlim Babullaoğlu qabağa düşüb çıxardı. Bir dəfə də AYB vasitəsilə Moldovaya nəsr festivalına getmişəm. İndi Səlim müəllim AYO-dadır, AYB-dədir, mənim üçün fərqi yoxdur.

“Alatoran” jurnalını həmişə oxuyurdum. Sonra tək-tək oradan parlaq imzalar çıxdı.

AYO öz-özünə dağıldı, mən orda birlik, ocaq görmədim. Bəlkə də, olub, amma mən görməmişəm.

Amma başa düşmürəm ki, burda niyə belə konfrontasiya var? Hətta görürəm AYB-ə getdiyim üçün yaxın dostlarımdan bəzilərinin də mənə qarşı münasibəti dəyişdi. Nə üçün, bax bunun səbəbini bilmirəm. Mən axı AYB-dən heç nə ummuram. Kim umur, özü bilər.

Sual mənim üçün aydındır, amma AYB-ə üzv olmaqda, problem görmürəm.

R.S.: Nə yazırsınız indi?

M.Ö.: Bir roman var, yarısını yazmışam, bir neçə təzə hekayə də var, hələlik çap etmirəm.