And olsun mavi sulara və yaşıl yosunlara, burda rənglər də ölüb, cənab leytenant.

Loading

“Partizan”  İlhamə Kədərin  “Zimhəri” romanından  növbəti parçanı təqdim edir…

Zimhəri

Sonu göy üzünə birləşən soyuq cəhənnəm iliklərinə işləyəndə yadına nənəsinin danışdığı sözlər  düşdü, bəziləri cəhənnəmdən bir anlıq çıxacaq, lakin bu vaxt elə bir soyuqla  qarşılaşacaqlar ki, qayıdıb özlərini cəhənnəmə atacaqlar.O soyuq əslində cəhənnəmin ən əzablı qatıdır, adına “zimhəri” deyirlər.

Elə həmin andaca cəhənnəm mələyi Malik odlu maşasını uzadıb onu siçan balası kimi  tutdu və soyuq cəhənnəmdən kənara tolazladı.

Başının nəyəsə bərk dəydiyini, bütün vücudunun ağrılı bir istilik bürüdüyünü hiss etdi, amma nə qədər çalışsa da gözünü aça bilmədi.

Qulağının dibində tanış səs eşidildi:

-Sən neynədin, qaqam?

Uşaqlıq dostunun səsi idi, hamı kimi o da “qaqam” deyirdi “Qarışqaya”.

Üç ildən bir az çox olardı görmürdü onu.Başqa hissədə, o da öz atasının yanında idi.O da Qarışqa kimi “rabitə komissarı” idi .

Əvvəllər, lap balaca olanda həmişə bir yerdə oynayırdılar, məktəbə də bir gedirdilər.

Bütün uşaqlar mərmi səsini eşidib gizlənəndə onlar qorxa-qorxa da olsa atəş səslərini sayar, hansı istiqamətə neçə raket, neçə top mərmisi düşdüyünü təxmin edərdilər.

Atışma sakitləşəndən sonra qaratəhər-boz, ucu til, çoxlu eybəcər çıxıntıları olan mərmi parçalarını toplayıb “dava-dava” oynayırdılar.

Onsuz da müharibə çadrasını başına salıb küpəgirən qarı kimi uşaqların başının üstüylə uçur, bütün oyunlarına kölgə salırdı.

Hətta gizlənpaç oynayanda oxuduqları “sayma-sayma” da özlüyündə bir müharibə idi:

-Eşşək girdi hamama,

Başladı anqırmağa:

-İa,ia,soyuqdu,

Ermənilər toyuqdu.

Harda gördün erməni.

Vur başına vedrəni.

Yox, yox, vedrə heyifdi,

Vur başına gülləni.

 

Və yaxud.:

-Ata, hara gedirsən,?

-Qarabağa gedirəm.

-Qarabağda düşmən var.

-Çıxarmağa gedirəm.

-Tanknan gəlim “BTR”nən?

-Hamsını birdən gətir.

 

Bu oyun əslində belə idi: iki dəstəyə bölünmüş uşaqlar üz-üzə dayanıb oxuyurdu:

– “Qara qazan doldumu?

-Doldu da, boşaldı da.

-Çömçə yarım oldumu?

-Oldu da, boşaldı da.

Bu oyunun adı “Qara qazan” olanda qazanlar ehsan üçün qurulmurdu.

Hər evin qazanında bişəcək nəyisə var idi onda.

Bu oyunun adı “Qara qazan ” olanda atalar qara torpaqda yatmır, analar qara örpək bağlamırdı.

İndi eşitdiyi bu tanış səs də indiki kimi qara deyildi.

Birinci dəfəydi ki, səsin rəngi olduğunu görürdü, gözləri yumulu olsa da qapqara bir səs qulaqlarına çöküb, qudurmuş pişik kimi cırmaqlayırdı:

-Neynədin sən,Qarışqa,niyə belə elədin qaqam?

Qara səsin nə vaxt, harda qırıldğından xəbərsiz, dibi bilinməyən bir yarğandan yuvarlandığını hiss etdi.Yarğanın divarına toxunduqda göyümsov səsin ritmini tutmağa başladı “tap,tap,tup.Tup,tup,tap”.

Sonra qəflətən, lalə kimi qıpqırmızı bir səs (onda lalələr qan rəngində yox,nar rəngindəydi) yod və qan qoxusuyla bərabər üstünə çökdü:

-Elektroşoku qoşun!

Zəif yaşıl rəngli səs ilğım kimi titrədi:

-Qoşdum.

-Bir, iki, üç.

– ,,,,,,,,

-Bir, iki, üç.

-,,,,

-Tüü, müharibə salanın əbəcdadına lənət, getdi bir parça uşaq.

-Vaay, heyif.

-Yaz qızım, saat 15 :20-də əzilmiş, deşilmiş kəllə zədəsi ilə hospitala yerləşdirilən xəstə bütün müdaxilələrə rəğmən müsbət reaksiya vermədi, nəticədə sözü gedən yeniyetmə 16:40 radələrində “X” oldu.

“Nə, mən necə “X”olmuşam ki, hər şeyi eşidirəm? Axı mən sağam, mən ölməmişəm”-deyə qışqırmaq istədi, amma nə qədər çalışsa da səsi çıxmadı.

Təəccüblü o idi ki, indi gözləri açılmışdı, göyümsov, ağ proyektorlarla süd kimi işıqlanan ağ divarı, yaşıl paltarlı həkimləri, hətta əməliyyat masasında uzanmış özünü belə aydınca görürdü.

Orta yaşlı dolu bədənli həkim əlindəki qanlı, yodlu əlcəyi soyunmadan əlini başına atıb papağını çıxardı.Əlçəkdəki xınayı rəng təkcə papağı yox, qulağının üstünə düşən gümüşü saçlarını da rənglədi.

Birdən leytenantı gördü, əlindəki nimçədə iki alma, iki armud var idi.Nimçəni başının üstünə qaldırıb qışqırdı:

-Mən bu meyvələri istəyirəm, amma bunlar həqiqi deyil, get mənimçün həqiqətini gətir, ikisi sənin, ikisi mənim, get, Qarışqa, tez ol get, mənim meyvəmi göndərməmiş də gəlmə.Tez ol get, yoxsa o qara arvad ayaqlarını qıdıqlayacaq.

Leytenant bunu deyib onu möhkəm itələdi.

Arıq, balaca qadın ağ xalatının qolu ilə üzünü silib-“Allah bunların evini yıxsın, day nə qədər evlərin çırası sönəçək”-deyə lənət yağdıra-yağdıra üstünə ölüm tarixi, ad-soyad yazılan müşənbəni tənzifə keçirib onun ayağına yaxınlaşanda yadına düşdü, axı,ayaqları çox qıdıqlanır, bu “sklet” ayağına toxunsa qışqırıb hamını başına yığacaq. Necə olduğunu özü də bilmədən ayağını ağ parçanın altına çəkdi, bu an yenə görüntülər itdi ,ancaq səslərin rəngi qaldı

:-Həkiiim, xəstə sağdı.

-Ay qız, sən nə danışırsan? Özünü ələ al, havalanmısan nədi?

-Həkim, vallah, billah ayağı tərpəndi.Baxın, baxın nəbzi də atmağa başladı.

-Tez “trubka”nı keçir.Oksigeni təzədən qoş.

Artıq təkcə səslər eşidilmir, toxunuşları da hiss edirdi.

Ayağından başlayıb bütün vücuduna yayılan qarışqalar gicitkan kimi dalayır, qaratikan kimi cızıb acışdırırdı.

Üzünə ard-arda, yüngülcə dəyən şillələrdən bezib hər birindən bir ovuc qurğuşun asılmış göz qapaqlarını açdı, hər yer əvvəlcə qara, sonra qırmızı, daha sonra boz-bulanıq pərdəyə büründü.

Boz pərdə çəkildikcə yaranan şiddətli ağrılar hər şeyi unutdurmuşdu, leytenantdan başqa.

Gündə əlli dəfə dəyişən rənglərin içində öz rəngində gəlirdi leytenant .Hər dəfə də, məyus, yorğun baxışlarla uzaqdan baxıb əlindəki nimçəni fırladıb yox olurdu.

***

Gecə ilə gündüzün rəngini, zamanını çoxdan unutmuşdu Qarışqa. Huşla açıqlıq arasında can çəkirdi.

Bir dəfə huşunun dərinliyindəykən yenə gəldi leytenant. Qan tər içindəydi, eynilə son dəfə gəldiyi kimi…

Yenə uzaqda durmuşdu, nəfəsi kəsilə-kəsilə :”Mən çox gec gələcəm” -dedi,- “onda da gəlib payımı aparacam”.

“Getmə”-deyə yalvarmağa başladı onda:

-Məni bu cəhənnəmdə qoyub getmə.Axı niyə gələ bilməyəcəksən?Heç olmasa onu de.

Leytenant əllərini üzünə çəkdi, onda gördü ki, yosun rəngli gözlərinin yerində qap-qara boşluq var, barmaqları kəsilib dəridən sallanır.

-“Baaax” -dedi,-“ayaqlarımı da kəsiblər”.

Doğrudan da, hər iki ayağı dizdən aşağı yox idi, eləcə havadan asılı dayanmışdı, açıq mündirini yaxasından, başdan-başa yarılmış sinəsində qaralan boşluqda bircə dənə, lap iynə ulduzu boyda ağ nöqtə var idi.Səsi də o nöqtədən gəlirdi:-“Yevrey”i də vuracaqlar, İsgəndəri də.Hələ çooox gələn olacaq bura, hamısını mən qarşılayacam,birdə 13 ildən sonra gələcəm .Sən də dözümlü ol, çünki yükün çox ağır olacaq, çoooox.

.

***

Gözəl bir yaz günü evə buraxılanda xəstəxana otağından kənarda həyatın davam etdiyini gördü.

Evə gedən yolda dik bir döngə var idi, həmin döngədə sürücü maşını saxladı ki, düşüb bir az hava alsınlar.Uzun vaxtdan sonra ilk dəfə ayağı torpağa dəyən Qarışqa gözlərini yumub təmiz havanı ciyərlərinə çəkdi. Havadan müharibədən əvvəlki qoxu gəlirdi…Gözlərini açıb ətrafa boylandı, yolun qırağında, daşların arasından bir topa bənövşə boynunu büküb balaca, sarı gözlərini ona zilləmişdi.

Bəli,həyat davam edirdi -yaşaya bilənlər üçün .

***

Evə gəlib-gedən çox olsa da, danışan az idi, elə bil insanların səsi də qar uçqununa düşmüşdü.

“Başı gicəllənib balkondan yıxılan” Qarışqa fikir verdi ki, gələnlərin hamısının üzü toplanmış qar rəngindədir, ayağını qaçaraq qoymuş ruhlar bir himə bənddir, quruyub qova dönmüş bədənlərini əlindən qurtarsın.

Atası evdə yox idi .Soruşanda:

-Rem batalyona (döyüş texnikalarının təmir edildiyi yerə belə deyirdilər) gedib.- demişdilər.

Güclü partlayış səslərinin ardı-arası kəsilmirdi.Atışma yenə şiddətlənmişdi.

Gələn meyidlərə uzaqdan baxırdı artıq.Baxırdı deyəndə, üzü yol tərəfə, gözüyumulu dayanıb səslərin kəsilməsini gözləyirdi.Nəsə deməyə, nəyəsə toxunmağa gücü qalmamışdı.

Leytenantın mundiri olan dolaba çarəsizcə nəzər salmaqdan başqa heç nə gəlmirdi əlindən.

***

Həmin gün uşaqlıq dostu ilə çay kənarında oturub suya baxırdılar, yenə roket səsləri gəlirdi.

Onlardan xeyli aşağıda bir neçə uşaq “çiling-ağac” oynayırdı.O birilərə qarışmayan iki uşaq yenicə dən tutan əvəliklərin dənini balaca vedrəyə sıyırıb, güya inək sağırdı:

-Cuğum, cağım, ay inəyim.

Səni sağım, ay inəyim.

Acınnan ölürəm, ay inəyim.

Qızın “nəğməsi” ürəyini titrətdi, diqqətini uşaqlara toplayanda tanıdı, ataları davada ölmüşdü, analarıyla qalırdılar çayın üstündəki balaca daxmada.Çox vaxt ac olurdular.Özünü qınadı: “Gör neçə vaxtı onlara çörək aparmıram”.

“Kaş bu əvəliklər həqqiçi inək olaydı, sağıb südünü içərdik”.-deyirdi qarasaç.

-Yox e, yağ yaxmacı olaydı, nə yeyərdim.

“Heç olmasa, bircə belə çörək olaydı”-uşaq barmaqlarının ucunu göstərdi.

Bu mənzərəyə dayanmaqmı olardı?

Tez evə qaçdı, anası təzəcə bişirdiyi iki çörəyi süfrənin üstünə qoymuşdu ki, soyusun.

Tez çörəyin birini götürüb qapıdan çıxanda arvad dalınca səsləndi:

-Qarışqa, qadasın alım, aparıb itə-pişiyə dağıtma, axırıncı unumuzu bişirmişəm.

-İtə vermirəm, uşaqlarla yeyəcəm.

Anasına belə dedi, amma özü bir yana yazıq uşaqlıq dostuna da bircə tikə vermədi o çörəkdən,heç o da istəmədi.

Uşaqlar əliçörəkli Qarışqanı görən kimi qabağına qaçıb çörəyi aldılar, amma utandıqlarından nə yeyə bildilər, nə də təşəkkür etdilər, başlarını aşağı salıb lal-dinməz dayandılar eləcə.

Başıyla dostuna işarə etdi, yəni “gedək,yesinlər”.

Evə təzəcə çatmışdılar ki, qulaqbatırıçı səs yeri-göyü lərzəyə gətirdi, dönüb baxanda, bayaqkı uşaqların yerində qara tüstü çıxan qırmızı tonqal görüb ora yüyürdülər.

Uşaqlardan geriyə qalan ovcunda bir parça çörəyi möhkəm sıxmış tək qol sudan çıxmış balıq sayaq çapalayırdı.

Partlayış yerindən bir neçə addım aralıda, uşaqların anası dizi üstə düşüb alma boyda olmuş gözlərini o tək qola dikib qalmışdı. Ağzından qan qarışıq sap-sarı maye axan ana elə diziüstəcə keçinmişdi.

Günortadan sonra-atışma bir az ara verəndə camaat yığışıb partlayış yerinə gəldi, yalandan, gerçəkdən, beş-on parça tapıb iki mafə düzəltdilər.

Ananı və balaları gün əyiləndə basdırıb hərə öz evinə dağıldı.

Yas mərasimi olmadı.

Onsuz da hər ev bir yas evi idi.

Kəndin ortasında yekə, mis bir samovar qoymuşdular, yanındakı stolun üstündə beş-on daş stəkan, bir qab kəpəkli çörəyə oxşayan “konfet” qoyulmuşdu.

Kişilərin hamısı cəbhədəydi, qadınlar və uşaqlar isə …

Elə onlar da cəbhədə idi.Hər gün roket və top mərmiləri, dağılan evlər, qol budaq olan ağaclar, yaralananlar, ölənlər, içində ölüb üzdə diri görünənlər…

Həyat beləcə davam edirdi, iki daşın, iki odun, iki dünyanın arasında.

Kim bilir, nə qədər Qarışqalar var idi əzrayılın bıçağından asılıb “al canımı” deyə yalvaran.

***

Bir gün axşam üstü xəbər yayıldı ki, Aşot adlı bir dığa dumanda azıb, bizim tərəfə keçibmiş .Ermənilər deyib ki, onun yerinə 6 cəsəd bir əsir verməyə hazırıq.

Bu xəbəri eşidən-eşidən kənd meydanına axışmışdı, hamı gözləyirdi ki, kimsə bu məlumatın doğruluğunu dəqiqləşdirmək üçün briqada ilə əlaqə saxlasın, əlaqə isə heç cür alınmırdı.Yenə bircə yol qalırdı:Canlı teleqraf.Hamının  gözünü “Qarışqa”ya dikmişdi, o isə baxışlarını yerdən qaldırmır, leytenantın sözlərini ürəyində təkrarlayıb özünə diktə edirdi:-Birdə xəritə çəkmə, çəksən də özün vermə,göndər.

“Bəs o sağdısa, Aşotla onu dəyişsələr?” ağlından keçənə inanmasa da özünə təsəlli verdi:”ölübsə də meyidini alarıq”.Bu fikir sanki ona güc, qüvvət verdi, irəli yeriyib əlini qaldırdı:

-Mən gedib, xəbər gətirəcəm.

-Mən də sənnən gedirəm,-uşaqlıq dostu da qabağa çıxdı,- tez gedək.

-Bir dəqiqə dayan.

O,evə qaçıb xeyli vaxtdan bəri aralıdan, çarəsizcə baxdığı dolaba yaxınlaşdı, əlləri də ürəyi kimi əsə-əsə politeyin torbanı çıxarıb açdı.Qan,barıt və “silver” qoxusuna indiyə qədər heç yerdə hiss etmədiyi bir ətir qarışmışdı.Eləbil aprel ayının sonlarında çiçəkli çəmənə düşmüşdü, hər çiçəkdən bir ətir qopub gəlirdi, bənövşəyə də bənzəyirdi, qızılgülə də, reyhana da, dağnanəsinə də.

Mundiri bağrına basıb:

-Onsuz da öldüyünü bilirəm.

Deyə acı-acı ağladı,-heç olmasa o yuxum yalan olaydı, əgər gözlərini çıxarıblarsa, əl-ayağını kəsiblərsə …

Bu vaxt ağlaşma xoru yüksəldi: -onun dalınca evə girən qadınlar  bir ağızdan ağlamağa, saç yolub sinə yırtmağa başladı.Bircə anası astaca “anan ölsün” deyə təkrarlayıb divara söykənmişdi.

O, ətirli mundiri əyninə geyib boz papağı başına basdı .Qapıdan elə şəstlə çıxdı ki, sanki o qayaarası yolda leytenantla yenidən qarşılaşacaqdı.

Bircə anın içində bütün səslər susmuş, qayalıq istiqamətindən başqa bütün görüntülər itmişdi.

Sonralar uşaqlıq dostu onun dalınca tənginəfəs halda:”bir az yavaş get “,-deyə necə “əllov” çəkdiyini dəfələrlə danışırdı.Yazıq uşaqlıq dostu …

Çayı nə vaxt keçdi, dik yoxuşu nə vaxt dırmanıb tapcanaya çatdığını bilmədi.Bircə onu hiss etdi ki, ürəyi qulaqlarında döyünür, ciyərlərinə çəkdiyi hava boğazından aşağı keçə bilmir.

Açıqlıqla meşənin arasındakı sonuncu ağaca söykənib dayandı.Boynunun arxasına ard-arda iki -üç damcı düşdü.Başını qaldırıb yuxarı baxdı.Budağı kitillənib tökülmüş vələsin ağ “yarasından”  su damcıları tökülürdü.

Mərmidən qol-qanadını itirən ağacın göz yaşları can verən adamın ürək döyüntüsü kimi nizamı pozulmuş halda, toxunduğu yerə görə səs dəyişirdi:-Tap,tup,tıq.

Ağaclar da “nəsibini” almışdı müharibədən.

-Qarışqa, çiyələklərə bax, gör nə qəşəng dəyiblər, sən iki dəqiqə otur, yığıb gətirirəm.

Dostunun səsi  diqqətini  yaralı vələsdən ayırdı:

-Çiyələk hayıdı?-deyə başını buladı, sonra da “birdən xətrinə dəyər” düşüncəsiylə əlavə etdi:-Sən yığ, mən bulaqda əl-üzümü yuyum.

Asta-asta bulağa tərəf addımladı.

Böyürtkən kolları qol-boyun olub torpağın eybini örtmüşdü.

Bir vaxt bulaq olan yerdə xırda daşların qovrulduğu çala ağzını göyə açıb zülüm-zülüm ağlayırdı…