“Şuşanna Kazaryan bakirəliyini itirir!”

Loading

“Partizan” məşhur gürcü yazıçı İrakliy Kvirikadzenin  “Paracaniada” oçerkindən kiçik bir hissəni Babək Məmmədlinin tərcüməsində təqdim edir.

Gecənin bir vaxtı Marçello Mastroyannini  tərçüməçi xanımla birgə Paracanovun evinə apardım. Evin küçəyə baxan pəncərələri qaranlıq idi. Qapını qorxa-qorxa itələdim; cırıldayıb aralandı. Qədəmlərimizi zülmətə qoyub sirli qeyri-müəyyənliyə doğru ehtiyyatla addımladıq. Birdən qarşımızda qəfil işıqlandı; Serqey otuza yaxın dostunu gözəl süfrənin ətrafına yığıb dəyərli qonaqlarını belə qarşıladı. Bu dostların arasında rəssam, Tiflis hamamının kisəçisi, memar, opera suflyoru, brilliant alverçisi, “Qruziya film”in partorqu, həkim, bərbər var idi. 

Paracanov o gecə özünü məğlub etmişdi; az qalırdı, evin divarları gülüşlərdən dağılsın. Bir azdan tərcüməçi xanıma ehtiyac olmadı, axı istedad hər dildə danışa bilir… Səhər saat dörddə Paracanov qonağını Kote Mesxi küçəsi ilə otelə ötürürdü. Köhnə “Тбилисский Дом”un yanındakı alçaq eyvanın qənşərində dayandı. Şou davam edirdi.

Marçello, burda sənin məhəbbətin yaşayır… Bu xanım bütün ömrü boyu təkcə səni gözləyib, Marçello Mastroyanni!

Mənim məhəbbətim? Marçello soruşdu.

Hə. Onun adı Şuşannadır. O, bakirədir. 74 yaşı var!

Marçello heyrətlə Paracanova baxdı:

Yetmiş dörd?

Bu xanım özünü sənə qoruyub saxlayıb! Ömrü boyunca! Və sən gəldin!

Paracanov bunları deyərək həyətdən tapdığı bambuk nərdivanı eyvana söykəyib evə dırmaşdı. Marçello tilsimlənib təzə dostunu müşayət edirdi.  Onlar yataq otağındaydılar artıq.

Ayın işığı dolubədənli Şuşannanın yatdığı çarpayını işıqlandırırdı. Mastroyanni böyük Fellininin “Səkkiz yaş yarım” filmindən katolik kollecindəki oğlan uşaqlarının qəpik-quruşa oynatdığı irigövdəli Saraqinonu xatırladı; nəhəng qadın dəniz sahilində iri budlarını və qucağa sığmayan dalını əsdirərək “rumba” oynayırdı. 

Onlar çarpayıya yaxınlaşdılar. Serqey aşağı əyilib qadının qulağına pıçıldadı:

Şuşanna, sən yatırsan? Yatıb arzularını ötürəcəksən, özün bil! Aç gözlərini, qızcığaz!

İribədənli ahıl qadın gözlərini açıb Serqeyi dərhal tanıdı:

Sənə nə lazımdü, ay eşşək?

Şuşanna sən kimi arzulayırdın? Şuşanna, sən  Marçello Mastroyannini sevirsən?

Mastroyanni? Həə…

Buyur! Götür onu!

Bu sözləri deyərək Mastroyanninin başını Şuşannanın iri döşlərinə tərəf əydi. Şuşanna şübhə ilə soruşdu:

Doğrudan odur?

Marçello ona gülümsəyirdi; oyun xoşuna gəlsə də, özünü bir az narahat hiss edirdi. Rusca bunu deyə bildi:

Şuşanna, ya lublu tebe!

Şuşanna kişinin sifətinə baxıb anlayanda ki, bu əsl Mastroyannidir, dəli kimi çığıraraq onun başını quyruq kimi titrəyən iri döşlərinə sıxdı. Paracanov yataq otağının qapısını örtüb eyvana çıxaraq orta əsrlər carçısı kimi bərkdən çığırdı:

Şuşanna Kazaryan bakirəliyini itirir! Mən onun  mələfəsini gətirəcəm! 

Şaqqanaq çəkib sonuncu cümləsini tamamlaya da bilmədi. Səsə oyanan Sololak məhəlləsi sakinlərinin təntənəli çığırışmaları qısa zamanda bütün qonşuları oyatdı. Bir azdan adamlar əllərində çaxır şüşələri, göy-göyərti, pendirlə dar küçəyə axışdılar. Uzun süfrə açıldı,  kef-damaq yenidən başladı. Ayın əriyən son işıqlarında gürcü xoruna qulaq asan Marçello Mastroyanni  iki ahıl xanım azarkeşini qucaqlayıb qışqırırdı: “Bütün “Oskar”lar rədd olsun! Siyasi sığınacaq tələb edirəm! Mən Tiflisdə yaşamaq istəyirəm!”.