“Partizan” məşhur italyan yazıçı Dino Buzzatinin “Həyat” hekayəsini təqdim edir.
O lənətəgəlmiş arayış üçün kontora yollanası oldum. Zaldakı köşklərin önündə artıq uzun-uzun növbələr yaranmışdı və aralarında da sən deyən fərq yox idi. Nisbətən qısa olanını seçib, saydım: önümdə düz iyirmi yeddi adam dayanmışdı. Bu ara qonşu növbəyə qoşulmağı daha uyğun saydım, çünki onun uzunluğu bizim növbədən seçilməsə də, sıraya düzülənlər cəmi iyirmi iki nəfər idi, sadəcə bəziləri şişman olduğundan, digərləri isə yanında çamadan daşıdığından bir-birindən aralı dayanmışdılar. Ancaq qonşuluqdakı növbəyə dayanmaq cəhdim gözümdə qaldı, çünki həmin iyirmi iki nəfərə zala təzəcə girən daha səkkiz nəfər əlavə olundu.
Zal qaranlıq, natəmiz və cansıxıcı idi, divarlar köhnəhal divarların suvağı yer-yer tökülmüşdü. Zalda cəmi doqquz köşk vardı və bunlardan lap içəri tərəfdəkilər neon işıqlarıyla aydınlandığından adamın gözlərini qamaşdırırdı. Çarəsiz nigaranlığın əsirinə çevrilən insanlar susmağı uyğun görürdülər. Hərdənbir, həm də çox nadir hallarda onlar bir addım, bir addım irəliləyirdilər.
Hər köşkün önündə gərəkli sənədləri və kağız-kuğuzu qoymaq üçün rəf var idi. Növbədə birinci olan və bu arzulanan köşkə yanaşan şəxs həmin rəfə qoyduğu dirsəklərini geniş aralayır, sanki bununla özünün mövcud duruma hakim olduğunu başqaları qarşısında sübuta yetirirdi. Onun uzun növbədən sonra yorulub, gərilən sifəti isə yuxarıdan düşən işığın şüaları altında tanınmaz dərəcədə dəyişirdi. Həmin an o adam necə də bəxtəvər görünürdü! Qarşısındakı məmurla necə inamla söhbətləşir, ona necə də şux gülümsəyirdi. Pəncərəyə sarı əyildiyindən onun donqarlaşan beli iri, qara ləkə kimi özündən sonrakıların qarşısında ciddi maneyə çevrilirdi.
O ara sırada ikinci və üçüncü olan şəxslər növbədən çıxaraq, həmin o birinci adamın sağ-solunu kəsdirirdilər. Onlar da eyni rəfə dirsəklənirdilər, həm də yalnız bir dirsəklərinə söykəndikləri üçün üzlərinə işıq düşmürdü. Burada duranda onlar qarşıdakı həzzi qismən dadırdılar sanki: növbədə birinci dayananın hərəkətlərinə səbirsizliklə göz qoyur, onun işləmləri əbəs yerə uzatmadığından, yersiz suallar vermədiyindən, hazırda tutduğu üstün mövqedən sui-istifadə etmədiyindən əmin olmağa çalışırdılar, çünki rəfə bu cür arxayınlıqla söykənən və məmurla göz-gözə danışan birisi mütləq buna cəhd edə bilərdi.
Növbədə ikinci və üçüncü olan adamlar da artıq arxalarında dayanan və onlara da növbənin yetişəcəyi anı uzun-uzadı gözləməyə hazır insanlara əsla bənzəmirdilər. Ara-sıra geri qanrılmaqla onlar uğurlarından məmnun halda geriyə, qət etdikləri uzun məsafəyə göz qoyur, nisbətən gec gəldikləri üçün çarəsiz və bədbəxt görkəmlə dayananları, bu yarışa təzəcə qoşulan zavallıları xüsusi həzz ilə süzürdülər.
Qəfildən, həm də bəlli olmayan bir mənbədən zalda şayiə yayıldı ki, müraciət edənlərin böyük axınını nəzərə alaraq, burada daha iki pəncərə xidmətə açılacaq. Növbəsi lap yaxınlaşan birisi əsəbləşib, özündən çıxdı və: “Yox, əşşi! Heç belə də şey olar?!” – dedi, çünki bu qədər zillətə qatlaşandan sonra, ən nəhayət, önə keçən bu adam özünü bir növ aldadılmış biri sayırdı: axı, belə olarsa, zala yeni daxil olanlar da onunla eynihüquqlu sayılacaqdılar!
Bənzər hallarda olduğu kimi, indi də əsəblər tarım gərildi. Sonrakı olaylar bir göz qırpımında baş verdi. Pəncərələrin arxasında anlaşılmaz hənirtilər duyuldu və az sonra bayaqdan bəri hər hansı həyat nişanəsi sezilməyən iki pəncərənin də işığı yandı. Bərq vuran şüşənin ardında məmurun başı görünən kimi pəncərə açıldı. Zaldakı növbələrdə bayaqdan səbirlə duran insanlar bir-birinə dəydi, onların gözlərindəki hərislik birə-beş artdı və qadınlı-kişili onlarla insan, yırtıcı məxluqlar kimi, bu rahat yerlərə tərəf cumdular.
Mən isə saymağımdan qalmırdım. Qarşımda cəmi iyirmi adam dayanmışdı. Bircə dəqiqə tərəddüdə qapılandan sonra hamı kimi, mən də yaxınlıqdakı o bir cüt pəncərəyə tərəf götürüldüm. Lakin mənim o qısamüddətli tərəddüdüm başıma oyun açdı. Təzə yerə çatdığımda ordakı bir dəstə adam qəzəblə növbədə kimin kimdən sonra olması barədə mübahisəyə başlamışdı. Əsl döyüş səhnəsiydi bu. Köhnə növbəyə qayıtmaq fikrinə təzəcə düşmüşdüm ki, bir də gördüm “özümünkü” saydığım o növbə də sıxlaşdı. Buradakı alaqaranlıqda o növbədə duranların məni tanıyacağını ummaq mənasız idi. Üstəlik, mənim öz bayaqkı növbədə öz yerimi tutmaq istəyim də hədsiz gülünc görünə bilərdi.
Beləliklə, mən yeni növbədə qaxılıb, qaldım. Saymağa başladım və önümdə ən azı otuz beş nəfərin dayandığını anlayınca, boğazım qurudu. Həm də bu pəncərədə işləyən məmur deyəsən, təcrübəsiz biriydi, çünki onun iş yoldaşları iki-üç vətəndaşı yola salanda bu, bircə nəfərə ancaq xidmət göstərə bilirdi.
Aradan xeyli vaxt ötdü. Toz basdığı üçün dumanlı təsiri bağışlayan dar və uzun pəncərələrdən süzülən işıq daha da öləzidi. Başımı qaldıranda mən tavanın lap altında bir cüt elektrik lampasının indicə yanmağa başladığını sezdim, lakin onların ətrafa yaydığı ölgün işıq qaranlığı yarmağa qadir deyildi.
Neçə saat gözlədiyimi bilmirdim, ancaq xeyli irəliləyəndən sonra anladım ki, məndən öndə yeddi nəfər dayanıb. Bu vaxt pəncərənin önündə növbəti əngəl yarandı və mübahisə qopdu. Saatlarca, həm də üzücü intizara qatlaşan vətəndaşı məmur digər pəncərəyə yollamaq istəyirdi və orada növbənin sonunda dayanmalı olan bu kişi üçün məşəqqətlər təzədən başlanacaqdı. Bunun səbəbi isə sənəddə yol verilən hansısa bürokratik xəta idi.
Məmur vətəndaşa deyirdi ki, yalnız qonşu pəncərədə qəbul aparan məsləkdaşı bu müşküldən baş çıxara bilər, özü bu şöbədə təzə-təzə çalışır, təcrübəsizdir, işlər sürətlənsin deyə və sırf kömək xətrinə onu buraya çağırıblar, odur ki, o, yalnız xarakterik durumlardan baş çıxara bilir. Bu dilləşmə on beş dəqiqə sürdü və məmurun dediyində duracağını anlayan vətəndaş sustaldı və mübahisəni kəsdi.
Bir də xəbər tutdum ki, pəncərənin lap önündəyəm. Tamamilə heydən düşdüyüm üçün bunun heç fərqinə varmamışdım. Budur, mən də dirsəklərimi aralı qoymaqla, rəfə söykənmişəm, üzümə düşən işıq mənə gümrahlıq hissi aşılayır və mən də məmura gülümsəyirəm. Ancaq ciddiyyətini qoruyan məmur əlini irəli uzadaraq: “Sənədləri bəri verin”, – deyir.
Arxadan kimsə deyinməyə başlayır: “O maymaq orada çox qaxılıb, duracaq görəsən? Düz yarım saatdır kəsdirib pəncərənin önünü!”
Halbuki mən indicə buraya yanaşmış, hətta bircə kəlmə kəsməyə də macal tapmamışdım.
Arayışımı alıb, pəncərədən aralandım. Qəribə idi. İndi, əlimdə tutduğum an ona qarşı tam biganəlik duyurdum.
Növbənin böyrüylə cəld keçib, gedərkən baxışlarım nisbətən yaxınımdakı qonşulara sataşdı, onların dərin intizar içində donub qaldığını görəndə içimi əsl xəcalət hissi bürüdü. Budur, yarım saat əvvəl mənim çəkdiklərim indi də bunların qismətinə yazılıb: qayğılı çöhrələri qarşılaşdıqları absurd şərtlərdən və küt eqoizmdən çarəsiz bir görkəm alıb, mənə dikilən qəzəbli, həsəd dolu baxışlarından isə mənasızlıq, tamahkarlıq və sırf özlərinə bəslənən bir heyranlıq oxunur.