“Partizan” Əli Zərbəlinin “Ürəkbulanma” hekayəsini təqdim edir. Oxumağa davam et Ürəkbulanma – Əli Zərbəlinin yeni hekayəsi
“Partizan” Əli Zərbəlinin “Ürəkbulanma” hekayəsini təqdim edir. Oxumağa davam et Ürəkbulanma – Əli Zərbəlinin yeni hekayəsi
“Partizan” məşhur Serb yazıçı Milorad Paviç “Ot haqqında rəvayət” hekayəsini təqdim edir. Oxumağa davam et Xəlifəyə xəyanət edən həyat yoldaşı – Moloheya…
“Partizan” Trinidad əsilli ingilis yazıçısı Vidiadhar Surajprasad Naipaulun “Kişi adam” hekayəsini təqdim edir. Oxumağa davam et Kişi adam – Trinidadlı yazıçın hekayəsi
“Nəsrin bulvar söhbətləri” layihəsi çərçivəsində İlham Əzizlə Rəşad Səfərin növbəti həmsöhbəti tanınmış tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli oldu.
“Partizan” üç nasirin söhbətini təqdim edir. Oxumağa davam et “Ədəbiyyatı gözəl bilirlər, amma yazmağı bacarmırlar” – Nəsrin bulvar söhbəti
Partizan.az italyan yazıçı Dino Bussatinin məşhur “Yeddi mərtəbə” hekayəsini təqdim edir.
Oxumağa davam et Yeddi mərtəbə – Bussatinin əfsanəvi hekayəsi
“Partizan” Sərdar Aminin yeni – “Rəsul nəsə demək istəyir…” hekayəsini təqdim edir.
Orxan Cuvarlıya…
Ət bazarına atamın tövsiyəsini pıçıldaya-pıçıldaya girdim: yaxşı ət qırmızı yox, zoğalı olur. Pərdəsi, piyi də ağappaq! Bir də çalış, arıq malın ətini satmasınlar sənə. Yazağzı kök mal tapmaq çətin olur.
Qəssabların üzünə yox, salxım ətlərə baxa-baxa təzə yağ iyi verən örtülü bazarla addımladım. Qəssablara baxsaydım, üzlərindəki ifadə zoğalı ətdən inandırıcı olacaqdı.
Atamın dediyi ətin qiymətini soruşanda, qəssabdan səs çıxmadı. Keçəl, lopabığ, yaşlı kişi var gücüylə yatmışdı. Yuxuda olsa da, sağ əlini baltasının sapından çəkməmişdi. Elə bil, ömrünün 60 ilini ağızsız yaşayan bu kişi bayaq əlindəki baltayla bığının altına vurub özünə ağız düzəltmişdi. Qalın dodaqları əsir, gen ağzından ciyərlərinə hava elə dolurdu ki, elə bil, o ciyərlər 60 ildir havaya həsrətdir. Qoca qəssab gördüyü yuxuya mat qalmışdı.
Sarı, nimdaş şalvarına xırda ət tikələri yapışan bu yekəpər qəssab görəsən, yuxuda nə görürdü? Şaqqa-şaraqla ət doğrayan qəssabların baltasından qopan xırda sümüklər, ət tikələri onun köynəyinə, şalvarına dəyib yerə dığırlanırdı.
Bəlkə də gördüyü yuxunun yelkəni idi xorultusu, hay-küylü bazarda saniyəbəsaniyə yüksəlirdi.
Xorultunun nəriltiyə çevrildiyini eşidən dindar qəssab baltasını göyə qaldırıb kimisə hayladı:
– Ayə, durğuzun onu, yenə tüpürcəyi nəfəsinə gedib boğulacaq.
Saqqalı az qala qasığına çatan qəssab baltanı göyə qaldıranda yaranan vahiməli şəkildənmi, nədənmi, hamı əlini saxladı. Sallaqxanada ani sükut yarandı. Əlini önlüyünə silə-silə xoruldayan kişiyə yaxınlaşan gənc qəssablardan biri əmrə müntəzir görünməsin deyə dindara baxıb deyindi:
– Əxi, boğular-boğular da! Özün deməmişdin, boğulub ölən şəhid sayılır?
– Suda boğulanı deyirəm, tüpürcəyində yox!
Dindar qəssab bunu deyib baltanı əsəblə kötüyə çırpdı, sallaqxanadakı ani sükut orucunu pozdu. Baltalar təzədən neft buruqları kimi kötüklərə təzimə davam etdi.
Ancaq bu təzimi başladan zərbədən sonra xoruldayan qəssab oyanmışdı. Oyanan kimi də hövlnak “Rəsul!” demişdi. Əllərini önlüyünə silən cavan qəssab da, onun oyandığını görüb piştaxtasına qayıtmışdı. Piştaxtasına çatanda da dodağının altında “Rəsul çıxacaq axırına!” demişdi.
Kişi də özünə baltayla təzəcə düzəltdiyi körpə ağzını marçıldadıb yazıq-yazıq ətrafa baxmışdı…
O yazıq gözləri görəndən sonra əti hekayəyə dəyişdim. Deyinən qəssaba yaxınlaşıb Rəsulun kim olduğunu soruşanda əvvəl cavab vermədi. Sonra müştərini qaçırmasın deyə astadan dedi:
– Oğlu. Fərari… İtkin… Bilinmir hardadı.
***
Rəsul toranlıqda Məryəm gölünün sahilində çömbələndə hər yerdən əlini üzmüşdü. Dörd gün idi möcüzə gözləyirdi. Möcüzə isə gecikirdi…
Sabah əsgər gedəcəkdi. Müharibə isə dördcə gün idi başlamışdı. Əsgərgetdi şənliyində bircə anasının üzündə şadlıq görməyəndə azcana sevinsə də, bu sevinc qadının gözlərini ondan çəkib yanına gələnə qədər davam etmişdi. Anasının səs-küyün içində Rəsulun qulağına pıçıldadığı bu cümlə onu Məryəm gölünün sahilinə gətirmişdi:
– Quzu, “kənd soveti” deyir, sizi gedən kimi müharibəyə aparmayacaqlar, üç ay təlimdə olacaqsız. O vaxta müharibə bitəcək. Qorxma.
“Qorxma” sözünə qədər birtəhər dözmüşdü, anasının son sözü onu təntitmişdi. Qulağını anasının ağzından çəkib üzünə baxmışdı. Elə bu an çalğı, hay-küy içindən qaratoyuğun həyəcan qıyı eşidilmişdi. Bu qıydan sonra Rəsul deməyə söz tapmamışdı. Təəssüflə anasının üzünə baxmışdı.
Bəlkə də anası o sözləri deməsəydi, onu heç olmasa bir adamın başa düşdüyünə inanardı, təsəlli tapardı, ümidini Məryəm gölünə bağlamazdı. Lap müharibənin içinə düşsəydi də, erməni minası onu parça-parça etsəydi də, bu qədər çarəsiz qalmazdı.
Rəsul dərdini heç kəsə danışa bilmirdi. Heç ərk edib özünə də pıçıldamağa söz tapmırdı. Müharibədən qorxurdumu? Yox! Rəsulun heyfi gəlirdi.
Onu alatoranda Məryəm gölünün yanına gətirən əfsanələr idi. Məryəm gölünün kəramətinə bəni-adəm şəkk gətirməsə də, üstü yam-yaşıl yosunla, ərplə örtülən bu bədheybət gölə kimsə yaxın düşməzdi. Adının mənasını bilən sonuncu qarı da illərdir sayıqlayırdı.
Qədimdə bura sağalmaz xəstələr, xora içində boğulan zavallılar gələrmiş, çərləyən insanlar suya girib çıxandan sonra şəfa taparlarmış.
İndi Məryəm gölü bircə gecələrin işinə yarayırdı. Yalnız gecələr lil qoxan Məryəm gölünün cəng atan sahillərindən başlayar, kənd zülmət payını bu gölün ətəklərindən alardı. Kəndin tən ortasındakı bu axmaz gölün möcüzələrindən biri də o idi ki, bura nə bir arx tökülürdü, nə bulaq axırdı. Ancaq göl qurumurdu ki, qurumurdu. Deyirdilər, Məryəm dibindən su içir.
Məryəmin təkcə kəraməti yox, vahiməsi də xeyli əfsanələrə hekayət olmuşdu.
Heç kəs bu hekayətləri evinə buraxmaq istəmirdi. Gölün yaxınlığındakı evlərin sahibləri də yavaş-yavaş dədə-baba yurdlarını dağıdıb yerində təzə binə salır, gölə baxan divarlarında bircə dənə də olsun pəncərə qoymurdu. İldən ilə kəndin tən ortasındakı Məryəm gölündən hamı üz çevirirdi. Kəndin ortası dəyişirdi…
İndi Rəsulun da hamıdan ümidi üzüldükcə, təkləndikcə içində vahimə yaranmışdı. Məryəm gölünün böyük vahiməsi ahənrüba kimi Rəsulun balaca köksünü qabardıb özünə çəkmişdi.
Sabah əsgərə gedəcək Rəsul quzu qurda dartınan kimi alatoran vaxtı Məryəmə yaxınlaşdı.
Sağalmaq istəyirdi. İçindəki vahimənin keçməsini istəyirdi. İstəyirdi müharibəyə gözündə şimşək getsin. Hər addımını atanda heyfsilənməsin.
Asta-asta qaranlığa təslim olan gölün sarmaşıq örtən o başı gündüzlər də görünməz idi, o da qala alatoranda.
Gölün kənarında durub ətrafa baxdı. Sonra qüdsi bir ehtirasla köynəyini soyunub əlində tutdu. Alatoran sahildə gənc bədəni ağardıqca göl yaraşığa gəldi. Daim dibindən su içən Məryəm gölünə Rəsulun qaməti boyda su töküldü. Əgər kənd adamları evlərinin pəncərələrini Məryəm gölünə bağlamasaydı, təzə bir əfsanə yaranardı. Deyərdilər, hər axşam alatoranda Məryəm gölünə süd şəlaləsi axır.
Rəsul qız nəfəsi dəyməyən bəyaz sinəsinə yazdığı duanı pıçıldadı. Həmin duanı zülmət gecələrdə atını tapmayanda, sərxoş atası anasını döyəndə pıçıldayırdı:
“Allahım, nə yaxşı ki, ayaqların yoxdur, yoxsa sən də bizi tərk edərdin. Nə yaxşı ki, gözlərin yoxdur, yoxsa sən də təkcə birini sevərdin. Allahım, nə yaxşı ki, yoxsan, yoxsa sənə də inanmazdıq”.
Lil, yosun, kif iyi burnuna dəydikcə duasının sehrini hiss etdi.
Daha bir sentyabr yağışına qonaq olan qoca Məryəm gölü soyumuşdu. Ayaqları dərinə batdıqca suyun buz kimi olduğunu hiss etdi. Bu an heyfsiləndiyinin adını tapdı. Bu duanı ondan başqa kimsə bilmirdi. Bəyaz köksünə yazdığı başqa fikirlər, hekayələr də gəlib hulqumunda durdu. Heç birini yazmamışdı, kimsəyə danışmamışdı. Danışmadan, yazmadan ölmək istəmirdi.
Məryəm gölünün sarmaşıqların yosunlara sarıldığı zülmət başına yaxınlaşdıqca qabağında təzə bir dünya açıldı. Bəlkə də, kənd adamları bir əsrdir gölün bu başından xəbərsiz idi.
Sarmaşıqları yosunlardan ayırıb yeni dünyaya keçdi. Yaşıl tavanlı gölün altında yosun qoxusundan daha çox payız çiçəklərinin ətri gəlirdi. Burda gölün suları ilıq, havası təmiz idi.
Titrətsə də, vahiməsi içindən çıxırdı. Ömrünün qalan payını bu sarmaşıq tavan altda, bu yosun döşək üstə yata bilərdi.
Xeyli vaxt sinəsində bəslədiyi, kimsəyə danışmağa qısqandığı hekayətin qəhrəmanı içindən çıxmaq istəyirdi.
Kimsə ona hekayət danışmağa səsləyirdi. Danışdıran kəsi də özü yaratmışdı. Tək qalanda “ol” demədən yaradırdı belələrini. Özünə düşmən, dost, Allah düzəltməyi bacarırdı Rəsul.
– Qədimdə ən ağır susan, sirri dərinə gömən adamları belə danışdırırlarmış.
– Dırnaqlarını çəkirdilər?
Rəsul sinəsinə sürtülən sabahgüllərindən birini öpüb dedi:
– Yox. Soyuğa verib qızdırmalı edirlər. Titrədirdilər. Qızdırmalı olanda adam sayıqlayır. Kimi ki danışdıra bilmirdilər, ona həqiqəti sayıqladırdılar.
– Onda sayıqla.
– Mənim qəhrəmanım sehrli təşbehlərlə adamları istədiyi şeydən iyrəndirə bilir. Sevdiklərimizi elə şeylərə bənzədir ki, məşum oxşarlıq insanları dəhşətə gətirir. Bizi hər şeydən, istəsə, yaşamaqdan da iyrəndirə bilər. Bunu dünyada heç bir dərman, məlhəm bacarmaz.
– Gəlsin, məni qəlyandan iyrəndirsin.
– Ən asanı budu.
İçi boşalan kimi mübarək su Rəsulun köksündəki boşluğa doldu. Allah da görürdü ki, bu üzdə əvvəlki Rəsulun simasından əsər-əlamət yoxdur. Son çırpıntıdan sonra ətrafındakı yosunlar, yaşıl ərp yarılmışdı. Özü boyda şəffaf səthdə asta-asta batırdı. Gözləri dəhşətdən yox, heyrtədən bərəlmişdi. İndi Allah yox, bir adəm övladı da bəs edərdi həqiqəti anlasın. Bir adəm övladı onun üzünü görsəydi, başa düşərdi ki, Rəsul nəsə demək istəyir.
Şahvarın vaxtsız saraldıb sarmaşıqların üstünə sərdiyi bir neçə sarı qoz yarpağı başqa bir şahvarın sığalıyla yelləndi, yelləndikcə də onlar Rəsulun gözündə sarmaşıq yuvadan başlarını əsə-əsə qaldıran ətcə quş balalarına oxşadı.
Uzaqda “Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə” salınmış kiçik parkdakı nəhəng küknar ağacları narıncı üfüqdə göy tüstü kimi səmaya yüksəlirdi.
Sudan doyan bədəni üzə çıxmışdı. Son çırpıntıda yardığı yaşıl ərp, yosunlar öz yerini tutur, Rəsulun üstünü örtürdü. Gecədən xeyli keçmiş bir topa yosun qadın əli kimi astaca alnından aşağı sürüşüb açıq qalan gözlərini örtdü.
Qoca Məryəm gölü yosunla örtülü üzündə ayı əks etdirə bilməsə də, sarmaşıqlar altında xoşbəxt idi.
8 May, 2024. Bakı.
“Partizan” “Ən qısa hekayə” rubrikasında argentinalı yazıçı, şair Xorxe Luis Borxesin “Mif” hekayəsini təqdim edir. Oxumağa davam et Ən qısa hekayə – Borxesin “Mif”i
Partizan.az Həmid Piriyevin “Qarışqanın ruzisi” hekayəsini təqdim edir. Oxumağa davam et Qarışqanın ruzisi – Həmid Piriyevin yeni hekayəsi
“Partizan” yazıçı Elçin Hüseynbəylinin tərcüməsində rus yazıçı Andrey Platonovun “Fro” hekayəsini təqdim edir. Hekayə elektron mətbuatda ilk dəfə təqdim edilir. Oxumağa davam et Fro – Andrey Plotonovun hekayəsi – İlk dəfə…
Partizan.az məşhur amerikalı yazıçı Cerom Devid Selincerin “Banan balığının asan ovlanan günü” adlı hekayəsini təqdim edir. Oxumağa davam et Banan balığının asan ovlanan günü – Selincerin ən məşhur hekayəsi
16 aprel saat 11:00-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi və “Ədəbiyyat qəzeti”nin birgə “Yeni ədəbiyyatı tanıdaq” layihəsi çərçivəsində Ataqamın “Qanadlı körpü” hekayələr kitabının müzakirəsi keçiriləcək.
Partizan.az 48 yaşında ürəktutmadan dünyasını dəyişən, Kukla teatrında aktyor kimi fəaliyyət göstərən, bir neçə hekayəsi ilə Azərbaycan ədəbiyyatında yaddaqalan imzaya çevrilən yazıçı Şahmar Hüseynovun “Köynək” hekayəsini təqdim edir.
Partizan.az Natiq Səfərovun tərcüməsində Uilyam Folknerin “Qırmızı yarpaqlar” hekayəsini təqdim edir. Oxumağa davam et “Qırmızı yarpaqlar” – Folknerin hekayəsi
Partizan.az Xalq yazıçısı Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsini təqdim edir. Oxumağa davam et Xalq yazıçısının sevgi hekayəsi – “Soyuq daş”
Fərid Edgü Türkiyədə minimalist hekayələr ustası sayılır. Ədəbiyyatda bu janrın inkişafında danılmaz xidmətləri var. Yazıçının “At” hekayəsi Azərbaycan dilində ilk dəfə “Partizan”da təqdim olunur.
Atı görmədim. Amma tərkindəki adamı tanıdım. Heç kimlə danışmayan qərib idi. Bir vaxtlar tayfanın başçısı imiş. Aşağıda nəql olunacaq əhvalatdan sonra tayfasını qardaşına əmanət edibmiş. Fərqli adamların dilindən dinlədiyim hadisənin ortaq nöqtələrini birləşdirməklə kifayətlənirəm:
“Bəyaz at idi – ayaq biləklərindəki dörd qara ləkəni saymasan. Qarda ləkə olar, amma onda yox. Burdan Vana dayanıb nəfəs dərmədən dörd saata qaçardı.
Ağamız deyərdi ki: “Bu atın anası, atası yoxdur. Göldən çıxmış mübhəm bir atdır.
Onu mənə gətirənlər danışmışdı: Aylı, zəlzələ effekti yaradan ağır, isti gecə imiş. Gölün sahilində çadır qurmuş kəndlilərdən bəziləri qumsalda yatıbmış. Birdən qəribə bir kişnəmə eşidiblərmiş. Beş-onu silahlanıb qalxıbmış. Baxıblarmış ki, aləmdə sükut, atlar da röyada. Qayıdıb yatıblarmış. Amma bir an sonra yenidən kişnəmə eşidilibmiş. Bu dəfə qalxıb baxanda gölün içindən sahilə üzməkdə olan atı görüblərmiş. At su pərisi kimi çıxıbmış səthində ayın görüntüsünü yansıdan gölün sularından. Gövdəsini möhkəmcə silkələyibmiş. Kəndlilər möcüzə ilə qarşılaşdıqlarını anlayıb bir müddət heyvana fövqəladə varlıq kimi baxıblarmış. Uzun sükutdan sonra açılıbmış dilləri.
Bəziləri “Bu vəhşi atdır, dağdan gölə düşübmüş yəqin. Boynuna ip salıb bağlayaq, sonra əhlilləşdirərik” deyibmiş. Fəqət at, heykəl kimi dayanıbmış. Qocalardan biri “vəhşi deyil, dağdan enən at belə dayanarmı?” deyib sorğulayıbmış. Sonra ata doğru gedibmiş. At ürküb qaçmayıbmış qocadan. Atın yalına sığal çəkibmiş qoca. “Bir az ot, saman gətirin” deyibmiş. Gətiriblərmiş.
Bütün oba, qadınlar və uşaqlarla birgə oyanıbmış, məşəllər yandırıb atı heyranlıqla çevrələyiblərmiş. Ata ilk toxunan qoca keçədən hazırlanmış yorğanı bəyaz gövdənin üstünə örtübmüş. Atı bağlamaq istəyənlərə isə “Bizə gələn bizdən qaçmaz” deyibmiş. Üç gün başıboş buraxıblarmış atı, qaçmayıbmış. Dördüncü gün yəhərləyiblərmiş. Amma heç kim tərkinə atılmaq hünərini tapmayıbmış ürəyində. Yenə də qoca atılıbmış atın belinə. Yel kimi uçubmuş, yel kimi qayıdıbmış. Sonra tayfalarımızın dostluq nişanəsi kimi mənə ərməğan etməyi düşünüblərmiş. Bu at tərbiyə edilməyib. Tərbiyəsi özündədir”.
“Ağamız iki il bu atdan başqa ata minməyib. Ağamız bu ata hər yəhər yaraşmaz deyib, bir İstanbul səfərindən qayıdarkən o günədək görmədiyimiz gümüş naxışlarla işlənmiş çərkəz yəhəri gətirmişdi. Çox ərəb atı görmüşdük, amma beləsini nə görən var, nə bilən. Bax, ölən bu atdır”.
Atın ölümündən əvvəl dinlədiyim bu hadisəni məmləkətin qərib sakinlərinin qəribə olan hər şeyi, hər hadisəni, hər insanı necə əfsanələşdirdiklərini bildiyimdən onların təxəyyül məhsulu kimi qiymətləndirmişdim. Amma atın Ağaya ərməğan edilməsilə ölümü arasında keçən vaxtda baş verənləri mənə əhvalatı danışanların hamısı görmüşdü. Deyilənə görə at, özünə özgə atları yaxın buraxmayıbmış. Digər atların yanında keçirdiyi ilk gecə tövlənin qapısını qıraraq bayıra çıxıbmış (Qaçıbmış deyə bilmirəm, çünki qapını qırıb çölə çıxdıqdan sonra tövlənin yaxınlığındakı bir əhlət ağacının altında səhəri gözləyibmiş). Bu hadisə ikinci dəfə təkrarlandıqda ona ayrıca tövlə tikmək zərurəti yaranıbmış. Sonra vədə yetişdikdə belə fövqəladə atdan döl götürmək istəyən Ağa tövləsindəki ən gözəl atları sərgiləyibmiş önündə. Amma sehrli at heç birinə yaxınlaşmayıbmış.
Bir gün… Atasının qəsəbədə olmadığı bir gün, Ağanın tək oğlu o dümdüz çöldə qarları bir-birinə qataraq o günədək yaşamadığı bir sürəti, o günədək hədiyyələnmədiyi gözəlliyə sahib bir varlığın tərkində yaşamaq istəyibmiş, tövləyə girib atı yəhərləməyə niyyətlənibmiş. Atın narahatlığına da diqqət etməyibmiş. Amma at, tövlədən kənara çıxmaq, Ağanın oğluna boyun əymək istəməyib. Atların dilini bilən uşaq, bu atın dilini anlamayıb. Tərkinə minməyə cəhd edib. Və bu uğursuz cəhdin nəticəsində at arxa ayaqlarının qüvvətli zərbəsi ilə igidin qabırğalarını parçalayıb tövlənin kərpic divarlarına qan içində göndəribmiş. Tövlədəki səs-küyə və mütləq ki, igidin ölümündən bir an əvvəlki bağırtısına evdən çölə çıxanlar tövlənin açıq qapısını görüblər. İçəri girdikdə isə samanların üzərində qabırğaları qırılmış, qafası parçalanmış, Ağanın adının, nəslinin tək davamçısı oğlunun ölüsü ilə qarşılaşıblar.
Hadisə vaxtı Ağanın evində olan Kərəm dayı “Kaş, o gün Ağanın evinə ayaq basmaz, olanları görməzdim” deyər bu əhvalat nəql edərkən. “Uşağı elə parçalanmış, qan içində görəndə tərəddüdsüz qatilin kimliyini bildim”.
“Kimdi?” deyə soruşdum.
“Bilməz kimi soruşursan” dedi. “Əlbəttə ki, o bəyaz at”.
“Amma siz içəri girəndə at tövlədə deyilmiş”, dedim.
“Hə” dedi Kərəm dayı. “Tövlədə deyildi. Bax, ordakı Əhlətin altında idi. Heç birimiz cəsarətlənib yaxınlaşmadıq. Eləcə dayanmışdı. Sonra yanına gələnlərdən qaçmadı. Kişnəmədi. Qorxmadı. Amma yenə də toxunmadıq. Toxunub nə edəcəkdik? At Ağanın atı idi, oğul Ağanın oğlu.
Ağaya çapar yolladılar. Qürub vaxtı gəldi. Evdəki qadınlar gündüzdən bu yana ağlayıb ağı deyirdilər. Qan içindəki uşağı tövlədən götürmək də heç kimin ağlına gəlməmişdi. Yataqda, ya samanların üstündə, ölü üçün nə fərqi var? Üstəlik uşağın anası Zeno “orda qalsın” demişdi. “Ağam gəlsin, görsün bu tilsimli, uğursuz at necə atmış” (Bəlkə də tilsim sözü ilk dəfə orda, ölünün başı üstə, anasının dilindən çıxıb yayılmışdı bütün qəsəbəyə). Ana tövlədə oğlunun yanında yerə çökmüş, dərdli başını qucaqlamaq istəyərkən qafasının parçalanmış olduğunu görüb sürünərək çölə çıxmış və heç kimin anlamadığı sözləri bağırıb huşunu itirmişdi.
Ağa gəlib tövləyə giribmiş. Oğlunun vücuduna (qanlı, darmadağın) baxıbmış, sonra da ətrafındakılardan “Uşağı burda qoyarlar?” deyə, soruşubmuş. “Niyə içəri aparmamısınız?” Sonra atın yerini soraqlayıbmış. Başlar eyni yönə, əhlət ağacına səmt çevrilibmiş. Ağa yavaşca yanına yaxınlaşıbmış atın.
Alaqaranlıqda uzaqdan baxıblarmış kəndlilər. Aralarından yalnız biri, Kar Musa Ağanın ata “Heç belə eləyərlər?” dediyini eşidibmiş. Bəlkə də əfsanədir. Əslində olan isə bütün kəndlilərin nəql etdiyi, Ağa ilə Atın dəqiqələr boyu qımıldanmadan göz-gözə dayanmaqlarıdır. İlk yorulan at olubmuş. Başını yerə əyibmiş və eləcə qalıbmış.
Bölgənin adətlərinə uyğun olaraq ertəsi gün uşağı azandan sonra dəfn ediblər. Ağa gecəboyu ağzını açıb danışmayıb. Gecəni təkcənəliyində keçirib. Otağın çırağı dan sökülənədək yanıb. Gün çıxarkən əlində tüfəngi otağından çıxıb həyətdən keçibmiş. Səhər dəfndə atı buraxdıqları yerə baxıb görübmüş ki, at yoxdur. Bax, o an bağırmağa, dəli kimi çöldə qaçmağa, sağa-sola atəş açmağa başlayıbmış.
Tövlələrdən atlar çıxarılıbmış, silahlar hazırlanıbmış.
Şübhəsiz, bütün hazırlıqların uğursuz nəticələnəcəyini, ona yetməyin mümkünsüzlüyünü bilirdilər. Amma hazırlıqlarını ümidsizlik çənbərindən qurtaran düşüncələri vardı: atı dar yollarda tutmaq, ya da uçuruma qovmaq.
“Bir səhər hələ gün doğmamış, hər kəs röyadəykən Ağamız kənddən gedibmiş. Hara, niyə getdiyini heç kimə söyləməyibmiş” deyib davam edirlər bu qərib hekayəyə. “Amma hamımız hara, niyə getdiyini bilirdik. Kəndimizin igidlərini çölün dörd tərəfinə göndərdik. İzə düşdük. Ağamızı tapmayıb geri döndülər. Aradan üç gün keçdikdən sonra dördüncü gün ağamız atının üstündə yorğun, pərişan qayıtdı. Tərkindən tilsimli atın yalı sallanırdı.”
“Hadisə beləmi bitdi?” deyirəm kəndlilərə.
“Hə” cavablayırlar.
Amma içlərindən biri “Xeyr” deyir. “Vandan gələn çapar əhvalatını unutdun”.
“Həəəəə… Hadisədən aylar keçmişdi. Vandan bir çapar gəldi və bir gecə kişnəmə səsinə oyandıqlarını, çadırlardan çıxarkən bəyaz, uzun yallı atın şahə qalxıb aralarından keçdiyini, görəsən, əvvəlki atın qardaşımıdır deyib önünə çıxmaq istədiklərini, onları görən atın isə ürkmədiyini, ancaq yolunu dəyişdiyini danışdı. Sürətinə çatmadıqlarını, atın gəldiyi kimi qayıdıb gölün sularına daldığını, ay işığında sahildən uzaqlaşan başını, suya batmış yalını gördüklərini, atın bütünlükdə gözdən itdiyini əlavə etdikdən sonra çapar ağamıza demişdi:
“Ağamız maraqlanıb məni göndərdi ki, öyrənim, ağamızın ərməğan etdiyi at yaşayırmı?”
“Çapara heç birimiz olanları danışmadıq. Sualını cavabsız qoyduq. Ancaq ağamız çapara ağasına aparması üçün tiyəsi dəyərli daşlarla bəzədilmiş əcəm xəncəri verdi”.
Tərcümə: Məlik Rza