Etiket arxivi: Məmmədov Dəyanət

Boş şəhid qəbrində basdırılan yalan – Dəyanət hardadır?

Loading

“Partizan” Günel Mehrinin “Hamısı Qarabağdır…” essesini təqdim edir.

Əvvəllər elə bilirdim, bütün qəbirlər dolu olmalıdır. Elə bilirdim ki, qəbir varsa, demək, içində yuyulub kəfənə sarınmış cəsəd var. Bəlkə bir qolu, ya başı yoxdur, amma mütləq o cəsəddən nəsə var ki, dədə-baba qaydasıyla başdaşı qoyub, üstünə də mərhumun adını, soyadını, doğum və ölüm tarixlərini nəqş ediblər. Hə, əvvəllər elə bilirdim. Onda hələ müharibənin görünməyən üzü ilə tanış deyldim. Onda müharibə həqiqətləri ancaq efirdən izlədiyim qədər idi. Daha bilmirdim ki, qəbirlər boş da olur. Özü də səhvən, təsadüfən deyil də, bilərəkdən, planlı şəkildə… Hətta  boş qəbirlər digərlərinə baxanda daha çox əzizlənir. Çünki neçə-neçə adamın qəlbində nə az, nə çox, elə özü boyda boşluğu doldurur, böyük bir ailənin  ümid yerinə çevrilir…

Ümid – gəlişigözəl sözdür, amma mənə görə, insan beynini zəhərləyən ən dəhşətli hissdir. Adamı nələrə inandırır, nələrə təşviq edir bir parça ümid… Ən güclü, ən mötəbər insan da o diri qalan, solmayan ümidin qarşısında acizdir. Bunları beynimdə saf-çürük edə-edə qarşımdakı dünyagörmüş kişinin baxışlarıyla üzləşirəm. O da ümidlə baxır. Ağzımdan çıxaracağım hər kəliməyə illərin dəyirmanında üyüdülüb öləziyən ümidlə boylanır:

-Nə dedilər, nəsə xatırlayırlar qardaşımla bağlı?

Başımı yelləyirəm:

-Day soruşmadığım adam qalmadı. Bəziləri heç xatırlamır. Deyirlər, bu 30 ildə çox şey yaddan çıxıb. Xatırlayanlar da siz deyəni deyir, Namiq müəllim…

– Olar, bir siqaret yandırım?

-Əlbəttə. Buyurun.

O, siqaretini alışdırır. Araya dəmir sükut çökür. Hər qullabda bir ah çəkir. Bütün üz əzələləri gərilib, siması pörtüb:

– Neynəsinlər e, olanı deyirlər də… Döyüş başlayan kimi yaralanıb. Çox qan itirib. Gəzməyə taqəti yox imiş. Cüssəli oğlan idi Dəyanət. Ağır olsa da,  yoldaşları 3 gün xərəkdə daşıyıblar. Sonra yolun yarısında atışma başlayıb… Hərə bir tərəfə səpələnib. Onu da qoyublar bir ağacın altına. Üstünü də kol-kosla örtüblər… Bir müddət sonra getmişdim ora. Əsgər yoldaşları nişan verdi. Ağacı da tapdım. Amma Dəyanəti tapmadım…

Dəyanətin ailəsi
Dəyanətin ailəsi

Son sözlər ağzından qırıq-qırıq çıxır. Qəfil qəhərdən boğulub hönkürür. Çarəsiz barmaqları gənc əsgərin masanın üstünə səpələnmiş fotolarını götürüb-qoyur. Sonra barmağıyla ilə yanağında cığır açan  yaşı itələyir:

– İdmançıydı. Karateylə məşğul idi. Atam istəyirdi hərbi xidməti bitirsin, polis olsun. Bax bu şəkildə hələ Sumqayıtdadı. Getmişdik görüşünə. Axı əvvəl orda başlamışdı hərbi xidmətə. Sonra atam onu Gəncəyə keçirtdi ki, bizə yaxın olsun. Yazıq kişi nə biləydi ki, belə olacaq…

Yenə sükut… Baxışlarımızı bir-birimizdən qaçırırıq. Boğazını yaşlamaq üçün qurtum aldığı çayı doğru-dürüst uda bilmir. Çeçəyib öskürür:

-92-ci ilin iyulu idi. Evdə oturmuşduq. Xəbər gəldi ki, uşaqlarınız Ağdərənin Aterk kəndində mühasirəyə düşüb. Nə öldülərindən xəbər var, nə qaldılarından… Dedik, nə mühasirə? Bunların döyüşdə nə işi var? Axı onlar gənc əcgərlərdi, çoxu 3-4 ay hərbi xidmətə başlamış 18 yaşlı uşaqlar idi. Valideynlər gecə-gündüz hərbi komissarlığın qabağından çəkilmirdi. Axırı dedilər, biz tapa bilmirik, özünüz axtarış edin… Getmədiyimiz yer, müraciət etmədiyimiz orqan qalmadı. Gürcüstana da yazdıq, pul da təklif etdik ermənilərə. Qardaşımı gördüm deyən olmadı… Mənimlə bərabər uşağını soraqlayan neçə-neçə başqa valideyn də var idi. O vaxt deyirdilər ki, həmin mühasirədə Dəyanətdən başqa 40 nəfər də itkin düşüb. Aralarında zabit də vardı, əsgər də… Bilirsiz, uşağın şəhid olur, barışırsan, şəhidlik ali zirvədir. Cəsədini götürüb torpağa tapşırırsan, ürəyin istəyəndə də gedib ziyarət edirsən, için az da olsa rahatlayır. Amma itkin olanda adam bilmir, hara getsin, harda ağlayıb ürəyini boşaltsın. Çətin məsələdir e, deməklə, danışmaqla deyil…

 

Bayaqdan bəri ilk dəfə cəsarətimi toplayıb sözünü kəsirəm:

– Şəhidlər xiyabanında ziyarət etmişdim qəbrini. Bəs necə oldu ki, ona boş qəbir düzəltdirdiz?

– Hə, atam çox fikir çəkirdi, vəziyyəti yaxşı deyildi. Elə deyirdi ki, bircə qəbri olsaydı… O vaxt xalam oğlu vəzifədə idi. Onun köməyi ilə Şəhidlər xiyabanında yer götürdük, qəbir düzəltdirdik. Elə öz cəbhə yoldaşları ilə bir sıradadır Dəyanətin boş qəbri. Amma atama dedik ki, cəsədi tapılıb, orda torpağa tapşırılıb. Bu yalanı danışmağa məcbur idik. Sırf atamın ürəyi rahat olsun deyə… Kişi ölənə kimi ildə neçə dəfə ziyarətinə gedib, Quran oxutdurdu o boş məzarın üstündə. İnandı bizə. Təsəvvür edin, hər dəfə ora gedəndə biz qardaş-bacı nə çəkirdik… Amma susmağa məcbur idik… Sonra Aterkdə itkin düşənlərin şərəfinə xiyabanın girəcəyində bir abidə ucaltdılar. Dedilər ki, mühasirədən sonra o ərazidə tapılan cəsəd qalıqlarını bir yerə toplayıb orda dəfn ediblər… Hər dəfə ora gedəndə həmin abidəni də ziyarət edirəm. Bəlkə qardaşım da ordadır, bilmirəm… Ya bəlkə hələ də sağdır, hardasa oralarda əsirlikdədir…

Dəyanətin boş qəbri
Dəyanətin boş qəbri

Bu söhbətin üstündən aylar keçib.  Amma Namiq müəllimin baxışları hafizəmdən silinmir. Çünki onlarla şahidi sorğulasam da, qardaşı Dəyanətlə bağlı ona bir tutarlı xəbər verə bilməmişəm…

Şuşadayam. Cıdır düzündə üzü küləyə doğru dayanmışam. Səfər yoldaşlarım Qarabağda yeni yüksəkliyin azad olunmasını müzakirə edir.  Sonra xəbər saytlarında paylaşılmış 50 şəhidimizin fotolarına baxırlar. 50 nurüzlü şəhid… 50 yarımçıq ailə… 50 nakam tale… Düşünürəm ki, indi üstündə məğrur-məğrur dayandığım bu torpaq, gör nə qədər şəhidin qanıyla yoğrulub. Bu 30 ildə nə qədər canlar izsiz-tozsuz bu dağlarda qeyb olub, ağac olub, torpaq olub, daş olub… Bu andaca fikrim haçalanıb işıq sürətiylə Şuşa dağlarından Goranboyun Qızılhacılı qəsəbəsinə, Məmmədovlar ailəsinin evinə yol alır. Xəyalən aylar öncə olduğum barlı-baxarlı həyətə adlayıram. Həmin dəyirmi masadır, həmin pürrəngi çaydır. Yenə Namiq müəllimlə üz-üzə oturmuşuq. O, siqaretini tüstülədir, gözləri yol çəkir. Bu səfər nəzərlərimi qaçırmıram. Sözlü adamlar kimi şəhadət barmağımla tüstüləyən stəkanın kənarına sığal çəkirəm:

-Mən bilirəm Dəyanətin yerini. Onlar hamısı Qarabağa dönüb… Əl-ələ verib Qarabağ olublar… Polad da, Raquf da, Dəyanət də, Səbuhi də, hamısı Qarabağdır…  Hamısı…

Şuşa, 13 sentyabr-2022.

Xüsusi olaraq “Partizan” üçün