İki Abbasın nağılı

Loading

Biri var idi,biri yox idi. Qədim zamandan 9 qarğa ömrü sonra, indiki zamandan 9 qarğa ömrü əvvəl, dənizlərin suyu şirin, səhraların qumu sərin, ağacların budağı çapıqsız, heyvanların dərisi yarasız idi.

Göyün yağışı yerə, yerin alqışı göyə yetirdi. Həmin zamanda məmləkətləri, obaları insanlara bənzədərdilər, bəzisinə , Ərən qala,,bəzisinə,, Pəhləvan şəhər,, bəzisinə,,Ulu dağ,,deyərdilər.

Bu məmləkətlərin ən gözəli isə, zirvəsi ala buluddan nəm çəkən, qüzeyindən qar, güneyindən ələyəz, yamacından gül-çiçək əksik olmayan, qəlbi dağların 4 tərəfdən qucaqladığı, gözəlliyini adından alan Göyçək oba adlı  məmləkət idi. Bu məmləkətdə suyu güney tərəfdən zümrüd, qüzey tərəfdən firuzəyi rəngə çalan,kənarı zirinc və çaytikanı kollarıyla halələnmiş bir göl, gölün sahilində isə adilliyiylə dünyaya nam salan Rəvan şahın qaya daşından hörülüb, at südü və yumurta sarısı qarışmış,külbozu kəclə suvanan, buxarı bacası tuncdan, pəncərəsi gümüşdən, örtüyü qızıldan olan sarayı var idi.

Rəvan şah səxavətli və ədalətli olsa da mirzəliyi anlayışı yox idi, odur ki, sarayın divanxana işlərinə ömür-gün yoldaşı Firavan Xatun nəzarət edirdi.

Rəvan şahla Firavan Xatun baharda mindikləri ağ dəvənin üstündə payıza doğru yol aldığı zaman ağ təkkəli, yaşıl əbalı bir dərviş peyda oldu elçi daşının üstündə. Elçi daşı ki,deyirəm, bütün sarayların qarşısında var idi. Kiminsə şaha deyiləsi dərdi,diləyəsi muradı olardı, gəlib oturardı bu daşın üstündə. Bütün saraylardakı elçi daşına vəzirlər nəzarət edər, gələn insanları dindirib, söylədər, ehtiyacını qarşılayıb yola salardılar.

Rəvan şahın isə vəziri, vəkili yox idi, divan işlərini Firavan Xatun idarə etdiyi kimi elçi daşına da məmləkətin axundu şeyx Teymur baxar, gələn elçiləri yedirib-içirib Firavan Xatunun hüzuruna gətirərdi.

Bu dəfə də şeyx Teymur yaşıl əbalı dərvişi görcək özünü yetirdi , əlini sinəsinə qoyub ədəb-ərkanla salam verdi:

-Əssəlamun əleykum, baba dərviş xoş gəlib, səfa gətirmisən, söylə dərdini, eyləyək dərmanını.

Dərviş ucu yeyilmiş dəmir əsasını, altı deşilən dəmir çarığını göstərib dedi:

– Qoy sənin salamını bunlar alsın, mənim işim Rəvan şahın özüylədi.

Bu sözləri eşidən şeyx Teymurun gözləri hədəqəsindən çıxıb şahın şərab piyaləsi boyda oldu. Ey dili-qafil, təkkəsindən toz qopan dərviş hara,bu boyda şeyxə dediyi söz hara? İstədi qapı qullarını çağırıb dərvişin payını versin, yadına düşdü ki, Rəvan şah taxta çıxan gündən əmr verib,, hər kim elçi daşına gələni incitsə boynu vurulacaq,,.Ona görə də şeyx Teymur göylə əlləşən qəzəbini birtəhər cilovlayıb üz tutdu sarayın baş otağına. Bu saraydakı baş otaq da digər saraylardakından fərqli idi. Başqa saraylarda birinci otaq taxt otağı, qırxıncı baş otaq olardı, bu sarayda isə baş otaq otuz doqquzuncu, taxt otağı qırxıncı idi.Otuzdoqquzuncu otaqdan qırxıncı otağa açılan qapının qıfılı, açarı yox idi, amma elə güclü sehrlə bağlanmışdı ki, Firavan Xatunun tilsimi sözləri olmasa yerdən fərişdəh çıxsa, göydən gərişdah düşsə bu qapı açılmazdı.

41 otaqlı sarayın sirlərini saysaq dərviş elçi daşında, şeyx Teymur saray dəhlizində qocalar,odur ki,sirləri sonraya saxlayıb,şeyxi yetirək otuz doqquzuncu otağa.

Bəli, şeyx Teymur otağa daxil olanda Firavan Xatunun ənbər qoxusu ağlını başından aldı, amma ağzını açmağa macal tapmamış 40arşın boyunda, qap-qara bir fərraş-yerdənmi çıxdı, göydənmi düşdü? düyünlü qozqara kötüyü kimi bitdi şeyxin qarşısında.:

-Ey elçi daşının cavabdehi, nə istəyirsən?

Şeyx Teymur dedi:-Ey Həbəş diyarından gəlib,Ağrumların məmləkətin də yer azlığından saraya göndərilən, Rəvan şahın ən qiymətli xəzinəsi əmanət olunan, günü dərisindən qara fərraş, zəkası günəşdən parlaq, ürəyi pambıqdan yumşaq, kəlməsi qılıncdan kəskin Firavan xanıma çatdır ki, bir baba dərviş şahla görüşmək istəyir.

Qara qul üzünü çevirdi baş otağın baş tərəfinə,tül pərdə dəniz kimi dalğalandı, başına dörd fəslin rəngini əks etdirən tac qoymuş su pərisindən gözəl Firavan Xatun dodağının altından əfsun oxuya-oxuya divara tərəf getdi, qırxıncı kəlmə tamam olar,olmaz divar laybalay yarılıb onu uddu.

Aradan 40günmü keçdi,40anmı bilinmir,nəhayət divarın arxasından səs gəldi:

-Şeyx Teymur dərvişi gətir!

Şeyx əmri yerinə yetirmək istəyirdi ki , dərviş özü hazır oldu taxt otağının önündə.Firəvan xanımın qırx kəlmə ilə açdığı qapını üçcə kəlməyə açıb içəri daxil oldu.

Taxt otağının divarları qızılla elə bəzənmişdi ki,naşı adam elə bilərdi otaq alışıb yanır.Şahın tacı da,taxtı da,taxtın qarşısındakı başmaqaltısı da qızıldan idi.

Bu qədər ləl-cəvahiratın içində çiyninə canavar dərisi salıb, belinə göy rəngli mahud dolamış Rəvan şahın başmaqaltısının üstündə aşılanmamış camış dərisindən hazırlanmış çarıq, dirsəkliyində isə dişləri ağara qalmış quru qurd başı var idi.Başın qulağına 9axca, burnuna 9 guşəli göy almaz taxmışdılar.Rəvan şah 5 barmağında 9dənə-zümrüd,əqiq,yaqut,firuzə və almaz qaşlı üzük olan sağ əlini qurd başının üstünə qoymuşdu, sol əli isə görünmürdü.

Taxtın solunda firuzəyi tüllər arxasında oturan Firavan Xatun dərvişin baxışlarını izləyirdi, odur kı,sol əli axtarmasına imkan verməyib dilləndi:

-Baba dərviş söylə görək nə istəyirsən?

Dərviş məşriqin tozuyla məğribin torpağından qaralmış təkkəsini sinəsinə sıxıb dedi:

-Ey Rəvan şahın sağ tərəfini gün işığına çıxarıb, sol tərəfini kölgəsiylə qoruyan, mən buraya murad almağa yox, murad verməyə gəlmişəm.Mənə məlum olub ki, sizin sarayın qırxbirinci otağının qapısı indiyə kimi açılmayıb, çarə qılınmasa bundan sonra da açılmayacaq.

Dərvişin ağzından bu sözlər çıxan kimi şahın rübəndindən tutmuş xanımın niqabına kimi bütün pərdələr çözülüb düşdü döşəməyə.

Şahla xanım döşəndilər dərvişin əl-ayağına:

-Amanın bir günüdür bizə bir çarə.

Dərviş dedi:

-Dərmanınızın nə olduğunu deyəcəm ,amma gərək dərdi dərdinizdən olan birini tapıb onunla dərmanınızın axtarışına özünüz çıxasınız.Bilin və agah olun sizin çarəniz boz canavarın yuvası ağzında bitən mərcangilə rəngində,adı alov mənası verən, içindən 150 cücə çıxan yumurtadır.Onu tapmaq üçün ağ yellə qara yelin məmləkətindən qırx Babayi-Əmir addımı o yana ziyarətdən gələnlərin əfən yerinə getməlisiniz.

Dərviş sözünü bitirib qeyb oldu.Şahla xanım nə qədər baş sındırsa da 150 cücə çıxan yumurtanın nə yumurtası olduğunu tapa bilmədi.

Axırda Firavan Xatun dedi:

-Mən bir tapmaca qoşacağam onu getdiyiniz yol boyu qarşınıza çıxanlara söyləyin cavab nə olsa çarə odur.

Səhəri gün Rəvan şah həmdərdi Şeyx Teymuru götürüb təğyiri-libas düşdü yolun ağına.Karvanların keçdiyi yolda qarşılarına çıxana tapmaca verə-verə üz tutdular ağ yellə qara yelin məmləkətinə tərəf.

Az getdilər, çox getdilər gəlib çıxdılar sahili lehməli, suyu yağlısoy bir dənizin kənarına, atları yançidar edib cilliyə buraxdılar.Şeyx od,ocaq hazırlayanacan şahı yuxu apardı.Yuxusunda gördü ki,dəryanın ortasında bir ağac var, ağacın başında bir qadın oturub,iri,qırmızı meyvələrdən dərib, sahilə atır, gəlib keçənlər də tutub yeyir.Şah da birini tutdu,dişləyib yemək istəyirdi ki,meyvədən qan axdı,şah diksinib yuxudan ayılanda gördü ki, bir karvan dayanıb qırx dəvəsi, bir atı, beş-altı qatırıyla.O dəqiqə barmağını dişlədi, Deməli bura dərvişin dediyi həmin əfən yeridir. Karvanbaşıya yaxınlaşıb ədəblə salam verd:i -Əssəlamun əleykum ey uzaq yollar yorğunu, hardan gəlib, hara gedirsən?

Karvanbaşı cavab verdi:

-Əleykum Salam ey qəriban yolçu, Hindistandan gəlib Göyçək mahala gedirəm, eşitmişəm orda Rəvan şah adlı çox səxavətli bir hökmdar var,uzaq məmləkətdə gələn bütün malları hamısını alıb,fəqir-füqəraya paylayır.

Teymur istədi desin ki ey qafil, həmin şahdır yolçu libasında qarşında durub.Şah onun ayağını basdalayıb dedi:-Ey karvanbaşı sən çox yerlər, çox insanlar görmüsən hər şeydən məlumatın olar, sənə bir tapmaca deyim bəlkə biləsən,o nədir ki,

Hacılar haca gedər,
Cəhd edər, gecə gedər.
Bir yumurta içində
150 cücə gedər.

Karvanbaşı gülüb dedi:

-Ey yolçu, görürəm dərdinə dərman axtarırsan,ötür bizimlə nahar et, tapmacanın cavabını deyim.

Rəvan şah yaxşı bilirdi ki, dəvət olunan süfrəyə əyləşməmək qəbahət sayılır ona görə də etiraz etmədi Şeyx Teymurla bərabər karvan naharına qoşuldu.

Elə ki,yemək bitdi Əlhəmdulillah -dedilər, tacirlərdən biri iki meyvə gətirib süfrəyə qoydu, şah baxanda nə görsə yaxşıdır? meyvənin başında 5 bürclü tac var.Üzünü karvanbaşıya tutub bunun nə olduğunu soruşmaq istəyirdi ki, karvanbaşı onu qabaqlayıb dedi:-Sizin axtardığınız yumurta budur.

Şahla şeyx əvvəlcə bir-birinə sonra karvanbaşıya baxdılar -Axı: bu meyvəyə oxşayır.

Karvanbaşı belindən qəməsini çıxarıb meyvəni böldü, süfrəyə səpilən şəffaf qırmızı dənələri göstərib dedi:-Gördüyünüz bu meyvə yumurta, bu dənələr isə cücələrdir.

Sonra karvanbaşı sevincdən ürəyi şahə qalxan qonaqlarının hərəsinə bir meyvə verib yola saldı.Şahla şeyx özlərini çayırlığa yetirib atlara süvar oldu,40 günə getdikləri yolu 40 saata qət edib yetişdilər saraya.Bunlar xanımlarıyla birlikdə 150cücəlik yumurtanı yeyib murada çatmaqlarında olsunlar, görək karvanbaşının axırı necə oldu.Karvanbaşı yolcuları yola saldıqdan sonra gecəni yatıb dincəldi, səhəri gün dəvələrin,qatırları yükləyib yola düzələndə tacirlərə dedi:

-Bu adamlardan heç gözüm su içmədi, birdən qaçaq-quldurun çuğulu olarlar, gəlin Göyçək mahala getməyək, yolumuzun üstündə, qaf qazlarının yaz oylağı olan haça dağın ətəyində gencə bir şəhər var, bu şəhərin çay qırağındakı bazarına dörd yandan tacirlər gəlir, mallarımızı onlara satarıq.

Tacirlər razılaşdı,gəlib gencə şəhərdə bolca qazanc əldə edib yenidən hindistana yola düşdülər.

Bu müddət ərzində yer üç fəsil fırlanmış Rəvan şahla şeyx Teymurun hərəsinin bir oğlu olmuşdu, hər iki uşağın adını Abbas qoymuşdular.Rəvan şah sarayın qırxbirinci otağının qapısını açıb məmləkəti təpə-dırnaq bəxşişə tutmuşdu, odur ki, bütün yaşlılar gecə-gündüz əl götürüb dua edirdi:

-Ey uca irəbbimiz özün irazı ol İrəvan şahımızdan.

O gündən Rəvan şahın adı İrəvan şah qaldı.

Ay dolanıb il oldu, il diyirlənib əsrə yaxınlaşanda İrəvan şah taxt-tacını, şeyx Teymur da vəzifəsini oğluna dövr etdi.İki Abbas əl ələ verib məmləkətin idarəsinə başladı.

Günlərin bir günü şah oğlu,şeyx oğlunu sınamaq qərarına gəldi,onu yanına çağırıb dedi:

-Mən təğyiri-libas olub 9 fəsillik səyahətə çıxıram, bundan heç kim xəbər tutmasın deyə sən mənim libasımı geyib taxtımda əyləş mən dönənəcən məmləkəti idarə elə.Amma sənə tapşırığım olacaq,mən gələnə qədər qarşıdakı ala dağları basar-keçərsən, qara suları arındırdı, qaranlıq dərələri ləyəz edərsən, karvan yolunu ipək kimi hamarlayarsan,yol boyunca yüz dənə karvansaray tikdirərsən.

Şah oğlu Abbas bunları deyib yola düzələr,düzəlməz şeyx oğlu Abbas tapşırığa başladı,nə başladı.:-Ala dağları basıb keçdi,qara suları arındırıb dayaz etdi,qaranlıq dərələri işıqlı obalara çevirdi,boz çölləri tarlaya,çınqıllı güneyləri bağa çevirdi,karvan yolunu ipək kimi hamarladı,yol boyu99karvansaray tikdirib şahın yolunu gözləməyə çıxdı.9 fəsildən 39 gün keçdi şah gəlib çıxmadı.Şeyx oğlu bilmirdi ki,şah heç yerə getməyib,bardakı yüzüncü karvansaray tikilməlidir,ordakı mağarada sufilərə  qoşulub şeyx oğlunun gəlişini gözləyir.

Bəli qırxıncı gün şahın hövsələsi tükəndi mağaradan çıxıb saraya tərəf yollandı,gördü şeyx oğlu üzünü tutub Ala dağa bir yanıqlı bayatı deyir gəl görəsən:-

Dərələr ləyəz oldu,
Dağlar ələyəz oldu.
Yolları gözləməkdən
Gözlərim öləz oldu.

Şahın ürəyi kövrəldi,amma əmrinin yarımçıq qalması qəzəbini alovlandırdı.

Elə sufi geyimində özünü yetirdi saraya.Şeyx oğlu onu görən kimi qarşısına yüyürüb diz çökdü,tacı öz vaşından götürüb sahibinin başına qoydu.

Şah Abbas taxt-tacına yetişən kimi cəlladı çağırdı:-Cəllad,vur bu məlun şeyx oğlunun boynunu!

Şeyx oğlu Abbas dedi:-Qubleyi-aləm sağ olsun, sənin bütün tapşırıqlarını yerinə yetirdim,nə mal-mülkünə,nə məmləkəti nə jəc baxmadım,qarşında boynum qıldan incədir,can mənim,fərman sənin,amma uzun illərin xatirinə günahımı de sonra öldür.

Şah Abbas dedi:-Sən məmləkəti çox gözəl idarə etmisən,dağları basıb,keçib,dərələri ləyəz,suları dəyməz etmisən,amma karvansarayın birini əksik tikmisən.

Şeyx oğlu dedi:-Şah sağ olsun ona görə elə etdim ki,var dövlət ucuzdur sözdən,

99 böyükdür yüzdən.

Sonra şeyx oğlu saray divarındakı pərdəni kənara çəkdi sol tərəfdə yazılmışdı:-Şah Abbasın 100 karvansarası var.

Sağ tərəfdə isə yazılmışdı :-Şah oğlu şah Abbasın 99karvansarayı var.

Sözün böyüklüyünə heyran qalan şah ,şeyx oğlunu bağışlayıb bağrına basdı.

Əmr etdi sarayda böyük şadyanalıq quruldu,saray qapısında tonqal çatıldı,12qatlı yuxalar yayıldı,ala dağdan yaşıl ələyəzlər gətirib sarayı bəzədilər,bir büsat quruldu ki,göydə uçan quşlar da qanad saxlayıb tamaşaya dayandı.

Onlar yeyib-içib yerə keçdi,biz də bu dövrə keçdik.

Nağılım burda bitdi,
Bağçamızda nar bitdi.
Bağban oldu şadiman,
Qurdu tərəzi-mizan.
Şah oğluyla şeyx oğlu
Oldular cənnətməkan

İlhamə Kədər