“Partizan” Samir Nənin şeirlərini təqdim edir.
Mənmi üşüyürəm?
Otaqmı soyuqdu?
Çaymı soyuyub?
Mahnımı kədərlidi?
Anammı hüzünlüdü?
Atammı kasıb?
Həyatmı rəngsizdi?
Ölməkmi asandı?
Qışmı ümidsiz?
Yaşımmı o deyil?
Qar qızımı cavandı?
Yeni ilmi köhnədi?
Pəncərəmdən uzaqda.
Uşaqlar oynayırlar,
Uşaqlar xoşbəxtdilər.
Mənsə fikirləşirəm,
Atamı oyadımmı?
Anama sarılımmı?
Çayımı dəyişimmi?
Fikirlər yalançıdır,
Ümidlər yalançıdır.
Kimsə həyətimizdə qar adamı düzəldib,
Oturub fişəng atır,
Təkliyinə ithafən.
Mənsə fikirləşirəm,
….
….
Mənsə fikirləşirəm,
Şaxta Baba, qar yağır.
Şaxta Baba, qar yağır.
***
Çox küləkli havada.
Parkımızın üstündə.
İtlər üstümə cumdu.
Bəlkə çaşdım.
Bəlkə qorxdum.
Bilmirəm.
Qabaqda da çoxdurlar.
***
Gecədi qış gecəsi….
İzim üstə qar düşür.
Maşınlardan üstümə,
Sarı işıqlar düşür…
Ayaqlarım, əllərim
Üz gözüm buz bağlıyır…
Mən gedirəm… dalımca,
Yazıq bir iz ağlıyır…
O iz mənim yolumu,
Gözləməsə yaxşıdı…
Bu çovğunda, bu qarda
Buzlamasa yaxşıdı…
Nə qəribə dünyadı,
Ovunmağa yerim yox…
Qayıtmağa gerim yox…
Bu vurhavur havada,
İndi hər şey bir yana…
Guya neyləsəyiyəm..!?
Qayıdıb görsəm ki sən
Qar izimi örtməmiş,
Getmisən…gözləmirsən…
Bu yol nə yoldu belə?!
Kimdi bu göydən baxan?!
Qardımı göydən düşən,
Küldümü göydən yağan…
Gecədi qış gecəsi,
İzim üstə kül düşür…
Üstümdən maşınlara,
Ağ qara şəkil düşür…
***
Sən ey kepkalı kişi,
Nəyə sevinir belə
Yanındaki balaca?
Sən ey içkili adam,
Niyə belə qəlizdi?
Tanrıyazan bulmaca…
Sən ey özündən deyən,
Niyə qorxudur səni?
Ağzımdakı tapança?
Sən ey məscid adamı,
Nə vaxta kimi çəkər
Bu İlahi yummaca…?!
Nə üstümə gəlirsiz?!
Aralı durun acca…
***
Nədi bu narahatlıq?!
Niyə üzr istəyir təzə salınan yolun rəngsiz afişaları?
Əbədi narahatlıq,müvəqqəti üzrlər.
Səni dəyişəcəklər.. kim kimdə əbədidi?!
Ən ağır idman növü özündən qaçmaqdımı, özünəmi atlamaq…?
Kimdi əsl müqəvva?!
Mənsə fikirləşirəm Adəmə qalsa idi,
O hələ də oturub o alma ağacının altında darıxırdı.
Nə zor adamdı Həvva.
Nə gözəl dünyadı bu.
İndi çiyinlərimin bütün qadağaların içimə hopdurmuşam, çarmıx çarmıx gəzirəm.
Şəhər şəhər gedirəm…
Ən adi adamları bərk bərk bağrıma basıb…
Ruh verirəm…ruh alıram…
Tanrılar,
Tanrılar axx Tanrılar,sizi biz öldürmədik.
Sizə baş daşı yoxdu.
Ömür tez gedir, Allah!
Ömür tez gedir,Allah.
Bunun yavaşı yoxdu?
***
Yoldu da uzanıb uzanıb gedir,
Biz də yad adamlarıq.
Kimdi kimə toxunan?
Kimdi kimə qayıdan?
Sən xoşuma gəlirsən,
Uzaq olanda nə olar?
Mən ki görürəm səni,
Görürəm, görməsəm sən deyən olar,
Görməsəm sən demiş yad olarıq biz.
Məsafələr bənd deyil,
Məsafələr də yoldu,
Kədərlənmə, uzan, yat.