Vaqif Mustafayev bu filmin rejissorluğundan imtina edib

Loading

“Partizan” 1990-cı illərdə çəkilən ən uğurlu kommersiya filmlərimizdən olan “Bəxt üzüyü” haqqında 15 nadir faktı təqdim edir.

1. Film Afaq Bəşirqızının arzusu ilə çəkilib. 1990-cı illərdə “Qaraqaya” Asossasiyasndan Afaq Bəşirqızıya istənilən sənət işi üçün dəstək təklifi gəlib. Aktrisa da, “Bəxt üzüyü” filminin çəkilişinə maddi dəstək istəyib. Beləliklə “Qaraqaya” filmin çəkilişi üçün pul ayırıb.

2. Vaqif Mustafayev filmin rejissorluğundan imtina edib. Film əvvəlcə ona təklif edilsə də, o, əlində başqa bir filmin olduğunu əsas gətirərək Afaq Bəşirqızını Ramiz Əzizbəyliyə yönəldib.

3. “Bəxt üzüyü” filmdən əvvəl Sumqayıt Dövlət Teatrında tamaşaya qoyulub. Burada da baş rollarda Afaq Bəşirqızı və Valeh Kərimov oynayıb. Tamaşa dövlət televiziyasında dəfələrlə yayımlanıb. Filmin çəkilişləri zamanı da baş rollar məhz Afaq Bəşirqızı və Valeh Kərimova həvalə olunub.

4. Film 2 ay ərzində Şüvəlanda – Azərbaycanda komendant saatı elan olunduğu bir zamanda çəkilib. Buna görə də çəkilişdə xeyli problemlər yaşanıb.

5. Milis nəfərinin qonşuları idarəyə apardıqları səhnədə aktyor-aktrisa heyətinə içməyə su verilməyib ki, səhnə təbii alınsın.

6. Söylünün hirslə “hələ bir o qaraya bax ee, qaraya” dediyi uşaq Afaq Bəşirqızının oğlu Səmraldır.

7. “Bəxt üzüyü” filmi Afaq Bəşirqızının boşr olda oynadığı yeganə köhnə bədii filmimizdir. Bundan sonra da 1-2 filmi çıxmaq şərtilə Afaq Bəşirqızı bədii filmlərdə, demək olar, oynamayıb. Onu məşhurlaşdıran tamaşalar və televiziya tamaşaları olub.

8. Sevda üzündə maska Söylü və Saraya yaxınlaşanda Söylü ona qarşı “senzuradan keçməyən” bir kəlmə işlədərək ələ salır. Əslində bu söz ssenaridə olmayıb. Afaq Bəşirqızı özündən əlavə edib. Ona görə o səhnəyə diqqətlə baxdıqda Firəngiz Rəhimbəyovanın o sözü eşitdikdən sonra üzündəki heyrəti görmək olar.

9. “Bəxt üzüyü”nün çəkiliş meydanında bədbəxt hadisə baş verəcəkmiş. Filmdə Moşu və Söylünün uşaqları obrazında oynayan yeniyetmələrdən biri dənizdə batırmış. Uşaqların filmə çəkilmədiyi günlərin birində onlar fürsətdən istiadə edərək dənizə çimməyə gedir. Hadisə də bu zaman baş verir. Uşağı son anda xilas edə bilirlər.

10. Bədahətən səhnələr filmi daha da baxımlı edib. Məsələn, Söylünün qaçdığı yerdə yıxılması məqsədli deyil, təsadüfən olub. Arağın divara dəyib sınması səhnəsi də düşünülməmiş bir addım idi. Şüşə sınmamalı idi. Ancaq Söylü güclü zərbə ilə yoldan keçənin əlini itələyir və araq şüşəsi divara çırpılır.

11. Moşu ilə Söylü yol qırağında gedərkən qəflətən sürətlə bir maşın keçir və Söylü qırağa atılır. Bu məqamda aktrisa Afaq Bəşirqızı bərk qorxub. Maşının gəlməsi isə təsadüf idi.

12. Qonşuları motosikletlə qarşısına alıb apardığı səhnədə Arif Qulıiyevin mineral su içdiyi səhnə var. Suyu içib boş butulkanı apardığı adamlara göstərib soruşur: “Su içirsiniz?” Həmin epizod Arif Quliyev 6 butulka su içəndən sonra, nəhayət ki, alınır. Daha doğrusu, Arif Quliyev mədəsinin ağrıdığını deyib daha su içməkdən və həmin kadra bir daha çəkilməkdən imtina edir.

13. Rejissor Ramiz Əzizbəyli müsahibələrinin birində deyib ki, filmə lazım olan vəsaiti artıqlaması ilə ödədiyi üçün artıq qalan pulu sponsorun özünə qaytarmaq istəyib. Sponsor “Halal adamsan, onu da sənə halal edirəm”, — deyib.

14. Ramiz Əzizbəyli də dediyinə görə, vəsaitin yarısını sıravi işçilərə, qapıçıdan tutmuş sürücüyə qədər paylayıb, yarısını isə, özü də daxil olmaqla, yaradıcı qrup arasında bölüşdürüb.

15. Rejissor deyir: Orda Sovet İttifaqının dağılmasını, hələ ittifaq dağılmamışdan göstərmişəm. İrəlini görmüşəm, SSRİ dağılmasaydı, o filmə görə Moskva atamı yandırardı”.