Etiket arxivi: məhəmmədəmin rəsulzadə

Rəsulzadəni təhqir edən məqaləni kim yazıb? – “Kapitalist eşşəkləri…” – Mətn

Loading

Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycanda cümhuriyyət qurucularının qara piarı aparılır, onların fəaliyyəti izlənilərək xalqa yanlış çalarlarla təqdim edilirdi. Bu tip məqalələrdən bir neçəsini də Əliheydər Qarayev yazıb.

1928-ci ildə Azərbaycanda ərəb əlifbasından latın qrafikasına keçidə qərar verilib. Məhəmməd Əmin Rəsulzadə SSRİ tərkibindəki hər ölkənin bir əlifbada olmasını tənqid edərək bu hərəkəti “Moskvanın hiyləsi” kimi təqdim edir.

Əliheydər Qarayev isə bu məqaləyə təhqir dolu bir cavab yazır.

“Partizan” 1929-cu il 1 yanvar tarixdə “Kommunist” qəzetində dərc olunan həmin məqalədən bir parça təqdim edir:

1 YANVAR – BÖYÜK İNQİLAB BAYRAMIDIR

Azərbaycan mərkəzi icraiyyə komitəsinin dekreti üzrə bu gündən etibarən Azərbaycanda bütün mətbuat, idarələr, müəssisələr, məktəblər və sairə artıq tamamilə yeni əlifbaya keçir.

Şuralar Azərbaycanında yeni əlifba tətbiqi uğrunda birinci addımlar atılırkən bu yeni əlifbanın düşmənləri – mollalar, axund kərbəlayi, məşədi, bəy, xan və onların rəhbəri müsavat firqəsinin bütün əzilmiş tör–töküntüsü qudurğancasına hücuma başlamışlar.

Onlar Azərbaycan əməkçiləri haqqında heç bir murdar sözdən, yalan, böhtan və iftiradan geri durmadılar. Məncə, indi düşmənlərimizin haqqımızda nələr söylədiyini gözəlcəsinə bilərək onların murdar maskasını atmaq və çirkin sifətlərini göstərmək yersiz olmaz.

Misal üçün vaxtilə İstanbulda çıxan “Yeni Kafkazya” məcmuəsinin 15 oktyabr nömrəsindəki “Bolşevizm və türkçülük” məqaləsini alalım.

Məqalədə Məhəmməd Əmin bəy yazır: “Moskvanın hiyləsi (hiyləsi ha!!! K.) yalnız bununla qurtarmır. Moskva Azərbaycanda latın əlifbası tətbiq edir və Dağıstanda ruscayı (fitnəyə tamaşa edin!!! – K.) nəşrə səy edir. Krımda bir imla, Kazanda tamamilə yeni bir imla tətbiq edilmişdir. Bu surətlə ixtilaldan əvvəl bir imlaya, bir hürufat və bir üsuli təhrirə malik olan türkləri – mətbuat və ədəbiyyatlarını parçalayaraq vəhdət lisanlarını pozmuşlardır” .

İmdi 4 il əvvəl siyasi fırıldaqçı Məhəmməd Əminin nə fəsad törətdiyini və məsələyə nə dərəcədə alçak bir surətdə yanaşarak “yeni əlifba” – Moskvanın hiyləsi” və “ruslaşmak” üçündür deyə bağırmasını nəzərinizə gətirin.

Lakin Moskva hiyləsi Məhəmməd Əminin düşündüyü “hiylələrdən” deyildir. “Moskva hiyləsi” əməkçilərin yaratdığı oktyabr inqilabından ibarətdir. Bu başı boş ağalar elə güman edirlər ki, artıq bu əsrdə gündə on dəfə donunu dəyişdirən fırıldaqçıları tanımayan adamlar yenə də vardır.

Artıq Məhəmməd Əminlər hansı maskaya bürünür bürünsün onların çirkin sifətləri göründükdə, murdar səsləri eşidildikdə hər bir əməkçi anlayır ki, dağlanan kapital eşşəkləri nə üçün anqırırlar”

Ə. H. Karayof

Əliheydər Qarayev “Kommunist” qəzetinin 29 yanvar 1929-cu il sayında da M.Ə.Rəsulzadə başda olmaqla cümhuriyyətçiləri satçıqnçılıq və fırıldaqçılıqda günahlandırır. Həmin məqlədən də bir parça təqdim edirik:

MÜSAVATÇILARIN YAL DAVASI
Deterdinq köpəkləri boğuşurlar

“Kokumuş mühacirlər bataqlığında son aylar müddətində bir hərəkət, canlanma görülür.

Buna da səbəb kokumuş mühacirlər bataqlığı tufeylilərinə kapitalistlər tərəfindən atılmış sədəqə olmuşdur.

Vaxtilə xəbər verdiyimiz kimi Topçubaşov başda olmaq üzərə “Azərbaycan sülh heyət mürəxxəsəsi” bütün Ramana dairəsini Deterdinqə satmışdır.

Eyni zamanda yenə məşhur heyət Bakı neft yerlərinin, Bibiheybət və Suraxanı kimi sayir dairələrini də satmaq barədə müzakirət aparırdı.

Məhəmməd Əmin Rəsulzadənin 1925-ci ildə İstanbulda nəşr edilən “Əsrimizin Səyavuşu” əsəri
Böylə tək başına fırıldaqçılığın mənfəətini duyaraq Məhəmməd Əmin Rəsulzadə qrupu “Azərbaycan heyəti mürəxəssəsi” əleyhinə şiddətli kampaniya açaraq onun üzvlərini xain, fırıldaqçı, dolandırıcı elan etdi…

Bu cür ağalar bu gün millət davası edirlər.

Məhəmməd Əmin Rəsulzadələrin milləti, Xas Məhəmmədoflar və onların qruplarının milləti ancaq öz cibləridir.

Azərbaycan əməkçilərini qarət edənlər hətta qovulduqdan sonra mühacirlikdə də bir çox dolandırıcılıq və fırıldaqla Azərbaycanı soymaqda davam edirlər.

Bütün bu alış-verişlər, daha doğrusu dolandırıcılıqlar, mühacirlərin millət gurultu və patıltıları altında edilir.

Əməkçilər düşməni qovulmuş müsavat millətinə çürük sıralarının büsbütün dağılmasında müvəffəqiyyətlər diləriz.”

Ə. H. Karayof

Qeyd: Məhəmməd Əmin Rəsulzadə isə 1920-ci ildə Ə.H. Qarayev və onun tərəfdaşlarının köməyilə Azərbaycan işğal olunmadan bir neçə gün əvvəl iclasda Qarayevə bu sözləri demişdi:

” – Sən bir güllə atmadan bütün millətimizi məhv etdin, Əliheydər, «tovarişlər» sənin özünü güllələyəndə mənim bu sözlərimi yadına salarsan”.

Ə. H. Qarayev Bakı Sovetinin Sədri, “Kommunist” qəzetinin baş redaktoru işləsə də, özü də 1938-ci ildə casusluqda və əksinqilabi fəaliyyətdə günahlandırılaraq güllələndi.