Etiket arxivi: şeir

Təzə qafiyəsin tapdım yağışın – Rəşad Nağı Mustafanın yeni şeiri

Loading

“Partizan” Rəşad Nağı Mustafanın yeni şeirini təqdim edir.

Bir gün ölüm gəldi, qapını döydü.
Mən evdə yox idim, olsam, açmazdım.
O gün atam öldü. 40 gün keçmədi,
Qəbrinin üstünə bir şeir yazdım.

Ağlaya-ağlaya bir şeir yazdım,
Anama oxudum, atam eşitdi.
Atamın üçündə atamı gördüm,
Başını götürüb harasa getdi.
Mən onda bildim ki, atam sağdır, sağ,
Gedib əl açanda baxdığım yerə
Mən ölən günədək qayıtmayacaq.

Bir xeyli dəyişdim atamdan sonra,
Təzə qafiyəsin tapdım yağışın.
Sonra nə oldusa, yadıma gəlmir,
Şeirin əzbərlədim Eldar Baxışın.
Sonra bir qız gördüm; yanağı dəlik,
saçları dalğalı, gözləri belə.
Gördüm, şeir-zad da qanır, üstəlik.

Sevdim mən bu qızı, belə qəribə,
Elə bil xurmanı peyğəmbər sevir.
Necə başa salım, necə sevmişəm?
Atasız yetimlər nə təhər sevir?

Sonra atam kimi fikrə getdim;
sol əlin şəhadət barmağı ki var,
götürüb apardım gicgah tərəfə.
Mənim harda idi sağ əlim onda?
Onu da qoymuşdum Allah tərəfə.

Qoymur unutmağa Allah atamı,
Mən də sağ bilirəm, o da sağ bilir.
Mən səni sevmişəm – bunu bilirsən.
Mən necə sevmişəm – bir Allah bilir