“Partizan” Nicat Hunalpın şeirlərini təqdim edir.
Ay göy üzü əl çək daha yaxamdan
Küsdürmüsən yenə ayı buludu,
Ay göy üzü əl çək daha yaxamdan
Çiçək ömrüm torpağında qurudu,
Ay göy üzü əl çək daha yaxamdan
Yağışında dərdim – sərim yuyuldu,
Arzularım ağac kimi oyuldu ,
Yazıq canım tabutuna qoyuldu,
Ay göy üzü əl çək daha yaxamdan
Nə istedi axı səndən bu adam,
Axır çıxdı iman dindən bu adam,
Nə gördüki guya yerden bu adam,
Ay göy üzü əl çək daha yaxamdan
Həsrət üzdü o çiçəksiz arını,
Yel apardı cənnətinin barını,
Gizlətmisən milyon ildi Tanrını,
Ay göy üzü əl çək daha yaxamdan
Mən zamanın tərs üzünə düşmüşəm
Durulmuşam bir bulağın suyuna,
Dəli axan çay gözünə düşmüşəm
Yas saxladım kədərimin toyuna,
Qaranlığın gündüzünə düşmüşəm
Ocaq üstə yandı bağrım kabab tək,
Ulduz dərdim göy üzündən bir ətək,
Qucağımda dünya boyda gül – çiçək,
Bəxt sarıdan çöl düzünə düşmüşəm
Qəfəsdədi div canım bu ölkədə,
Neynim hələ çatmayıbdı vaxt – vədə,
Yanlış vaxtda doğulmuşam bəlkə də,
Mən zamanın tərs üzünə düşmüşəm
Bir bulud ağlayır başımın üstə
Bir az köz atım qoy bu sözə barı,
Fələklə payımı böl yarı – yarı,
Tanrımı göndərib bu buludları,
Bir bulud ağlayır başımın üstə
Özün bax sən Allah bu haya – küyə,
Ürəyim dayanmır o uçuq öyə,
Göy yerə qarışıb,yerdəki göyə ,
Bir bulud ağlayır başımın üstə
Burda yaşamımda vallah havayı,
Pərişan görürəm günəşi ,ayı,
Bir kimim kimsəm yox ,məndən savayı,
Bir bulud ağlayır başımın üstə
Nə qədər adam var içimdə ölən,
Yoxdu ürəyimdə dərdimi bilən,
Nə çoxdu halıma ürəkdən gülən,
Bir bulud ağlayır başımın üstə
Dayan, bir baş çəkim bu ağacada,
Orda qəlbi kabab, qarnı acada,
Tanrıdan aşağı,məndən ucada,
Bir bulud ağlayır başımın üstə
Dərdimə əyilmişəm bir gəmi limanında
Dərdimə əyilmişəm bir gəmi limanında,
Başımdan ayağıma damarımda qan donub
Gözlərimin kədəri siqaret dumanında
Ürəyimdən ayrılıb çiyinlərimə qonub
Dərdimə əyilmişəm bir gəmi limanında,
Gözlərimi dikmişəm buralardan uzağa
Həsrəti içimdədi hələ son baharında,
Saçlarım yarpaq kimi düşür dən – dən torpağa
Dərdimə əyilmişəm bir gəmi limanında,
Üstümə payız günü bir kədər çöküb ağır
Mən çəkdiyim kədəri, tək Tanrı çəkə bilər,
Kədərim göy üzündən yağışa dönüb yağır
Dərdimə əyilmişəm bir gəmi limanında,
Qağayılara burda ən son ümid yeriyəm
İstanbulun qoynunda tənhalıq limanında,
Ruhuna kədər çökmüş tənhalardan biriyəm
Dərdimə əyilmişəm bir gəmi limanında,
İçdiyim qədəhlərin sayısın itirmişəm
Ümidimin közündə siqar kimi alışıb,
Tüstülənib, sonunda kül qabında ölmüşəm
Dərdimə əyilmişəm bir gəmi limanında,
Özümdəndə ucaya qaldırmışam qəmimi
Gecənin bir yarısı beynimin dumanında,
İtirmişəm o gündən axtarıram gəmimi