Əgər bir qış gecəsi yolçu…

Loading

“Partizan” İtalo Kalvinonun məşhur “Əgər bir qış gecəsi yolçu” romanından parça təqdim edir.

Şəhərimizin əsas prospekti ilə addımlayıram və yoxdan saymağı qərara aldığım bütün xırda detalları silirəm. Nazirliyin binasının yanından keçirəm. Binanın ön tərəfində insan heykəli şəklində sütunlar, dirəklər, sürahibəndlər, kürsülük və divar çıxıntıları görünür. Məncə onu kiçiltmək, fəzada nəzərə çarpmayan hamar şaquli səth, tutqun şüşə təbəqə, arakəsməyə çevirmək lazımdır. Lakin hətta belə sadə görünüşü ilə də bu bina məni sıxır. Onu tamamilə yox etmək qərarına gəlirəm. İndi onun yerində çılpaq torpaq üzərində süd kimi bəyaz səma ucalır. Eyni qayda ilə daha beş nazirliyi, üç bankı və böyük şirkətlərin bir neçə göydələnini silirəm. Dünya elə qəlizləşib, dolaşıqlaşıb və dolub ki, bəzi şeyləri aydın görmək üçün elə azaltmaq, azaltmaq lazımdır.

Prospektlə dolaşarkən görünüşləri mənə müxtəlif səbəblərdən xoş olmayan insanlarla rastlaşıram. Rəhbər vəzifədə olanlar mənə asılı vəziyyətimi xatırladır. Tabe edilmişlər iyrənc və bayağı amiranə halımı yadıma salır. Paxıllıq, yaltaqlıq və onların yaratdığı kinin bayağı olduğu kimi. Tərəddüd belə etmədən onları da, o birilərini də silirəm. Gözümün ucu ilə onların nazilərək yüngül dumanda necə əridiklərini görürəm.

Bu əməliyyat zamanı çox ehtiyatlı olmalıyam və mənə tamamilə yad olan, məni heç vaxt qıcıqlandırmayan adi insanlara toxunmamalıyam. Əksinə, elə simalar var ki, onlara diqqətlə baxdıqda məndə səmimi maraq oyanır. Amma o da var ki, əgər ətraf ancaq yad adamlardan ibarət olsa, onda özümü tənha və narahat hiss edəcəm. Ona görə onları da silsəm yaxşıdır. Hamısını birdən. İş də bununla bitsin.

Mənə xoş olan bir neçə insan var ki, bəsitləşdirilmiş dünyada onlarla görüşmək imkanım daha çoxdur. Məsələn, Fransiska. O, mənim tanışımdır. Onunla hər görüşümə sevinirəm. Biz zarafatlaşırıq, gülüşürük, söhbətləşirik. Başqaları ilə bəlkə bunları danışmarsan, amma bizə maraqlıdır. Vidalaşanda mütləq tezliklə görüşmək ümidi ilə ayrılırıq. Həftələr, aylar keçir və biz yenə təsadüfən küçədə rastlaşırıq. Sevinc dolu səslər, gülüş, yenidən görüşmək üçün növbəti vədlər…Lakin nə o, nə də mən bunun üçün əlavə qüvvə sərf etmirik. Çünki bilirik ki, onda gözlədiyimiz kimi olmayacaq. Bəlkə də hələ heç nəyin müəyyənləşdirilmədiyi, bəsitləşdirilmiş, daralmış dünyada Fransiska ilə tez-tez baş tutacaq görüşlər bizim münasibətlərimizə nəsə aydınlıq gətirə bilər… Bəlkə nigaha girdik, yaxud elə birlikdə yaşamağa başladıq. Onda hər birimizin ailəsi, əcdadlarımız və törəmələrimiz, yaxın və uzaq qohumlarımız, dostlarımız və tanışlarımız, gəlirlərimiz və mülklərimiz birləşəcək. Onda söhbətlərimizin üzərinə çökən ağırlıq və onları bir neçə dəqiqəyə qədər qısaldan şərtiliklər də yox olacaq. Fransiska ilə görüşlər daha sevincli və xoş olmalıdır. Bunun üçün son dəfə Fransiskanın geyindiyi açıq rəngli kürkdən geyinmiş bütün gənc qadınları yox edəcəm, onda uzaqdan görəndə gələnin Fransiska olduğuna əmin olacam və çaşqın vəziyyətdə qalmayacam, ümidlərimdə də yanılmayacam. Bundan başqa onun dostu roluna yaraya bilən bütün gənc oğlanları da yox edəcəm, onlar Fransiskanı söhbətə tutub ləngidə bilərlər. Mənsə bunu istəmirəm.

Deyəsən şəxsi münasibətlərin təfərrüatına çox vardım. Lakin düşünmək lazım deyil ki, hər şeyi və hamını silərkən öz ani maraqlarımı rəhbər tuturam. Heç də yox, ümumi maraqlardan çıxış edərək hərəkət etməyə çalışıram (yenə də dolayısıyla öz maraqlarımdan). Əgər başlanğıcda yolüstü bütün dövlət müəssisələrini – önü pilləli, girişində sütunlar, vestibüllər, dəhlizlər, kartotekalar, sərəncamlar, şəxsi işlər, o cümlədən rəhbər şöbələr, baş direktorlar, müvəqqəti vəzifə icra edən kiçik müfəttişlər, ştatda olan və ştatdan kənar əməkdaşları olan tikililəri məhv edirdimsə, bunu yalnız ona görə edirdim ki, zənnimcə onların mövcudluğu ümumi ahəng üçün zərərlidir və gərəksizdir.

Bu vaxt işçi ordusu isti iş yerlərini tərk edir, süni kürkdən olan yaxalıqlı paltolarını düymələyir və avtobuslara doluşur. Bir göz qırpımında onları da yox edirəm. Yalnız uzaqda boş küçələrdə tək-tük insanlar görünürlər. Ordakı minik və yük maşınlarını, avtobusları da yığışdırmışam. Küçə belə boş və hamar olanda adama xoş gəlir, sanki boulinq yoludur.

Sonra kazarmaları, gözətçi məntəqələrini, polis idarələrini yox edirəm. Formalı insanlar heç elə bil yox imişlər. Deyəsən bir az həddimi aşdım. Yanğınsöndürənlər, poçtalyonlar, süpürgəçilər və başqa peşə sahibləri də eyni qisməti paylaşmalı olurlar, halbuki onlar başqa davranışa layiq idilər. Lakin artıq gecdir. Olan olub, keçən keçib. Xoşagəlməz hallardan qaçmaq üçün tələm-tələsik yanğınları, iməcilikləri, eyni zamanda poçtu yox edirəm. Onsuz ondan bir xeyir gəlmir.

Bir də yoxlayıram ki, birdən hardasa poliklinika, xəstəxana, qocalar evi qalar. Məncə sağlamlığı qorumağın yeganə yolu həkimləri, sanitarları, xəstələri yox etməkdir. Onların ardınca prokurorlar və hakimlər, vəkillər, müttəhimlər və zərərçəkənlər, məhbus və nəzarətçilərlə birlikdə həbsxanalar gəlir. Bundan sonra bütün müəllim heyəti ilə birgə universitetləri, elmlər akademiyasını, incəsənət və bədii ədəbiyyatı, muzeyləri, kitabxanaları, abidələri, abidələrə nəzarət idarələrini, teatrları, kinoteatrları, televiziyanı, qəzetləri silirəm. Əgər kimsə düşünürsə ki, mədəniyyətə hörmət məni yolumdan döndərə bilər, zənnində yanılır.

Sonra növbə iqtisadiyyata gəlib çatır. Artıq uzun müddətdir ki, o, bizim həyatımızı həyasızcasına idarə edir. Özünü nə hesab edir axı? Bir-birinin ardınca mağazaları yox edirəm. Əvvəl ən zəruri mallar, sonra cah-cəlal satılan yerləri. İlk növbədə vitrinləri boşaldıram. Ardınca piştaxtaları, rəfləri, satıcıları, xəzinədarları, bölmə rəhbərlərini silirəm. Çaşqın alıcılar bir anlıq donub qalırlar, əllərini boşluğa uzadırlar və arabalarının necə yox olduqlarını görürlər, sonra onlar da heçliyə qovuşurlar. İstehlakdan istehsala keçirəm. Ağır və yüngül sənayeni yox edirəm, xammal və enerji mənbələrini heçə çevirirəm. Bəs kənd təsərrüfatı? O da elə! Və geriyə, ibtidai icma quruluşuna can atdığımı düşünməsinlər deyə heyvan və balıq ovçuluğunu da silirəm.

Təbiət… Xa,xa, elə bilirsiniz bilmirəm ki, təbiətlə bağlı bütün bu hoqqalar fırıldaqdan başqa bir şey deyil? Yox ol! Qoy ayaqlarımın altında ancaq sərt yer qabığı qalsın, ətrafda isə boşluq.

Prospekt boyu gəzintim davam edir. İndi o, ucsuz-bucaqsız düzəngaha bənzəyir, adamsız və buz bağlamış…Göz uzandıqca, nə bir divar, nə dağ, nə də təpəciklər görünür. Nə çay var, nə göl, nə dəniz. Ancaq yastı, boz, buzla örtülmüş, bazalt kimi sərt hamar səth. İmtina etmək çoxlarının güman etdiyi kimi o qədər də çətin deyilmiş, bircə başlamaq lazımdır. Bircə dəfə nəsə həyati vacib bir şeydən əl çəkmək kifayətdir. Onda məlum olur ki, başqa nələrsə də olmadan keçinmək olar. Bir çox şey olmadan… Beləcə mən dünya adlanan boşluq üstündə gəzirəm. Güclü çovğun yox olan dünyanın qalıqlarını özü ilə aparır: tənəkdən yenicə dərilmiş yetişmiş üzüm salxımını, südəmər körpənin ipək papışlarını, yağlanmış avtomobil detalını, hansısa ispan romanından qoparılmış, üstündə Amaranta başlığı yazılan səhifəni. Dünya mövcudluğuna son qoyandan bəri bir neçə saniyə keçib, yoxsa bir çox yüzillik? Mən zaman hissiyyatını itirmişəm.

Mənim hələ də prospekt adlandırdığım bu heç nədən ibarət zolağın hardasa lap dərinliklərində açıq rəngli xəz jaket geyinmiş zərif fiqur peyda olur. Fransiska! Hündür uzunboğaz çəkmələrini, yüngül, tələsik addımlarını dərhal tanıyıram. Əllər adəti üzrə kürkün qollarında gizlədilib. Uzun zolaqlı şərfi yel əsdikcə yellənir. Düzdür, şaxtalı hava və açıq yerdə hər şey aydın görünür, amma onun diqqətini çəkmək üçün əbəs yerə əl-qolumu yelləyirəm. Məni tanıya bilməz, aramızdakı məsafə çox uzundur. Addımlarımı yeyinləşdirirəm, hər halda mənə elə gəlir, çünki ətrafda səmti göstərən heç nə yoxdur. Qəfildən mənimlə Fransiska arasında bir neçə kölgə peyda olur. Palto və şlyapalı bir neçə kişi. Onlar məni gözləyirlər. Görəsən kimlərdir?

Yaxınlaşanda onları tanıyıram. O. Şöbəsinin adamlarıdır. Bu necə ola bilər? Onlar niyə qalıb? Orda neyləyirlər? Onları yox etdiyimi güman edirdim, axı idarənin bütün işçilərini silmişdim. Niyə onlar bizim yolumuzda dayanıblar? “İndi onları silərəm! “ – düşünərək fikrimi toplayıram. Amma yox. Elə olduqları kimi yerlərində dayanıblar.

— Nəhayət ki, — onlar məni salamlayırlar. — Demək sən də bizdənsən? Əhsən! Bizə əla kömək etdin. İndi hər yer təmizdir

— Necə yəni? — ucadan qışqırıram. — Siz də silirdiniz?

Deməli ona görə mənə elə gəlmişdi ki, bu dəfə ətrafdakıları yox edəndə həddimi aşmışam.

— Məgər siz həmişə artım, çoxalma, möhkəmlənmə tərəfdarı olmamısınız?…

— Nə olsun ki? Biri o birinə əngəl yaratmır….Hər şey öncədən razılaşdırılıb və nəzərə alınıb…İnkişaf xətti sıfırdan başlayacaq….Görürsən, sən də başa düşmüsən ki, çıxılmaz vəziyyətdəyik. Ətrafda hər şey tənəzzülə uğrayıb… Ancaq bir yolumuz qalmışdı, prosesə təkan vermək… Qısa zaman kəsiyində nəticələr əldə etməsək də, bu güclü təkanverici qüvvə ola bilər.

— Sizinlə həmfikir deyiləm… Tamam başqa məqsədlərim var idi… Və başqa cür də yox edirəm… — etiraz edirəm, özüm isə düşünürəm: «Məni öz hiylələrinə ortaq etmək istəyirlər. Amma baş tutmayacaq!»

Artıq geri dönmək, yox olan dünyanı bərpa etmək istəyirəm. Tədricən də olsa. Ya da elə dərhal. Onun çoxtərəfli cismindən yenidən möhkəm divarlar qaldırmaq istəyirəm ki, onların planlaşdırdığı ümumi viranetmə və mənasızlaşdırma niyyətinə mane olum. Gözlərimi tam əminliklə qapayıram və düşünürəm ki, açanda yenə prospektdə olacam. Bu zaman artıq fənərlər yanır, hərəkət güclənir, köşklərdə təzə qəzet sayları satılır… Amma yox. Ətrafdakı boşluq indi lap vahiməyə salır. Fransiskanın silueti üfüqdə güclə seziləcək şəkildə irəliləyir, sanki yer kürəsinin əyriliyini dəf edir. Yoxsa biz doğrudan da sağ qalan yeganə canlılarıq? Böyük dəhşət hissi ilə nə baş verdiyini anlayıram. İradəmin gücü ilə sildiyimi və istənilən vaxt geri qaytara biləcəyimi zənn etdiyim dünya əslində izi-tozu qalmadan yox olmuşdu.

— Hər şeyə ayıq başla yanaşmaq lazımdır — O. Şöbəsinin əməkdaşları söyləyirlər — Ətrafa baxın. Hətta kainat belə dəyişir… Ya da belə deyək, dəyişmə mərhələsindədir… — və səmanı göstərirlər. Ulduz topalarını tanımaq olmur, bəzi yerlərdə səpələniblər, bəzi yerlərdə sıxlaşıblar. Səmanın xəritəsi tamamilə pozulub. Ulduzlar bir-birinin ardınca partlayır və sonda bərq vuraraq yox olurlar. Əsas odur ki, O. Şöbəsi “yenilər”in gəlişinə tamamilə hazırdır. Bütün ştat vahidləri dəstləşdirilib. İşçi mexanizmlər xırdalıqlarına kimi quraşdırılıb…

— Bəs bu “yenilər” kimlərdir? Nə ilə məşğul olurlar? Nə istəyirlər? — soruşuram və görürəm ki, məni Fransiskadan ayıran donmuş səth üzərində nazik çat əmələ gəlir. Çat get- gedə böyüməyə başlayır .

— Tezliklə biləcəksən. Bildiyimiz hər şeyi sən də biləcəksən. Hələ ki, heç biz də onları görməmişik. Onlar mövcuddurlar, bunu dəqiq bilirik. Bizə qabaqcadan onların gələcəklərini bildiriblər. …Lakin biz də mövcuduq. Onlar bunu bilməlidirlər, axı biz əvvəlkilərdən qalan yeganə qırılmaz əlaqəyik…Onlara lazımıq, bizsiz keçinə bilməzlər. Onlar qalanlara rəhbərliyi bizə həvalə etməli olacaqlar…Dünya bizim onu görmək istədiyimiz formada yenidən qurulacaq…

Yox, düşünürəm, məncə mənim və Fransiskanın yeni yaranan dünyası sizə məxsus olmamalıdır. Fikrimi cəmləməyə çalışıram və bu an Fransiska ilə harda olmaq istədiyimi bütün təfərrüatı ilə təsəvvür edirəm. Məsələn, güzgülü şüşələri büllur çılçıraqları əks etdirən kafedə; orkestr vals ifa edir; skrikpa sədaları mərmər stollar, tüstülənən fincanlar və kremli pirojnalar üzərində pərvaz edir… Küçədə isə tutqun şüşələrdən o tərəfdə insanlar və əşyalar dünyası mənə öz mövcudluğunu xatırladır, mehriban, yaxud ədavətli, sevincli, yaxud hiddətli…Bütün qüvvəmi toplayıram, amma bilirəm ki, bu dünyanın yenidən doğulması üçün kifayət deyil. Yoxluq daha güclüdür və o, bütün cahanı bürüyüb.

—Onlarla əlaqə yaratmaq çətin olmayacaq, — О. Şöbəsinin əməkdaşları davam edirlər, — burda səhvsiz iş görmək lazımdır, əks halda oyundan kənarda qalacaqsan. Bizim fikrimizcə sənin kimi bir insan bizə yenilərin etimadını qazanmağa kömək edəcək. Ləğvetmə prosesində nəyə qadir olduğunu göstərdin. Həm köhnə rejimdə də özünü digərlərindən daha az nüfuzdan salmısan. Özünü yenilərə təqdim edəcəksən və O. Şöbəsinin nəyə xidmət etdiyini, təxirəsalınmaz məsələlərin həllində necə istifadə oluna biləcəyini onlara danışacaqsan… Hər şeyin necə yoluna qoyacağını özün götür-qoy edərsən…

— Onda gedim onları axtarım. Getdim… — tələm-tələsik deyirəm, çünki anlayıram, əgər indi qaçmasam, Fransiskaya çatıb onu etibarlı yerdə gizlətməsəm, bir dəqiqə sonra artıq gec olacaq, tələ öz işini görəcək. O. Şöbəsinin insanlarının mənə növbəti suallarını və təlimatlarını yağdırmağa macal vermədən aradan çıxıram. Mən ona, Fransiskaya doğru qaçıram. Dünya artıq kağız vərəq boyda olub, üzərində ancaq öz-özünə mücərrəd sözlər peyda olur, sanki qalan bütün konkret sözlər tamamilə itib. “Banka” sözünü yazırsan, sonra ona hansı sözü istəsən qoşa bilərsən, “tava”, “ sous” , “baca“ … Lakin mətnin üslubu bunu etməyə imkan vermir.

Məni Fransiskadan ayıran səth üzərində yarğanlar, çatlar, əyriliklər yaranır. Hər saniyə yeni xəndəyə yuvarlanmaq təhlükəsi ilə üzləşirəm… Çatlar get-gedə böyüyür. Bir azdan mənimlə Fransiska arasında dərin çüxur, sonsuz uçurum yaranacaq! Bir torpaq topasından o birinin üstünə tullanıram. Onların altında isə fasiləsiz, ucsuz-bucaqsız, sonsuz boşluq… Dünya ovulub gedir, darmadağın olur… O. Şöbəsinin əməkdaşları var gücləri ilə nəsə qışqırırlar, həyəcanla əl-qollarını yelləyirlər, qayıtmamı, qaçmamamı tələb edirlər…Fransiska! Daha bir həmlə və sənin yanında olacam!

O burdadır, qarşımdadır, gülümsəyir. Gözlərində qızılı parıltı… Üzü şaxtadan qızarıb…

— Mən kimi görürəm! Nə vaxt prospektə çıxıram, sən burdasan! Olmaya bütün günü gəzirsən? Qulaq as, burda döngədə bir kafe tanıyıram, divarları güzgüdəndir, orkestr də vals ifa edir. Məni ora dəvət edərsən?