“Şərif Ağayarı onlara sırımaq istəyirdim” – Seymur Həzi məşhur serialdan yazır

Loading

Partizan.az Seymur Həzinin “Alatava” serialı haqqında yazısını təqdim edir.

“Alatava” serialına mən də baxdım. Uzun zamandır belə əsərlər haqqında yazmıram. Ona görə də sadəcə bəzi fikirləri bildirmək qərarına gəldim.

1. Kiçik adamların böyük hekayələri olmaya bilər. Amma dərin faciələri dəqiq olur. Ona görə də “Alatava” adlı məhəlli seriala baxanda hansısa bəşəri problemin bədii-texniki həllini gözləmək düz deyil. Fəqət, kiçik insanların daxili aləmini açmaq da böyük işdir. Həm də “dərin fəlsəfi” mətnlər olmadan, sadə davranışlarla. Bunu da gördük.

2. Ssenari və personajlar həyatilik baxımından da diqqət çəkir. İzlədikcə bu adamları tanıyırmışıq kimi hiss edirik. Bir balaca xüsusiləşdirəndə isə görürük ki, hə, tanıyırıq. Məsələn, mən 5 illik həbsimdə bu uşaqlarla çörək yemişəm, bir kamerada qalmışam. Nərd oynamışam, onlar mənə Elxan Elatlını, Çingiz Abdullayevi tərifləyiblər, mən də onlara Şərif Ağayarı “sırımaq” istəmişəm.

Alatava
“Alatava” serialından

3. Bu serialda söyüş yoxdur. Amma söyüşdən daha “təhlükəli” şeylər var. Tabu sındırmaq cəhdləri var. Serial təklif edir ki, gəlin “türkün məsəli” demədən danışaq. Onda biz bir-birimizi daha yaxşı başa düşəcəyik. Sözlərin üzündən maska düşəcək. Məsələn, qadına işgəncə verən kişilərin hədəf seçilməsi belə bir tabu qırmaq cəhdidir. İnanın ki, orada ümumilikdə işgəncə verməkdən söhbət getsəydi, belə reaksiya doğurmazdı. Amma Emkanın dilindən səslənən bircə cümlə çox adama öz siluetini göstərdi. Kimlər ki, bizə insanlıq dərsi keçirdilər, birdən dönüb ağzı səhv dolu oldular. Ağızlarındakını isə gərək heç geri qaytarmayaydılar. Belə səhvlər udulsa yaxşıdır. Başqa bir tabu qırmaq cəhdi isə qocanın timsalında uğurlu susqunluqdur.

4. Bu da tamam ayrı dərddir ki, əslində bu serial məhəllə həyatının təsviri kontekstində çox mədənidir. Özü də lazım olduğundan xeyli artıq. Görünür ki, ictimai xof güc gəlib və bizim küçə uşaqları ədəbi dillə məhəllə və kriminal jarqonlar arasında ortaq bir dil düzəltmək məcburiyyətində qalıblar. Bununla belə elə dilin axıcılığı baxımından da biz deyə bilərik ki, ortada bir keyfiyyət keçidi var. Onu da demək lazımdır ki, bu serialda həm də elə də müti olmayan ikinci adam canlandırılıb (Azər Aydəmirin oynadığı Vidadi). Düzdür, artistin bəzi təbii üstünlükləri də kömək edib ki, bu komponent tamamlansın, amma bizim ekranlarda bu tərzdə bir ikinci adam ilkdir. Taleh Yüzbəyovun canlandırdığı obraz mənə bir nəfəri xatırlatdı. Həbsxanda bir “A” vardı. Əlində tapança dükana girib, soyğunçunu oynaya bilib-bilməyəcəyini yoxlayarkən həbs edlib, 9 il cəza almışdı. İçəridə onun monoloqlarından cana gəlmişdik. Çünki orda da cinayətkarı oynayırdı. Uğursuzluğun əzabı isə gözündən yuxu kimi tökülürdü.

Alatava
“Alatava”

5. Bu cür həyat hekayələrinə çox yaxından bələd biri kimi deyə bilərəm ki, Alik qaz sızmasında maşına girib qapıları bağlamasaydı, hansısa qəhrəmanlığa cəhd etsəydi, bu serial faciəni oynaya bilməyən artisin komediyasına çevriləcəkdi. Amma realist yanaşma yekunu xilas edir. Əslində aydın səmanı qüsurlu çəkmək ustalıq olmadığı kimi, qara buludu əzəmətli çəkmək ustalıqdır. Bualo deyirdi ki, siz gözəl əjdaha çəkə bilməzsiniz, amma əjdahanı gözəl çəkə bilərsiniz. Düzdür, bizim sənətkarlar Gürzə çəkiblər, amma olsu, bizim təbiəti çəkiblər. Bu bizik, bizim reallığımızdır.

6. Çatışmayan və ya düz olmayan nədir? Jurnalistin Cavanşiri ifşa edib, həbs etdirməsi. Fakt isə başqadır. Cavanşir cavan jurnalistləri həbs etdirib, içəri basdırıb. Biz isə hələ ki bu sonluğu serialın “görmək istədiyi” final kimi qəbul edək.
Final səhnəsi haqqında isə ayrıca danışmaq lazımdır. Çünki burada maraqlı detallar var. Seriallara xas olmayan, postmodern filmlərin qarışıq mesajlarını xatırladan bu səhnə Emir Kusturitsanın “Underground” filminin “çastuşka” səhnələrini xatırladır. Amma əsas fərq budur ki, burada ölülər də dirilərlə bərabər oynayır. Ən maraqlısı isə susqun qoca danışır. Sanki bilərəkdən və ya bilməyərəkdən burada bir qiyamət mesajı var – dilsizlərin də dil açdığı qiyamət.