Kateqoriya arxivləri: Hekayə

Minimalist hekayələr ustasından şedevr: At – İlk dəfə

Loading

Fərid Edgü Türkiyədə minimalist hekayələr ustası sayılır. Ədəbiyyatda bu janrın inkişafında danılmaz xidmətləri var. Yazıçının “At” hekayəsi Azərbaycan dilində ilk dəfə “Partizan”da təqdim olunur.

Atı görmədim. Amma tərkindəki adamı tanıdım. Heç kimlə danışmayan qərib idi. Bir vaxtlar tayfanın başçısı imiş. Aşağıda nəql olunacaq əhvalatdan sonra tayfasını qardaşına əmanət edibmiş. Fərqli adamların dilindən dinlədiyim hadisənin ortaq nöqtələrini birləşdirməklə kifayətlənirəm:
“Bəyaz at idi – ayaq biləklərindəki dörd qara ləkəni saymasan. Qarda ləkə olar, amma onda yox. Burdan Vana dayanıb nəfəs dərmədən dörd saata qaçardı.

Ağamız deyərdi ki: “Bu atın anası, atası yoxdur. Göldən çıxmış mübhəm bir atdır.

Onu mənə gətirənlər danışmışdı: Aylı, zəlzələ effekti yaradan ağır, isti gecə imiş. Gölün sahilində çadır qurmuş kəndlilərdən bəziləri qumsalda yatıbmış. Birdən qəribə bir kişnəmə eşidiblərmiş. Beş-onu silahlanıb qalxıbmış. Baxıblarmış ki, aləmdə sükut, atlar da röyada. Qayıdıb yatıblarmış. Amma bir an sonra yenidən kişnəmə eşidilibmiş. Bu dəfə qalxıb baxanda gölün içindən sahilə üzməkdə olan atı görüblərmiş. At su pərisi kimi çıxıbmış səthində ayın görüntüsünü yansıdan gölün sularından. Gövdəsini möhkəmcə silkələyibmiş. Kəndlilər möcüzə ilə qarşılaşdıqlarını anlayıb bir müddət heyvana fövqəladə varlıq kimi baxıblarmış. Uzun sükutdan sonra açılıbmış dilləri.

Bəziləri “Bu vəhşi atdır, dağdan gölə düşübmüş yəqin. Boynuna ip salıb bağlayaq, sonra əhlilləşdirərik” deyibmiş. Fəqət at, heykəl kimi dayanıbmış. Qocalardan biri “vəhşi deyil, dağdan enən at belə dayanarmı?” deyib sorğulayıbmış. Sonra ata doğru gedibmiş. At ürküb qaçmayıbmış qocadan. Atın yalına sığal çəkibmiş qoca. “Bir az ot, saman gətirin” deyibmiş. Gətiriblərmiş.

Bütün oba, qadınlar və uşaqlarla birgə oyanıbmış, məşəllər yandırıb atı heyranlıqla çevrələyiblərmiş. Ata ilk toxunan qoca keçədən hazırlanmış yorğanı bəyaz gövdənin üstünə örtübmüş. Atı bağlamaq istəyənlərə isə “Bizə gələn bizdən qaçmaz” deyibmiş. Üç gün başıboş buraxıblarmış atı, qaçmayıbmış. Dördüncü gün yəhərləyiblərmiş. Amma heç kim tərkinə atılmaq hünərini tapmayıbmış ürəyində. Yenə də qoca atılıbmış atın belinə. Yel kimi uçubmuş, yel kimi qayıdıbmış. Sonra tayfalarımızın dostluq nişanəsi kimi mənə ərməğan etməyi düşünüblərmiş. Bu at tərbiyə edilməyib. Tərbiyəsi özündədir”.

“Ağamız iki il bu atdan başqa ata minməyib. Ağamız bu ata hər yəhər yaraşmaz deyib, bir İstanbul səfərindən qayıdarkən o günədək görmədiyimiz gümüş naxışlarla işlənmiş çərkəz yəhəri gətirmişdi. Çox ərəb atı görmüşdük, amma beləsini nə görən var, nə bilən. Bax, ölən bu atdır”.

Atın ölümündən əvvəl dinlədiyim bu hadisəni məmləkətin qərib sakinlərinin qəribə olan hər şeyi, hər hadisəni, hər insanı necə əfsanələşdirdiklərini bildiyimdən onların təxəyyül məhsulu kimi qiymətləndirmişdim. Amma atın Ağaya ərməğan edilməsilə ölümü arasında keçən vaxtda baş verənləri mənə əhvalatı danışanların hamısı görmüşdü. Deyilənə görə at, özünə özgə atları yaxın buraxmayıbmış. Digər atların yanında keçirdiyi ilk gecə tövlənin qapısını qıraraq bayıra çıxıbmış (Qaçıbmış deyə bilmirəm, çünki qapını qırıb çölə çıxdıqdan sonra tövlənin yaxınlığındakı bir əhlət ağacının altında səhəri gözləyibmiş). Bu hadisə ikinci dəfə təkrarlandıqda ona ayrıca tövlə tikmək zərurəti yaranıbmış. Sonra vədə yetişdikdə belə fövqəladə atdan döl götürmək istəyən Ağa tövləsindəki ən gözəl atları sərgiləyibmiş önündə. Amma sehrli at heç birinə yaxınlaşmayıbmış.

Bir gün… Atasının qəsəbədə olmadığı bir gün, Ağanın tək oğlu o dümdüz çöldə qarları bir-birinə qataraq o günədək yaşamadığı bir sürəti, o günədək hədiyyələnmədiyi gözəlliyə sahib bir varlığın tərkində yaşamaq istəyibmiş, tövləyə girib atı yəhərləməyə niyyətlənibmiş. Atın narahatlığına da diqqət etməyibmiş. Amma at, tövlədən kənara çıxmaq, Ağanın oğluna boyun əymək istəməyib. Atların dilini bilən uşaq, bu atın dilini anlamayıb. Tərkinə minməyə cəhd edib. Və bu uğursuz cəhdin nəticəsində at arxa ayaqlarının qüvvətli zərbəsi ilə igidin qabırğalarını parçalayıb tövlənin kərpic divarlarına qan içində göndəribmiş. Tövlədəki səs-küyə və mütləq ki, igidin ölümündən bir an əvvəlki bağırtısına evdən çölə çıxanlar tövlənin açıq qapısını görüblər. İçəri girdikdə isə samanların üzərində qabırğaları qırılmış, qafası parçalanmış, Ağanın adının, nəslinin tək davamçısı oğlunun ölüsü ilə qarşılaşıblar.
Hadisə vaxtı Ağanın evində olan Kərəm dayı “Kaş, o gün Ağanın evinə ayaq basmaz, olanları görməzdim” deyər bu əhvalat nəql edərkən. “Uşağı elə parçalanmış, qan içində görəndə tərəddüdsüz qatilin kimliyini bildim”.

“Kimdi?” deyə soruşdum.

“Bilməz kimi soruşursan” dedi. “Əlbəttə ki, o bəyaz at”.

“Amma siz içəri girəndə at tövlədə deyilmiş”, dedim.

“Hə” dedi Kərəm dayı. “Tövlədə deyildi. Bax, ordakı Əhlətin altında idi. Heç birimiz cəsarətlənib yaxınlaşmadıq. Eləcə dayanmışdı. Sonra yanına gələnlərdən qaçmadı. Kişnəmədi. Qorxmadı. Amma yenə də toxunmadıq. Toxunub nə edəcəkdik? At Ağanın atı idi, oğul Ağanın oğlu.

Ağaya çapar yolladılar. Qürub vaxtı gəldi. Evdəki qadınlar gündüzdən bu yana ağlayıb ağı deyirdilər. Qan içindəki uşağı tövlədən götürmək də heç kimin ağlına gəlməmişdi. Yataqda, ya samanların üstündə, ölü üçün nə fərqi var? Üstəlik uşağın anası Zeno “orda qalsın” demişdi. “Ağam gəlsin, görsün bu tilsimli, uğursuz at necə atmış” (Bəlkə də tilsim sözü ilk dəfə orda, ölünün başı üstə, anasının dilindən çıxıb yayılmışdı bütün qəsəbəyə). Ana tövlədə oğlunun yanında yerə çökmüş, dərdli başını qucaqlamaq istəyərkən qafasının parçalanmış olduğunu görüb sürünərək çölə çıxmış və heç kimin anlamadığı sözləri bağırıb huşunu itirmişdi.
Ağa gəlib tövləyə giribmiş. Oğlunun vücuduna (qanlı, darmadağın) baxıbmış, sonra da ətrafındakılardan “Uşağı burda qoyarlar?” deyə, soruşubmuş. “Niyə içəri aparmamısınız?” Sonra atın yerini soraqlayıbmış. Başlar eyni yönə, əhlət ağacına səmt çevrilibmiş. Ağa yavaşca yanına yaxınlaşıbmış atın.

Alaqaranlıqda uzaqdan baxıblarmış kəndlilər. Aralarından yalnız biri, Kar Musa Ağanın ata “Heç belə eləyərlər?” dediyini eşidibmiş. Bəlkə də əfsanədir. Əslində olan isə bütün kəndlilərin nəql etdiyi, Ağa ilə Atın dəqiqələr boyu qımıldanmadan göz-gözə dayanmaqlarıdır. İlk yorulan at olubmuş. Başını yerə əyibmiş və eləcə qalıbmış.

Bölgənin adətlərinə uyğun olaraq ertəsi gün uşağı azandan sonra dəfn ediblər. Ağa gecəboyu ağzını açıb danışmayıb. Gecəni təkcənəliyində keçirib. Otağın çırağı dan sökülənədək yanıb. Gün çıxarkən əlində tüfəngi otağından çıxıb həyətdən keçibmiş. Səhər dəfndə atı buraxdıqları yerə baxıb görübmüş ki, at yoxdur. Bax, o an bağırmağa, dəli kimi çöldə qaçmağa, sağa-sola atəş açmağa başlayıbmış.

Tövlələrdən atlar çıxarılıbmış, silahlar hazırlanıbmış.
Şübhəsiz, bütün hazırlıqların uğursuz nəticələnəcəyini, ona yetməyin mümkünsüzlüyünü bilirdilər. Amma hazırlıqlarını ümidsizlik çənbərindən qurtaran düşüncələri vardı: atı dar yollarda tutmaq, ya da uçuruma qovmaq.

“Bir səhər hələ gün doğmamış, hər kəs röyadəykən Ağamız kənddən gedibmiş. Hara, niyə getdiyini heç kimə söyləməyibmiş” deyib davam edirlər bu qərib hekayəyə. “Amma hamımız hara, niyə getdiyini bilirdik. Kəndimizin igidlərini çölün dörd tərəfinə göndərdik. İzə düşdük. Ağamızı tapmayıb geri döndülər. Aradan üç gün keçdikdən sonra dördüncü gün ağamız atının üstündə yorğun, pərişan qayıtdı. Tərkindən tilsimli atın yalı sallanırdı.”

“Hadisə beləmi bitdi?” deyirəm kəndlilərə.

“Hə” cavablayırlar.

Amma içlərindən biri “Xeyr” deyir. “Vandan gələn çapar əhvalatını unutdun”.

“Həəəəə… Hadisədən aylar keçmişdi. Vandan bir çapar gəldi və bir gecə kişnəmə səsinə oyandıqlarını, çadırlardan çıxarkən bəyaz, uzun yallı atın şahə qalxıb aralarından keçdiyini, görəsən, əvvəlki atın qardaşımıdır deyib önünə çıxmaq istədiklərini, onları görən atın isə ürkmədiyini, ancaq yolunu dəyişdiyini danışdı. Sürətinə çatmadıqlarını, atın gəldiyi kimi qayıdıb gölün sularına daldığını, ay işığında sahildən uzaqlaşan başını, suya batmış yalını gördüklərini, atın bütünlükdə gözdən itdiyini əlavə etdikdən sonra çapar ağamıza demişdi:

“Ağamız maraqlanıb məni göndərdi ki, öyrənim, ağamızın ərməğan etdiyi at yaşayırmı?”

“Çapara heç birimiz olanları danışmadıq. Sualını cavabsız qoyduq. Ancaq ağamız çapara ağasına aparması üçün tiyəsi dəyərli daşlarla bəzədilmiş əcəm xəncəri verdi”.

Tərcümə: Məlik Rza

 

Mini bir gecə – Sərdar Aminin yeni hekayəsi

Loading

“Partizan” Sərdar Aminin yeni – “Mini bir gecə” hekayəsini təqdim edir. 

                           (Hollivud kino sənayesinə…)

Dumanın indicə çəkildiyini Yeni Günəşlinin yamacında ayağını boşaldıb mürgüləyən atın şehli yalından, bir də yarpaqlardan sallanıb gün işığında mirvari kimi parıldayan damcılardan bildim.

Yenicə doğan Günəş yəhərli-yüyənli sahibsiz boz atın mən tərəfdəki gözünə saplanmışdı, at tükünü də tərpətmirdi, elə bil, əsrlərdir burda durmuşdu. Xəstəli-gümrahlı bütün bəşəriyyəti yerindən oynadan narıncı şəfəqlərə biganəliyindən hiss olunurdu ki, boz at daha bir əsr burda tərpənməz qalacaq. Kimi gətirib, kimi aparacaq, niyə gəlib, niyə getmir?

Köhnə Günəşlinin zirzəmilərindən kif püskürən binalarına qənşər gedirdim.

Odlar diyarının küləklər şəhəri növbəti günün kösövünə üfürürdü. Günəş ağarır, kölgələr qatılaşır, Bakı döyülmüş qıza oxşayan daha bir səhərindən boşanırdı.

Zirzəmiləri timsah ağzı kimi üfunət qoxan bu binaların şeh axan pəncərələri də timsah gözlərindən başqa heç nəyə oxşamırdı.

Onu belə pəncərələrdən birindən mənə zillənmiş gördüm. Həmin pəncərə çərçivəsi, çərçivədən mənə baxışı eləcə portret idi – yaxınlaşdıqca dəyişən, qıvrılan bir rəsm əsəri. Üstünə yeridikcə şəhvətdən sızlayırdı, bir az da getsəydim, ehtirasdan bayılacaqdı. Bu qadın kimdir? Niyə mənə bu qədər tanış gəlir? Niyə yad bir binanın birinci mərtəbəsinin səliqəli plastik pəncərəsindən mənə dikilib qalıb?

Cavab tapmadım.

Sağlam saçları boz idaman paltarının yaxasından sallanıb döşlərinin üstündə qıvrılırdı. Sinəsi yarıya qədər açıq idi. Gecə köynəyinin altından qabaran köksü nəfəsimi kəsirdi. Dayandım, sevindi. Həsrətlə alt dodağını dişlədi.

Tələyə düşmüşdüm, uzaqlaşa bilməyəcəkdim. Dönüb pəncərəsindən iki addım sağdakı qapıya yaxınlaşdım, mən çatmamış möhtəşəm bir səxavətlə qapını açdı. Arın-arxayın girdim içəri, elə bil, illərdir hər səhər bu qapıdan beləcə girirəm.

Otaq sehr içində idi. Bir evi bu hala gətirmək üçün adam gərək dəli ola. Deyəsən, kimsə məndən əvvəl divarlarından qulac-qulac sarmaşıq sallanan bu otaqda saatlarla kitab oxumuşdu.

– Sənə problem olmayacaq?

Sualı verən kimi özümə nifrət elədim. Sübh tezdən yuxulu dodaqlarla mənə pıçıldamaq, boynuma sarılmaq istəyən bir qadına niyə belə cəsarətsiz sual verirəm? O da sualıma illərdir hazır adam kimi bir kəlməlik cavab verdi:

– Bilmirəm.

Gözləmədən qollarını boynuma saldı, yuxudan qopmayan ətirli sinəsini sinəmə sıxdı, üzünü-üzümə sürtdü.

Bap-balaca canını bədənimin ən arzuladığım yerlərində gəzdirdi. Göz qırpımında çevrilib arxasını mənə söykədi. Quş balası kimi başını qaldırıb dodaqlarını uzatdı. Bilmirəm niyə – düşündüm ki, onunla öpüşsəm ağzım qarpız dadacaq. Otaqdan hələki tamam ayrı ətir gəlirdi, sanki kitabların incəltdiyi bir insanın içinə hopan nəfəs dahilərin sanballı fikirlərinə yüklənib zərifanə pıçıltılarla hər yana səpələmişdi.

Bu an ikinci artıq hərəkəti elədim; gözüm taxtın baş tərəfində divara yapışdırılan sarı qeyd vərəqinə sataşdı:

“Hələ də gülləri sevən yeganə məməli qadındır”.

İndicə dodaqlarıma yapışacaq çəhrayı dodaqlarını ləng-ləng tərpədib dedi:

– Onu ərim yazıb.

“Ərim” sözü içimdən ani bir sızıltı kimi keçdi, ardından ərli bir qadının mənimlə sevişmək istəməsi sızıltını yuyub apardı. Sol əlimi aramla döşlərində gəzdirib sağ əlimin orta barmağını öpüş gəzən ağzına soxdum. Üstünə uzananda ayağımı ərinin yorğanının altına saldım, hələ ilıq idi.

Ardınca bir cəhdlə köynəyimin bütün düymələrini qırdı. Narahatlığım döşəməyə dığırlanan düymələr kimi rədd oldu.

Həyəcanım ona həzz verir, mən də onun həzzindən alışırdım.

Elə bil, Allah bir an əvvələ qədər onu yaratmaqla məşğul olub, indicə əlini üzərindən götürüb, hələ də üstündə Tanrının ilığı qalıb. Bu qüdsi möhtəşəmliyə parıltı qatan şeytani naxış – təbəssümü – nəfəsimdən yapışıb içimi çölə çıxarır, durmadan quyusuna dartırdı.

Boz idman şalvarını ehtiyatla aşağı çəkdim. Dovşan qanı rəngi alt paltarını çıxaranda ayaqları ilə boynumu qucaqladı.

– Nə ətri gəlir?

– Lavanda.

Düşünmədən cavab verdim.

Hər şeyə özü hökm edirdi.

Cəld kəmərimi açdı.

– Səninkindən qaranquş yuvası ətri gəlir. Göl iyi, yosun iyi, ot iyi, gil iyi…

Kəmərimi boyuma atıb özünə çəkdi. Əllərimi döşlərinin üstünə qoyub sıxdı.

Hər an ərinin gələ biləcəyini düşünəndə qorxsam da, məndən doymayan bu qadının dərinliyində boğulmaq istədim.

Döşlərini sıxanda əllərimə heyfim gəldi. Onlar bu gözəl döşlərdən geri qalmırdı, hiss elədim ki, əllərim məndən daha yaxşısına layiqdir.

Kəmərimi bir az da özünə sıxıb dodaqlarımdan yapışdı. Ağzım qarpız dadıyla doldu.

Sonra zaman başqalaşdı. Elə bil, kimsə yola baxan bu otağın yerə yaxın pəncərəsi qarşısında film çəkirdi, illərlə baş verən bütün maraqlı hadisələri  montaj edib mənə həyatın ən dadlı yerlərini qat-qat göstərirdi.

Adamların ayaqlarının göründüyü bu balaca, təmiz pəncərənin qabağındakı əlvan qızılgüllərin üstünə nazlı yağışlar yağdı. Qarabuğdayı taleyimlə əlləşdikcə bu balaca pəncərini seyr etməkdən doymadım.

O da telləri nəfəsimdə əsdikcə yel dəyirmanı kimi üyüdüb tökürdü şüyüd ətirli qırıq-qırıq sözləri…

– Ərim… Sənin dişin olmaq… Canımı al, beləcə… Əccəb eləyirsən… Məni düşməninin arvadı kimi əz… Vermə məni başqasına…

Pəncərə qabağından yüzlərlə adam keçdi, yüzminlərlə yağış damcısı çırpıldı qızılgül ləçəklərinə, şüşəyə…

Sonra bir nəm duz çuvalı düşdü bir sərçənin üstünə…

Sərçədən kənara heçnə qalmadı, bütün vücudu altımda əzildi. Bu qurğuşun həbsdən məmnun idi, hələ də aramla sinəmdən öpürdü…

Bədənimi üstündən yataqa saldım. Təngnəfəsliyim keçəndən sonra əlini atıb çəkməcədən ən sevdiyim siqaretdən çıxardı. Soruşmadan bir giliz götürüb dodaqlarımın arasına qoydu. Yandırdı, qalxıb bayaqdan yağışda harasa tələsən adamların ayaqlarını, yağış damlaları dəydikcə yarpaqları titrəyən gur qızılgül kollarını seyr etdiyim balaca pəncərəni açdı, bir an gözləmədən yanıma uzanıb köksümə qısıldı.

– Getmək istəyirsən?

– Hə.

– Ərimdən qorxursan?

Cavab əvəzinə üç dəfə danışdığı yerindən – ağzından öpdüm.

– Məni tək qoyma. Bir azdan yenə istəyəcəksən məni. Onda tapmayacaqsan. Buraxma məni. Elə qucağında saxla, oxşa, öp…

Dediyi kimi etdim, oxşadım öpdüm.

– Yaxşı-yaxşı çək. Ərimin siqaretidi. Sən çək, mən bir az sənə indicə altından çıxan qadının ərindən danışım.

– Danışma.

– Yaxşı. Onda birazdan danışaram.

Gözüm qarşı divara yapışdırılan başqa bir qeydə sataşdı:

“Qadınlar istəməsə, biz onları sevə də bilmərik”.

Qeydə dikildiyimi duyub pıçıldadı:

– Hə. Yazıçıdı. Bilirəm, indi sizin – kişilərin vicdan əzabı çəkdiyiniz anlar başlayır. Ona görə də, gərək mən ondan danışım, sən də onun necə biri olduğunu bilib, toxtaysan. Qorxma, qulaq assan səni bu əzabdan qurtaran bir hekayət eşidəcəksən. Hekayətin ortasında bəlkə acığa mənlə bir dəfə də sevişdin.
Bayaqkı qeydi də unut, gülləri ən çox sevən məməli elə özüdü. Yaza bilmədiyi vaxtlarda gülləri sulayıb toxtayır.

– Güllər çox faraşdı. Yəqin son vaxtlar bir şey yaza bilmir.

– O, heç vaxt yaza bilməyib. Böyük bir kollektivdə iş yoldaşı olmuşuq. İndi danışacağım hadisədən bir iki il əvvəl mənə yaxınlaşıbmış. Mən bunu biləndə xeyli düşündüm, əvvəlcə xatırlamadım. Sonra mənə görə dəyişdiyi simasından, saqqalıyla qaşlarının arasından zillənən sırtıq baxışları hər şeyi xatırlatdı. Mən bu siçangözü özümdən qırmaqdan ötrü zülm çəkmişdim. Yalvarırdı, məni görəndə əsim-əsim əsirdi. Hər şey eləyərdi mənə görə. Belələrindən heç xoşum gəlmir. Kişi gərək hər şeyi elətsin, özü eləməsin. Məndən xoşu gələn idmançı iş yoldaşıma bunu döydürdüm. Yenə əl çəkmədi. Polisə deməyi düşünürdüm ki, yox oldu. Birini qoyub, birini danışım, rəfiqəmlə kofe içirdik, qız tualetə keçdi. Bu vaxt uzaq masada noutbukda yaza-yaza mənə baxan bir oğlan qalxdı, yaxınlaşdı. Özünü təqdim elədi, rejissor olduğunu, detektiv filminə kastinq elan elədiklərini, mənim də əsas rola uyğun gəldiyimi dedi. Ətrafım bilir ki, aktrisa olmaqdan ötrü ürəyim gedir. Güldüyümü görüb onu da dedi ki, bilirəm, belə şeylər türk seriallarında olur, ancaq neyləyək, biz də türk serialları ilə böyüyən uşaqlarıq. Gülümsündü, vizit kartını masanın üstünə qoyub noutbukunun arxasına keçdi. Ondan bir möhtəşəm siqaret ətri, bir də bu cümlə qaldı: “Uyğun bilsəniz, sabah günortadan sonra kartdakı ünvana yaxınlaşarsınız”.

– Tanımadın? Bu, məncə əvvəl sənə aşiq olan həmin adamdı.

Sinəmdən qalxıb heyrətlə üzümə baxdı:

– Hardan bildin?

– Yazıçı arvadısan, ancaq hekayət danışa bilmirsən.

Bunu deyib sinəsində başıma yer elədim. Qulağımı gup-gup guppuldayan döşünə dirədim. Barmaqlarını saçıma keçirib başımı elə şəvqətlə oxşadı ki, bu sığalların aramsız olması üçün güllələnməyə də dəyərdi.

– Pah! Maraqsız olsaydı, burnunu məmələrimin arasına salıb xumarlanmazdın. Bir də, necə tanıya bilərdim? Sonradan bildim ki, məhz xatırlamayım deyə saqqal saxlayıb, eynək taxıb, saçını uzadıb.
Dediyi ofisin girişində məni bir oğlan qarşıladı, içəri yolladı. Həmin yer doğrudan da kastinq otağı idi; işıqlar, kameralar… Otaqda bircə özü var idi, siqar çəkirdi. Dedi, guya hamını yola salıblar. Restoranda məni görəndən sonra digərlərini yoxlamağın mənasız olduğunu düşünüb, gələnləri formal gözdən keçirib, mənlə işləmək istəyir. Rolumdan danışdı. Dedi, yazıçı qız obrazı oynayacam. Bir neçə şəklimi çəkdi, baxdı, dedi, keçək əsas məsələyə. Yaradıclıq qabiliyyətimin olub-olmadığını soruşdu. Dedim, ədəbiyyatı yaxşı oxumuşam, inşa yazmağı da bacarıram. Çəkiləcəyim filmdə əsas tələb elə yaradıclıq məsələsi imiş. Kastinqə qatılan qızların heç birində yaradıclıq görməyib. Əlimə düşən fürsəti boşa verməyim deyə, yalandan dedim ki, o vaxtı qəzetə iki-üç esse də yazmışam. Valideynlərinə təsirli bir vida məktubu yazıb qeyb olan qızı oynayacağammış. Həmin vaxtlar doğrudan da məni evdən çox sıxırdılar, əclaf elə-bil ürəyimi oxumuşdu. Qabağıma qələm-vərəq qoyub dedi, həmin mövzuda inandırıcı məktub yazmalıyam. Qələmi alıb ürəyimi boşaltdım. Siqarını çəkə-çəkə məktubu oxudu.
Səbrlə, fısıldaya-fısıldaya dedi, məktubu oxuyan adam fikirləşəcək ki, səni kimsə bu sözləri yazmağa məcbur edib, polisə zəng edəcək. Sən onları arxayın salmalı idin, deməli idin ki, nə vaxtsa, qayıtmağını arzulayırlarsa, polisə zəng vurmasınlar, sadəcə gözləsinlər.
Sonra başını bulayıb dedi: “Siz qadınların məntiqi niyə bu qədər zəif olur?”
Rola özümü elə fəda eləmişdim ki, əlindən vərəqi alıb dediyi məzmunda da bir neçə cümlə yazdım. Bu da azmış kimi altına ad-soyadımı, tarixi yazıb imza atdım ki, gözünə girim. Vərəqi qaytaranda elə güldü, əsəbdən ram oldum, o an məni özünə sıxıb öpsəydi belə, düşünəcəkdim, artıq film başlayıb. Stolun üstündəki viski şüşəsinini açıb stəkanın birinə süzdü. Mənə təklif etmədən əlinə götürüb otaqda gəzişdi. Arxama keçdi. Son hiss etdiyim bu oldu: kimsə burnuma buz kimi bir dəsmal sıxdı, çabalamaq istədim, alınmadı. Onda başa düşdüm ki, doğrudan da film başladı. İçimə isti bir rahatlıq gəldi. Gözümü açanda sahmana salınmış bir zirzəmidə idim. Qolum zəncirlə bağlanmışdı. Həmin oğlan da qarşımda oturmuşdu. İlk dediyi bu oldu: “Öz imzanla yazdığın məktubu ailənə göndərmişəm. Daha bu bəşəriyyətdə səni heç kəs axtarmayacaq”.
Maraqlıdı?

– Hə. Danışa bilirsənmiş.

– Gözlə, pəncərənin torunu çıxardım.

– Onda siqaretdən birini də ver.

– Qoy, hava qəşəng gəlsin də, onsuz da yağış yağıb, hələki ağcaqanadlar yoxdu. Ərim deyir, bu bina dərədədi, ona görə ağcaqanadlar daraşır pəncərələrə. Pəncərələr nə qədər kip olsa da, otaqlara girirlər, insanlar səhərə qədər qaşıyırlar özlərini. Qadınlar bədənini sürtür, qaşıyır… Dırnaqlarının altında partlayan xırda tər vəziləri ətrafa qoxu yayır. Səhər hamı pəncərələri açır, küləksiz səhərlər bu binanın qabağından keçəndə ətrafı qadın ətri bürüyür. Elə bil hardasa, qadın ağacı çiçəkləyib.

Siqaretdən bir giliz də çıxarıb üstümə uzandı. Ağzıma qoyub yandırdı.

– Məndən nə ətri gəlirdi?

– Ağzından qarpız.

– Ağzımı demirəm.

– Həə, lavanda.

– Bir az da yayaq o ətri? Qoy pəncərənin qabağından keçənlər yağışdan sonra lavanda ətri alsın.

İndi üstümdə qıvrılan bu qadının az əvvəl açdığı pəncərə tamam başqa, sonu ölümlə bitəcək filmlər qədər həyəcanlı bir həyat göstərirdi. Adamlar bayaqkı qədər sıx keçmirdi, yağış bayaqkı tək sərasər deyildi, kollarının üstünə düşən lümuniset işıq qızılgül ləçəklərini lavanda rənginə boyamışdı.

Nə vaxt üstümdən sürüşüb getdiyindən xəbər tutmadım. Yağış səsinə oyandım, pəncərədən çöldə isə hava sakit idi, bir damcı da olsun yağmırdı. Hekayətinə qapısı açıq hamamdan davam edəndə anladım ki, yuyunur.

– Öz əlimlə fərmanımı yazmışdım. Məni nə atam axtaracaqdı, nə polis. Əvvəlcə var gücümlə qışqırdım. Yaxınlaşıb nəvazişlə dedi ki, bu gözəl boğazımı yormaq heç birimizin işinə yaramayacaq. Bizi heç kəs eşitmir. Mən burda qalmalıyam, o da mənə sübut etməlidir ki, əslində pis insan deyil. Sadəcə bir qadının sevgisini qazanmaq üçün ona dünya, başqa insanlar mane olur.
Mənim üstümdəki bütün təcrübələri vakumda olunan kəşflər kimi idi, heç kəsin işinə yaramırdı. Ancaq o bundan yorulmurdu, mənə şahzadələr kimi qulluq edirdi. Zorlamırdı, sevişmirdi, öpmürdü, əvəzində dırnaqlarımı tutur, qaşlarımı alır, burama çıxan tükləri maqqaşla çıxarırdı.

“Burama” deyəndə çevrilib harasını göstərdiyinə baxmaq istədim. Ancaq o artıq başqa şey danışırdı:

– Məni ən bahalı kremlərlə təpədən dırnağa masaj edirdi. Ayaq kremi ayrı, bədən ayrı, əl ayrı, üz ayrı… Ana uşağını çimizdirən kimi çimizdirirdi məni. Heç kəsin almadığı gözəl alt-paltarları alırdı. Gözəl donlar geyindirirdi. Ehtiraslandın?

Arxadan boynumu qucaqlayıb şeytan ədasıyla qulağıma fısıldadı.

Bir anlıq sussaydı, hekayətinin məni əsir elədiyinə baxmayıb yenə başlayacaqdım dodaqlarından. Danışdı:

– Kimsəylə bölüşmədiyim yemək zövqümü, sevdiyim şirniyyatları elə dəqiqliklə tapırdı ki, bir neçə gün sonra özümü saxlaya bilmədim. Bircə əlimin zəncirini açmırdı.
Ağladım, sızladım, yalvardım… Onu şikayət etməyəcəyimi dedim, yetər ki, məni buraxsın. Kimə deyirsən? İnanırdı ki, bir gün mənim sevgimi qazanacaq. Yuxudan oyanan kimi qalxıb gedirdi, bir azdan qayıdırdı, qalan vaxtı yanımda olurdu. Ordan çıxandan sonra bildim ki, “Real TV-nin xəbərləri” adı ilə mənə göstərdiklərinin çoxu saxta imiş, özü hazırlayıb bir yolla monitora ötürürmüş. Xəbərlərin birində Nabranda istirahətdən qayıdanların qəza reportajını hazırlamışdı, üç fahişəylə bir maşında ölən oğlan mənim köhnə iş yoldaşım idi, bunu döydürdüyüm oğlan. Mən xəbərlərə baxanda çöldə idi. Bir gün sonra dedi ki, köhnə iş yoldaşın Rza qəzada ölüb. Dedim, bilirəm. Hər şey çox inandırıcı idi.
Neylədim alınmadı… O, mənə kitab oxuyanda qulaqlarımı tuturdum, film göstərəndə gözlərimi yumurdum, günlərlə bir kəlmə kəsmirdim. Yenə yorulmurdu. Dəst-dəst fərqli alt paltarları alırdı, əynimdən çıxanları özü yuyurdu, gül kimi eləyirdi. Təmiz alt paltarlarımın arasına xırda güllər qoyurdu, bənövşə, qızılgül ləçəkləri…

– Lavanda da?

– Yox. Lavanda ətri mənim içimdən gəlir. Məni toxunmadan ehtirasa gətirirdi. Qadın travmayla ehtirasa gələndə, nifrət etdiyi adamla sevişmək istəyəndə bu günə düşür.

– Hansı günə?

– Mənim günümə. Bax indi istəyirəm, ərimin köynəyini geyinim, girim altına. İstəyirəm, elə sevişəsən mənimlə.

Bu yumaq qadın, qumru gəlin niyə məni seçmişdi? Qap-qara ehtirası məharətlə köksümə sancmağı necə bacarırdı?

– Niyə mən?

– Çünki sən buna layiq kişisən, o yox.

– Məni tanımadan layiq olduğumu necə bilirsən?

– Sənə hər səhər bu pəncərədən aşiq-aşiq baxıram.

Ərinin kapüşonlu idman köynəyini geyinib yenidən yatağa uzandı.

– Üstümə gəl. Nə olar, balaca görüb mənə yazığın gəlməsin. Qoyma cınqırım çıxsın. Bu köynəyin qoxusunu üstələ. Dart, qır düymələrini, əz. Sabah canım çıxar, tikərəm, ütüləyərəm. Erkəyimi hiss eləyim.

Bədəninin yumşaqlığı qədər aciz təslimiyyəti azmış kimi hıqqana-hıqqana hekayətini də davam edirdi. Arabir həzzdən bayılır, sonra elə qaldığı yerdən də davam edirdi.

Hamamın nəfəsliyindən gələn külək zərblə açıq pəncərəni bağladı. Duşda yığılıb qalan son damcılar da yaş kafelin üstünə töküldü.

Mənim üçün növbəti siqareti gətirəndə külqabını da unutmadı. Hər sevişəndən sonra ərinin indi gəlib çıxacağını düşünür, içimdən üşütmə keçirdi. Ardınca onun özünü mənə fəda etdiyini görüb qeyrətimdə boğulurdum.

– Məncə işığı söndürək, pəncərəni açaq. Sən də hekayətini bitir.

– Sən nə desən, o olacaq. Söndürdüm. Ancaq mən qaranlıqdan qorxuram. Atam yatanda elə xoruldayırdı ki, səsindən bu biri otaqda oyanırdım. Gecələr saatlarla gözümə yuxu getmirdi. Sonra mən köçdüm, anam öldü. Atam tək qaldı o evdə. İndi onun gecənin zülmətinə tənha xoruldadığını düşünəndə özümü öldürmək istəyirdim. Yaxşı ki, çox yaşamadı.

Büllur külqabını göbəyinin üstünə qoyub siqaretimi yandırdı:

– Külünü burama tök. Harda qalmışdım?

– Səni azadlığa buraxdığı gündə.

– Sən sevişə-sevişə də qulaq asmısan? Fikrin məndə olub, yoxsa hekayətdə?

Qaranlıqda cavabı gecikdirmək rahat olur deyə, bir az susdum. Ancaq cavabımı gözlədiyindən düz, ya yanlış olduğunu kəsdirmədən “səndə”, dedim.

Bir az susub davam elədi:

– Zirzəmidən çıxandan sonra bildim ki, düz iki ay orda olmuşam. O, zamanımı da dəyişə bilmişdi. Vaxtı soruşmurdum, özüm də hesablaya bilmirdim, nə gecəni görürdüm, nə gündüzü, dediklərinə inanmaq zorunda idim, bir də saxta xəbərlərinə. Ona görə də, iki ayımı mənə 21 gün kimi sırımışdı.

– Nə baş verdi ki, səni buraxdı?

– Əslində heçnə baş vermədi, ona görə buraxdı.

– Aha.

– Sən qalx işığı da yandır, bir də üçüncü rəfdə sağdan sonuncu kitabı götür, 72-ci səhifəni aç, üçüncü abzası oxu, sonra gedə bilərsən.

Qalxdım.

– “Min bir gecə”ni deyirsən?

– Hə.

Oxuyub yanına qayıtdım. Çiyələkli süd rəngi dodaqlarını baş barmağımla oxşaya-oxşaya pıçıldadım:

– Xahiş eləsəm, hekayəti bitirərsən?

– Sən mənim hekyətimə qulaq asmaq üçün qaldın, yoxsa oxuduğun abzasdan ehtiraslandığına görə?

Yenə nə deyəcəyimi bilmədim. Üstəlik bu dəfə işıq da yanırdı.

– Sənin hekayətinə görə qaldım. Bitir.

– Yaxın gəl, yoxlayım. Kişilər kitabdakı səhnədən tamam ayrı cür ehtiraslanır. Bu sərtliyi nə film verə bilir, nə qadın. Kitab oxuyub sərtləşən kişi gec yumşalır. Gözlə, baxım. Yalan deyirsən, səni qaytaran mənim hekayətim deyil.

Başqa söz deməyə imkan verməyib ağzından öpdüm. Danışmaq istəyən kimi bir də öpdüm. Bir də öpdüm. Ürəyincə oldu… Susdu.

Pəncərədə batmaqda olan Şəvval Ayı bədirlənirdi; tük qədər nazik olanda hamımızın üfüqə baxıb saatlarla gözlədiyimiz, ancaq tabaq qədər yekələndə kimsənin başını qaldırıb baxmadığı, unutduğumuz Şəvval Ayı.

Ay işığında öz rənginə qayıdan yerə səpələnmiş qızılgül ləçəklərindən bir az aralı motorla biçilən yaşıl qazonda Yeni Günəşlinin yamacında gördüyüm həmin yəhərli at arın-arxayın otlayırdı.

– Gözlə, sənə də bir qarpızlı saqqız verim, çeynə. Mən də hekayətimi tamamlayım, sonra get.

Bunu deyim qarpız ətirli həb kimi saqqızı ağzıma qoydu. Barmaqlarını da bir az ağzımda saxladı. Saqqızın içindən ağzıma ilıq acılı-şirinli şirə axdı.

– Həmin gün yanımdan keçəndə əlindən tutdum. Dedim, gəl, sevişək, sonra məni burax. Sənlə sevişib burdan çıxmaq istəyirəm. Donub qaldı. Heyrətlə üzümə baxıb çökdü. Sonra heç gözləmədiyim bir şey elədi, hönkürdü, hönkürdü, var gücüylə… Uşaq kimi içini ata-ata əllərimi açdı. Dedi, get. Elədiklərimi də hamıya de! Burda gözləyəcəm onları.
İnanmadım, amma buraxdı. Çölə çıxdım, gecə idi. Ürəyim yerindən çıxacaqdı.
Rəfiqəmgilə gəldim. Olanları danışdım. Son hərəkətinə görə ona yazığım da gəlirdi. Mənə barmağının ucuyla da toxunmamışdı. Ancaq nə olur, olsun, sabah polisə gedib hər şeyi danışacaqdıq. Səhər xəbərlərində gördük ki, o, məndən sonra bir ovuc dərman içib. Komadadı.

– Bəs…

Davamını gətirə bilmədim. Qarpız ətri canıma yayıldı. O, danışdıqca atamı gördüm. Yenə cənnət bostanında çomağı ilə qarpız yarpaqlarını qaldırıb erkən ölən dostlarıma xırda qarpızları göstərir, ürəkdən gülürdü.

Sərçə qulağıma astadan pıçıldadı:

– Əzizim, axı hekayətim bitməmişdi.

Bir az da astadan pıçıldadı:

– O, ölmədi. Dərmanlardan sonra başqa adam oldu. Hər dünəni unudan, hər səhər yenidən yaranan adam. Mən də bu fürsəti boşa vermədim. Evləndim onunla.

– Mən…

Yenə ağzım söz tutmadı. Bu, yuxu deyildi, ancaq ayıla bilmirdim. Qarpız ətri dırnağıma, tükümə qədər işləmişdi, hər yeri çəhrayı, qarpız rəngində, bəlkə də dovşan qanı rəngində görürdüm. Var gücümü yığıb astadan “ərin gələr…” dedim.

– Ərim çoxdan gəlib, əzizim, həmişəki kimi səhər tezdən. Yat, yat ki, səhər yenidən başlaya biləsən. Mən də sevdiyin boz idman paltarının yeni dəstini ütüləyim, qasığıma lavanda ətri vurub dovşan qanı rəngində alt paltarımı geyinim, qarpız ətirli saqqız çeynəyim…

Dilini qulağıma saldı, ilan kimi fısıldaya-fısıldaya eşidə bildiyim son sözlərini dedi:

– Günlərlə zəncirdə saxlayıb özünə aşiq edəndən sonra mənlə hansı həzzi yaşamaq istəyirdin, onu bilmirəm, ancaq sən də mənim aldığım həzzi heç vaxt bilməyəcəksən – bir qadının öz halalca əri onu hər gün başqasının arvadı sanıb yenidən ehtirasla altına salanda, həyəcanla sevişəndə, gözünə təpəndə aldığı həzzi.

– Axı!

Əsəbiləşə də bilmədim. Yalnız gülümsəmək gəldi əlimdən. Pəncərədən süd kimi işıq süzüldü. Çəpəki ağ yağışlar nazını itirib aramsız oldu, yerlə göyü birləşdirən su sütununa döndü.

Ayağa qalxdım,  körpə ağzımın mırçıltısı yağışın səsinə qarışdı.

Boz at nəhayət başını qaldırıb o biri gözünü pəncərəyə tərəf çevirdi. Bayaqdan görünməyən həmin gözü vahiməylə bərəlmişdi.

May. 2023. Bakı.

Abbas nəyə gülürmüş? – Əli Zərbəlinin yeni hekayəsi

Loading

PartizanƏli Zərbəlinin yeni – “Qəhqəhə” hekayəsini təqdim edir.

Sənubər can sıxıntısının çarəsini məşğuliyyətdə gördüyü axşamların birində, xalçanın üstündə bardaş qurub tikiş tikərkən qonşu otaqdan Abbasın hırıltısını eşitdi.

***

Z. kimi hərkəsin bir-birini tanıdığı balaca kəndlərdə qəribə hadisələr ya çox nadir hallarda baş verir, ya da heç baş vermir. Usandırıcı yavaşlığın hökm sürdüyü vaxtlarda heyrətamiz olaylar yekrənglikdən və bezginlikdən çatlayan ürəklərə məlhəm olur, misgin həyatlara rəng qatır, sıxıntıdan köks ötürən fağırların dadına çatır. Bu gözlənilməz, sirli vaqiələrin kədərli, yaxud ürəkaçan olması o qədər də əhəmiyyətli deyil, əsas odur, bu hadisə rəvayətlər, fərziyyələr doğsun, gözləri təəccübdən bərəltsin, barmaqları ağızlarda qoysun. Elə Abbasın başına gələnlər kimi…

Yeknəsəq, bürkülü yay axşamlarından biri idi. Qaş çoxdan qaralmışdı. Kişilər ya naxırdan evə qayıdıb televizorun qabağında həvəssiz-həvəssiz uzanıb dincəlir, ya çayxanada nərd taxtası arxasında qızğın siyasət söhbətlərinin içində itib-batır, ya da boğanaq axşamdan meh umaraq həyətlərinin həndəvərində veyillənirdilər. Gəlinlər yavaş-yavaş uşaqları yatmağa hazırlaşdırır, növbəti gün üçün biş-düş edir, ya da xiffətli qəlblərini türk serialları ilə sərinlədir, xam xəyallara dalırdılar.

Sənubər isə içini çəkib səssiz-səsiz ağlayır, gözyaşları yanaqlarından sel kimi axırdı. Gözlərini silə-silə otaqdan çıxdı, gəlib dəhlizin girişindəki diskli telefon aparatının böyründə oturdu. Hönkürtü ilə ağlamamaq, Nihadı yuxudan oyadıb qorxutmamaq üçün özünü zorla sıxıb saxlamışdı. Dəstəyi götürüb nömrəni yığdı. Telefonu anası götürdü:

– Alo

– Mama… – Sənubər burnunu çəkə-çəkə, boğazında tıxılan boğuq səslə dedi.

– Nolub ay qız?

Sənubər dinib danışmadı. Sonra birdən hönkür-hönkür ağlamağa başladı.

– Nolub ay qız? Niyə ağlayırsan? Nəsə hoqqa çıxarıb o oğraş?

Sənubər əlini ağzına tutub özünü birtəhər sakitləşdirməyə çalışır, dərin-dərin nəfəs alırdı.

– Ay qız nolub, niyə ağlayırsan? Danış görək, ürəyim çəkildi burda mənim.

– Abbasa nəsə oldu.

– Nə? Necə yəni nəsə oldu?

– Abbas öldü.

Sənubər sözünü bitirən kimi çiynini ata-ata hıçqırmağa başlamışdı.

Anası Şəfiqə də telefonun o başında vay-şüvən qopardı.

– Ay qız, nə danışırsan sən?! Ay Allah, evimiz yıxıldı!

Sonra səslər bir-birinə qarışdı. Sənubər telefon qulağında ağlayırdı. Telefonun o biri ucunda Hafiz kişinin yuxulu səsini eşitdi.

Bir az keçmədi ki, dəstəyi atası Hafiz kişi götürdü, təmkin və soyuqqanlılıqla danışmağa başlasa da, danışdıqca özünü itirdi, dalbadal suallar verməyə başladı.

– Nə vaxt ? Necə oldu? Nihad hanı? Kimsə var orda?

– Təkəm.

– Nə vaxt?

– Elə indicə.

– Necə oldu? Nədən oldu?

– Gülməkdən.

– Nə? Necə yəni?

– Gülməkdən öldü.

– Əstəğfrullah. Nə danışırsan Sənubər? Gülməkdən adam ölür?

– Öldü də, öldü. Ağappaq ağarıb, nə nəfəsi gəlib gedir, nə də nəbzi vurur.

– Yaxşı, Sənubər, gəlirik ora, onca dəqiqəyə ordayıq.

– Fətəliyev doxtura zəng vur, papa – Sənubər dərindən içini çəkə-çəkə çarəsizcə yalvardı.

Dəstəyi asan kimi dərhal yerindən sıçradı, əlini ağzına tutub həyətə qaçdı.

Hafiz kişi qonşu kənddəki həkim Fətəliyevə əli əsə-əsə bir neçə dəfə zəng etsə də, zəngləri cavabsız qalanda son variant kimi şəhərə – ambulansa zəng vurdu. Sonra üzünü əlini dizinə döyüb ah-vay edən Şəfiqəyə tutub dedi:

– Deyir, gülməkdən ölüb.

– Nədən?

– Gülməkdən.

– Nə danışırsan, ay kişi, sən allah belə şeylə də zarafat edərlər?! Bəsdir, onsuz da ürəyim partlayır.

– Sənubər belə dedi. Mən də baş açmadım. Deyir gülməkdən ölüb.

– Ay Allah, bu nə bəla idi göndərdin bizə. Nihadım yetim qaldı, ay Allah.

– Qızın başına hava gəlib deyəsən.

– Gələr də, gələr…Ay Allah!

– Geyin çıxaq daha!

– Çıxaq, çıxaq. Ay Allah bu nə qara gündü!

Şəfiqə stulun başındakı kəlağayasını qamarlayıb başına ört-örtə qapıya tələsdi. Hafiz kişi də yay-qış geyindiyi nimdaş pencəyinini asılqandan götürüb çiyninə atdı. Darısqal koridorda bir-birilərinin əl-ayağına dolaşa-dolaşa evdən çıxdılar. Sənubərgilə beş-on dəqiqəlik yolları vardı. Təngnəfəs özlərini çatdıranda darvazanı açıq gördülər. Zil qaranlıq gecədə mətbəxdən düşən işıq açıq darvazadan süzülüb küçəni işıqlandırırdı.

Sənubər həyətlərində nar ağacının altında oturub, çiyinlərini qucaqlayaraq xısın-xısın ağlayırdı. Şəfiqə qızını görcək qaçıb özünü onun qabağına atdı. Hafiz kişi də yüyürərək evə girdi.

Hafiz kişi bu həyatda nələr görmüşdi, nələr! Həyatın hər üzündən, fələyin hər oyunundan çox erkən agah olmuşdu. Gənc yaşından yetim qalmışdı, qara torpağa nə qədər dost, hələ iki il əvvəl bir qardaş da basdırmışdı. Uzun sözün qısası, çox ölü görmüşdü, amma beləsini heç vaxt. Abbası görəndə dolandığını nəhayət anlayan adamın üzündə yaranan və qəzəbdən yüngül əlamətlər daşıyan gic gülümsəmə qonmuşdu dodaqlarına. Ancaq çox keçmədən Sənubərin sayıqlama kimi səslənən sözlərini birdən xatırlamış, qarşısındakı mənzərə ilə uzlaşdırıb anlamışdı ki, yox, bu nə gic zarafatdır, nə də onu kimsə dolayıb. Biraz əvvəl eşitdiyi və indi gördüyü məhz həqiqətdir, həqiqət də odur ki, Abbas gülməkdən ölüb.

Ancaq mərhum qəti ölüyə bənzəmirdi; O elə bil, yuxuda nəsə məzəli, əyləncəli bir şey görürdü və buna gülürdü. Deyərdin ki, indicə yuxudan oyanacaq, dodaqlarındakı gülüş solub yox olmamış gördüklərini göz-qaşını oynada-oynada həvəslə nağıl edib təzədən şaqqanaq çəkəcəkdi.

O, sol əli köksündə xalçanın üstündə kürəyiüstə uzanmışdı. Yumulu gözləri qıyılmış, yanaqları dartılmış, gözünün kənarından şaxələnən qırışlar dərinləşmişdi. Arıq qarabuğdayı üzündəki almacıq sümükləri daha da qabarmış, ucuşiş hülqumu nazik dərisini elə qaldırmışdı, sanki bu saniyə dərisini dəlib çıxacaq. O həqiqətən ölüyə bənzəmirdi. Simasında nə ölülərin solğun üzündəki vahimə, nə də yoluxucu fanilik hissi vardı, əksinə, o sanki ətrafına şən əhval-ruhiyyə, xoşbəxtlik saçırdı. Hafiz ilk dəfə idi, gülən ölü görürdü.

Hafiz kişi bir neçə dəqiqə sonra suyu süzülə-süzülə qapıda göründü. Şəfiqəyə və onun sinəsinə qısılıb ağlayan Sənubərə yazıq bir baxış atıb dərindən ah çəkdi.

Şəfiqə köksünə möhkəm-möhkəm sıxdığı qızını asta-asta özündən ayırdı, onun ağlamaqdan qan çanağı olmuş gözlərinə zilləndi.

– Nihad hanı?

– Otağında. Yatıb.

– Bədbəxt balam. Bu yaşda atasız qaldı.

Sənubərlə anası səs-səsə verib ağlayır, Hafiz kişi də darvazanın qabağında durub siqareti siqaretə calayırdı.

Aysız gecədə beynindən min fikir keçmişdi. O, ləng addımlarla həyətə qayıdıb üzünü anasının dizinə sıxıb ağlayan Sənubərə yaxınlaşdı və astadan dedi:

– İçəri keçirəm mən.

Şəfiqə və Sənubər də onun arxasıyca içəri girdi.

Onlar üçü də indi Abbasın ayaq tərəfində durub elektrik lampasının zəif sarımtıl işığının parıldatdığı bu cansız lakin xoşnud sima qarşısında tilsimlənmişdilər. Şəfiqəyə də hər şey məhz indi, bu dartılmış solğun dodaqlara matdım-matdım baxanda agah olmuşdu. Bir istədi soruşsun ki, mərhum nəyə gülürmüş, nə imiş bu qədər gülməli olan şey ki, səsinə əcəl gəlib başının üstdə durub. Maraq içini yesə də soruşmadı, ağlını özünə də sirr olmayan məntiqdənkənar, gülünc bir fikir qurcaladı; düşündü ki, Abbastək top kimi cavan oğlanın xirtdəyinə amansız bir gülüş ilişdirən bu səbəb hər nədirsə, hər addımbaşı nəfəsi kəsilən, öskürəndə gözləri hədəqəsindən çıxan bu qocanın da şəkk-şübhəsiz sonunu gətirər.

Hafiz kişi qızını bərk-bərk qucaqladı və dedi:

– Qızım bəri bax…Haqqın rəhmətinə hər nə səbəbdən qovuşubsa qovuşub… çox da fərqi yoxdur. Olan olub, keçən keçib… Ölüm haqqdır. Allah o biri dünyasını versin. Ancaq gəl bu bildiyimiz elə evimizin içində qalsın. Bilirsən də, bu camaatı, eşidərlər bilərlər rəhmətliyin ölüm səbəbini, sonra gəl bunların dilindən qurtul, məsxərəyə qoyarlar bizi, dillərdən düşmərik, üzdə olmasa da gizlində ələ salınarıq. Sən də istəməzsən ki, Nihadı atasına görə dolasınlar, ərin camaatın yadında belə qalsın. Deyərik ki, qəfil ürəyi tutub, ya nə bilim… Yatıb durmayıb.

Sözünü bitirib əzik siqaret qutusundan bir siqaret çıxardı. Bu vaxt Nihad qonşu otaqdan təkrar-təkrar “mama” qışqırmağa başladı. Hafiz kişi siqaret damağında gedib Nihadın otağına girdi.

– Nolub ay yaramaz – deyib nəvəsinin yumşaq yanaqlarından öpdü və qucağına alıb evdən çıxdı.

Darvazanın qabağında duruxdu, alışqan üçün ciblərini eşələyəndə ambulansın yanıb-sönən işıqları qatı qaranlığı yarıb onun pərişan çöhrəsində və qucağındakı Nihadın yuxulu gözlərində sayrışmağa başladı.

***

Abbasın dəfnindən qayıdanda Sənubər həmin məşum axşam olub keçənləri ata-anasına anlatdı.

Sənubər radioya qulas asa-asa Nihadın diz-dirsəyi yırtılıb-yıpranmış köhnə şalvar-köynəklərinə yamaq vurur, tikiş tikirmiş. Nihad da şuluqluq edib əldən düşmüş, mışıl-mışıl yatırmış. Abbas tappatup giribmiş içəri, Sənubər diksinibmiş.

– A kişi, yavaş, uşaq yatır.

Sənubərin gözünə biraz içkili dəyibmiş, ancaq Abbas and-aman edibmiş ki, vallah atamın qəbrinə and olsun, içməmişəm. Əlqərəz, yataq otağına keçib uzanıbmış. Sonra ordan Sənubərə səslənibmiş:

– Ay qız, dur bir çay süz görək.

Sənubər əlindəki işi yarımçıq qoyub peyda olubmuş onun qabağında, əli belində, şəhadət barmağı da dodağında, tərs-tərs baxıbmış ona.

– Ədə, nə qışqırırsan? Nolub sənə? İmkan ver yatsın da uşaq.

– Çay süz.

– Hə, elə papuqay kimi təkrarla. Görmürsən uşağın paltarların tikirəm? Neçə dənə əlim var mənim?

Uzun sözün qısası, çayı süzüb, qoyub Abbasın qabağına, sonra da qayıdıb oturub odun peçinin qənşərində, alıb iynə-sapı əlinə. Biraz keçməmiş qonşu otaqdan Abbasın hırıltısını eşidib. Fikir verməyib, başını bulayıb, ağzının içində deyinə-deyinə tikişə davam edib. Ancaq necə fikir verməyəsən, Abbas dayanmaq bilməyib, hırılda ki hırıldayasan. Səsi getdikcə gurlaşıb, daha da bərkdən gülüb. Sənubər iynəni batırıb balışa, əsəbi-əsəbi qalxıb ayağa. Gedib fısıldaya-fısıldaya kəsdirib Abbasın başının üstünü.

– Ədə, nolub, nə gic gic gülürsən?

Abbas ona məhəl qoyar? Gülməkdən sifəti qıpqırmızı qızarıbmış, gözləri sulanıbmış. Bircə an durmadan o ki var şaqqanaq çəkib gülübmüş. Sənubər yapışıbmış yaxasından Abbasın.

– Ədə, dəli olmusan, nəyə gülürsən, bəsdir ta, dayan görək!

Ancaq kimə deyirsən, Abbas otağın bir başından o biri başına tullana-tullana vurnuxub, başını atıb arxaya qəşş edib gülüb. Gah toyuq kimi qaqqıldayıb, gah vulkan kimi pıqqıldayıb. Səsə Nihad yuxudan oyanıb, gəlib durub otağın kandarında, gözlərini ovuşdura-ovuşdura keçi kimi tullana-tullana şaqqanaq çəkib gülən atasını çaş-baş seyr edib. Sənubər istəməyib ki, uşaq atasını bu vəziyyətdə görsün. Nihadı tez aparıb uzadıb yerinə, dizini yerə atıb bir-iki dəqiqə uşağın başını tumarlayıb. Nihadı yuxuya verən kimi qapını möhkəm bağlayıb qayıdıb Abbasın yanına. Qayıdanda yenə eyni şeyi görüb. Abbasın sinəsindən qopan qəhqəhə bir saniyə də dayanmaq bilməyib. Sənubər bir yerdə durmayan Abbası qollarından var gücü ilə tutub sakitləşdimək istəyib, ancaq çi fayda?

– A kişi, nəyə gülürsən, ta bəsdi, özünə gəl!

Abbasın alnının, boynunun qalın damarları pırtlayıb, gözləri bərəlib. Yavaş-yavaş qaqqıltısında xırıltı sezilib. Güldükcə az qala döş qəfəsi ikiyə aralanıb, nəfəsi kəsilib. Taqətdən düşüb tir-tap dəyib yerə. Yerdə də çapalaya-çapalaya bir müddət gülüb, sonra üz-gözü əyilib, nəfəsi gedib gəlməyib. Gülüşü birdən çıraq kimi sönüb. Gözləri qapalı, dodaqları dartılmış, heykəl kimi donub qalıb.

***

Çeşməyə su dalınca getdiyi günlərin birində qonşuluqdakı gəlinlər havadan sudan danışa-danışa Sənubərdən necə söz çəkmişdilərsə, heç ruhu da inciməmişdi. Danışmışdı olub keçəni. İş işdən keçmiş, Sənubər evdə başına döymüş, bir-iki günün içində artıq bütün kənd həqiqətdən agah olmuşdu. Həqiqət də o idi ki, Abbas gülməkdən ölüb. Bəs nəyə gülürmüş Abbas?

Sonra hərə səmimi-qəlbdən inandığı bir fərziyyə uydurmuşdu.

Bəziləri deyirdi ki, guya həmin gün axşamüstü xırmandan qayıdanda qonşusu Saleh ona bir anekdot danışıb, Abbas da sınıq-salxaq zilin kuzasında saman tayasının üstündə uğuna-uğuna hoppanıb düşübmüş. Belə bir ehtimal var ki, kuzada ürəkdən gülə bilməyən Abbas yatmağa hazırlaşanda qəfil həmin anekdot düşüb yadına, başlayıb öz-özünə şaqqanaq çəkib gülməyə. Gül ki güləsən. Sonrası da bəlli.

Abbasın ölümündən bir həftə sonra Saleh yuxudan durub eşiyə əl-üzünü yumağa çıxanda gördü ki, kəndin yarsı həyətindədir. Tələb edirdilər ki, anekdotu danış. Saleh çaş-baş qaldı, ona zillənmiş maraq dolu, narahat baxışlar onu ürkütdü. Yuxunun dumanı hələ çəkilməmiş beynini tez işə salıb düşünməyə başlasa da, ağlına heçnə gəlmədi, sonra canını qurtarmaq üçün təklif etdi ki, o bu anekdotu danışmazdan əvvəl hərkəs Abbasın yaşadığı bədbəxt taleyi nəzərə alsa yaxşı olar. Ancaq adamlar onun xəbərdarlıqlarına, təkliflərinə məhəl qoymadılar, anekdot tələb etdilər. Saleh yaddaşının dəhlizlərində o ki var var-gəl etdikdən sonra nəhayət təsadüfi bir əhvalat xatırladı, sevincək əhvalatı onlara nəql etdi. Anekdotu bitirən kimi adamların üzündə bir yerdə durmayan, baxışları ilə gülüş axtarsa da, bəzi üzlərdə ya məyusluq gördü ya da ifadəsizlik. Heçkimin cınqırı da çıxmamışdı. Adamlar pərişan dağılışdılar ev-eşiklərinə və təzədən hamının içini maraq yeməyə başladı. Axı Abbas nəyə gülürmüş?

Bəziləri deyirdi ki, guya Abbas gecə yatmazdan əvvəl darvazanın qabağında dayanıb siqaret çəkə-çəkə pivə qurtumlayırmış, birdən biraz irəlidə qaranlıqda illərdir ədavəti olan Qasımın azmış eşşəyini görübmüş. Sənin burda nə itin azıb deyib və əlindəki alışqanın fanarını eşşəyin gözünə tutubmuş (qonşu Familin balaca oğlu pəncərədən hər şeyi görübmüş). Sonra qonşunun hasarına dırmanıb ağacından üç-dörd əncir dərib eşşəyin ağzına dürtübmüş. Eşşəyə əncir yedizdirmək kefini yaman kökəldibmiş, hırtıldamağa başlayıbmış, eşşək yedikcə Abbas daha da keflənibmiş. Dürt ki dürtəsən ənciri eşşəyin ağzına. Eşşək ənciri gövşədikcə Abbas da qəşş edib gülübmüş. Sonrası da bəlli.

Bəziləri deyirdi ki, Abbas həmin gecə bikarçılıqdan keçən ilin haqq-hesab dəftərinə göz gəzdirirmiş. Bu dəftərdə hər qəpiyi harda, nəyə, nə vaxt xərclədiyini qeyd edirmiş. Keçən ilin xərcləri ilə bu ilkiləri tututşduranda onu gic gülmək tutubmuş. Keçən ildən buyana olan qiymət artımları ona o qədər ağlasığımaz görünüb, ya hirsdən, ya da nəsə izaholunmaz bir səbəbdən gülməyə başlayıbmış. Dəftərdəki, iri, xırda, üstündən xətt çəkilmiş, haşiyəyə alınmış rəqəm xarabalığına baxdıqca gülübmüş. O qədər gülübmüş ki, axırda bu gülüş idarəolunmaz, isterik bir qəhqəhəyə çevrilibmiş. Sonrası da bəlli.

Qonşu kəndin başbiləni, həkim Fətəliyev deyirdi ki, burda qəribə heçnə yoxdur, belə ölümlər çox nadir olsa da, mövcuddur, tibbi baxımdan da əsaslandırılıb. Çox güman ki, Abbasın beynində anevrizma olub. Həkimə deyirdilər, ay doxtur, başına dönüm bizim qandığımız dildə danış, o nə mənə şeydi elə? Həkim deyirdi, yəni ola bilsin Abbasın beynindəki arteriya damarlarında şişkinlik varıymış, damarlar hər an partlamağa hazır vəziyyətdə olubmuş, bu vaxta kimi Abbas da bundan xəbərsiz yaşayıbmış. Ancaq qəfil gələn fasiləsiz qəhqəhə kəllədaxili təzyiqi artırıbmış və anevrizmalı damar yırtılıbmış.

Ancaq kəndlilər bu qəliz izahlardan bir şey anlamayanda, həkimin dediklərində maraqlı bir şey görməyəndə tez də unutdular onun mühazirəsini. Bir-birilərini qonaq çağırdıqları axşam süfrələrində, çayxanalarda zər atanda dillərində yalnız bir sual vardı. Görəsən Abbas nəyə gülürmüş?

Xəbər bütün ətraf kəndlərə kimi gedib çıxmışdı. Biraz keçməmişdi ki, telekanalların birindən gəldilər kəndə. Ancaq Sənubər razı olmadı, müxbirlərlə kəlmə də kəsmədi, dinib-danışmadı.

Müxbirlər kor-peşman darvazadan çıxanda Sənubərgilin qonşusu Familin təzə doğulmuş ikibaşlı buzovun gördülər, Familə bu haqda xəbər hazırlamaq istədiklərini deyəndə ikiəlli razı olmuş, müxbirlər də əliboş qayıtmadıqlarına sevinmişdilər.

Vaxt keçdikcə Abbasın nəyə güldüyü haqda fərziyyələr, gümanlar, rəvayətlər səngisə də qırx məclisində təzədən aktuallaşdı. Ərinin gülməkdən ölməsi Sənubər üçün bu ölümü həzm etməyi ikiqat çətinləşdirmişdi. O indi nəinki dul qalmaqla, başsız qalan uşağın öhdəsindən təkbaşına gəlməklə hesablaşmalı idi, üstəlik ərinin “anormal” ölüm səbəbinin törətdiyi masqaralara, istehzalara dözməli idi. Abbasın qırxında, mağarın qabağında altdan-altdan irişən yeniyetmələrdən birinin digərinə zarafatla “Ə yavaş gül, ölərsən” deyib hırıldadığına istəmədən qulaq şahidi olmuşdu. Bir istəmişdi ki, ağzından çıxanı desin bu qurumsaqlara, ancaq abır-həya eləmişdi, gedib anasının çiyninə sığınıb xısın-xısın ağlamışdı.

Bu anlaşılmaz, qəribə olay bəzi kənd adamlarının sıxıntıdan, hadisəsizlikdən qovrulan qəlbinə su səpsə də, bir neçə ay sonra yaddan çıxıb getdi. Hər şey unudulduğu kimi, bu söz-söhbət də öz canlılığını itirib unudulmuş, bir vaxtlar yaratdığı hay-küydən əsər-əlamət qalmamışdı. Bir də Abbasın il məclisində yenə köhnə rəvayətlər, qeybətlər dirçəlmişdi. Yenə hərənin ağzından bir avaz gəlirdi. Hamı da özünə daha maraqlı, daha heyrətamiz gələn versiyasından məmnun və zənnindən qəti idi.

***

İllər keçmiş, qara torpaq Abbası da, onun qəribə ölümünü də qara bağrında unutdurmuşdu. Sənubərin bu qəddar dünyadakı yeganə təsəllisi – hər söhbət düşəndə “kopya atasıdır!” deyib qürrələndiyi Nihad da böyüyüb yekə oğlan olmuşdu. Hər keçən gün atasına daha çox oxşayırdı. Atası kimi yeriyir, atası kimi danışırdı. Bircə qəşş edib güləndə, Sənubərin ürəyi düşürdü.

 

 

 

Çəngəl çiçəyi – Kamal Abdullanın hekayəsi

Loading

Həmən gün XXVI Sais sülaləsinin ilk fironu, Aşağı və Yuxarı Nil əyalətlərinin həqiqi fatehi, bütöv Misirin hakimi l Psammetix ölkəsinin baş şəhəri Memfisdə öz dəbdəbəli sarayının taxt otağında əyləşib beynində nə zamandan bəri qərarlaşdırdığı fikri götür-qoy eləyirdi. Bir qədər keçəndən sonra firon şəhərin «Yeddi ağac» adlanan hündürlüyündə Ptax allahının şərəfinə tikilmiş məbədin Baş kahinini hüzuruna istədi. Baş kahin bu güdrətli fironun ilahi nəzəri qarşısında duran zaman l Psammetix taxtından qalxıb onu xüsusi ehtiramla salamladı və belə dedi: Oxumağa davam et Çəngəl çiçəyi – Kamal Abdullanın hekayəsi

Keçi ilə evlənən kişinin evindən Zümrüdün reportajı

Loading

“Partizan” Mehdi Dostəlizadənin yeni – “Zoofil” hekayəsini təqdim edir.

Taksidən düşdük. Zümrüd çantasından bir qələm çıxarıb əlindəki bloknotun qırağına taxdı.

– Evi çox uzaqdadır? – soruşdu.

– Yox, iki addımlıq yoldur. Bu dalanlara maşın girmir, ona görə sürücüyə dedim ki, tində saxlasın.

Qapının ağzına çatanda bir qədər dayandıq:

– Bax, bu adam təhlükəlidir. Səndən dönə-dönə xahiş eləyirəm, onunla danışma. Hətta səni çağırsa da cavab vermə, lazım olsa üzünü o tərəfə çevir. Yaxşı? – dedim.

– Daha bu nə reportaj oldu? Danışacam, özün də görəcəksən, heç nə olmayacaq.

– Zümrüd, yenə başlamayaq da. Reportajın başını burax, elə belə bax, bəsdir. Qələt elədim sənə də bir söz dedim. Zibilə düşmək istəmirəm, halım yoxdur. Dispanserdən də təzə…

– Hə də, bildik, dəlisən. – başını yellədi.

– O mənada demirəm, yəni yorğunam da, bir az başa düş də.

– Sən də işimə qarışma. Mən o adamla söhbət etməliyəm.

– Daha sonra gedib orda-burda demə ki, Kazım məni keçiqayıranın yanında qoyub qaçdı.

– Necə yəni? Mənə nəsə eləsə qoyub qaçacaqsan?

– Nə bilim. Keçi ilə evlənən adamdan hər şey gözləmək olar. Birdən nəsə eləsə, növbəti arvadı olmaq istəmirəm. – söhbəti bitirib qapını döydüm. İçəridən gələn “kimdir?” sualına “mənəm” cavabı versəm də, səsimdən kim olduğumu bildi.

– Xoş gəlmisiniz, xoş gəlmisiniz. Bağışlayın, ortalıq bir az pis gündədir. Xanım qız, adınız nədir? – Matfey soruşdu.

– Adı Zümrüddür. – cavabı özüm verdim.

– Hə. Lap yaxşı, lap yaxşı. Elə gözləri də zümrüd rəngindədir. Keçin uşaqlar, keçin içəri.

– Matfey, əgər narahat eləyiriksə sonra gələk, hə? – bunu deyəndən sonra Zümrüdə tərəf döndüm, tərs-tərs baxmağından başa düşdüm ki, reportajı mütləq hazırlamalıdır. – əşi, ya da yoxe, niyə narahat olasan ki?

– Kazım, Kazım, canım Kazım. Biz düz bir həftədir tanış olmuşuq, hələ məni tanımamısan? Heç mən qonaqdan narahat olaram? Hə, Zümrüd, narahat olaram?

– Bir həftə bir adamı tanımaq üçün elə də çox deyil də, Matfeycan. – Tez araya girdim ki, Zümrüd danışmasın.

– İndi mənə qulaq as – Matfey bir ayağını yeşiyin üstünə qoydu – adam var ki, onunla bir ömür yaşayırsan, amma hansı yuvanın quşu olduğundan baş aça bilmirsən, adam da var ki, elə belə, bir-iki dəfə görüb xasiyyətinə bələd olursan. Bu cür adamların dallarından baxanda qabaqları görünür. Elə mən, yəni sənin Matfeycanın da bu cür adamlardandır. “Davay”, “davay”, keçək içəri.

Evə girdik. Həyət pis gündə olsa da, içəri tərtəmiz idi.

– Münəvvər, bəsdir yatdın, qonaqlarımız gəlib. – Matfey səsləndi.

– Münəvvər kimdir? – Zümrüd qulağıma pıçıldadı.

– Arvadının adıdır da. Keçinin. – cavab verdim.

Qonaq otağında əyləşdik. Matfey çay yoxsa içki içəcəyimizi soruşdu; çay gətirməsini istədim.

– Bəs Zümrüd xanım?

– Mənə də çay, zəhmət olmasa.

Matfey mətbəxə getdi.

– Zümrüd, hey, sənə demədim dinmə? – səsimi boğub danışırdım.

– Niyə axı?

– Görmürsən, başı çatmır?

– Başı çatmırsa niyə dostluq edirsən?

– Nə dost ay qız, ağzını yaxala. Əsgərlik işim həll olsun, rədd eləyəcəm.

– Ayıbdır e.

– Nə ayıbdır, xanım qız? – Matfey əlində padnos otağa girdi.

– Yox, mən başqa şey deyirdim, siz səhv başa düşdünüz, həqiqətən. – Zümrüdün səsi titrədi.

– Ay, ay, ay. Aman bu utancaq qızların əlindən. Hələ heç nə başa düşməmişəm, niyə narahat olursunuz Zümrüd xanım?

– Mən elə bildim…

– Yaxşı, yaxşı, “vse normalno”.

Bir müddət heç birimiz danışmadıq. Sonra Matfey otaqdan çıxıb keçi ilə qayıtdı.

– Münəvvər, tanış ol, Zümrüd xanımdır. Bizdən reportaj yazacaq.

Keçi bizə məhəl qoymayıb bir qıraqda dayandı.

– İstəyirsinizsə, elə indi başlayaq. – Zümrüd dedi.

– Başlayaq, canım mənim. Bəs kamera yoxdur?

– Kamera yoxdur. Bizdə qəzetdir, səsinizi telefonla yığacam.

– Aaa, aydındır. Buyurun.

– Əvvəlcə bir sual vermək istəyirəm, keçinin, yəni onun, mm…

– Həyat yoldaşımın, bəli.

– Həyat yoldaşınızın adı Münəvvərdir, o haqda… Bir-iki kəlmə. Reportajda yazmayacam.

– Niyə ki, yaza bilərsiniz. Hə, onun adı Münəvvərdir. Rəhmətlik anamın adını qoymuşam. Anam həmişə mənə deyərdi ki, oğlanlar analarına oxşayan qadınları xoşlayırlar. Yazıq arvad, rəhmətlik, elə düz deyirmiş. Həyatımda cəmi iki qadın sevmişəm. İkisi də anama oxşayıb.

– İlk qadın da keçi idi, yoxsa?..

– Yox, o insan idi. Birinci həyat yoldaşım.

Keçi divanın üstündəki ədyalı gəmirməyə başladı. Matfey əsəbiləşib keçini danladı:

– Münəvvər, yenə başladın? Qonaqların yanında dalaşmayaq, xahiş edirəm. – sonra üzünü bizə çevirdi – Siz də bağışlayın, Münəvvər, bir az, bir az narahatdır. Yuxudan kal durub.

Zümrüd gülümsəyib başını aşağı saldı, sonra yenidən sual verdi:

– Münəvvərlə harda tanış olmusunuz?

– Ah – Matfey üzünü pəncərəyə çevirdi – Təzə Bazara balıqlarım üçün yem almağa getmişdim, gördüm ki, gördüm ki, şərəfsiz bir alverçi mənim gözəlimin ayaqlarını bağlayıb, satışa çıxarıb. Münəvvərin gözlərindəki kədəri hiss etdim, eynilə mənim gözlərim kimi idi, kədərli, hüznlü. Arvadım öləndən sonra heç vaxt aşiq olmayacağıma söz vermişdim. Amma həyatdır da, bilmək olmur, bilmək olmur. Bax o gözlər, məni vadar etdi ki, Münəvvərimi alverçinin əlindən xilas edim, bəli, belə tanış olmuşuq.

– Yəni, həyat yoldaşınızı pulla aldınız? – Zümrüd soruşdu.

– Bəli, bəli. Pulla aldım, başqa nə cür ola bilərdi ki? O murdar alverçiləri bilmirsiniz? Elələri ilə, elələri ilə söz güləşdirməyə dəyməz. Həm də, bunun nəyi qəribədir?

– Bilmirəm, amma həyat yoldaşını pulla almaq, bir az…

– Bəs sizin başlıq pulundan xəbəriniz var, gözəl qız? Xəbəriniz var? Axı insanlar da belə evlənir, düz demirəm, Kazım?

Başımı yellədim.

– Heç qorxmadınız? – Zümrüd bu arada bloknotda qeydlər aparırdı.

– Qətiyyən! Mən azadam! Azadam! Azad! İkimiz də seviriksə, kim bizə mane ola bilər?

– Düzdür, amma keçinin, yəni Münəvvərin sizi sevdiyini hardan bildiniz?

– İlk günlər çox çətin oldu, onu evə gətirdiyim ilk günlər. Mənə yaxınlaşmırdı, yemək yemirdi. Sonra mən televizorun qabağında yatıb qalan vaxt, bir də gördüm ki, kimsə, kimsə məni yalayır. Hə, bu Münəvvər idi, biz sevişdik. Beləcə evlənmək qərarına gəldim.

– Necə evləndiniz?

– Toyumuz olmadı. Bilirsiniz, qanunlar buna icazə vermir, qanunlar. Öz qanunlarımızla evləndik, yəni, azad olanların qanunları ilə. Qərara gəldik ki, evlənək, elə o qərardan bəri evli sayılırıq. Daha nəyə lazımdır, kağız-kuğuz, sənəd-sünəd. Bunlar mənasız şeylərdir. İlk evliliyim belə olub, hə, amma sonradan sevgi ölmüşdü. Deməli kağız-kuğuz, sənəd-sünəd, belə şeylər heç nəyə yaramır. Yaramır.

Söhbətlər ürəyimi bulandırdı. Siqaret bəhanəsi ilə həyətə düşdüm, qonaq otağının pəncərəsinin qabağında dayandım. Matfey orda olduğumu bilsin deyə tez-tez öskürürdüm. Həyətdəki söyüd ağacının altında bir tısbağa gəzirdi. Gedib onu tərsinə çevirdim. Çapaladığını görəndən sonra yazığım gəldi. Əvvəlki vəziyyətinə qaytarıb bir az sığalladım. Elə bu vaxt içəridən qışqırıq səsi gəldi. Zümrüd qışqırırdı. Evə qaçıb qonaq otağına girdim. Keçi Matfeyi buynuzlayırdı.

– Matfey, Matfey! – qışqırdım. Matfey hər nə qədər keçini saxlamağa çalışsa da, alınmadı. Axırda keçinin özü əl çəkdi. Mən qorxudan tumanıma işədim. Yerə çöküb ağlamağa başladım. Zümrüd donub qalmışdı. Biabır olmuşdum, nə edəcəyimi bilmirdim, ona görə də yerimdən tərpənmədim. Matfey keçini döyə-döyə otaqlardan birinə apardı, qapını kilidlədi.

– “Şlyuxa”! – Matfey çox əsəbi idi.

– Matfey, evdə yod, sarğı var? – Zümrüd soruşdu.

– Narahat olma, qız. Özüm həll edərəm, həll edərəm. “Vse normalno”.

Bir müddət heç kim danışmadı. Matfey yaralanmış yerlərini sarıyıb oturmuşdu. Zümrüd başını telefondan qaldırmırdı.

– Biz gedək, ya da yox… – şalvarımın hələ də yaş olduğunu gördüm.

– Ay, gözlə sənə təzə paltar gətirim, Kazımcan. – Matfey qalxıb otaqdan çıxdı.

Zümrüdün üzünə baxmağa utanırdım. Elə o da mən tərəfə baxmırdı. Üst-başımı dəyişəndən sonra sağollaşıb evdən çıxdıq. Yol boyu ürəyimdə Matfeyi də, “arvadı” Münəvvəri də söyürdüm.

 

Beşmərtəbəli binanın birinci mərtəbəsi – İlham Əzizin yeni hekayəsi

Loading

“Partizan” İlham Əzizin yeni – “Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsini təqdim edir.

Anara…

Beşmərtəbəli binanın birinci mərtəbəsində bir otaqdan ikiyə düzəldilmiş mənzilin pəncərəsindən çölə nə vaxt baxsan, elə bilərsən, payızdı; hava yağmurludu, gün işıldamır, düzü-dünyada başqa fəsil yoxdu, heç olmayıb da.

Bu birotaqlı mənzili Feyzi 18 il sərasər gözləmişdi. Alanda sevincindən yerə-göyə sığmasa da, sonralar unudulmuş qatar dayanacağına çevrildi bu ev: naçar gecələyirdi. Xəyalı göylərin bağrına batan təzə binalarda idi. Üçotaqlı geniş mənzil, hərənin öz otağı, böyük zal, ağ mebellər, 101 ekran televizor…

– Əlindəki nədi elə? – Şəlalənin səsi hər tərəfindən içinə doldu.

– Dəvətnamə…

– İlin-günün bu vaxtı kimin dəvətnaməsidi?

– Sədi oğlunu evləndirir.

– Vaxt tapmadı da…

– Allah mübarək eləsin de!

– İşin-gücün qutarıb vallah!

– Səhər-biri gün sən də eləyəcəksən də, niyə elə deyirsən?

– Kefdəsən, Allah haqqı. Heç nəyi düşünmürsən. Bunun palı-paltarı var, saçı-makiyajı var, nəməri var. İtin günündə getməyəcəyik ki! Saç, makiyaj 150-200 manatdı, o da növbə əlindən yer tapsan.

Çayı stolun üstünə zərblə elə qoydu, çay ləpələnib sıçradı qənddana. Feyzi əriyən qəndi qapıb ağzına atdı.

Əslində, Şəlalə düz deyirdi. Evlənən gündən ürəkaçıqlığıyla xeyrə-şərə getməmişdilər. Elə hey titi-piti , borc-xərc, avtobusla utana-utana… Yenə Feyzinin qarnına qaynar su doldu. Əyilib əyrimçəyə dönmüş mühasib qadına nə qədər xıtılanmaq olar? Pəncərənin dar gözünə əyilib ay başlamamış avans istəməkdən Feyzinin boynu dəvə boynuna dönmüşdü. Əyrimçə də bir üzünə tüpürüb, o biri üzünə itin sözünü deyəndən sonra pulu elə yerə qoyurdu ki, Feyzi zar-zor götürə bilirdi.

Əvvəllər işləri pis deyildi, “çaq-çuq”u da olurdu. Allah bu smartkart çıxaranın belini qırsın. İndi hamı ödənişləri telefonla edir. Binalarda köhnə sayğacı olan bir-iki ev ya qalıb, ya yox. Sağ olsunlar köhnə sayğacı olanlar, qəbzi aparanda 1-2 manat artıq verirlər, bir də görürsən, günün sonunacan 15-20 manat yığılır. Feyzinin qaz pulu almağı da ayrı aləmdi.

Qaz pulunu alanda gözləri 180 dərəcə fırlanır: guya bunu güdürlər, kəşfiyyatdadı… Halbuki, abonentlərin Feyziyə yazığı gəlirdi, qəsdən ona “xidmət haqqı” verirdilər. O manatı alanda elə fərəhlənirdi ki… Uçmağa qanadı çatmırdı. Uçub qazancını evə, arvadına, hamamdan təzəcə çıxmış  qızına göstərmək, şəstnən stolun üstünə atıb, “alın, xərcləyin”, demək istəyirdi.

İşıqla arası yoxdu Feyzinin. Deyirdi, kaş hər şey qazla olaydı. Qaza olan  borcunu birtəhər bu aydan o biri aya ötüşdürə bilirdi. İşığın qiyməti kəllə-çarx… Bir yandan qızın səhərdən axşama telefonu qoşulu, bir yandan evin işıqları, televizor, ütü..  İşıqdan çox narazıydı Feyzi. İşığa gedən kisəsindən gedirdi.

Bircə ayaqqabısından razıydı. 4 il qabaq evin yanındakı “Ucuzluq”dan almışdı, baxsan, elə bilərsən, təzədi. Bir az dabanları əyriydi… O da ayaqqabılıq deyildi, Feyzinin yerişinə görə… Zarafat deyil, bu ayaqqabı rayonun bütün qapılarını gəzib, qapılarda gözləyib, küçələrdə var-gəl edib. Gözləyə-gözləyə Feyzinin hər yeri – başı-gözü, iç-içalatı, pal-paltarı, elə ayaqqabısı da rəng verib rəng alıb… Elə ki, manat verən olmadı, rəngi bozarıb, iç-içalatı qarışıb, pal-paltarı köhnəlib.And içmişdi, əlinə pul keçən kimi cins şalvar alacaqdı.

Cinsin köhnəsi, təzəsi bilinmir. Şalvarı günün altında elə parıldayırdı, az qalırdı, Feyzinin gözünü qamaşdıra. Onun dərdindən Feyzi fürsət tapan kimi verirdi özünü kölgəyə.

Feyzinin ömrü qapılar döyməklə keçirdi, bütün qapıların səsini tanıyırdı. Bir də görürsən, bir ev yiyəsi donquldanır, manatı çox görürdü. Feyzi yazıqlaşırdı, istəyirdi, ev yiyəsinə yalvarsın. O ki manatı aldı, budu ey, pal-paltar, ayaqqabı alışıb yanır, bel dikəlir… Neçə dəfə o sevinclə özünü kafenin ağzında yaxalamışdı. Ürəyindən keçirdi, girib iki lülə deyə… O vaxt hardansa qulağında Şəlalənin səsi kilsə zəngi kimi çalınırdı, yalandan qaz turbasına bir-iki təpik vurub qayıdırdı, guya qazı yoxlamağa gəlib.

Feyzi üfüqə çox baxırdı, istəyirdi, dünya göz qapağını tez bağlasın. Gün çıxan kimi bütün dərdləri aləmə faş olurdu. Amma kainat gözünü hey qapayıb açırdı, Feyzini hər gün pərt edirdi.

Bu gün də beş altı qapını yağır eləyəndən sonra evə qayıdırdı. Yolda yadına uşaqlıq dostu Rafiq düşdü. Əlini şalvar cibinə atıb yoxladı: həmişəki kimi bomboşdu. Qəfil narahat oldu. Tez döş cibini yoxladı,  üzünə obaşdan şəfəqinin işığı düşdü. Feyzi çoxdandı şalvar cibinə pul qoymurdu, qorxurdu əlini salıb çıxaranda itirə. Pulu köynəyinin döş cibindəydi, 4 manat… Döş cibini sığallaya-sığallaya Rafiqlə keçən gənclik illərini xatırladı. Şəhərə eyni vaxtda gəlmişdilər, dost olmuşdular, çox çətinliklərə birgə sinə gərmişdilər. Bir-birinə arxa-dayaq olmuşdular. İkisi də bir vaxtda – payızda evlənmişdilər. Rafiqin oğlu olmuşdu, Feyzinin qızı.  Söz kəsmişdilər, qohum olacaqdılar.

Sonra işlər dəyişdi. Rafiq arvadı tərəfdən qohumlarla dil tapıb onlara qoşuldu. Yaxşı qazanırdı. Ara-sıra Feyzini kafeyə aparırdı. Yeyib içirdilər, tost deyirdilər. Feyziyə ürək-dirək də verirdi ki, bəs yaxşı olacaq. Ancaq görüşləri yavaş-yavaş səngidi. Feyzi də Rafiqi başa düşürdü. İş-güc adamıydı. Həm də arvad qohumları  qaynayıb-qarışan adamlar deyildi. Bir-iki dəfə Rafiqin yanında Feyzini görüb heç düz əməlli salam da verməmişdilər. Feyzi də payını almışdı. Hər nə olur-olsun, Rafiq bu şəhərdə onun tək simsarıydı. Ona çox ağız açmırdı. Rafiqi dar günə saxlayırdı. Ailəvi gediş-gəliş də kəsilmişdi. Kirayə evlərin kasıb süfrələrinin xoşbəxtliyi onları çoxdan tərk eləmişdi. Bu da Rafiqin yoldaşı Sənubərin hesabına olmuşdu. Rafiq beşotaqlı mənzilə köçəndən sonra Feyzigil iki dəfə onlara qonaq getmişdilər. Görmüşdülər ki, Sənubərin rəng-ruhu, danışığı dəyişib. O gün, bu gündü, ayaqları onlardan kəsilmişdi. Arabir arvadlar zəngləşərdilər, onda da Sənubərin kinayəli sözləri kirpi oxu olub Şəlalənin bağrına batırdı.

Evə çataçatda Feyzi qərar verdi ki, toya pulsuz getsin, elə orda Rafiqin kefi kökələndə toy pulunu qoysun qədim dostunun boynuna. Başqa çarə qalmamışdı. Onsuz o əyrimçə Feyzini boş qaytaracaqdı, bir para əyilib üzünün suyunu tökmək özünə qalacaqdı. Qərar verən kimi eyni açıldı, dilinin altında mahnı da mızıldandı. Bir də öz-özünə “Yüz araq ola, içəsən…” dedi.

Onda ayıldı ki, qapını döyür. Qapı açıldı, amma qapıda onu gözləyən yox idi. Qapını göz qırpımında açıb qaçmışdılar.

İçəri keçib nimdaş divanda oturandan sonra qızını səslədi:

– Ay bala, Gülşən, yenə telefondasan?

Qız mızıldandı, deyindi, nəhayət, başını qaldırdı:

– Bu merətə telefon deyirsən? Şəkili elə çəkir, başdaşı şəklinə oxşayır. İki aydı ekranı sınıb, düzəltdirmirsən.

Telefonu az qala, Feyzinin gözünə soxurdu:

– Camaatın qızlarının telefonundan xəbərin yoxdu.

Ggözünün üstünə tökülən saçlarını əli ilə dala daradı.

Feyzi qızının dediklərinə fikir vermirdi, Gülşəni altdan yuxarı süzüb fərəhləndi. Maşallah, böyüyüb, gözəl-göyçək qız olmuşdu, otağa girən kimi hər yeri  lilpar ətri bürüyürdü. Gələn il də məktəbi bitirir. Feyzi bir-iki ilə qaynata olacaqdı. “Kaş imkanlı birinə qismət ola, day bizim kimi cəhənnəmin odunu ayaqlamaya…”

– Ay ata, sənnənəm, kişinin heç vecinə deyil vallah…

– Ay bala, telefonunu mənə ver, Rafiq əminə zəng eləyəcəm, mənim konturum yoxdu.

– İndi özün görəcəksən, heç nömrələr də düz-əməlli görünmür.

Qızının mırtdanmağına gülməyi tutdu.

Gülşənin çiçəyi çırtladı. Əlinə yaxşı girəvə düşmüşdü. Toy məsələsi lap əla fürsət idi. Zauru ilk görüşə çağıracaqdı. Gün bu gün imiş. Ata-anasını yola salıb hamama girəcəkdi, bəzənib-düzənib Zaurla görüşəcəkdi. Ürəyinin döyüntüsü başına düşdü. Oğlaq kimi atlana-atlana mətbəxə qaçdı.

Feyzi yerində qurcuxub Rafiqin nömrəsini yığdı.

Sənubər telefon zənginə diksindi:

– Bıy! Allaha şükür, bu qız səni niyə yığır? – cəld telefonu Rafiqin əlindən qapdı:

– Ay salam-əleykim, Feyzi qardaş, Şəlalə bacı nətərdi?

– Sağ olasan, Sənubər, Rafiq evdə yoxdu?

– Evdədi, mətbəxə keçib, indi verirəm, – ağız-burnunu elə günə qoydu ki, Rafiq arvadından iyrəndi.

– Salam, Feyzi, nətərsən?

– Sağ ol, Rafiq. Sədi səni də toya çağırıb?

– Bilmirəm, yəqin çağırar. Qoy soruşum… Ay qız, Sədi bizə dəvətnamə göndərib?

Sənubərin ağzı hələ düzəlməmişdi. Cavabı qısa oldu:

– Hə, o gün demədimmi?

– Hə, Feyzi, çağırıb.

– Sən canın gedəndə bizi də götür.

– Yaxşı, saat beşdə dayanacaqda olun. Gecikməyin! Sonra tıxac olur.

– Yaxşı, sağ ol, qardaş.

– Şəlalə, ay Şəlalə, sən Allah, saat beşə hazır ol, camaatı gözlətməyək.

Şəlalə mətbəxdən nəsə dedi, Feyzi eşitmədi.

Feyziylə Şəlalə saat beşin yarısından dayanacaqda durmuşdular. Hərəsi bir tərəfə baxır, imkanları olsa, elə o baxdıqları tərəfə gedər, bir də qayıtmazdılar. Az keçməmiş, Rafiqin maşını dayandı, tələsik mindilər. Təzəcə maşına oturmuşdular, xoş-beş eləməmiş Sənubərin dərdi açıldı:

– Yox e, sən Allah, düz demirəm? 15 gün olar qapıdan maşının təkərini oğurlayıblar, bu da gedib arsız-arsız iki qutu patron alıb, gəlib üstümə. Kişinin oğlu oğrunu vuracaq. Dünən gecə qayıdasan ki, gətir patronları. Məndə də baş qalıb? Nə bilim hara dürtmüşəm. Bunun şey-şüyünün əlindən evdə nəsə gizlətməyə yer də qalmayıb. Birini güc-bəla tapdım, birini nə illah elədim, tapa bilmədim. Qışqır-bağırından qonşular da bezib. Deyirəm, ədə, bir qutusunu bu gecə at, o birini mən zəlil olmuş sabah gün işığında taparam. Kimə deyirsən? Səhərəcən dil-boğaza qoymayıb.

Şəlalənin üzündə heç bir ifadə yox idi. Bunu görüb Sənubər Şəlaləyə üzünü tutdu:

– Vəziyyət heç yaxşılığa getmir. Dolanışıq çətinləşib. Qardaşım yazıq da o gün dad-aman eləyirdi. Ay qız, sən də ağlını başına yığ, öyrət qızını, qoşulub qaçsın. Bu kasıbçılıqla mebeldi, toydu, necə edəcəksən?

Onda Şəlalə unadı ki, Sənubər patronları itirməyib, yığıb dilinin altına. Pərt oldu, üzünü çevirib yol boyu qarışqa kimi qarışan adamlara baxdı.

Rafiq dinmədi, qaşlarını çatdı, bir ara ağzını doldurdu, sonra ah çəkib susdu, heç Feyzi də danışmadı. Şadlıq evinin həyətinə girən kimi Feyzi cəld maşından düşdü. Tez köynəyinin döş cibindən bir  manat çıxarıb “stayanşik”ə verdi. Pulu elə uzatdı ki, Rafiq də, görsün, Sənubər də. Rafiq Feyzinin hərəkətlərinə baxa-baxa köks ötürdü, kədərləndi. Bilirdi ki, Feyzinin olan-qalanı elə budu. Sənubərə eşitdirə-eşitdirə Feyziyə dil ağız elədi.

Onları Sədi özü qarşıladı. Sarayın çilçıraqları saxta payız günəşi kimi Feyzini kor edirdi, özü də bərk acmışdı. Yeməyə başlamaq istəyirdi, gördü, Rafiq əlini uzatmır dayandı… Ancaq çox dözmədi. Çəngəli qapdı…

Şıdırğı toy gedirdi. Feyziylə Rafiq yüz-yüz vururdular. Yavaş-yavaş kefləri düzəlirdi. Rafiq cavanlıq günlərini xatırlayırdı, məzəli söhbətlər edirdi, Feyzi də uğunurdu, ancaq Rafiqin keflənməyindən qorxurdu. Olmadı elə, oldu belə, kefləndi. Toy pulu nə olacaq? Sədi də həyasızın biridi. El-aləmə car çəkər ki, arvadı salıb yanına gəlib, yeyib-içib, pul da salmayıb. Hər bu vəziyyəti düşünəndə çəngəl əlindən düşürdü, Şəlalə də başını bulayırdı.

Bir ara durub oynadılar da. Rafiqlə Sənubər əllərini qaldırmış, çiyinləri dik, Feyziylə Şəlalə əlləri yanlarında, başları aşağı. Feyzi tez-tez çaşırdı, Şəlaləni də çaşdırırdı. Mahnı bir an dayansaydı, elə bilərdin, Feyziylə Şəlalə Rafiqlə Sənubərə baş əyir.

Arada Rafiq siqaret çəkməyə çıxdı. Dedi, Feyzi, sən otur, gəlirəm. Tez də  qayıtdı. Qayıtmağıyla da hamını oynamağa durğuzdu. Oynaya-oynaya Feyzinin boynunu qucaqladı, qulağına, “nəmərini yazdırdım, narahat olma”, – dedi. Feyzinin oynaya-oynaya gözü doldu. Bu vaxt mahnı dəyişdi, ritm yüksəldi, Feyzi var gücüylə ayaqlarını yerə döyə-döyə şıdırğı oynadı, heç çaşmadı da…

Toydan adamlar bir-bir, iki-iki dururdular, saat ona qalırdı. Rafiq təklif etdi ki, qalxsınlar. Feyzi də razılaşdı. Əslində, hər şey gözəl idi, Feyziyə qalsa, axıra kimi oturardı, amma üz vurmadı.  Çıxaçıxda Rafiqgildən ayrılıb nəmər sandığına tərəf getdi ki, Sənubər duyuq düşməsin, elə bilsin,  pul salmağa gedir, yoxsa Rafiqin başına sərki edəcəkdi. Heç Rafiq də üstünü vurmadı, arvadının dır-dırına qulaq asmağa halı yox idi.

***

Zaur saat altıdan binanın tinindəki kölgəlikdə əsə-əsə Gülşəni gözləyirdi. Tez-tez üst-başını yoxlayırdı. Evdə nə yaxşı paltar tapmışdısa, dürtmüşdü əyninə. İlk quracağı cümləni düşünürdü. Xeyli cümlə qurmuşdu da, ancaq heç biri xoşuna gəlməmişdi. Əslində, yaxşı sözlər bilirdi, heyif hamısını bir ildə qızın vatsapına yazmışdı. İndi boyat cümlə demək istəmirdi. Axır qərar verdi ki, birinci özü danışmasın. Hava getdikcə qaralırdı. Zaur da qaranlığa çəkilirdi. Fikirləşirdi, görən olar, qızın adına söz çıxar. Vaxt keçirdi, Gülşən gəlmirdi. Amma o, Gülşəni bir ömür gözləməyə hazır idi.

…Gülşən cavab vermirdi, Zaur da bu günün belə bitməsini istəmirdi. Ağlına min fikir gəlirdi, tez də bəhanə tapıb qızı haqlı çıxarırdı.

Zaur qaranlıqdan işıqlı pəncərəyə o qədər baxmışdı ki, hara baxırdı hər yerdə pəncərə görürdü. Göy üzündə minlərlə pəncərə yaranırdı, bu da Zauru sevindirirdi: Hər pəncərədə bir Gülşən vardı…

Rafiqin maşını Feyzigilin qapısında dayandı, Feyziylə Şəlalə maşından düşdülər. Zaurun ümidi tamam üzüldü. Fikirləşdi, bir az da gözləsin, bəlkə, qız çıxıb ata-anasını qarşılayar.

Feyzi qapını ha döydü, açan olmadı, Şəlalə də ona qoşulub qapıya bir-iki yumruq ilişdirdi. Feyzinin ürəyi qısıldı, tez çölə qaçıb pəncərəyə yaxınlaşdı. Maşının güzgüsündən Feyzinin hərəkətlərini görən Rafiq maşını arxaya sürdü, girişin önündə dayanıb cəld maşından düşdü.

– Nolub, ay Feyzi?

– Uşaq cavab vermir!

– Dayan, qapını qıraq!

Rafiq qapıya yaxınlaşdı, əllərini divara qoyub təpiklə qapını bir dəfəyə qırdı. Şəlalənin heyi qalmamışdı. Feyzi birbaşa hamama qaçdı. Hamamın qapısı açılan kimi otağa qaz iyi doldu. Feyzini hamamın qapısında nakam budaqların alışdığı ocaq istisi vurdu, donub qaldı. Ay parçası Gülşənin bədəni sabunlu suyun içində… Başının zoğalı qanı sabun köpüyünə qarışmış, saçları həmişəki kimi gözlərini örtmüşdü.

Mətbəxdə qəhvədan fit verib haray çəkirdi.

Ölüm təkər oğrusu kimi pünhan gəlmişdi, Feyzinin ürəyini söküb aparmışdı.

Şəlalə balasını qucaqlayıb bağrına basdı. Sənubər hardansa ağ mələfə gətirib Gülşənin üstünü örtdü. Rafiq arxadan Feyzini qucaqladı… İç vurub ağladı… Ağlaya-ağlaya təkər oğrusunu bağışladı.

Feyzi astadan əlini uzadıb qızın yaş saçlarını gözünün üstündən çəkdi.

Səs küyə qonşular tökülüşmüşdülər. Zaur da onlara qarışıb evə keçmişdi. Halı dəyişirdi… Ona elə gəldi ki, indicə ürəyi gedəcək, qorxub çölə çıxdı.

Qaranlıq yolda qaçırdı… Qaça-qaça özünü söyürdü… Söyürdü ki, gərək işıqda gözləyəydim, bəlkə, Gülşən məni görüb hamama girməzdi. İki küçə o tərəfdəki işıq dirəyinin dibində dayandı. İşıqlığa çıxıb var gücüylə hönkürdü.

Vaksiyanasiyadan sonrakı dəhşət – İkinci Mahmudun yeddi il əvvəl yazdığı hekayə

Loading

“Partizan” İkinci Mahmudun “Übermenşagen” hekayəsini təqdim edir.

“Sonra daha da dəhşətli şeylər baş verdi: vaksinasiyadan, təxminən, iki il sonra bütün insanların yaddaşındakı informasiyalar, demək olar ki, eyniyyət təşkil edirdi”. Oxumağa davam et Vaksiyanasiyadan sonrakı dəhşət – İkinci Mahmudun yeddi il əvvəl yazdığı hekayə