“Qoçu özü ortaboy, arıq amma enlikürək gədə idi. Tapançaya, tüfəngə öyrənəndən sonra fəğan elədi…Ondan sonra kim ki bir az xoruzlanırdı, deyirdilər ki, «adə, qoçusan?» «Zalım oğlu, qoçu deyilsən ki,» «Mənim üçün qoçu olmayacaqsan ki!» O xislət adamlara «Qoçu» adı qoydular…
“Partizan” “Kitabdan” rubrikasını təqdim edir. Rubrikada müxtəlif müəlliflərin araşdırma kitablarında yer alan maraqlı faktlar, məqalələr oxucularımızın diqqətinə çatdırılacaq.
Rubrikamızın növbəti sayında Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından qoçu kultunun yaranması haqqında parçanı təqdim edirik:
Çəmbərəkəndli Kərbəlayı Gülü qoçular barəsində ətraflı danışardı:
«Qobustan tərəfdən, Qoçu adında iyirmi – iyirmi beş yaşlarında bir gədə gəlmişdi Bakıya. Arabaçı idi. Bərkə-boşa düşüb, özünü göstərirdi. Çox güclü, həm də ötkəm idi. Söz tərs gələn kimi tərəf müqabilini şapalaqlayırdı. Kürəyini yerə qoyan yox idi. Deyirdilər ki, həzrəti Əli əleyhisalam onu yuxuda kəmərbənd edib, kürəyində İmam Əlinin beş barmağının izi var.
Kimə şillə ilişdirərdi, hərif o dəqiqə yıxılardı. Bazulu gədə idi, qabağına heç kəs çıxmağa sürət etmirdi. Səsi zəhmli, gur idi.
Deyirlər bir dəfə ram olmayan xam bir at gətirirlər. Haradan yanaşsan dişdiyirmiş, arxadan hənirti duyanda şıllaq atır, şahə qalxırmış. Hadisə yerinə Qoçu gəlir çıxır, qabağa keçib bərkdən bağırır, ata zərblə elə bir tutarlı şillə ilişdirir ki, heyvan başlayır əsim-əsim əsməyə… Hoppanır minir atın belinə, başlayır onu məhmizləməyə. At götürülür.
Hamı deyir ki, at Qoçunu aparıb daşa, qayaya çaxıb öldürəcək. Dörd- beş saatdan sonra Qoçu qayıdır, altındakı at da köpük içində.
Qoçu özü ortaboy, arıq amma enlikürək gədə idi. Tapançaya, tüfəngə öyrənəndən sonra fəğan elədi…
Ondan sonra kim ki bir az xoruzlanırdı, deyirdilər ki, «adə, qoçusan?» «Zalım oğlu, qoçu deyilsən ki,» «Mənim üçün qoçu olmayacaqsan ki!» O xislət adamlara «Qoçu» adı qoydular…
Qoçuların sayının artmasına səbəb Bakının dövləti, şöhrəti idi. Gürcülər gəlirdi Bakıya, pul alıb dövlətli adamın müddəisini, düşmənini öldürürdülər. Bu minvalla daraşmışdılar Bakı varlılarının, tacirlərin, neft xozeyinlərinin canına, hədə-hərbə gəlib deyirdilər ki, filan qədər verməsən vurub öldürəcəyəm.
Bakı xozeyinləri də təpərli, ötkəm cavanları yığıb hərəsinə bir-iki gözəl libas, papaq, çəkmə, tapança, patron, xəncər, beybut alırlar, həftə başı da ciblərinə filan qədər xərclik qoyurlar, deyirlər ki, Tiflisdən gələn lotu kintoların ayağını kəsin… Doğrudan da onlar gürcü kintolarının əl-ayağını yığdılar; az-az gəlirdilər, özləri də qorxa-qorxa. Sonra da ki, qoçular özləri harınlaşdılar, hər məhəllənin bir neçə qoçusu vardı. Bazar-dükanı aralarında paylayıb xərac yığırdılar. Varlıların hər birisinin öz qoçu dəstəsi vardı; qoçuların özlərinin də gözətçiləri olardı. Xüsusi geyimləri, bellərində xəncər, beybut, «afserski» tapança, mauzer, nağan bağlayardılar.
Qoçular bir-birilə yola getmir tez-tez savaşırdılar. Elə ki, başlayırdılar atışmağa, küçədə qaça-qaç düşürdü, konduktor, konkasürən atları qoyurdular başlı başına, qaçıb gizlənirdilər… Atlar hürkürdü, konka yoldan çıxırdı… Atışmada təsadüfən ölənlər də olurdu.