Nadir Yalçın: “Çağır, səndən mən danışım” – Əsgərlikdən şeirlər…

Loading

“Partizan” hazırda hərbi xidmətdə olan şair, yazıçı Nadir Yalçının yeni şeirlərini təqdim edir.

Ən şıltaq yaşıdım…

Səsindəki soyuqluqdan
üşüdüm, gülüm, üşüdüm.
Ölüm sənsiz toy olardı
yaşadım, gülüm, yaşadım.

Xoşbəxtlik at belindədi
Qəm düyünü telindədi
Ölüm mənim üçün nədi?
Ayrılığın başqa adı.

Həsrət yolunda dayandım
Səslədim: ay günüm, ayım.
Sənsən ən canıyananım.
Sənsən ən şıltaq yaşıdım.

Mənim üçün darıx, ağla.
Döndər məni bir nağıla.
Danışsan uşaqlarına
Çağır, səndən mən danışım.

O, darıxır…

31 dekabr
o, darıxır…
nə külək döyür pəncərəsini
nə şaxta qurudur üz dərisini
ocağı isti
bacası tüstü
hər yer pisdi
onsuz…

31 dekabr
iyuldan uzaq
marta yaxın…
Şəhərin sakinləri gəlir axın-axın
milyonlarla ailənin naləsi
minlərlə qarışqa ailəsinin
batırır qulağını.
Dağıdın işıqları,
açın yolları
o, gözləyir…

Bədənim yüz ilin ölüsündən də ölü
tənhasından da tənha
ürəyim tələsir…

31 dekabr
– Qar yağır?
– Yağmır.
– Yağacaq?
– Oxşamır.

Bilmirəm, məktubun sonuna nə yazım…
Həsrət boğazıma qəhər düyünü vurub, dəyişib avazım.

Son söz əvəzi
illərin qovuşduğu tarixi həkk edəcəm:
31 dekabr
O, darıxır…

Qaranquş

Köksündən bilinir nələr çəkdiyin
təlaşdan ürəyin nanətək əsir.
Qışda qar altında qalan çiçəklər
soruşur: o quşlar hara tələsir?

Adınla yazılıb bəxtin elə bil.
Qara gün qürbətdən rəng alıb verir.
Səni bu yerlərdən didərgin salan
Səni bu yerlərə qonaq gətirir.

Günəşdən, küləkdən asılıb bəxtin
Kim gülər üzünə, kim sığal çəkər?
Gündüzlər qəlbinə dəyən oxların
Gecələr eyhamın göydə ay çəkər.

Arxanca su atan belə tapılmaz
o yağan yağışlar aldadır səni
Köçəndə göylərə yazdığın yazı
Pozduğun cərgələr yandırır səni.

Saman yuvaların gözü yol çəkir
Çörək qırıntısın küləklər udub
Üryan budaqların odu sönməmiş
Göylər aşinasın niyə unudub?

Vağzala qar yağır

(Bu şeiri ulu babam Hacıalı kişinin timsalında bütün repressiya qurbanlarına və onların həsrətilə ömrü başa vuranlara həsr edirəm)

Yarpaqlar əsmədi, Günəş çıxmadı
Atları suladı qonşu uşaqlar
qazan qaynamadı, ocaq yanmadı
nə alça su içdi, nə ərik o gün
Yandı bağ-bağatı kəndin-kəsəyin
Üzüm çardağından asılan oraq
Kütəldi aypara işıq salmamış.
Dedilər, düzələr, ümid kəsməyin.
Vağzala qar yağdı, kənddə kim bilir?!

Dağıldı quşların səsi beləcə
Lal oldu oxşama deyən qarılar
Nə deyə bildilər, nə yaman öldü
Nə deyə bildilər, harda qeyb olub?
Bahardan payıza yubanan toylar
Durna qatarına böyük dərd olub.
Dedilər, gələcək, o, qayıdacaq…
Vağzala qar yağır, kənddə kim bilir?!

Çəpərlər üstündə dirsək yeri var,
Yaylıqlar ucuna gözlər töküldü
Yolların qolları dolaşdı getdi
Dörd divar üstünə sözlər töküldü
Od-alov yol aldı üzü Sibirə
Kənddən Sibirəcən neçə ağac var?
neçə moruq kolu, neçə böyürtkən
alışdı, tüstüsü buludu qovdu.
Göy üzü tər-təmiz, səssiz-səmirsiz
Durnalar hay saldı: bulud nə oldu?
Vağzala qar yağır, kənddə kim bilir?

Vağzala qar yağır, düz dizə kimi
Şaxta nizə kimi ürək qanatdı.
Yollar ayrı düşdü, yar ayrı düşdü
Bağlardan bir yolluq bar ayrı düşdü
Sevinc kədər ilə qoşa qanaddı
O bircə sevinc də ərşə çəkildi
Vağzala qar yağdı, düz dizə kimi
Hörüldü saçının ucu nənəmin
Qürbətdə kəsildi babamın səsi
Vağzala qar yağır, kənddə kim bilir?!

Nadir Yalçın.
Gəncə. 2022