Kateqoriya arxivləri: Esse

Pop art nədir, niyə qadağan olunub?

Loading

“Partizan” “Pop art” estetik cərəyanı haqda esse təqdim edir.

Bəs “Pop Art”?

1960-cı il… Bəşəriyyət tarixinin yeni mərhələsi üfüqlərdən boy verir. İnsanlar artıq dünya torpaqları ilə birgə ayın gümüşü torpaqlarında addımlamaqda iddialıdırlar. Bir zaman sonra əlçatmaz xəyal gerçəkləşir və dünya vətəndaşları nəhayətsiz kosmik fəzanın fonunda ay torpaqlarına ayaq basıb heykəl kimi donmuş ilk insanı görür. Oxumağa davam et Pop art nədir, niyə qadağan olunub?

Heydər Əliyevlə KQB-də rastlaşan yazıçının heç yerdə danışmadığı:”Məni güllələyəcəkdilər!”- İlk dəfə

Loading

Mövlud Süleymanlının altmış il əvvəlki ölümü
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi. Sağ olsaydı, bu cümləyə görə məni xeyli tənqid edərdi. Deyərdi, vəfat nədi? Ərəb-fars sözlərindan uzaq durun. Su kimi, dup-duru sözlərimiz var.
Yaxşı, ustad, onda belə deyək: Mövlud “Şeytan”sız dünyaya “Köç” etdi.

Xalq yazıçısı kimi Bakının göbəyində basdırılacaqdı, ancaq onun üçün göbək bəzən ürəkdən də önəmli olduğu üçün, göbəyinin kəsildiyi yeri düşündü. Ancaq o yerlərdə – Qərbi Azərbaycanda, Qızıl Şəfəqdə hazırda şəfəqlər qızılı olmadığı üçün göbəyini kəsən adamın yanını seçdi: Şamaxı, anasının məzarının yanı…
Ürək-göbək demişkən, bu yazımın böyük hissəsini ustadın 60 il əvvəl “ürək-göbəyini” yediyi günə həsr edəcəm.

Tanıdığımız hər insan eynimizdə nəyləsə asossasiya olunur. Ən azından üzüylə. Mövlud Süleymanlı deyəndə ağlıma həmişə “istəkli” sözü gəlib. Çünki o, yaratdığı bulaq kimi təmiz “Bulaq” radio-verilişində aparıcılar yad kökənli “əziz” sözünü istifadə etməsin deyə günlərlə fikirləşib və istəkli sözünü tapıb. Xatırlayırsınızsa, “Bulaq” verilişinin ən sevimli sözlərindən biri də məhz “istəkli” idi.

Gələk İstəkli Mövlud Süleymanlının başına gəlib ürəyində saxladığı həmin xatirəyə.
XX əsrin ortalarında Bakıda SSRİ-yə qarşı yaradılmış gizli təşkilatdan çoxunuzun xəbəri var. Mövlud Süleymanlının həmin təşkilatda başına gələn bir əhvalatdan isə məncə çoxunuzun xəbəri yoxdur.

O deyir:

“60-cı illərdə gəncliyin verdiyi emosiya və cəsarətlə SSRİ-yə qarşı təşkilatlanmışdıq. Elə biliridik ki, alçaq təpələri biz yaratmışıq. Düzdür, işimizi məxfi görürdük. Günlərin birində nişanlımla görüşə gedirdim. Anidən hiss etdim ki, kimsə məni götürdü, gözümü açanda gördüm ki, bir zirzəmidə nəhəng sarışın oğlan elə gözlərimin açılmağını gözləyir. Ona baxan kimi kəlmə də kəsmədən başladı məni əzişdirməyə. Həyatımda elə döyülməmişdim. Döyülməyimin səbəbini demirdi. Təxminən bilirdim, anacaq özümü bilməzdiyə vurub soruşurdum. Danışmırdı. Sonra dedim ki, birini də vursan, öləcəm. Bəsdi.
Başa düşmüşdüm ki, buradan sağ çıxmağım mümkün deyil. Elə içəridəcə güllələnəcəm. Ölümümə əmin olduğum anda yuxu kimi bir hadisə baş verdi.

Ölüm hökmümün veriləcəyini düşündüyüm bir kabinetə girdim.
Kabinet uzun idi. Otağın o biri başında masa arxasında bir adam oturmuşdu. Masasındakı işıq üzünə düşürdü. Diqqətlə baxdım. Gözləri mavi idi. Başa düşdüm ki, o, həmin adamdır. Haqqında əfsanələr eşidib üzünü görmədiyimiz Heydər Əliyev.
Mənə tərəf baxmırdı. Vərəqləri oxuyurdu. Elə mənə baxmadan da dedi:

– Alma yeyirsən?

Bu sözləri eşidəndən sonra, yaşamağa azca ümidim yarandı, dizlərim əsməyə başladı.

– Çox sağ olun.

– Bəlkə çay istəyirsən?

Yenə təşəkkür etdim.

Sonra məni yaxına çağırıb üzümə baxdı. Dedi, Sovet Sosialist Respublikaları İttifaqını yıxmaq istəyirsiz? Qorxudan heçnə deyə bilmədim. Hiss etdi ki, üzümdə ölüm qorxusu var. Bir az da susub böyük qardaş qayğısıyla dedi:

“Cavan oğlansan. Özün də istedadlı, bacarıqlı gəncsən. Sənin indi oxuyan, savadını artıran yaşındı. Sən ölkəmizə lazımlı adam ola bilərsən. Bu ölkə sizin yıxa biləcəyiniz bir quruluş deyil. Burdan çıx, düz evə get. Bir də bu barədə düşünmə”.

Təşəkkür eləməyə belə cürətim çatmadı. Çıxdım.

Nişanlıma görüş verdiyim ünvana getdim. Gördüm hələ də məni gözləyir. Onu Bülbülədəki evlərinə ötürüb “elektriçka”ya oturum. Oturan kimi düz yanımda bayaq məni əzişdirəm həmin yekəpər oğlanı gördüm.

Dedim, qurban olum, nişanlımı yola salırdım, evə gedirəm. Üzümə də baxmadı, elə bil onunla deyildim. Növbəti dayanacaqda düşüb getdi.

2003-cü ilə qədər bu barədə heç kəsə danışmadım. Sonra bunu yazmaq istəyimlə bağlı prezident Heydər Əliyevə müraciət etdim. Müavinlərindən biri ilə danışmışdım. Heydər Əliyev yazmağıma razılıq vermişdi.

Mövlud Süleymanlı bu xatirəsini bizə 2020-ci ilin 31 oktyabrında danışmışdı. İkinci Qarabağ müharibəsinin tam gücü ilə davam etdiyi günlərin birində. Ona görə danışmışdı ki, Azərbaycana, dövlətə çox inanırdı. Azərbaycanın təməlindən bu günə “Köç” romanı təhkiyyəsində danışıb post-müharibə dönəminə qədər gəlmişdi.

Mən isə bu xatirəni həm ona görə yazdım ki, elektron mətbuatda da olsun, həm də ona görə yazdım ki, Mövlud da elə Azərbaycan kimi adam idi. Bir hissəsi Qərbi Azərbaycanın Loru mahalında, bir hissəsi Şərqdə, Xəzər dənizində… Ömrü keşməkeşlərdə arınıb, astanalarda durulub.

“Dəyirman”da üyüdüldü, “Yel Əhmədin bəyliyi”ni gördü, “Köç”dü.
Mövlud Süleymanlı öz ədəbi yolunu öz sözləriylə hördü. Sadəcə bu təriqin yol yox, cığır olmasını istədi. Ədəbiyyat dağının yamacına naxış salan qüdsi cığır.

O qədər qüdsi ki, haqqındakı nekroloqu da tamamlamaq üçün də öz sözü, öz şeiri lazım olur.

Qanadın yorulmasın, məndən sonra uçan quş.
Sağlığa uçasan səni.

Məndən sonra gələn qış, soyuğun sünbülə dönsün.
Gül kimi açasan səni.

Məndən sonra axan su, ruhumdan keç.
Beləcə bütöv, sağlam, duru – Aranımdan, dağımdan keç.
Məndən sonra gedən yol, mən sənə vardım getdim, başa varasan.
Məndən sonra gələn söz, səni aradım getdim, həmişə uca durasan.

Aramızda yalan olmadı.
Biri üzündən aldı, biri tozundan aldı, özündən alan olmadı.
Məndən sonra gələnlər, sağlıqla yaşayın.
Amma bilin ki, doğulan kimi vaxtın oğlu olur adam,
gedəndə də, elə-belə getmir, gedəndə də qalır adam.

Bizimləsən, ustad. Getdiyin yerdə mövludun mübarək. Qaldığın yerdən başla…

Sərdar Amin

 

Qərib ikindilər mövsümü – Məlik Rzanın hekayəsi

Loading

“Partizan” Məlik Rzanın “Qərib ikindilər mövsümü” esse-hekayəsini təqdim edir.

Əcdadlarımın fağır uğultularına acizanə səslənərkən canımı əmanət etdiyim sevgilim ağ göyərçinimin başını üzdü. Çöltək kimsəsiz bağrımı tənhalıqla dolduran xəyanət hissinin təsirilə çiçək açan gənc qızların dizlərinə baş qoyub uyuyan bədheybət qardaşlarımı xatırladım, əziz oxucum. Bağırdım. Başına pərvanə olduğunuz sevgili sizi röyalarınızda öldürəcək qardaşlarım! Sədam quyuda əks-səda verib qayıdanda bildim, gecdir.

Qaramat şahların qanlı səltənətlərindən çiyinləyib xilasına yetirdiyim gözəl gözlü sevgilim cadar dodaqlarımdan öpmədi, açıq gözlərimə sığal çəkib ölümə göndərmədi məni. Gəldiyi kimi sükutla gedib ardından quyunun dibinə sallanmış ipi yuxarı çəkdi. Quyunun ağzı nəhəng daşla əbədi örtülərkən gözlərimi dünyaya yumdum, ruhuma açdım. Cənnət torpaqlarında ağ göyərçinlər uçurdu.

Biz – yaşadığımız məmləkətin rəzilliklərindən qaçıb paklanmış üç dərviş! Daim qürublarına addımlayıb ruhuna bağırdığımız ustadımız vücudumuz qədər yer verdi bizə bağrında! Mağaralara, dənizlərə və quyulara sığındıq. Bir gecə ustadımız bacara bilmədiyinə ağlayanda anladıq ki, aşiqliyimiz ölümümüz olacaq.  Dedi ki, övladlarım, şahların uca ağaclarından əmanət kimi götürdüyünüz almalardan ötrü yaşıl bağların zülmətində yarasına duz basıb sizi gözləyən xilqəti ləkələnmiş adamların xəncərlərinə bağrınızı açın! Bağrınızı açın ki, qanınızın izi ilə məbədimə gəlsinlər. Çöllərdən keçib nəhəngliyimizdən utanaraq adamlarla ustad arasında qanımızdan körpü saldıq.

Gəldilər, əziz oxucum. Xilqətlərini tutmuş intiqam hissi ilə verdiyimiz almadolu kasaları yerə çırpıb üstümüzə hücum çəkərkən gözlərimizdə yansıyan ustad ruhunu görmədilər! Gündüzlər öldürdüyümüz adamlara gecələri ağladıq, çox ağladıq. Məmləkətin kimsəsiz mağaralarından, quyularından hönkürtülərimiz ərşə ucalarkən onlar şər nəfəsləri göylərdən çəkilməmiş cahil yuxularına batmışdılar.

Babamız Təpəgöz heç kimi öldürmədi, əziz oxucum!

Məmləkətin hər gün yemək üçün girov verdiyi adamları mağarasında ustadın görüşünə apardı. Gecələr boyu ağlayıb ruhlarının paklanacağı anı gözləyərkən ustadından ölümünü dilədi babam! Anlamadılar.

Basat babamızı öldürərkən diz çöküb qatilini həqiqətlə müjdələdi, canına iz qoymuş ustadının nəfəsindən üfürdü ona. Ölü bildiyi adamları mağarada diri görən Oğuz eli rəzilliklərindən utanmaq əvəzinə həqiqəti əfsanəvi mətnlərinin yalanlarında basdırdılar. Pak qalan Basat daşlanıb çölün kimsəsizliyinə qovuşdu. İndi Basat çöllərin tənhalığında ustada yetməyən hönkürtülərilə divanədir, əziz oxucum!

Bəzən isə ustadımız zülm altında inləyən məmləkətlərin zalımlarını ölümlə hədiyyələmək üçün canı ağ göyərçində olmayan, ölümü tək gözünə sığmış bədheybət qardaşlarımızı uzaq ölkələrə yollayardı. Üzdükləri dənizlərin sularında və keçdikləri çöllərin qum fırtınalarında nəhəng vücudlarını gizləyən qardaşlarımız yetişdikləri məmləkətlərdə günlərlə tər töküb zalımlarla döyüşər, onları ölümlə qucaqlayandan sonra böyük qoşunların ayaqları altında əzilib yad torpaqlara gömülərdilər. Həmin torpaqların düzlərində ucalan dağlar qardaşlarımızın məzarıdır, əziz oxucum. Əsrlərdir adamlar həmin məzarların üstə cücərən çiçəkləri tapdalayır, qaçmaqdan yorulmuş vəhşi atları nizələri ilə yaralayırlar.

Adamlardan fərqli heç vaxt ruhlarımızı şər nəfəslə ləkələyib ustadımıza xəyanət etmədik. Ustadımız bizi azman qalaların kiçik hücrələrində daim qürubları izləyib darıxan, zülm çənbərinə məhkum olub çarəsizlikdən inləyən sevgililərimizi çiyinləyib xilaslarına yetirmək üçün göndərəndə də aşiqliyimizin bizləri ölümümüzə aparacağına bilərək boyun əydik.

İllər təpələrdən aşağı vəhşi atlar kimi qaçarkən ustadımızın kişilərdən bir addım öndə bildiyi qadınların sükutu pozulmadı. Onların dizlərinə baş qoyub yatdıqca dünyadan qopduq, ustadımıza olan sevgimiz azaldı, çöhrələri yuxularımıza calandı sevgililərimizin.

Bizə keçmiş paklığımızı xatırladan qərib ikindilər mövsümündə bağrımız utancdan partlayarkən ustadımızdan ölümümüzü dilədik. Ağladı, çox ağladı. Amma bilirdi, onun nəfəsinə qovuşmaq üçün ölməliyik. Başımızı dizlərinə sonuncə dəfə qoymamışdan əvvəl sevgililərimizə bətnində canımızı daşıyan ağ göyərçinlərin yerini nişan verdik. Cənnəti və ölümümüzü arzuladığımız əbədi röyalarımıza gedərkən inandıq ki, sevgililərimiz bəyaz əllərindən canımızı uçurdub göylərə bağışlayacaqlar. Ölümümüz nadinc uşaqların daşlarından, daim gözlərimizin ardına yağan qarın şaxtasından, aclıqdan ulayan çöl divanəsinin xəncərindən olacaq. Amma birdən əcdadlarımın fağır uğultularına acizanə səslənərkən sevgilimin gözəlim əllərinə yaraşmayan cəldliklə ağ göyərçinimin başını üzdüyünü gördüm. Gözlərində heç vaxt görmədiyim süstlüklə mənə baxıb quyunun dibinə sallanmış ipə tərəf yeridi. Həmin iplə dünyaya qayıdarkən daşla quyunu örtməmişdən öncə mənə təəccüblə baxan o gözəl üzünü yaddaşımın gizlininə köçürüb zülmətdə tənha qaldım. İndi bu zülmətdən taleyimi oxuyub ölümümə ağlayan sənə səslənirəm əziz oxucum! Biləsən! Paklığının xiffətini çəkən sən, üfüqlərində boy verdiyin məmləkətin divisən!

Ağ göyərçini qoru!

 

 

 

Atasını, anasını, arvadını çəkərək Kann festivalını qazanan rejissor – Ceylandan minimalist film dərsi

Loading

“Partizan” Almaz Cilalının “Kiçik büdcə – böyük film” essesini təqdim edir.

Kino yarandığı gündən ən böyük büdcə tələb edən sənət sahəsi olaraq tanınıb. Həm kollektiv istəyən sənət olması, həm də hərəkətlilik, kütləvilik sərgiləməsi hər gün bu sahənin biznes əsasını bir az da artırır, sözügedən sənətin başında fantastik məbləğlər dolaşır. Təbii ki, filmlərə milyonlarla pul xərcləməyin səbəbi qazancdır. Prodüserlər, şirkətlər adətən filmə qoyduqları pulun bir neçə qatını əldə edir, nəticədə kino dünyanın ən gəlirli sənət sahəsinə çevrilir.

Lakin XX əsrin ortlarından başlayaraq minimalizmin bir estetik cərəyan olaraq sözünü deməsi, bütün sahələrə olduğu kimi kinoya da mühüm təsir göstərdi. Bu gün artıq minimalist filmlər dünya kinosunun səmimi simasına çevrilərək sadiq izləyiciləri ilə baş-başadır.

Minimalizm kino janrı deyil, minimalizm kinonun bir siması formasıdır, hansı ki bu forma üzərindən bütün janrlarda film çəkmək mümkündür. Lakin əsas məqsədi kommersiya oln müəlliflər, təbii ki, bu sahədə qol-qanad aça bilmirlər.

Adından göründüyü kimi, minimalizm bir estetik cərəyan olaraq sadəlikdə gizlənmiş möhtəşimlikləri aşkarlamaqdan ötrü bərqərardır. Minimalizmi ilə bağlı gəlinən yanlış qənaətlərdən biri bu sahənin kasadlıqdan, çarəsizlikdən atılmış addımlar toplusu olması ilə bağlıdır. Əslində isə minimalizm ifrat dəbdəbəyə qarşı baş qaldırmış olduqca sanballı bir cərəyandır. Minimalizmin siması adilik yox, sadəlikdir. Minimalist müəlliflər illərdir dünya tamaşaçısına sübut etməkdədir ki, ifrat dəbdəbə olmadan da yüksək sənət nümunələri yaratmaq mümkündür.

Minimalist film təkcə büdcəsi ilə ölçülmür. Düzdür, bu filmlərin bir qayda olaraq büdcələri aşağı olur, ancaq hər büdcəsi aşağı olan film minimalist sayılmır. Çünki elə bir film ortamı yarana bilər ki, prodüser, rejissor fərdi əlaqələri, heyətin fədakarlığı sayəsində aşağı büdcəli film çəkər, lakin filmin səhnələri əslində tutumlu, bol materiallı, kütləvi ola bilər. Bu o deməkdir ki, film minimalist yox, sadəcə fərdi bacarıqla hasil edilmiş aşağı büdcəli məhsuldur.

Minimalist film müəllifinin yoxdan var etmək bacarığı güclü olmalıdır. Dar sərhədlər, aşağı büdcə, az insan, bər-bəzəkdən xali səhnələr, sadəlik içində vacib mətləblərə toxunmaq, yaxud müəllifin xüsusi bacarığı nəticəsində sırf səhnənin atmosferini xüsusi həssaslıqla ötürmə minimalist filmlərin ümdə göstəriciləridir.

Minimalist rejissorların əlindən tutan ilk amil təbii dekorasiya, mövcud infrasturukturdur. Təbiətdə var olan əsrarəngiz guşələrin gözaltı edilməsi, onların lazımi məqamlarda filmə daşınması, gərəkli infrasturukturu tikdirmək əvəzinə artıq haradasa mövcud binanı, küçəni, qələbəliyi obyektivə cəlb etmək minimalsit film müəlliflərinə vacib olan sənət xüsusiyyətlərindəndir.

Rejissorların, prodüserlərin büdcəsini azaldan amillərdən biri bahalı aktyor-aktrisalardır. Minimalistlər adətən məşhur oyunçulardan qaçır, az tanınan, fədakar, potensialını ifadə etmək istəyən, kölgədə qalan istedadlı aktyor-aktrisalardan istifadə edir. Sırf bu səbəbdən minimalist rejissorlar dünyaya ən çox aktyor-aktrisa qazandıran müəlliflərdəndir.

Kinoda minimalizm adətən müəllif filmlərində diqqət çəkir. Bunun bir neçə səbəbi var:

  1. Müəllif filmlərində adətən orijinal, sınaqdan çıxmamış mövzulara müraciət olunduğundan prodüserlər, şirkətlər bu filmlərə ciddi pul xərcləməyi risk sayır, nəticədə rejissor fərdi prodüsserliyi və fərdi büdcəsi ilə həmin filmi çəkmək barədə düşünür. Nəticədə kütləvi səhnələrdən qaçmaq zorunda qalır.
  2. Müəllif filmləri adətən kommersiya məqsədli olmur. Bu tip filmlər kütləvi zövqə hesablanmadığından kütləvi səhnələrdən iraq qalır.

Minimalist film müəlliflərinə cəsarət, dəstək və yol göstərən kino təriqətlərindən biri “Doq ma-95”dir. Məhz bu hərəkatdan sonra sinəsində kino nəğməsi, film sevgisi olan, lakin avadanlıq çatışmazlığı, büdcə yoxluğu səbəbilə filmini və istedadını üzə çıxara bilməyən yüzlərlə şəxs kinoya gəldi.

Bu gün Azərbaycan üçün də çox keçərli olan bu hərəkatın əsasını məşhur danimarkalı rejissor Lars Von Trier soydaşı və həmkarı Tomas Vinterberqlə birgə qoyub. Trier “Krallıq” filmi üzərində çalışarkən ağlına belə bir ideya gəlir:

“Pulla, xüsusi bahalı avadanlıqlarla yaradılan kino əsl sənət deyil. Rejissor gördüyünü və düşündüyünü çəkməli və bunun üçün bahalı avadanlıqlardan, kompüter qrafikasından istifadə etməli deyil”.

Əslində “Doqma-95” ideyası kinoda “yeni dalğa”nın banilərindən olan fransız rejissor Fransua Trüffonun 1954-cü ildə “Cahiers du cinema” jurnalında dərc olunan bir yazısından doğub.

“Doqma-95”in 10 əsas qaydası var və onların arasında diqqət çəkən müddəalar bunlardır:

“Film kameranın deyil, kamera filmin yanında olmalı, kamera əldə daşınan olmalı, hərəkətli kadrlar zamanı kamera xüsusi relslər, bahalı avadanlıqlar üzərində deyil, əldə, çiyində hərəkət etməli, xüsusi montaj effektləri qadağndır, səs görüntüdən kənarda yazıla bilməz və s.”.

“Doqma-95” əsas ideyası bu idi: film çəkmək istəyirsən? Götür kameranı, çək, bunun üçün sənə xüsusi dəm-dəstgah lazım deyil.

Minimalist kinonun komponentləri “Doqma-95” hərəkatının tələbləri ilə birə-bir uyuşmasa da, əslində bu iki ideya eyni məqama xidmət edir və “Doqma-95” ideyası minimalist filmlərə ən böyük təkan vermiş sənət hərəkatlarındandır.

Minimalist filmlərdə əsas sözü məşhur adlar, dəbdəbə püskürən görüntülər deyil, ideya, situasiya, atmosfer deyir. Məşhur aktyor-aktrisa heyətinə müraciət etmədən kinoda şedevr yaratmağın mümkünlüyünü dünyaya bir daha sübut edən rejissorlardan biri qonşu Türkiyəyə 32 il sonra yenidən “Qızıl palma budağı” (Kann Film Festivalının ali mükafatı) qazandıran Nuri Bilge Ceylandır.

Nuri Bilgə kinoya atasını, anasını, qohumlarını çəkərək gəlib və ilk 3 filminin – “Qoza” (1995), “Qəsəbə” (1997), “May sıxıntısı” (1999) filmlərinin baş qəhrəmanları məhz öz ata-anasıdır. Bunun ardınca çəkdiyi “Uzaq” (2002), “İqlimlər” (2007) filmlərində də yenə baş rollarda bacısı oğlu Mehmet Emin Toprak, həyat yoldaşı Ebru Ceylan və özünü çəkib.

Ən maraqlı məqam budur ki, demək olar ki, heç biri peşəkar aktyor-aktrisa olmayan, əksərinin ilk dəfə çəkildiyi bu heyətlə Ceylan başda Kann olmaqla dünyanın nüfuzlu festivallarında 10-larla mükafat qazanıb.

Bu gün dünya ilə kino dilində danışmağı hələki bacarmamış ölkələrdən olan Azərbaycanda minimalist filmin inkişafı, müəlliflərin bu cərəyana daha çox müraciəti kinomuzun xilası kimi görünür. Sənətin inkişafına ciddi dəstək göstərə biləcək özəl sektorun bu sahəyə hələki ayaq açmaması müəllifləri minimalist filmlər barədə düşündürə bilər.

Xosrovun çimən Şirini görməsi – Şəbdizin incə ağzından şəlalə kimi axan sirr

Loading

Bir miniatürün danışdıqları…

Miniatür əsərlər daşıdığı sirlə daim estetləri riqqətə gətirən sənət növüdür. Diletantlara perspektivsiz, uzaqlığı olmayan, müstəvi üzərində təsvir edilmiş bu görüntülər çox bəsit təsir bağışlaya bilər. Lakin miniatür məktəbinin mütəvazi qanunlarını, müəlliflərin xəlvətilik ehtirasını, rəsmi küfr hesab edən təriqətlərin arqumentlərini duyan şəxslər bu əsərlərə ayrı estetik plastda nəzər salır. Oxumağa davam et Xosrovun çimən Şirini görməsi – Şəbdizin incə ağzından şəlalə kimi axan sirr

Poeziyanın son dayanacağı – Vizual şeir nədir?

Loading

Qədim Yunanıstanın isti torpaqlarında dolaşıb günəşin altında heç bir şeyin yeni olmadığını anlayan Ellada şairlərilə inanc sistemi dünya müharibələrinin ümidsizliyinə gömülmüş iyirminci əsr şairlərini mütləq şəkildə eyni fikir narahat edirdi. Tamamilə yeni poeziya yaratmağın mümkünsüzlüyü! Oxumağa davam et Poeziyanın son dayanacağı – Vizual şeir nədir?

Postmodernizm nədir? – Ekonun essesi: İlk dəfə

Loading

Postmodernizmi nəyə desən aid edirlər

1965-ci ildən bu günədək iki fikir hamı üçün gün kimi aydındır. Biri budur ki, süjeti hətta digər süjetlərin nəql edilmə prosesində də bulmaq olar: digər cəhət ondan ibarətdir ki, nəql etmə prosesi nəql edilən süjetin özündən daha az “barışdırıcı” təsir bağışlaya bilər. Demək, mahiyyətcə nə qədər ağır, problematik olsa da, hər halda heç zaman əldən düşməyən – ürəklər ovlayan romanlar yazmaq mümkündür. Oxumağa davam et Postmodernizm nədir? – Ekonun essesi: İlk dəfə