Kor*navirus – Üçüncü Dünya Müharibəsini kimlər nə məqsədlə başlatdı?

Loading

– İnsanları öldürən həqiqətənmi koronavirusdur?

– Şişirdilmiş pandemiyanın səbəbi nədir, bu gedişat kimlərə sərf edir?

– Üçüncü Dünya Müharibəsindən kimlər sağ çıxacaq?

– Yeni dünyada kimlərin yaşamaq haqqı var?

– “Nuhun gəmi”sinə minmək üçün nə etməliyik?

Oxumağa davam et Kor*navirus – Üçüncü Dünya Müharibəsini kimlər nə məqsədlə başlatdı?

Yaxın plan – gənc yazıçıdan vida yazısı

Loading

Parkda ayrıldıq. Qürub vaxtı. Gölməçədə üzən ördəkləri gördüm və Selinceri xatırladım. Adamlar ətrafımızda sakitcə gəzirdi. Ayrılıqdan danışıb üsyan etmədən söhbəti bitirəndə gilyotin cəza kimi üfüqlərə endi. Batan günəşin qırmızısı partlayıb bir xətt boyunca yayıldı. Zaman uşaq qanı kimi sürətlə axdı. O isə Bakının ruhuna uyğun gəlməyən küçənin genişliyində ayaqları yer görməyən xəyalətlər kimi astagəlliklə addımlayırdı. Gözlərimin ardında bir film kadrı içində addımlayan sevgilim qürub fonunda bir an istəklə dönüb geriyə baxır, mən isə qaçıb babamdan əmanət qalmış nəhəng qollarımla onu devlər kimi qucaqlayırdım. Sonra ekrana SON yazısı kəsilmiş baş kimi düşürdü. Amma gözlərimin hər iki tərəfini tutan gözəlim gövdə genişlikdə nöqtəyə çevrilənədək addımlayıb geriyə baxmadan həyatda itkin düşdü və mən, filmdə tək qaldım.

Kamera məni yaxın planda çəkir. Bir zamanlar başımızın üstündə bizi izləyəcək üçüncü gözün varlığını duymaq istəmişdim. Dünyanın fövqündə dayanan bir baxış müxtəlif həyatların qəlbinə enib onları finişinə çatdırdıqdan sonra astagəlliklə geri çəkilirdi və biz, nöqtəyə çevrilən adamları, evləri, küçələri, şəhərləri görürdük. Yaxınıma mələk kimi enmiş Göz həyatımın finiş lentini harada kəsib ekrana ölümü gətirəcəkdi? Bilmirdim. Qarşımda addımlayan şortlu qocanın çılpaq ayaqlarının gənc dərisi gözlərimin yaşılına kədər çökdürdü və siz, gözlərimin yaşını görmədiniz, yox, bir an növbəti kadradək qaralan ekranın ardında əcdadlarımın fağır uğultularını bətnində daşıyan hönkürtülərimi eşitdiniz. Amma bu, sadəcə filmdir. Həyatın bir yerindən başlayıb başqa bir yerində bitən qəribəlik.

Filmin içində film izləmək istərdinizmi? Əvvəlcə əllərimlə incə belini çevrələdiyim pivə bakalının dibindən üzünə üzməkdə olan qabarcıq kimi astagəlliklə irəlilədiyimizi anlayın. Hollivud filmlərindəki sürət və şiddət bizim filmimizdə yoxdur. Yalnız içkilər sürətlə içilir. Bir, İki, Üç bakal içdim. Məzəsiz. Hesabı ödədiyim qızın dırnaqlarının yaşılı çox gözəl idi və siz, onu bütöv ekranda görmədiniz. Çünki kamera qabarcıq səthə yetişib şar kimi partlayanda PUBdan kinoteatrdək davam edən darıxdırıcı səyahətimə Gözünü yummuşdu.

Göz dünyanın fövqündən həyatıma qayıdanda gövdəmin fonunda festival filmi izləyirsiniz. Mən bir dəfə gördüyüm filmə arxamı çevirib çöhrəmi seçməyən insanların üzlərinə baxmaqdayam. Çünki izlədiyim filmlərdə fövqəladə anlarını gördüyümüz məhdud həyatların əvvəli və sonrası məni çox maraqlandırır. Kinoteatrda iki film. Biletlər pulsuz. Biri ekranda, digəri gözlərimin yaşılında. Yerinizi tutun. ekranda festival filmi.. avtobusun içində başlayır.. qoca qadın əvvəlcə tərəddüd edir, lakin sonra gəncin əlindəki kitab yanındakının məşhur rejissor olması inamına möhürünü vurur..sənəti və film izləməyi sevən adi iranli gənc onu arzulanan həyatına dəvət edən qocaya özünü kameranın önündə bir Göz olub təəccüblənmədən həyat hadisələri izləməyin hüzuruna qovuşmaq üçün məşhur rejissor kimi təqdim edir.. bir an şəxsiyyətinə büründüyü rejissorun filmlərindəki insanların taleyini daşıyan gənc, həyatı yaşamaqdan ötüb onu qocanın ailəsi fonunda izləyən Gözə çevrilir və ruhunu bütün dünya ilə bölüşüləcək qədər böyüyür… sonra ailədən uzaq düşdüyü gecələrin səhərində bir rejissor kimi oyanmaq üçün boş cibinə pul arzulayır və qocanın oğlu onu motosiklında evinə apararkən film uydurur… bir adam pul kisəsini itirir – özüdür… bir adam ona cibindəki pulu son qəpiyincən verir – qocanın oğlu.. beləliklə bir dostluqla başlayan film evin boş otaqlarında davam edir..qocanın oğlunu rolu üçün məşq etdirir.. dağ gəzintilərinə çıxır.. yuxularını qurban verdiyi arzularından danışır.. sonra festivala göndərdiyi filmin üç gün əvvəl qalib olması xəbərinə təəccüblənməklə və jurnaldakı rəsminə heç bənzəməməklə özünü faş edərkən ifşa edildiyini bilərək roluna davam edib Gözlərin önündə məhkum olur.. və onun üçün yaşamaq necə də çətindir əziz oxucum…sonra başqa bir Göz onu bir zaman sonra məşhur festivalların mükafatlı siyahılarından boy verəcək filminə köçürüb məhkəmədə yaxın planda çəkir….. məhkəmə davam etdikcə və Gözün suallarını cavabladıqca gənc həyatı izləməkdən ötüb onu yaşayır.. kameranın ardında – dünyanın fövqündə bir göz kimi yeganəliyindən təpələrdən aşağı qaçıb ayaqları iki qatlanan atlar kimi izlədiyi filmlərdəki insan talelərinə yıxılır.. çöhrəsi qan içində.. Gözün təkidi ilə anlayır ki, O, bu dünyaya həyatı izləmək üçün yox, yaşamaq üçün gəlib.. gənci bağışlayırlar.. həbsdən çıxarkən onu gözlərinin yaşılı kimi məhrəm bildiyi şəxsiyyətini əyninə keçirdiyi əsl rejissor qarşılayır və Maxmalbaf qarşısında sərgilənən həyatı təəccüblənmədən izləməyin hüzuru içində addımlayarkən gənc həyatını yaşayır.. ağlayır, gülümsəyir, üzrdən ötrü qapısına yollandığı ailə üçün çiçək alır.. sonra yenidən ağlayır, əlində çiçək gülümsəyir və Göz kadrı dondurub sakitcə ekranı zülmətə gömərkən gəncin həyatının finiş lenti kəsilir… SON yazısı kəsilmiş baş kimi ekrana düşür…

gözlərimin yaşılında mənim filmim… izlədiyim çöhrəsinə xiffət dumantək çökmüş gənc.. itirilmiş zamanın sonuncu akkordu az əvvəl vuruldu… bir gənc uzaq kəndlərin qərib axşamlarında qürub izləməyini xəyal etmək çətindir dediyi sevgilisindən yenicə ayrılıb… ..içdiyi üç bakal pivənin başdöndündürən havasında parkda gəzərkən səmavi nakaut – qürubun kədəri ruhuna dolur..gənc canını harasa tələsdirən ikindi çırpıntılarından qorumaq üçün kinoteatra addımlayıb ekranda qan qırmızısı ilə rənglənmiş iki cüt yerin ortasına bilet alıb zülmətə bayraq kimi sancılır ki, kədəri dalğalansın.. festival filminin kimsəsizliyində rahatca sevişəcəklərini düşünən cütlüklərin müdafiə çənbərində sabitləşən ruhunun hüzuru ilə Abbas Kiarostaminin “Yaxın Plan” filmini təvəkküllə izləyir…həyatı ya yaşayacaq, ya da izləyəcəksən..pıçıldayır.. SON yazısı canalan raket kimi ekranın ortasına düşərkən qalxır.. hər şey bitib.. Bakı və Universitet geridə qalıb.. sevgilisi ilə bir zamanlar “bizim mahnılarımız” dediyi musiqiləri kədərlə dinləyərək şəhəri Suma – ruhuna – mətnlərinə qayıdır.

Həyatımda heç vaxt bu qədər acımamışdım. Sumun səksəkəli parklarının birində skamyada oturub ötəri hazırlanmış dönəri xoşbəxtlikə yedim. Çantamdan Selincerin səhifələri arasında nərgiz (Çiçək) qurumuş “Çovdarlıqda uçurumdan qoruyan” romanını çıxarıb küçə fənərinin sarımtıl işıqlarında saatlarla oxudum. Gecə düşdü və gecə kimi qara itlərin səksəkəli yerişlərini izləyərkən pıçıldadım. Bir həyat yaşadım, həyatım dəyişdi. Sürətləndim. Qatar vaqonları gecənin içindən ömrün günləri kimi keçdi və mən, eşitdiyim ta-tak sədaları ilə canlanan xatirələrin əllərindən öpüb gözlərimin ardına kəlmələrlə möhürlədim. Doqquz yüz iyirmi üçüncü otaq, sarı işıqlar, gözlərindən öpdüyüm dostumla küləyə qarşı qaçdığımız gecələr, bufet, yaşıl gözlər, gözəlim içkilər, işıqlı pəncərələr, qüruba uçan qarğalar, sancılarımız, şirin kədərlərimiz – biz. Hər şey yuxu imiş, yuxu. Röyalarımı yaşamışam. Müdhiş şeylər yaşamışam. İndi oyanırsan, Sum. Bilirəm. Amma mən, vücudum ölüm fırtınalarında əbədi itkin düşərkən dünyanın fövqündə əzəmətlə dayanıb başqa həyatların yox, öz həyatımın əsrarlı anlarının qəlbində yaşayaraq finiş lentini heç vaxt kəsməyəcək baxış olmaq istərdimsə, ruhumu bətnindən anların qəlbinə göməcək Göz, haradadı?

Qalxdım və gecənin sonundan evimə qayıtdım. Anam səksəkəli əlinə yapışmış qara kağızla məni qarşıladı. Çağırış vərəqəsi gözlərim önündə hönkürtülərlə sərgilənərkən müharibənin bir həftədir başladığını xatırladım. İşıqlı ev bir anda qaranlıq məzar oldu. Bir zaman sonra fövqəladə bir filmin ilk səhnəsində boy verəcək yaşıl dəftərimdəki qeydlərdən çıxarılmış “Müharibə yaşamaq arzusunu artırır” cümləsinin fonundan eşidəcəyiniz səsim əbədi kəsilərkən və kadrlararası qaranlıq keçid ekranda əraf köprüsütək görünərkən siz, fonda Gözün dev sədalarının ritmi ilə sürətlə dəyişib qaramat röyalar kimi bir-birinə qarışan kadrlardan həyatımın son iki dəqiqəsini izlədiniz.

Sum itkin həyatların axtarışında marşrut üzrə parçalanmış torpaqların qalıqlarına gömülmüş
şəhərdə dolaşarkən mən həyatının qəlbinə mələk kimi enib onu hüzur içində izləyirdim. Sum
işıqlı günlərini qəribsəmiş qara şəhərin ruhunu, bölgənin tarixini astagəlliklə amalına yeriyən
dərviştək canına hopdurur, döyüş fasilələrində hiss etdiklərini yaşıl dəftərə yazırdı. Mən yaşıl
dəftərin ancaq bir vərəqini çətinliklə kadra köçürə bildim və siz, səsimdən Sumun yazdıqlarını
dinlədiniz.

“Şəhərdə insanın ən yaxın dostu dumandır.
Sizə qəribə gəlir, elə deyil?
Şəhərdə hər şeyin qaydasına düşdüyü tək məqam dumanın çökdüyü andır. Az qalır ki, insan keçmişə-gözəl günlərə qayıdışa inansın. Çünki dumanda snayperlər öz işlərini dayandırırlar. Burada dumanlı günlər bayram kimidir. Gəlin, gəlin gedib bunu qeyd edək. Qeyd ediləsi çox şey var. Bu səs, bu səs.. Dinləyin: musiqi. Gənclik orkestrinin səsidir. Bu vətənin övladları atəşkəs olan kimi birlikdə küçələrə çıxırlar. Şəhərin bir ucundan o biri ucunacan dolaşıb musiqilərini sükuta hopdururlar. Mən, Gözün təbirincə ömrümün əvvəlindən bu yana həbs olmuş baxış, azadlığa qovuşdum. Artıq bu həyata yaşamaq üçün yox, izləmək üçün gəldiyimə əminəm”

Onu sonuncu dəfə ikiyə bölünmüş şəhərin ən qaynar nöqtəsindəki səngərdə gördüm. Dünyanın fövqündəki məqamıma növbəti həyatın finiş lentini kəsib qayıdarkən – əvvəlcə Sum, sonra adamlar, evlər, küçələr, şəhər kiçilib gözdən itdi və sonuncu kadr ekranlara gömüldü(siz sonuncu kadrı izlədiniz).
Səngərdə təlaşlı, çöhrəsinə qorxu möhürlənmiş Sum. Gözüm yavaşca göylərə qalxır. Qürubdur.
Fonda “İrəli” sədaları.
Sumun ömrü səngərlərdə qürub edir. Qürub edirmi? Oxuduğunuz mətnin ardındakı Göz Sumundursa, izlədiyiniz filmdəki həyat kimindir?
Bəlkə də, bilməmək və xəyal etmək daha yaxşıdır.

Rəsulzadəni təhqir edən məqaləni kim yazıb? – “Kapitalist eşşəkləri…” – Mətn

Loading

Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycanda cümhuriyyət qurucularının qara piarı aparılır, onların fəaliyyəti izlənilərək xalqa yanlış çalarlarla təqdim edilirdi. Bu tip məqalələrdən bir neçəsini də Əliheydər Qarayev yazıb.

1928-ci ildə Azərbaycanda ərəb əlifbasından latın qrafikasına keçidə qərar verilib. Məhəmməd Əmin Rəsulzadə SSRİ tərkibindəki hər ölkənin bir əlifbada olmasını tənqid edərək bu hərəkəti “Moskvanın hiyləsi” kimi təqdim edir.

Əliheydər Qarayev isə bu məqaləyə təhqir dolu bir cavab yazır.

“Partizan” 1929-cu il 1 yanvar tarixdə “Kommunist” qəzetində dərc olunan həmin məqalədən bir parça təqdim edir:

1 YANVAR – BÖYÜK İNQİLAB BAYRAMIDIR

Azərbaycan mərkəzi icraiyyə komitəsinin dekreti üzrə bu gündən etibarən Azərbaycanda bütün mətbuat, idarələr, müəssisələr, məktəblər və sairə artıq tamamilə yeni əlifbaya keçir.

Şuralar Azərbaycanında yeni əlifba tətbiqi uğrunda birinci addımlar atılırkən bu yeni əlifbanın düşmənləri – mollalar, axund kərbəlayi, məşədi, bəy, xan və onların rəhbəri müsavat firqəsinin bütün əzilmiş tör–töküntüsü qudurğancasına hücuma başlamışlar.

Onlar Azərbaycan əməkçiləri haqqında heç bir murdar sözdən, yalan, böhtan və iftiradan geri durmadılar. Məncə, indi düşmənlərimizin haqqımızda nələr söylədiyini gözəlcəsinə bilərək onların murdar maskasını atmaq və çirkin sifətlərini göstərmək yersiz olmaz.

Misal üçün vaxtilə İstanbulda çıxan “Yeni Kafkazya” məcmuəsinin 15 oktyabr nömrəsindəki “Bolşevizm və türkçülük” məqaləsini alalım.

Məqalədə Məhəmməd Əmin bəy yazır: “Moskvanın hiyləsi (hiyləsi ha!!! K.) yalnız bununla qurtarmır. Moskva Azərbaycanda latın əlifbası tətbiq edir və Dağıstanda ruscayı (fitnəyə tamaşa edin!!! – K.) nəşrə səy edir. Krımda bir imla, Kazanda tamamilə yeni bir imla tətbiq edilmişdir. Bu surətlə ixtilaldan əvvəl bir imlaya, bir hürufat və bir üsuli təhrirə malik olan türkləri – mətbuat və ədəbiyyatlarını parçalayaraq vəhdət lisanlarını pozmuşlardır” .

İmdi 4 il əvvəl siyasi fırıldaqçı Məhəmməd Əminin nə fəsad törətdiyini və məsələyə nə dərəcədə alçak bir surətdə yanaşarak “yeni əlifba” – Moskvanın hiyləsi” və “ruslaşmak” üçündür deyə bağırmasını nəzərinizə gətirin.

Lakin Moskva hiyləsi Məhəmməd Əminin düşündüyü “hiylələrdən” deyildir. “Moskva hiyləsi” əməkçilərin yaratdığı oktyabr inqilabından ibarətdir. Bu başı boş ağalar elə güman edirlər ki, artıq bu əsrdə gündə on dəfə donunu dəyişdirən fırıldaqçıları tanımayan adamlar yenə də vardır.

Artıq Məhəmməd Əminlər hansı maskaya bürünür bürünsün onların çirkin sifətləri göründükdə, murdar səsləri eşidildikdə hər bir əməkçi anlayır ki, dağlanan kapital eşşəkləri nə üçün anqırırlar”

Ə. H. Karayof

Əliheydər Qarayev “Kommunist” qəzetinin 29 yanvar 1929-cu il sayında da M.Ə.Rəsulzadə başda olmaqla cümhuriyyətçiləri satçıqnçılıq və fırıldaqçılıqda günahlandırır. Həmin məqlədən də bir parça təqdim edirik:

MÜSAVATÇILARIN YAL DAVASI
Deterdinq köpəkləri boğuşurlar

“Kokumuş mühacirlər bataqlığında son aylar müddətində bir hərəkət, canlanma görülür.

Buna da səbəb kokumuş mühacirlər bataqlığı tufeylilərinə kapitalistlər tərəfindən atılmış sədəqə olmuşdur.

Vaxtilə xəbər verdiyimiz kimi Topçubaşov başda olmaq üzərə “Azərbaycan sülh heyət mürəxxəsəsi” bütün Ramana dairəsini Deterdinqə satmışdır.

Eyni zamanda yenə məşhur heyət Bakı neft yerlərinin, Bibiheybət və Suraxanı kimi sayir dairələrini də satmaq barədə müzakirət aparırdı.

Məhəmməd Əmin Rəsulzadənin 1925-ci ildə İstanbulda nəşr edilən “Əsrimizin Səyavuşu” əsəri
Böylə tək başına fırıldaqçılığın mənfəətini duyaraq Məhəmməd Əmin Rəsulzadə qrupu “Azərbaycan heyəti mürəxəssəsi” əleyhinə şiddətli kampaniya açaraq onun üzvlərini xain, fırıldaqçı, dolandırıcı elan etdi…

Bu cür ağalar bu gün millət davası edirlər.

Məhəmməd Əmin Rəsulzadələrin milləti, Xas Məhəmmədoflar və onların qruplarının milləti ancaq öz cibləridir.

Azərbaycan əməkçilərini qarət edənlər hətta qovulduqdan sonra mühacirlikdə də bir çox dolandırıcılıq və fırıldaqla Azərbaycanı soymaqda davam edirlər.

Bütün bu alış-verişlər, daha doğrusu dolandırıcılıqlar, mühacirlərin millət gurultu və patıltıları altında edilir.

Əməkçilər düşməni qovulmuş müsavat millətinə çürük sıralarının büsbütün dağılmasında müvəffəqiyyətlər diləriz.”

Ə. H. Karayof

Qeyd: Məhəmməd Əmin Rəsulzadə isə 1920-ci ildə Ə.H. Qarayev və onun tərəfdaşlarının köməyilə Azərbaycan işğal olunmadan bir neçə gün əvvəl iclasda Qarayevə bu sözləri demişdi:

” – Sən bir güllə atmadan bütün millətimizi məhv etdin, Əliheydər, «tovarişlər» sənin özünü güllələyəndə mənim bu sözlərimi yadına salarsan”.

Ə. H. Qarayev Bakı Sovetinin Sədri, “Kommunist” qəzetinin baş redaktoru işləsə də, özü də 1938-ci ildə casusluqda və əksinqilabi fəaliyyətdə günahlandırılaraq güllələndi.

Axundov “Aldanmış kəvakib”i bu əsərdən götürüb – Mətn

Loading

Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” (Hekayəti-Yusif şahə) əsəri ilə Azərbaycan ədəbiyyatında ilk realist povesti janrının əsasını qoyub. Bildiyimiz kimi əsərin mövzusu və süjeti İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür. Oxumağa davam et Axundov “Aldanmış kəvakib”i bu əsərdən götürüb – Mətn