“Hə, Atatürkdən də qabaq!” – Məmməd Əmin Rəsulzadənin məzarından reportaj

Loading

“Partizan” Rəvan Cavidin Məmməd Əmin Rəsulzadənin məzarından hazırladığı reportajı təqdim edir.

Sürət qatarının pəncərəsindən bir göz qırpımında arxada qalan şəhər mənzərəsinə baxa-baxa soruşdu:

– Ankaraya niyə gedirsən?

– Rəsulzadənin məzarını ziyarət etməyə.

– Sizin üçün önəmli biridir yəqin…

– Belə deyim də, sizin üçün Atatürk kimdirsə, bizim üçün də Rəsulzadə odur.

– Azərbaycanı xilas edən adam…

– Yox, Azərbaycanı quran adam!

– Azərbaycanı quran… Atatürk kimi onun da nitqini sizə əzbərlədirlər?

– Yox, əzbərlətmirlər. Amma nitqindəki bir cümlə var ki, hamı əzbər bilir.

– Hansı cümlə?

***

“Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən…”

Ankara. Cebeci Asrı məzarlığı. Saysız-hesabsız ağ daşlara səpələnmiş soyadlar içərisində onun bayraqlarla bəzənmiş hündür qəbir abidəsini asanlıqla seçirəm. Səpələnmiş ölümlər arasında Rəsulzadənin məzarı yaşayan bir ideologiyanın yaşayan sahibləri üçün and yeridir. Sadədən sadə qəbirdaşı, sadədən sadə məzar abidəsi. Başının üstündə də, yanlarında da üçrəngli bayraq.

Məzarın yanına çatanda əsgər duruşu – fərəqət vəziyyəti alıram. Bu məndən biixtiyar baş verir. Dodaqlarım arasında memarı olduğu Azərbaycanın dövlət himnini pıçıldayıram. Bir millətdən xalq, bir əyalətdən dövlət quran öndərin qarşısında, mərmərindən əsalət yağan müqəddəs məzarın yanında başqa nə cür dayanmaq lazımdır, bilmirəm. Mən ilk dəfədir, bir məzara soyuq mərmər parçası kimi baxa bilmirəm.

Türkiyədə onu çox adam tanımır. Həmsöhbətlərimə şərqə demokratiyanı ilk dəfə onun gətirdiyini, qadına seçki hüququnu onun tanıdığını, çox partiyalı məclisi onun təsis etdiyini deyəndə hamısı (tanımayanlar) bircə sual verir: “Atatürkdən də qabaq?”

Hə, Atatürkdən də qabaq. Və Atatürkün xilas etdiyi ölkəni bizə vətən edən də Rəsulzadənin istiqlaliyyət qoxuyan məzarıdır. Cümhuriyyəti quranların məzarlarının fərqli ölkələrdə olması, o ölkələrdə kiçik bir Azərbaycanın da olduğunu yadımıza salır. O məzarlar cümhuriyyət səfirlikləridir.

Məzarlığın bələdçiləri Rəsulzadənin qəbri üstünə niyə ancaq gənclərin gəldiyini soruşanda nə cavab verim bilmədim. Bəlkə də bu da tale məsələsi idi. Qurduğu cümhuriyyət də  tarixin yaddaşında gənc demokratiyanın şərqdə gənc ünvanı kimi qaldı.

“…orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə…”

Dörd sütun, bir günbəzdən qurulmuş, evi xatırladan abidənin sağ tərəfində “Bir kərə yüksələn bayraq bir daha enməz!”, sol tərəfində isə “İnsanlara hürriyət, millətlərə istiqlal!”, içərisində günbəzi saxlayan beton tirə isə bir daha “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarları Türkiyə türkcəsi ilə həkk olunub. Nidaların altında isə Rəsulzadənin adının akronimi (MƏR) yazılıb. Qəbir daşının üzərində canlı, ətri getməmiş güllər, həqiqətən, məzarın tez-tez ziyarət olunduğuna nişan verirdi.

Abidənin hazırkı dekonstruksiyasının açılışı 2008-ci il mayın 28-i olub. Açılış lentini o vax Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov və Müsavat Partiyasının başqanı İsa Qəmbər kəsib. Layihənin rəhbəri isə Azərbaycan Kültür Dərnəyinin baş katibi  Tuncer Kırhandır. Qəbir daşının önündə qara mərmər müstəvidə yazılıb:

“Cümhuriyyətimiz milli və demokratik dövlətçilik zəmnində müasirliyə əsaslanmışdır. Bu nöqtəyi-nəzərdən tarixdəki ilk türk cümhuriyyətidir.

Məmməd Əmin Rəsulzadə”

Türkiyə və Azərbaycan bayraqları həm abidənin önündə, həm də yanlarında bir-birinə sıra verərək düzülüb. Ankarada “28 Mayıs” küçəsi də elə bu məzardan başlayır. Tarixdəki müstəqilliyimizin Rəsulzadədən başladığı kimi.

“…candan salamlar göndərir…”

Məzarın yanında tanımadığım bir çox adamın qəbirləri var idi. Mən bilmirəm, onları dəfn edən adamlar kimin məzarı yanında atalarını, əqrabalarını dəfn etdiklərini biliblərmi? Əgər biliblərsə, yəqin ki, bu onlar üçün fəxarət idi. Rəsulzadənin məzarında elə bir nur var ki, yanına səpələnmiş adamların məzarları da şıq görünür. O elə bir məzar daşıdır ki, qəbiristanlığın bələdçisindən soruşanda üzü gülür, gözü parıldayır. “Niyə bura ancaq tələbələr gəlir?” sualını verəndə üzülür. Əli ilə qibləni göstərən kimi dik dayanıb ayaqlarını cütləşdirir. Adam oradaca sonuncu dəfə günəşə baxıb yanındakı boş torpağa uzanıb göylərə qarışmaq istəyir.

“…28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir…”

Ankaraya yola düşəndə sürət qatarında elə mənim yaşda bir xanım tələbəyə Rəsulzadənin həyatını, fəaliyyətini, keçirdiyi günləri həvəslə danışdım. O suallar verirdi, mən bilgimin yetdiyi qədər məlumat. O soruşurdu, mən cavab verməkdən doymurdum. Altı saatlıq yol Rəsulzadənin adına xidmət etdi. Sual-cavabımızın sonunda beləcə də dedi:

Yəqin Rəsulzadəyə görə azərbaycanlı olduğunuz üçün fəxr edirsiniz!

Elə idi. Bizim tarixi böyük göstərən, məncə, ərazisindəki imperiyalar, qanlı müharibələr, mədəniyyət amilləri deyildi, bizim tariximiz məhz 1918-ci ildən sonra böyüməyə, özünə milli şəxsiyyət vəsiqəsi qazanmağa başladı. O şəxsiyyət vəsiqəsinin altında isə qeyd-şərtsiz Rəsulzadə imzası var idi.

“…və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm:…”

Məzarlığın mollası, axundu yox idi biz ora gedəndə. Tək-tük qohumlarını ziyarətə gəlmiş adamlardan başqa heç kim gözə dəymirdi. Mənə bələdçiliyi Ankarada təhsil alan Narıngül edirdi. Rəsulzadəyə aparan cığırları keçdikcə məzar daşının və abidənin baxımsızlığından şikayətlənirdi. Getdim, çatdım, gördüm. Bəzi yerləri qopmağa hazır idi. Bayraqların bir neçəsi solğunlaşmışdı. İkimiz də bir-birimizə söz verdik ki, növbəti gəlişimizdə bayraqları da dəyişək, qopmaqda olan mərmərləri də yapışdıraq. Bu məzar Azərbaycana bərabər məkandı. Azərbaycan bu məzardan başlayır. Və əlbəttə, Azərbaycanı bizlər qorumalı idik.

İki saata yaxın məzarlığı gəzdik. Ayrılanda Rəsulzadəyə baş əydik. Günəş düz məzarın solunda, bayrağımızın arxasında ona bələdçilik edirdi. Buludlardan arxada bir dünya varsa və Rəsulzadə bizi görürdüsə, əminəm ki, o da bu məzarı ziyarət etməyə gələnlər üçün gülümsəyirdi.

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Kərəm haqlı idi… Bəs Orxan Cuvarlı? – Tənqid

Loading

“Partizan” Orxan Cuvarlının “Kərəm haqlı idi” hekayəsinə tənqidçi və qələm adamlarının reaksiyasını təqdim edir. Verilən rəylərin seçimi zamanı müəlliflərin ədəbi sanbalına diqqət yetirildiyindən müzakirə sənət plastında baş tutub. Mətndə sərt tənqid axtaran oxucuları qeyd olunan məqamı nəzərə almaqlarını tövsiyyə edirik. Oxumağa davam et Kərəm haqlı idi… Bəs Orxan Cuvarlı? – Tənqid

Belə qadın idi Səlimə – Lamiyə yazır…

Loading

“Partizan” Lamiyənin “Səlimənin günləri” yazısını təqdim edir.

Başının üstündəki qan rəngi buludlar Səlimənin köksünə yağan yağışları buxarlandırıb ruhunu göyə ucaldırdı. Buludlar Səliməyə uzaq düşdüyü təbiətindən, üfüqlərə dikilmiş yosun yaşılı gözlərdən gələn məktublar idi.

İndi yaddaşında yaşılın yeganə inikası onun passportu idi və həmin yaşıl dəftərlə dünyanın başına ay kimi dolanırdı Səlimə. Ölkələr gəzirdi, insanlar tanıyırdı, xatirə açıqcalar alıb məktublar yazırdı. Lakin yalnızca Sumdan Varşavaya məktublar gələ bilmirdi.

Səlimənin bağrındakı gizlinindən uzaq düşdüyü çox olmuşdu. Əyalət gecələrində, yayın adamitirən tənha günlərində evinin arxa pəncərəsindən aya baxıb Suma yazdığı məktubların içində taleyinin bu balaca mətbəxə sığmadığını deyirdi Səlimə. Vəbanın əyalətlərdə tüğyan etdiyi vaxtlarda Sumdan gələn məktublar gecikər, amma yenə də arzulanan vaxtda gəlib yetişərdilər. İndi isə məktubları sadəcə buludların al rəngi bağrından oxuya bilir Səlimə. Ünvanı səhv salmağa poçtalyon da yoxdur daha, məktubu qonşu binaya aparan o tanış qadının sərsəmliyini isə xatırlayıb gülürdü, çünki indi özü aya dönüb fırlanırdı ruhundakı qanadlarla. Belə qadın idi Səlimə…

Haçan ki, günəş qürub edər, Səlimə də buludlar kimi müjdəli rəng doğardı. Günəş Səlimənin vücuduna hopar, boğazının tən ortasından, çiyinlərinə uzanan körpülərdən asılar və ruhuna sovrulardı. Ayın hilalı Səlimənin ruh mağarasının soyuq divarlarında bərq vuran işıq, bədirlənmiş ay isə vücudunun rəqs edən əzaları idi. Ay kimi idi Səlimə.. hər ay yenidən doğar, bilgəlik zamanlarından qalma mağarasında hər gün ruhuna işıq qatar və nəhayət, hər ayın sonu bütöv bir Veneraya dönərdi. Səlimə hər ay yaşamadığı çağlara qonaq gedərdi və buna görə də o bütün zamanların qaranlıq səmasında doğan Venera idi. Hər ay, hər həftə  çılğınlıqla izlənilən, həyatın bütün fazalarına nüfuz edib qərar kultuna çevrilən qoroskop təqvim xəbərlərini heç vaxt oxumazdı, inanmazdı yazılanlara, çünki təqvimlər onun içinə doğardı. İçini təlatümlərlə dolduran, qəlbinə həyəcan yaşadan bu günlərdə Səlimə gah Zevsin məşuqəsi, intiqam şahzadəsi Lamia, gah vəhşi Artemida, gah da gözəlliyi və sevgi atəşi ilə romalıların alovunu Qafqaz dağlarında yandıran Afrodita olardı. Belə qadın idi Səlimə…

Ulduzları müşahidə yolu ilə kralların taleyinin yazıldığı vaxtlardan bəri Səlimə də öz varlığının necəliyini ayın günlərini izləyib bilirdi. Rəşid Behbudov da deyirdi,  “bu gecə aya baxıb, yar, səni yad eyləmişəm..” Ay kimi idi Səlimə. Yeni ayın ruhuna doğduğu günlərdə məişətin və həyatın fövqündə duyulanları duyar, kişilərin və qadınların var oluşlarındakı bütün sirlərə aymış olardı. Şıltaq oyunlar oynamağı sevər, ruhundakı Liliti hər ay bambaşqa həyəcanlarla yaşayardı canında. Buna görədir ki, dişi bilgəliyi və qadın yaradılışının mistik dumanını al rəngli buludlarda tapardı. Belə qadın idi Səlimə…

Həyatda qadınların sahib olduğu ən qüvvətli hissin ay bələdçiliyi olduğunu düşünürdü Səlimə. Ayın və ayların döngüsünü izləməyin qadının paleolit dövründən qalma bir bələdçisi olduğuna inanırdı. Aclığa toxluq gətirər, yol bilməyənə yol göstərərdi ay bələdçisi. Bədən-ruh ikilisinin tamamlandığı günlərdə isə qadın doğumun aqil təbiətinə bələd olar, ayı öz bətninə doğardı. Hər qadının içində adı ilə çağrılmağı arzulayan bir Səlimə vardır. Diqqət etsək, görəcəyik ki, Aygün də öz Səliməsini belə çağırır:

“Göydən gələn qonağam, sənə günəş olaram,

Həsrət ilə yanaram, zülmət gecələrində mən aydan gəlmişəm”..

Yaşayan hər şeyin doğumu və ölümüdür ayın ritmi.

Bəzi günlər Varşavada hündür binaların üzərindən, bəzi günlərdə isə Gəncədəki alçaq binalardan görünə bilən olurdu Səlimə. Söyləmişdim, o dünyanın başına dolanan bir ay idi. İbrahimi dinlərin bir çoxu onun hilalını görə biləndə ruh və bədən orucunun başlamalı olduğuna inanarmış. Səlimənin qəlbində də ayın doğuşu hilalın görünməsi ilə başlardı və bu ay hər bədirlənəndə Səlimə daha da görünə bilən olurdu. Aylar ayları qovur, Səlimə ayı nəfəsinə çəkib işıq olurdu dünyaya. Allah gecələr günəşin işığını Səlimənin ruhuna salır və kəhkəşan yaradırdı. Səlimənin ruhu yeraltında gizlidir və o, dayanmadan özünü torpaqlarda, arxaik mağaralarda axtarır.  Qazdığı və gəzdiyi hər torpaq Səliməyə ruhundan gələn məktublardır. Bütün zamanların mifləri Səliməni tanıyır, onun adı bütün dinlərdə keçir, çünki Səlimə bu dünya var olmağa başlayandan bəri günəşlə bərabər yaşayıb dünyaya işıq saçır. Ay kimidir Səlimə.. Belə qadındır Səlimə…

 

Təzə qafiyəsin tapdım yağışın – Rəşad Nağı Mustafanın yeni şeiri

Loading

“Partizan” Rəşad Nağı Mustafanın yeni şeirini təqdim edir.

Bir gün ölüm gəldi, qapını döydü.
Mən evdə yox idim, olsam, açmazdım.
O gün atam öldü. 40 gün keçmədi,
Qəbrinin üstünə bir şeir yazdım.

Ağlaya-ağlaya bir şeir yazdım,
Anama oxudum, atam eşitdi.
Atamın üçündə atamı gördüm,
Başını götürüb harasa getdi.
Mən onda bildim ki, atam sağdır, sağ,
Gedib əl açanda baxdığım yerə
Mən ölən günədək qayıtmayacaq.

Bir xeyli dəyişdim atamdan sonra,
Təzə qafiyəsin tapdım yağışın.
Sonra nə oldusa, yadıma gəlmir,
Şeirin əzbərlədim Eldar Baxışın.
Sonra bir qız gördüm; yanağı dəlik,
saçları dalğalı, gözləri belə.
Gördüm, şeir-zad da qanır, üstəlik.

Sevdim mən bu qızı, belə qəribə,
Elə bil xurmanı peyğəmbər sevir.
Necə başa salım, necə sevmişəm?
Atasız yetimlər nə təhər sevir?

Sonra atam kimi fikrə getdim;
sol əlin şəhadət barmağı ki var,
götürüb apardım gicgah tərəfə.
Mənim harda idi sağ əlim onda?
Onu da qoymuşdum Allah tərəfə.

Qoymur unutmağa Allah atamı,
Mən də sağ bilirəm, o da sağ bilir.
Mən səni sevmişəm – bunu bilirsən.
Mən necə sevmişəm – bir Allah bilir

İmam Əlinin məzarı üstündə görüşən aşiqlər – Dünyanı fəth edən cütlük

Loading

“Partizan” Rəhim Əfəndinin “Axtarma məni” kimi tanıdığımız və Niyaməddin Musayevin ifasında eşitdiyimiz mahnının tarixcəsi ilə bağlı məqaləni təqdim edir.

Bugün müsəlman və dünya tarixində ədalətli hökmdar kimi təqdim olunan 4-cü İslam xəlifəsi Əli ibn Əbu Talibin doğum günüdür, əsasən, şiə məzhəbli müsəlmanlar arasında “kişilər bayramı” kimi təmtəraqla qeyd olunur.

Əli həm də bir sosialistdir, ona görə də, solçular tərəfindən də bəyənilir. Ümumiyyətlə, islam tarixindən əvvəlki dövrlərdə öz ədaləti və gücü ilə seçilən bəzi qəhrəmanlara yüklənən xüsusiyyətlər sonralar şiələr tərəfindən Əliyə epitet olaraq verildi və bu şərq ədəbiyyatında zəngin bənzətmələrin yaranmasına səbəb oldu.

Əliyə aid olan ən gözəl şeir isə, şübhəsiz, Məhəmmədhüseyn Şəhriyarın “Əli – ey hümaye – rəhmət” adlı yazdığı farsca şeirdir ki, bizim dilə də tərcümə olunub, şeiri mətnin sonunda yerləşdirəcəm.

Şeirin bütün bəndləri islam tarixini bilənlər üçün zəngin bir arxivdir, hər bəndin geniş açması var və müəyyən əhvalatla bağlıdır. Şair şeiri o qədər mükəmməl işləyib ki, şeirin özü haqqında rəvayət yaranıb.

İndi isə keçək əsas məsələyə.

Bizim bir musiqi var : “Axtarma məni”. Niyaməddin Musayev oxuyur, illər əvvəl paylaşmışdım, yeni gələn dostlar da mahnının tarixçəsinə nəzər sala bilərlər. Elə bu mahnının kökü Əli ilə bağlıdır. “Axtarma məni”, “hasbi rabbı illəllahın” əsil versiyası olan dillər əzbəri molla Məhəmmədcan musiqisi necə yarandı?

1) Teymurilər dönəmində, xüsusən də Sultan Hüseyn Bayqara və vəziri Əlişir Nəvainin zamanında Novruz bayramı günlərində Teymurilər səltənətinin hər yerindən insanlar həzrəti Əlinin məzarının olduğu yer kimi tanınan Məzari – Şərifə gələrdilər. Adətən camaat bu günlərdə öz toy mərasimlərini Məzari – Şərifin yanında qeyd edərmişlər. Həmin dövrdə Heratın ətrafında çox sayda mədrəsələr açılmışdı. Belə mədrəsələrdən biri də Heratın şimalındakı Sərhədire məhəlləsində, “Molla Hüseyn Vaiz Kaşifi” ziyarətgahı yaxınlığında təsis olunmuşdu. Bu mədrəsənin tələbələrdən biri olan Molla Məhəmmədcan hər gün Sərhədire məhəlləsində yerləşən “Molla Əbdürrəhman Cami” ziyarətinin yaxınlığındakı “Qələmfərkə” bulağına gedərək “Sərf və Nəhv” elmini mütaliə edər, bulağın yanında dincələr və sonra ibadət edərdi..
…. Günlərin bir günü Sərhədire məhəlləsinin qızları gəzinti və əyləncə üçün həmin bulağın yanına gəlirlər. Qızların içərisində saray əyanlarından birinin qızı olan Ayişə də orada idi. Qəfildən güclü külək əsir və Aişənin baş örtüyünü onlardan biraz kənarda uzanan Molla Məhəmmədcanın sinəsi üstünə atır. Baş örtüyünün arxasınca gedən Ayişə Molla Məhəmmədcan ilə qarşılaşır və ilk görüşdən hər ikisi bir – birinə aşiq olurlar. O gündən sonra hər iki aşiq dostlarının köməyi ilə gizli şəkildə “Qələmfər” bulağında görüşməyə başlayır. Ayişə və Molla Məhəmmədcanın məhəbbəti dillərə düşür və məsələ o yerə yetişir ki, xəbər Aişənin atasının qulağına çatır.

… Bu hekayəni eşidən atası Aişəni evdən çölə çıxmağa qoymur və onu öz məşuqunu görməkdən məhrum edir. Molla Məhəmmədcan da “Sərf və Nəhv” elmini öyrənməyi buraxır və günbəgün eşq iztirabından halı pisləşir. Günlərin bir günü Aişə atasının gözündən yayınaraq qızlarla birlikdə bulaq başına gəlir və kədərli bir səslə bu nəğməni oxumağa başlayır.

Biya ke berim be məzar Molla Məhəmmədcan
Seyle qole Lalezar va va delbər can
(Gəl gedək hərəmə Molla Məhəmmədcan
Laləzar çiçəklərinin seyrinə Molla Məhəmmədcan)

Bu zaman vəzir Əlişir Nəvai öz dəstəsi ilə birlikdə bulağın yanından keçərkən Aişənin dərdli nəğməsini eşidir. Dərhal durub şeiri dinləməyə başlayır. Ağıllı vəzir olan Əlişir Nəvai bu səsin arxasında hansısa bir ağrının, kədərin olduğunu başa düşür. Aişəyə tərəf gəlib mülayim və mehribanlıqla dərdini soruşur. Aişə olub – keçən hadisələri, sevgilisinin Nəvainin dərs dediyi mədrəsədə tələbə olduğunu əmirə nəql edir. Bu hadisədən sonra Əmir Aişənin atasının evinə qonaq gedir və Aişəni Molla Məhəmmədcana istəyir. Aişənin atası vəzir Nəvaini ehtiramla qarşılayır və bu hörmətli şəxsin təklifinə razı olduğunu bildirir. Bundan sonra iki aşiq bir – birinə qovuşur və Məzari – Şərifə ziyarətə gedib nəzir bağlayıb, dualar edərək orada izdivac edirlər “.

2) Bu dastan yavaş-yavaş Herat şəhərindən digər şəhərlərə, ölkələrə yayılır və müxtəlif məclislərdə, yığıncaqlarda oxunmağa başlayır. Sonralar, bu musiqi Əfqanıstanın milli kimliyini formalaşdıran mühüm bir hissəsini təşkil etdi.

Bu məşhur musiqi əfqanıstanlı və qeyri-əfqanıstanlılar tərəfindən dəfələrlə ifa edildi. İlk dəfə olaraq mərhum ustad Qulam Hüseyn bu ifanı 90 il əvvəl Bombey şəhərində ifa etdi. Keçən əsrin ifaçılarından əfqanıstanlı hənəfi məzhəbinə mənsub olan Əbdürrəhim Sariban bu musiqini oxuyaraq şöhrət qazandı.. Bu musiqi dünya şöhrətli musiqiçi Sami Yusif, Əfqan muğənnisi Ariana Səid, iranlı Banu Pouran, Məhəmməd İsfahani və digərləri tərəfindən oxundu və sevildi. Həmçinin Azərbaycanda bu ifa “Axtarma məni” nəğməsi ilə Niyaməddin Musayevin repertuarında yer aldı və Azərbaycan xalqının sevimli musiqisinə çevrildi.

Bu il Şuşada kinofestival keçiriləcək

Loading

Bu il Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı keçiriləcək.

Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Belə ki, festival oktyabr ayında baş tutacaq.

Festivalın icraçı orqanları Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.